Məhkəmə qərarları › İş №2-1(103)-1634/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1634/2025

09.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1634/2025 09.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı, Cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” X5n nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” X4 qarşı Rusiya Federasiyası Təhsil və Elm Nazirliyi Ali Təhsil üzrə federal dövlət büdcə əsaslı təhsil müəssisəsi X3 Universiteti tərəfindən iddiaçıya verilmiş verilmiş 07 iyul 2018-ci il tarixli, **********024 nömrəli diplom üzrə aldığı ixtisasın Azərbaycan Respublikasında tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli, 2-1(112)-7863/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” X4 qarşı Rusiya Federasiyası Təhsil və Elm Nazirliyi Ali Təhsil üzrə federal dövlət büdcə əsaslı təhsil müəssisəsi X3 Universiteti tərəfindən iddiaçıya verilmiş verilmiş 07 iyul 2018-ci il tarixli, **********024 nömrəli diplom üzrə aldığı ixtisasın Azərbaycan Respublikasında tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Rusiya Federasiyası Təhsil və Elm Nazirliyi Ali Təhsil üzrə federal dövlət büdcə əsaslı təhsil müəssisəsi X3 Universitetinə daxil olmuş həmin ali məktəbi 2018-ci il tarixdə mühasibat uçotu, analiz və audit ixtisası üzrə bitirmiş, təhsil aldığı müddətdə isə dərslərdə vaxtında iştirak etmiş, imtahanlardan müvəffəqiyyətlə keçmişdir. Ali təhsil müəssisəsini bitirdikdən sonra ali təhsil haqqında diplomun Azərbaycan Respublikasında tanınması məqsədi ilə cavabdeh «Təhsildə Keyfiyyət Təminatı Agentliyi» X4 müraciət etmişdir. Agentlik isə müraciətinə cavab olaraq ali təhsil haqqında diplomun tanınmasından imtina edərək əsas olaraq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması bildirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.4, 32-ci və 44-cü maddələrinin tələblərinə əsasən xarici ölkədə aldığı ali təhsilə uyğun olaraq ixtisası tanınmalı və bu barədə ona müvafiq şəhadətnamə verilməlidir. Belə ki, təhsil aldığı müddətdə dərslərin tamamında iştirak etmiş, imtahanlarını müvəffəqiyyətlə vermişdir. Əgər təhsil aldığı ixtisas üzrə bilikləri kifayət etməsəydi, imtahanlardan məqbul nəticə almağı mümküsüz olardı. Eyni zamanda onunla eyni ali məktəbdə təhsil alan və eyni müddətdə dərslərdə iştirak edən xx.xx.1995-ci il təvəllüdlü X1 diplomu cavabdeh inzibati orqan tərəfindən tanınmış və müvafiq şəhadətnamə verilmişdir. Cavabdeh iddiaya etirazını məhkəməyə təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətində kifayət qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü qiyabi təhsilalma forması üzrə dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. İddiaçı əldə etdiyi kvalifikasiyanın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədi ilə elektron ərizə sistemi vasitəsi ilə Agentliyinə müraciət etmişdir. Cavabdeh ərizəçinin tanınma haqqında müraciətinə baxaraq iddiaçının təhsil aldığı ölkədə olduğu müddətin qüvvədə olan tanınmaya dair tələblərlə uyğunsuzluğunu müəyyən etmiş və xx.xx.2024-cü il tarixində iddiaçıya tanınma haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. İş üzrə inzibati icraat Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na(bundan sonra- Qaydalar) uyğun olaraq aparılmışdır. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu Qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. Ölkə ərazisində müvafiq sahəni tənzimləyən əsas qanunaltı normativ aktlardan biri olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli Qərarı ilə təsdiqlənmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın: 1.6-cı bəndinə əsasən, bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir; 2.8-ci bəndinə əsasən, qiyabi təhsil forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir; 2.9-cu bəndinə əsasən, qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180-240 saat nəzərdə tutulur, bu da ərizəçinin hər tədris ili üzrə auditoriya dərslərində 6-8 həftə , hər yarımil üzrə imtahanlarda 2 həftə iştirakını zəruri edir. Xarici dövlətlərdə əldə edilmiş kvalifikasiyaların tanınması üzrə tətbiq olunan Qaydaların 4.1.4-cü yarımbəndində Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması tanınmaya dair tələblər arasında əks olunmuşdur. Həmçinin Qaydaların 4.1.5-ci yarımbəndinə əsasən orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə bütütədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması tanınmaya dair tələblərə aid edilmişdir. İddiaçının müraciəti əsasında aparılmış inzibati icraat zamanı onun xarici ali təhsil aldığı ölkədə olmasını yoxlamaq məqsədilə sərhəd keçmə məlumatları tədqiq edilmiş, onun təhsil aldığr illər üzrə xarici ali təhsil aldığı ölkədə olma müddətləri aşağıdaki kimi müəyyənləşdirilmişdir: İ il - 2 gün, 2014-2017-ci illərdə Cənub Federal Universitetində təhsil almışdır. İİ il - 2 gün, İİİ il - 1 gün, İV il - 2 gün, 2017-ci ildə X3 Universitetinə köçürülmüşdür, V il - 1 gün. Əlavə olaraq oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2546/2023 saylı qərarının 24-cü bəndinə əsasən qeyd olunur ki, iddiaçının təhsil aldığı ölkədə olma müddəti nəzərə alındıqda onun tərəfindən tədris yükünü yerinə yetirmədiyinə dair nəticə əsaslı hesab edilə bilər. Həmçinin oxşar işlər üzrə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-959/2024 saylı qərarı ilə apellyasiya instansiya məhkəməsinin qərarını ləğv edilərək bunlar qeyd edilmişdir: “ ... Məhkəmə kollegiyası xaricdə təhsil alınarkən distant təhsil texnologiyalarından istifadə olunduğunun mümkünlüyünü və təhsilin alındığı ölkədə bunun yolverilənliyini nəzərə alır. Lakin burada həlledici olan qeyd edilən qaydada xaricə alınmış qiyabi bakalavriat təhsilinin Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğun olmadığıdır. Başqa sözlə, Azərbaycan Respublikasının qanunvericiliyi tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir (2-1(102)-2229/2023 və 2-1(102)-2762/2023 №-li işlər üzrə qərarlar)”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli Qərarı ilə təsdiqlənmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın: 1.6-cı bəndinə əsasən, bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir; 2.8-ci bəndinə əsasən, qiyabi təhsil forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir; 2.9-cu bəndinə əsasən, qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180- 240 saat nəzərdə tutulur” Eyni zamanda Qaydaların 1.3-cü bəndinə əsasən tanınma «Təhsildə Keyfiyyət Təminatı Agentliyi» X5 tərəfindən həyata keçirilir ki, bu da “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda əks olunmuş diskresion səlahiyyətin mövcudluğuna əsasdır. Cavabdeh inzibati orqan tərəfindən tanınma üzrə inzibati icraatın aparılması zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci bəndinə uyğun olaraq diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində və ona verilmiş səlahiyyətlər daxilində çərçivəsində həyata keçirdiyindən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.3.1-ci yarımbəndinə uyğun olaraq inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildiyi üçün məhkəmə məcburetmə haqqında iddiaya dair iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz (Qeyd: vətəndaşın iddia ərizəsində adını vurğuladığı şəxsin ad soyad məlumatları üzrə elektron bazada aparılmış axtarış zamanı həmin şəxsin Agentliyə müraciəti aşkarlanmamışdır). Qiyabi təhsilalma formasında tədris olunan təhsil programları üzrə tədris yükünün qeyd olunmuş müddətlərdə yerinə yetirilməsinin faktiki olaraq mümkünsüzlüyü nəzərə alınaraq, habelə iddia tələbi həm maddi, həm də prosessual normalarla ziddiyət təşkil etdiyi üçün, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının oxşar işlər üzrə formalaşmış təcrübəsi ilə uyğunsuz olduğu üçün rədd edilməlidir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-7863/2024 saylı qərarı ilə (hakim A.M.Almazova) iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Rusiya Federasiyası Təhsil və Elm Nazirliyi Ali Təhsil üzrə federal dövlət büdcə əsaslı təhsil müəssisəsi X3 Universitetinə daxil olmuş, həmin ali məktəbi 2018-ci il tarixdə mühasibat uçotu, analiz və audit ixtisası üzrə bitirmişdir. Təhsil aldığı müddətdə isə dərslərdə vaxtında iştirak etmiş, imtahanlardan müvəffəqiyyətlə keçmişdir. Ali təhsil müəssisəsini bitirdikdən sonra ali təhsil haqqında diplomun Azərbaycan Respublikasında tanınması məqsədi ilə cavabdeh «Təhsildə Keyfiyyət Təminatı Agentliyi» X4 müraciət etmiş, Agentlik isə müraciətinə cavab olaraq ali təhsil haqqında diplomun tanınmasından imtina edərək əsas olaraq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmamağı bildirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.4, 32-ci və 44-cü maddələrinin tələblərinə əsasən xarici ölkədə aldığı ali təhsilə uyğun olaraq ixtisası tanınmalı və bu barədə müvafiq şəhadətnamə verilməlidir. Əgər təhsil aldığı ixtisas üzrə iddiaçının bilikləri kifayət etməsəydi, imtahanlardan məqbul nəticə almağı mümkünsüz olardı. Eyni zamanda, iddiaçı ilə eyni ali məktəbdə təhsil alan və eyni müddətdə dərslərdə iştirak edən xx.xx.1995-ci il təvəllüdlü X1 diplomu cavabdeh inzibati orqan tərəfindən tanınmış və müvafiq şəhadətnamə verilmişdir. Lakin iddiaçıya münasibətdə inzibati icraatın eyniliyi prinsipi pozulmuşdur. Cavabdeh orqanın etirazındakı bu xüsusat “İddiaçının müraciəti əsasında aparılmış inzibati icraat zamanı onun xarici ali təhsil aldığı ölkədə olmasını yoxlamaq məqsədilə sərhəd keçmə məlumatları tədqiq edilmiş, onun təhsil aldığı illər üzrə xarici ali təhsil aldığı ölkədə olma müddətləri aşağıdaki kimi müəyyənləşdirilmişdir: İ il - 2 gün, 2014-2017-ci illərdə Cənub Federal Universitetində təhsil almışdır. İİ il - 2 gün, İll il - 1 gün. İV il - 2 gün. 2017-ci ildə X3 Universitetinə köçürülmüşdür V il - 1 gün” tamamilə yanlışdır və bu barədə məhkəməyə sübutlar təqdim edilməmişdir. Əksinə, X3 Universitetinin xx.xx.2024-cü il tarixli, 05.02.-09/854 nömrəli arayışından da görünür ki, iddiaçı ixtisaslaşdırılmış təhsil almış, imtahanlardan müvəffəqiyyətlə keçmiş və universitet tədbirlərində aktiv iştirak etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, oxuduğu universitetin təşkil etdiyi bütün imtahanlarda iştirak etmiş, lakin övladı körpə olduğuna görə dərslərdə iştirak edə bilməmişdir. Gün ərzində 2-3 imtahan təşkil edilirdi. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən müvafiq illər üzrə ölkəyə giriş-çıxışı ilə bağlı olaraq arayış da əldə edib. Həmin arayışda ölkəyə giriş-çıxışı üzrə günlərin sayı nisbətən daha çox göstərilir. Universitetdən verilən tapşırıqları evdə hazırlayırdı. Universitetə gedəndə də tapşırıqları tam şəkildə təqdim edirdi. Xaçmazdakı evlərindən universitetə gedib-gəlirdi. Dərslərdə iştirak etməsə də, evdə özü fərdi qaydada kitablarını alıb dərsləri oxuyurdu. İmtahan nəticələri də yüksəkdir. Universitetə təqdimatlar hazırlayıb göndərirdi, lakin özü əyani formada tədbirlərdə iştirak etmirdi. Diplomu təsdiqlənmədiyinə görə hazırda işsiz qalıb. Məhkəmə iclasında iştirak edən cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” X5 nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, Qaydalara əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180-240 saat nəzərdə tutulur. İddiaçının imtahandan kənar dərslərdə iştirakı olmamışdır. İddiaçının dərslərdə iştirak etməsi faktı heç bir sənədlə təsdiqlənmir. İddiaçı sadəcə tədbirlərdə iştirak etməsi ilə bağlı sənəd təqdim etmişdir. Muddətin uzadılması məsələsi isə onların səlahiyyətinə aid bir məsələ deyil. Analoji işlərlə bağlı olaraq Ali Məhkəmənin mövqelərini təsdiq edən qərarları da vardır. Ona görə də, iddia tələbi əsaslı olaraq təmin edilməyib. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmiş, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsi), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İnzibati Prosessual Məcəllənin 85.2 və 85.3-cü maddələri). Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan Rusiya Federasiyası Ali təhsil üzrə federal dövlət büdcə əsaslı təhsil müəssisəsi “X3 Universiteti” tərəfindən təqdim edilmiş xx.xx.2018-ci il tarixli, 8/1019 saylı bakalavr diplomundan görünür ki, İddiaçı Dövlət İmtahan Komissiyasının xx.xx.2018-ci il tarixli 41/16 saylı qərarı ilə bakalavr dərəcəsi verilmişdir. İş materiallarında olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinin xx.xx.2024-cü il tarixli, NA00022698 saylı “Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə” qərarından görünür ki, ərizəçinin müraciətinə baxılaraq onun ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 3.10.1-ci və 4.1.4-cü bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"nın 8.7.2-ci bəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.5-ci bəndinə əsasən xarici dövlətlərdə əldə olunan ali təhsilə aid kvalifikasiyaların tanınması üçün Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-38-2/33- 1532/24 saylı məktubda bildirilmişdir ki, xx.xx.1980-ci il təvəllüdlü İddiaçı 2013-2018-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında müvafiq məlumatlar qeydə alınmışdır: xx.xx.2013-cü il tarixdə çıxış Rusiya, giriş Rusiya, xx.xx.2013-cü il tarixdə çıxış Rusiya, giriş Rusiya, xx.xx.2014-cü il tarixdə çıxış Rusiya, giriş Rusiya, xx.xx.2014-cü il tarixdə çıxış Rusiya, giriş Rusiya, xx.xx.2015-ci il tarixdə çıxış Rusiya, giriş Rusiya, xx.xx.2015-ci il tarixdə çıxış Rusiya, giriş Rusiya, xx.xx.2016-cı il tarixdə çıxış Rusiya, giriş Rusiya, xx.xx.2016-cı il tarixdə çıxış Rusiya, giriş Rusiya, xx.xx.2017-ci il tarixdə çıxış Rusiya, giriş Rusiya, xx.xx.2017-ci il tarixdə çıxış Rusiya, giriş Rusiya, xx.xx.2017-ci il tarixdə çıxış Rusiya, giriş Rusiya, xx.xx.2017-ci il tarixdə çıxış Rusiya, giriş Rusiya, xx.xx.2017-ci il tarixdə çıxış Rusiya, giriş Rusiya, xx.xx.2017-ci il tarixdə çıxış Rusiya, giriş Rusiya, xx.xx.2018-ci il tarixdə çıxış Rusiya, giriş Rusiya, xx.xx.2018-ci il tarixdə çıxış Rusiya, giriş Rusiya, xx.xx.2018-ci il tarixdə çıxış Rusiya, giriş Rusiya, xx.xx.2018-ci il tarixdə çıxış Rusiya, xx.xx.2018-ci il tarixdə giriş Rusiya, xx.xx.2018-ci il tarixdə çıxış Rusiya, giriş Rusiya. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün хüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir (19 iyun 2020-ci ilə qədər olan redaksiya). Xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Qanunun 29.0.21-ci maddəsinə görə, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Həmin Qanunun 44.2-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydalarında aşağıdakılar göstərilmişdir: “ ... 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nda aşağıdakılar qeyd olunmuşdur: “ ... 5.5. Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: ...8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 8.7.6. Təlim müddətində istehsalat təcrübəsi üçün nəzərdə tutulan müddət bakalavriat səviyyəsində 8-18, magistratura səviyyəsində isə 8-10 həftədir”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.3-cü maddəsinə əsasən, qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən. 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 3.2.4-cü maddəsinə əsasən, ixtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı özü də məhkəmə iclasında dərslərdə ümumiyyətlə iştirak etmədiyini təsdiq etmiş və yalnız imtahanda iştirak etmək üçün Rusiya Federasiyasına getdiyini bildirmişdir. Belə ki, həmin vaxt onun körpə uşağı olmuş və universitet tərəfindən onun dərslərdə iştirak etməməsinə icazə verilmişdir. Məhkəmə kollegiyası bu arqumenti qəbul etmir. Belə ki, birinci instansiyası məhkəməsinin də qərarında göstərdiyi kimi, qiyabi təhsil alan xarici tələbələrin təlim prosesini optimallaşdırmaq məqsədilə təhsil müəssisəsi tərəfindən münasib qrafikin təşkilinin və ya fərqli qaydanın müəyyən edilməsinin mümkünlüyü qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası eyni zamanda onu da qeyd etməyi zəruri hesab edir ki, Ali təhsil cəmiyyətlərin intellektual, iqtisadi və mədəni inkişafında əsas rol oynayan fundamental bir institutdur. Müasir dövrdə yalnız bilik və bacarıqların deyil, eyni zamanda tənqidi düşüncənin, vətəndaş məsuliyyətinin və innovativ potensialın formalaşdırılmasında da mühüm vasitə kimi çıxış edir. Ali təhsil təkcə fərdin gələcəyinə təsir etmir, eyni zamanda cəmiyyətin inkişafında və dövlətin rəqabət qabiliyyətliliyində mühüm rol oynayır. İqtisadiyyatın biliyə əsaslandığı dövrdə ali təhsilli insan resursları strateji əhəmiyyət daşıyır. Daha yüksək təhsilli əhali aşağıdakılara nail olur: yüksək məşğulluq göstəriciləri; yüksək gəlir səviyyəsi; sosial sabitlik və vətəndaş fəallığı. Lakin bu sahədə keyfiyyətsiz və formal yanaşma artdıqda, təhsil öz mahiyyətini itirir və məqsədindən uzaqlaşır. Formal ali təhsil – yəni, yalnız diplom almağa yönəlmiş, real bilik və bacarıq qazandırmayan təhsil modeli – həm fərdlər, həm də cəmiyyət üçün ciddi mənfi nəticələrə səbəb olur. Qeyd olunanları nəzərə alaraq, işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara hüquqi qiymət verərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2-1(112)-7863/2024 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-7863/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar