Məhkəmə qərarları › İş №2-1(103)-1634/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1634/2022

10.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1634/2022 10.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı müraciətinə cavab verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2-1(112)-6021/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müraciətinə cavab verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2-1(112)-6021/2022 saylı qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. (hakim: N.Abıyev) Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin aidiyyəti üzrə Bakı inzibati Məhkəməsində baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, o, xx.xx.1979-cu il tarixində Laçın rayon Pircahan kəndində anadan olmuşdur. xx.xx.1996-cı ildən xx.xx.2013-cü ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş, xidmət müddətində Müdafiə Nazirliyinin tərkibində olan N saylı hərbi hissələrdə mayor rütbəsində zabit kimi müxtəlif vəzifələrdə xidmət etmişdir. 2004-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubley, 2008-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik yubley, 2011-ci ildə 3-cü dərəcəli qüsursuz xidmətlərə görə medalları ilə təltif olunmuşdur. Qeyd etmək istəyir ki, xidmətinin çox bir hissəsini Xüsusi Təyinatlı və Kəşfiyyat hərbi hissələrdə, axırıncı N ilini düşmənlə təmas şəraitində olan Qazax rayon Kəmərli, Aslanbəyli, Qaymaqlı, Abbasbəyli, Fərəhli, Məzəm, Quşçuayrım, Cəfərli, Qızılhacılı kəndlərinin ərazilərində keçirmişdir. Hal hazırda ehtiyatda olan zabitdir, Prezident təqaüdçüsü, 2014-cü ildən 2-ci qrup müharibə əlilidir. Müraciətinə əsasən xx.xx.2021-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göstərişi ilə əyani müayinəyə göndərildi, müayinə olunmuş və onun əlilliyinin səbəb əlaqəsi dəyişdirilmişdir. Eyni zamanda bu barədə onun şəxsi kabinetində qeydiyyat vardır və sms vasitəsi ilə telefonuna bildiriş gəlmişdir. Halhazırda yenə də onun elektron şəxsi kabinetində olan məlumatlara əsasən xx.xx.2021-ci tarixdə müraciətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən cavab verilməyərək "Vətəndaşların müraciətləri haqqında” qanunun tələbləri növbəti dəfə pozulmuşdur. Bu səbəbdən də hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci və 10-cu maddələrinin tələblərini kobud şəkildə pozmuşdur. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və inzibati iş məhkəmə icraatının davam etdirilməsi üçün Bakı inzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı müraciətinə cavab verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi inzibati işi aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsini qərara almış və qərardadını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə istinad etməklə onunla əsaslandırmışdır ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası iddia növünə aiddir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edir və İddiaçı qeydiyyat ünvanı Laçın rayonunun Qayğı Qəsəbəsidir. Laçın rayonu Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. “Yaşayış yeri və olduğu yer üzrə” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Qanun normasından da aydın olduğu kimi şəxsin qeydiyyatda olduğu yer şəxsin yaşayış yeri sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, formalaşmış məhkəmə təcrübəsini nəzərə alsaq AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsində İddiaçı qeydiyyat ünvanı əvvəllər işğal olunmuş, 01 dekabr 2020-ci il tarixdə işğaldan azad olunmuş lakin hazırki günədək məskunlaşma həyata keçirilməmiş Laçın rayonunun ərazisində yerləşdiyindən, AA seriyalı, 132578 saylı məcburi köçkün vəsiqəsinə əsasən iddiaçının məcburi köçkün kimi hazırda məskunlaşdığı Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən ünvanı onun yaşayış yeri sayılmalıdır. İş materiallarında olan Bakı şəhəri, Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı birliyi 108 saylı Mənzil-Kommunal istismarı sahəsinin 1517 nömrəli 23 noyabr 2018-ci il tarixli arayışından görünür ki, İddiaçı Laçın rayonundan məcburi köçkün kimi 1993-cü ildən Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 15, mənzil 48 ünvanında yaşayır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Bakı şəhəri, Suraxanı rayonu Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir (15.11-cı bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 8.6-cı maddəsinə görə İnzibati məhkəmənin aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra həmin qərardad apelyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları və ya bu Məcəllənin 9.1.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Apelyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti və işin araşdırılmış məqamları birinci instansiya məhkəməsinin qərardadının ləğvinə əsas verir. Bununla əlaqədar olaraq, şikayət təmin edilməli, qərardad ləğv edilməli və iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.2, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2-1(112)-6021/2022 saylı qərardadı ləğv edilsin və iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar