Məhkəmə qərarları › İş №2-1(103)-1634/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1634/2024

21.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1634/2024 21.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsə qarşı “diplomun tanınması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11457/2023 saylı, 28 noyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsə qarşı məhkəməyə müraciət edərək Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universiteti tərəfindən ona verilmiş ДИ ******* nömrəli, xx.xx.2020 tarixli diplomun ölkə ərazisində tanınmasından cavabdeh tərəfindən imtina edilməsinin qanunsuz hesab edilməsi, həmin diploma tanınma şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməsi barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2015-2020-ci illərdə Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetinin fövqəladə halların qarşısının alınması və aradan qaldırılması ixtisası üzrə ali təhsil almışdır. Hazırda artıq 10 ilə yaxındır ki, Fövqəladə Hallar Nazirliyi X4 Xidmətində dispetçer vəzifəsində çalışır. Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli, 34 nömrəli qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na uyğun olaraq diplomun Azərbaycan Respublikası ərazisində tanınması üçün Elm və Təhsil Nazirliyi tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (bundan sonra - TKTA) müraciət etmişdir. Nazirlik özünün xx.xx.2023-cü tarixli, NA00010949 saylı məktubu ilə diplom və ona əlavələrin yuxarıda qeyd olunan qaydalara uyğun gəlmədiyini əsas gətirərək təhsilə dair kvalifikasiyasının tanınmasından imtina etmişdir. Xarici ölkələrdə alınmış təhsil sənədlərinin Azərbaycan Respublikasında mütləq tanınması tələbinin özü insanın təhsil hüququnu qeyri-adekvat şəkildə məhdudlaşdırır. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında rəsmi sənədlərin leqallaşdırılması tələbi, həm ikitərəfli müqavilələr, həm də xx.xx.1961-ci il tarixli “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya” ilə aradan qaldırılmışdır. Həmin konvensiyaya əsasən konvensiyaya qoşulmuş dövlətdə müvafiq qaydada apostil vurulmuş sənəd konvensiyaya qoşulmuş digər dövlətdə istifadə edilmək üçün həqiqi sayılır və əlavə leqallaşdırmaya ehtiyac yoxdur. Bu mənada Belarus Respublikasının Mülki Mühafizə Universiteti tərəfindən iddiaçıya verilmiş və Belarus Respublikasında apostillə təsdiq edilmiş ДИ ******* nömrəli, xx.xx.2020-ci il tarixli diplom Azərbaycan Respublikasında əldə edilmiş müvafiq sənədə bərabər tutulur və əlavə leqallaşdırmaya ehtiyac olmadan tanınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxaq müqavilələr tətbiq edilir. Digər tərəfdən, Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli, 34 nömrəli qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın (bundan sonra - Qaydalar) ona münasibətdə tətbiqi qanunun zamana görə qüvvəsi baxımından səhvdir. Çünki onun xarici ölkədə təhsil almağı ilə bağlı hüquq münasibəti təhsil almağa başladığı il 2015-ci ildə yaranmışdır. Sözügedən qaydalar isə 2023-cü ildə qəbul edilmişdir və beləliklə onun xarici diplomunun Azərbaycan Respublikasında tanınması adıçəkilən Qaydalara əsaslanmaqla tələb oluna bilməz. Konstitusiyanın 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir, başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İmtina məktubunda göstərilən yeganə əsas bundan ibarətdir ki, ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmamışdır. Buna arqumentə əsaslanmaqla imtina edilməsi tamamilə absurddur. Belə ki, o, təhsil aldığı müddət ərzində Belarus Respublikası ərazisində olmuşdur. Bunu qoşmada təqdim etdiyi xarici pasportda qeyd edilmiş giriş-çıxış məlumatlarından da görmək olar. Qaydalara əsasən şəxsin mütləq təhsil aldığı xarici ölkəyə fiziki olaraq gedibgəlməsi barədə tələbə rast gəlinmir. Ümumiyyətlə, həmin Qaydalarda ekvivalentlik haqqında Şəhadətnamənin verilməsindən imtina etmək üçün 3 əsas müyyən olunmuşdur: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Cavabdeh tanınma şəhadətnaməsinin verilməsindən imtina edərkən bu əsaslardan heç birinə istinad etməmiş, Nazirlər Kabinetinin xx.xx.2023 tarixli, 34 nömrəli qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları”na istinad etmişdir ki, yuxarıda qeyd etdiyi kimi bu sənədin ona münasibətdə tətbiq olunması hüquqi baxımdan düzgün deyil və vətəndaş hüquqlarının yersiz yerə pozulmasıdır. Buna görə də, cavabdeh tərəfindən onun ali təhsili haqqında xarici diplomumun Azərbaycan Respublikasında tanınmasından imtina edilməsi qanunsuzdur. Cavabdeh tərəfindən tanınma şəhadətnaməsinin verilməsindən imtina edilməsi təhsil hüquqlarının kobud şəkildə pozulması, 5 il ərzində təhsil almaq üçün çəkdiyi əziyyətin gözə alınmaması, imtina nəticəsində tanınma şəhadətnaməsinin ona verilməsi ilə gələcəkdə əldə edəcəyi uğurlardan, maddi və mənəvi qazanclardan məhrum olması deməkdir. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, xarici dövlətlərdə əldə olunmuş ali təhsilə aid kvalifikasiyaların tanınması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023cü il 3 fevral tarixli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na (bundan sonra-Qaydalar) əsasən həyata keçirilir. Elektron ərizə sistemindəki qeydiyyat tarixlərinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixində elektron ərizəsini təsdiqləyərək müraciət etmişdir ki, bu tarix sözügedən Qaydaların xx.xx.2023-cü il tarixində qüvvəyə minməsindən sonraya təsadüf edir və iddia ərizəsində həmin normativ-hüquqi aktın geriyə qüvvəsi barədə əsaslandırma əsassızdır. Eyni konteksdə iddiaçı öz ərizəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə ləğv edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na istinad edir, həmin Qaydalardakı imtina əsaslarını məhkəməyə təqdim edir ki, həmin Qərar yeni normativaktın qəbulu zamanı Nazirlər Kabineti tərəfindən ləğv edilmişdir. Bu Qaydaların 4.4.1-ci yarımbəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması tanınmaya dair tələblər arasında qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.1-ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır və 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur ki, bu da ərizəçinin hər tədris ili üzrə auditoriya dərslərində 6-8 həftə müddətində iştirakını zəruri edir. Eyni Qərarın 8.7.5-ci yarımdəndində isə qiyabi təhsilalma formasında tədris olunan təhsil proqramları üzrə hər semestr üzrə 1 həftə imtahan sessiyası (bir tədris ili üzrə 2 həftə) nəzərdə tutulmuşdur. İddiaçının müraciəti əsasında aparılmış inzibati icraat zamanı onun xarici ali təhsil aldığı ölkədə olmasını yoxlamaq məqsədilə sərhədkeçmə məlumatları tədqiq edilmiş, onun təhsil aldığı illər üzrə xarici ali təhsil aldığı ölkədə olma müddətləri aşağıdaki kimi müəyyənləşdirilmişdir: 2015/2016-cı il- 13 gün; 2016/2017-ci il -13 gün; 2017/2018-ci il -13 gün; 2018/2019-cu il-14 gün; 2019/2020-ci il-getməyib (İ semestr) (İİ semestr pandemiya dövrü). Qeyd olunmuş sərhədkeçmə məlumatları əsasında aydın olur ki, iddiaçı təhsil aldığı dövrünün heç bir ili üzrə Azərbaycan Respublikası təhsil sistemini tənzimləyən aktlarda əks olunmuş normativlər üzrə kifayət qədər xarici ali təhsil aldığı ölkədə olmamışdır. Azərbaycan Respublikası təhsil sistemini tənzimləyən normativ hüquqi aktlarda qiyabi təhsilalma forması üzrə hətta azərbaycan dilindəki təhsil proqramlarının mənimsənilməsi üçün minimum 6 həftəlik auditoriya və 2 həftəlik imtahan sessiyalarını nəzərdə tutduğu halda iddiaçı xarici dildə ali təhsili almaq üçün Qaydalarda bu müddətin yarısı kimi nəzərdə tutulmuş tələbə uyğun xarici ali təhsil aldığı ölkədə olmamışdır. Bununla bərabər, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 124.3-cü maddəsində Ali təhsil müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər tədris ilində birinci və ikinci kurslarda 30 təqvim günü, qalan kurslarda 40 təqvim günü müddətində təhsil məzuniyyəti verildiyi öz əksini tapmışdır ki, bu da qiyabi təhsilalma formasında tədrisin təşkili müddətlərinə nisbətdə qanunvericilik aktları arasında ahəngi göstərməsi baxımından önəmli nüansdır. Yekun olaraq, cavabdeh inzibati orqan tərəfindən tanınma üzrə inzibati icraatın aparılması zamanı “İnzibati icraat haqqında” Qanunun 14.1-ci bəndinə uyğun olaraq diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar və ona verilmiş səlahiyyətlər daxilində həyata keçirdiyindən və Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 73.3.1-ci yarımbəndinə uyğun olaraq inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildiyi üçün məhkəmə məcburetmə haqqında iddiaya dair iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11457/2023 saylı, 28 noyabr 2023-cü il tarixli qərarı ilə (hakim L.Musayeva) iddia təmin edilərək, Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universiteti tərəfindən İddiaçı adına verilmiş ДИ ******* nömrəli, xx.xx.2020-ci il tarixli bakalavr diplomu üzrə aldığı ixtisasının Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iddiaçının izahatına istinad edərək məhkəməyə heç bir mötəbər sübut təqdim etməyən iddiaçının sübutetmə vəzifəsini yerinə yetirdiyini qeyd etmiş, diskresion səlahiyyətini həyata keçirən cavabdehin etirazda qeyd etdiyi məsələlərə münasibət bildirmədən iddia tələbini təmin etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-11457/2023 saylı, 28 noyabr 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: Cavabdeh qurumun iddiaçının müraciətinə cavab olaraq “Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərarında bildirilmişdir ki, ərizəçinin müraciətinə baxılaraq onun ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 3.10.1-ci və 4.1.4-cü bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"nın 8.7.2-ci bəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 4.1.5-ci bəndinə əsasən xarici dövlətlərdə əldə olunan ali təhsilə aid kvalifikasiyaların tanınması üçün Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur. Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1-ci bəndinə əsasən Qərara alındı: Ərizəçinin xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilsin. Qərar məlumat üçün ərizəçiyə təqdim edilsin. Qərardan onun hüquqi qüvvəyə mindiyi gündən 30 (otuz) gün müddətində inzibati və ya məhkəmə qaydasında şikayət verilə bilər. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən təqdim edilmiş “Giriş-çıxış və qeydiyyat” X1 Axtarış Sistemindən (İAMAS) çıxarışa əsasən İddiaçı xx.xx.2016-xx.xx.2016-cı il tarixlərdə Belarusiyada, xx.xx.2017-xx.xx.2017-ci il tarixlərdə Ukraynada, xx.xx.2018-xx.xx.2018-ci il və xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə Belarusiyada olmuşdur. İddiaçının xidməti vəsiqəsinin surətindən görünür ki, o, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidmətində dispetçer vəzifəsində işləyir. Fövqəladə Hallar Nazirliyi X4 Xidməti tərəfindən təqdim edilmiş Binəqədi rayon X4 hissəsinin arayışına əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidməti tərəfindən iddiaçıya təhsil məzuniyyətinin verilməsi DYMX-nin xx.xx.2016-cı il tarixli 0176/e nömrəli əmri ilə xx.xx.2016-xx.xx.2016-cı il tarixlərində 15 təqvim günü müddətində, xx.xx.2017-ci il tarixli 0189/e nömrəli əmri ilə xx.xx.2017- xx.xx.2017-ci il tarixlərində 13 təqvim günü müddətində, xx.xx.2018-ci il tarixli 0095/e nömrəli əmri ilə xx.xx.2018-xx.xx.2018-ci il tarixlərində 13 təqvim günü müddətində, xx.xx.2019-cu il tarixli 0086/e nömrəli əmri ilə xx.xx.2019-xx.xx.2019-cu il tarixlərində isə 14 təqvim günü müddətində ödənişli təhsil məzuniyyəti verilmişdir. İş materiallarından müəyyən olunur ki, Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universiteti tərəfindən verilmiş ДИ ******* nömrəli, xx.xx.2020-ci il tarixli Bakalavr diplomuna və ДИ ******* nömrəli diploma əlavəyə əsasən İddiaçı “Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması mühəndisi” ixtisasını müvəffəqiyyətlə bitirmiş və ona bakalavr ali ixtisas dərəcəsi verilmişdir. Diplomun tanınması barədə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının diplomunun tanınmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Hazırda cavabdeh tərəfindən verilən apelyasiya şikayətinin dəlilləri də, iddiaçıya verilən imtinanın və iddiaya qarşı verilən etirazın dəlilləri ilə eyni məzmunludur. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: 13.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında əyani, qiyabi, distant (məsafədən) və sərbəst (eksternat) təhsilalma formaları müəyyən edilir. 27.4-cü maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir; 29.0.21-ci maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur; 44.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın: 1.2-ci maddəsinə əsasən ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. 6-cı maddəsinə əsasən, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Məzunun keyfiyyət meyarı isə onun bilik və bacarıqlarının qiymətləndirilməsi ilə müəyyən edilə bilər. Bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya disertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydaları və Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydaları ilə müəyyən edilir. Hər iki Qaydalar eyni məzmunlu olmaqla Qaydaların 4.1-ci bəndində tanınmaya dair ümumi tələblər qeyd edilmişdir. Həmin tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının Təhsil müddəti 5 il olmaqla qiyabi formada olmaqla xx.xx.2015-xx.xx.2016, xx.xx.2016- xx.xx.2022-ci illəri əhatə edir. İş materiallarında olan iddiaçının iş yerinin arayışına əsasən o, təhsil aldığı müddətdə, ondan əvvəl və sonra (ixtisası üzrə) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində xidmətdə olmuş və Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetində müvafiq çağırışlar əsasında Nazirlik tərəfindən təhsil məzuniyyətinin verilməsi haqqında əmrlərə uyğun olaraq dərslərdə iştirak etmişdir. İddiaçı təhsilini başa vurduqdan sonra Fövqəladə Hallar Nazirliyində xidmətini davam edir. Cavabdehin apellyasiya şikayətinin dəlili olan iddiaçının təhsil aldığı ölkədə olduğu müddətdə (İ tədris ili üzrə - 13 gün, İİ tədris ili üzrə - 13 gün, İİİ tədris ili üzrə - 13 gün, İV tədris ili üzrə - 14 gün, V tədris ili üzrə - 0 gün-pandemiya dövrü) tədris yükünü yerinə yetirə bilməməsinə münasibətdə Kollegiya qeyd edir ki, göstərilən müddətin müəyyən edilmiş tədris yükünün mənimsənilməsini yetərsiz hesab etməyə əsas yoxdur. Belə ki, cavabdeh iddiaçının ali bakalavr diplomunda və diploma əlavədə göstərilən məlumatların mötəbər olmamasını sübuta yetirməmişdir. Ali Məhkəmənin 2-1(102)-770/2023 saylı xx.xx.2023-cü il tarixli qərarında əksini tapmış hüquqi mövqeyə görə “iddiaçı tərəfindən tədris yükünün yerinə yetirilməsi və konkret müddət ərzində mənimsənilməsi səviyyəsinin qiymətləndirilməsinin müvafiq ali təhsil müəssisəsinin müstəsna qiymətləndirmə səlahiyyətinə aid olduğu diqqətə alınmalıdır. Başqa sözlə, iddiaçının tədris yükünü yerinə yetirməsinin müəyyən olunması və qiymətləndirilməsi müstəsna olaraq onun təhsil aldığı təhsil müəssisəsinin səlahiyyətlərinə və məsuliyyət sferasına aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın tələblərinə əsasən, ixtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. İddiaçının diplomuna əsasən müəyyən olunur ki, o, 240 AKTTS (Avropa Kredit Toplanması Sistemi) kredit yığmışdır. İddiaçı təhsil almasına dair təhsil aldığı ölkənin müvafiq qurumu tərəfindən apostil olunmuş təhsilə dair sənədi, diplomu və diploma əlavəni təqdim etmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən iddiaçının diplomunun tanınmasından və ekvivalentliyin müəyyən edilməsindən imtina edilməsi əsassızdır. Cavabdehin imtinası yuxarıda istinad olunan normaların tələblərinə zidd olduğundan və iş üzrə müəyyən edilmiş hallara əsaslanmadığından iddiaçının təhsil və əmək hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir”. (Qərarın 30, 31, 32, 33-cü bəndləri). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər iddiaçıya verilən imtinanın və iddiaya qarşı verilən etirazın dəlilləri ilə tamamilə üst-üstə düşür. Bu səbəbdən də, Kollegiya birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşır. Azərbaycan Respublikası İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11457/2023 saylı, 28 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11457/2023 saylı, 28 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar