Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1634/2023 09.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və X1 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli, 2-1(82)-2798/2016 nömrəli qərarından maraqlı şəxs "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsində yerləşən qeyri-yaşayış obyekti üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması və bu barədə reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin “üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması və bu barədə çıxarışın verilməsi “ hissəsinin “reyestrdən çıxarışın verilməsi” kimi qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli, 2-1(82)-2798/2016 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki inventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı idarəsi tərəfindən verilmiş 644 nömrəli qeydiyyat vəsiqəsi əsasında İddiaçı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsində yerləşən qeyri-yaşayış obyekti üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı barədə Dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan apellyasiya şikayəti verilməmişdir. Qərar xx.xx.2016-cı il tarixdə icra edilmiş və müvafiq çıxarış verilmişdir. Daha sonra "xxxx" ASC məhkəməyə ərizə ünvanlayaraq, mübahisə predmeti olan torpaq sahəsi üzrə hüquqlarına toxunan şəxs kimi məhkəmə qərarının ona təqdim edilməsini xahiş etmiş və xx.xx.2022-ci il tarixdə məhkəmə qərarı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X4 təqdim edilmişdir. xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin direktoru X5 eyni məzmunlu ərizə ünvanlamış və xx.xx.2022-ci il tarixdə məhkəmə qərarı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 təqdim edilmişdir. xx.xx.2023-cü il tarixdə maraqlı şəxs "xxxx" ASC 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli, 2-1(82)-2798/2016 nömrəli qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh və maraqlı şəxs məhkəmə baxışının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin nümayəndələrinin iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və işin materiallarını araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 87.4-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin qeyd edilən göstərişini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə uyğun verilməsinin əsasları yoxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə "xxxx" ASC 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli, 2-1(82)-2798/2016 nömrəli qərarını mübahisələndirsə də, iş materiallarından müəyyən edilir ki, "xxxx" ASC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 81.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 27.1-ci maddəsinə əsasən aşağıdakılar inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar: 27.0.1. iddiaçı (və ya bu Məcəllənin 132-ci maddəsinə uyğun olaraq ərizəçi); 27.0.2. cavabdeh; 27.0.3. inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər. İş materiallarından göründüyü kimi hazırkı inzibati iş üzrə tərəflər İddiaçı və Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi olmuş, hazırda şikayətçi qismində çıxış edən "xxxx" ASC inzibati məhkəmə icraatının iştirakçısı qismində tanınmağından, onun hal-hazırda məhkəmə qərarından apellyasiya şikayəti vermək hüququ mövcud olmamışdır. Həmçinin qeyd edilməlidir ki, işin birinci instansiya icraatı zamanı məhkəmə tərəfindən şikayətçi "xxxx" ASC-yə qanunvericiliklə nəzərdə tutulmuş qaydada “üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilərək, məhkəmə qərarının ləğv edilməsi” barədə vəsatət təqdim etmək hüququ izah edilmişdir. Beləliklə işin yuxarıda qeyd olunan halları ilə müəyyən olunur ki, hazırkı mərhələdə şikayətçi "xxxx" ASC-nin birinci instansiya məhkəməsinin qərarını mübahisələndirmək hüququ mövcud olmadığından apellyasiya şikayəti mümkün sayılmamışdır. İnzibati Prosessual Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : Maraqlı şəxs "xxxx" ASC-nin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli, 2-1(82)-2798/2016 nömrəli qərarından verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin, şikayətin apellyasiya qaydasında icraata qəbulundan imtina edilsin. Apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14,1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1634/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1634/2023
09.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver