Məhkəmə qərarları › İş №2-1(103)-1635/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1635/2023

31.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1635/2023 31.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “keçmiş dövr üçün “Müharibə veteranı” təqaüdünün hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-12088/2022 saylı, 20 dekabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli, 641 nömrəli Fərmanına uyğun olaraq 01 aprel 2019-cu il tarixdən xx.xx.2021-ci tarixədək keçmiş dövr üçün “Müharibə veteranı” təqaüdünün hesablanaraq ona ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 2021-ci ilin dekabr ayında “Müharibə veteranı” statusu və vəsiqəsi verilmiş, 2022-ci ilin aprel ayından Prezident təqaüdü alır. Maddi cəhətdən vəziyyəti ağır olduğundan keçmiş dövr üzrə təqaüdün hesablanaraq ona verilməsi barədə cavabdeh orqana müraciət etmiş, lakin cavabdehin imtina məktubunda “Veteran vəsiqəsi” xx.xx.2021-ci il tarixdə verildiyi, qeyd etdiyi dövrlər üzrə təqaüdün (və ya müavinətin) təyin edilərək ödənilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. Həmin məktubda qanuvericiliyin hansı tələblərində bu məsələ ilə bağlı qadağanedici normalar göstərilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli, 641 nömrəli Fərmanı ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. Həmin Fərmanın 2.1.1-ci yarımbəndinə əsasən 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Sözügedən Fərmana əsasən 1 aprel 2019-cu il tarixdən ona 80 manat məbləğində “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təyin edilərək ödənməli idi. Lakin təqaüd ona xx.xx.2021-ci il tarixindən hesablanaraq verilmişdir. Müharibə veteranlarına verilən sosial müavinətin əvəzinə Prezident təqaüdünün təsis edilməsi əvvəlki dövrlər, xüsusilə “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün sosial müavinətin ödənilməsini istisna etmir. Həmin Fərmana əsasən Prezident təqaüdü əvvəlki müavinətin əvəzinə verilir. Onun “Müharibə veteranı” vəsiqəsi Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanından sonra almağı “Müharibə veteranı” statusunu alan şəxs kimi əvvəlki dövrlər üzrə təqaüdü (və ya sosial müavinəti) tələb edərək almağını məhdudlaşdıra bilməz. Bununla bağlı mövcud qanunvericiliyə heç bir dəyişiklik olmamış, hər hansı qadağanedici norma olmamışdır. Həmçinin “Sosial müavinətlər haqqında” Qanunun 9.1ci maddəsində müavinətin ödənilməsi və onun təyin edilməsi anlayışları fərqləndirilmişdir. Buna görə şəxsin “Müharibə veteranı” statusunu əldə etməsi və bundan irəli gələn sosial müavinət almaq hüququnu qazanması “Müharibə veteranı” vəsiqəsini aldığı andan yaranır. Odur ki, həmin müavinətlər onu almaq hüququnun yarandığı andan təyin edilməlidir. Lakin Qanun müavinətin təyin edilməsi anını həll etməklə yanaşı, həm də müəyyən etmişdir ki, sözügedən müavinətlər müraciət edilməzdən əvvəlki 3 il üçün ödənilməlidir. İddiaçıya “Müharibə veteranı” vəsiqəsinin xx.xx.2021-ci il tarixdə verilməsi onun “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndindən irəli gələn hüquqlarına təsir etməli deyil. Başqa sözlə, o artıq “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2- ci bəndinə uyğun olaraq “Müharibə veteranı”dır. Lakin o, “Müharibə veteranı” kimi hüquqlarını həmin Qanunun 7-ci maddəsinə əsasən veteran vəsiqəsini əldə etdiyi vaxtdan həyata keçirdiyindən, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, müavinətin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsinə ümid edə bilər. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12088/2022 saylı, 20 dekabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12088/2022 saylı, 20 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən verilmiş M/V seriyalı 089533 saylı vəsiqədən görünür ki, iddiaçıya xx.xx.2021-ci il tarixdə müharibə veteranı vəsiqəsi verilmişdir. - İddiaçı Şəhid ailəsi üzvünün xx.xx.2021-ci il tarixli 006171 saylı vəsiqəsi verilmişdir. - Cavabdehin 01 iyul 2022-ci il tarixli **********0 imtina məktubunda iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” xx.xx.2001-ci il tarixli 613 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün hər ay 55.000 (əlli beş) min manat (2006-cı il yanvarın 1-dən öncə Azərbaycan manatının denaminasiya olunmasından əvvəl olan nominal dəyər) məbləğində müavinət təyin edilmişdir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında“ Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2013-cü il tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli 641 nömrəli Fərmanına əsasən “Sosial müavinətlərin məbləğinin artırılması haqqında“ Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2013-cü il tarixli 973 nömrəli Fərmanın Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55.000 (əlli beş min) manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 641 nömrəli Fərmanı əsasında müharibə veteranlarına 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş və xx.xx.2019-cu il tarixindən sözügedən müavinət Prezident təqaüdü ilə əvəz edilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq nəzərdə tutulmuş güzəştlər “Veteran vəsiqəsi” təqdim edildikdə həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, iddiaçıya müharibə veteranları üçün nəzərdə tutulan təqaüd xx.xx.2021-ci il tarixindən qanunvericiliyin tələblərinə uyğun olaraq təyin edilmişdir (veteran vəsiqəsinin verildiyi tarixdən). “Veteran vəsiqəsi” xx.xx.2021-ci il tarixində verildiyindən, eyni zamanda sözügedən müavinət ləğv edildiyindən ərizəsində qeyd etdiyi dövrlər üzrə təqaüdün (və ya müavinətin) təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Sosial Ödənişlər Altsistemindən çıxarılmış məlumatdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli qərarla 80 manat müharibə veteranı təqaüdü təyin edilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində müavinətin ödənilməsi və onun təyin edilməsi anlayışları fərqləndirilmişdir. Buna görə, şəxsin müharibə veteranı statusu əldə etməsi və bundan irəli gələn sosial müavinət almaq hüququnu qazanması müharibə veteranı vəsiqəsini aldığı andan yaranır. Odur ki, həmin müavinətlər onu almaq hüququnun yarandığı andan təyin edilməlidir. Lakin, Qanun müavinətin təyin edilməsi anını həll etməklə yanaşı, həm də müəyyən etmişdir ki, sözügedən müavinətlər müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməlidir. Bu isə o anlama gəlir ki, müavinət vəsiqənin alındığı gündən təyin edilsə də, şəxsə bu zaman əvvəlki üç il üçün müvafiq ödəmələr aparılmalıdır. Çünki, Qanun birmənalı şəkildə müharibə veteranı vəsiqəsi təqdim edildikdən sonra inzibati orqan tərəfindən hər iki hərəkətin eyni anda birgə aparılmalı olduğunu müəyyən edir - yəni, həm müavinətin ödənilməsinə başlanılması üçün təyinat aparılmalı, həm də əvvəlki üç il üçün ödəmələr edilməlidir. Beləliklə, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi inzibati orqan üçün belə bir vəzifə müəyyən edir ki, o, müavinətin ödənilməyə başlanılmasına əsasən verən təyinatı vəsiqənin alındığı gündən təyin etməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələri aparmalıdır. Lakin, yuxarıda da qeyd edildiyi kimi “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı qəbul edildikdən sonra müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, onun aylıq məbləği 80 manat müəyyən olunmuş, eləcə də Fərmanın xx.xx.2019-cu il tarixindən tətbiq ediləcəyi təsbit edilmişdir. Həmin Fərmanın 2.1.1-ci bəndinə əsasən, sözügedən təqaüd 2019-cu il aprelin 1- dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Həmin Fərmanın 2.1.2-ci maddəsinə əsasən, dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir. Bundan başqa, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 640 nömrəli Fərmanına əsasən, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 973 nömrəli Fərmanın, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda göstərilən xx.xx.2019-cu il tarixli, 640 nömrəli Fərmanının 3-cü bəndinə əsasən, bu Fərman xx.xx.2019-cu il tarixindən tətbiq edilir. Beləliklə, 01 aprel 2019-cu il tarixdən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə görə müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Bununla da, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanmışdır. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması yolverilməzdir. Hazırkı işin faktiki hallarından müəyyən edilir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, müharibə veteranıdır. İddiaçıya 17 dekabr 2021-ci il tarixdə müharibə veteranı vəsiqəsi verilmişdir. İddiaçıya müharibə veteranı adı və vəsiqəsi verildikdən sonra iddiaçı qanunla müəyyən edilmiş imtiyazlardan istifadə etmək hüququnu həyata keçirmək üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçıya müharibə veteranı vəsiqəsinin verildiyi tarixdən sonra qeyd edilən təqaüdü (Prezident təqaüdünü) almaq hüququnun yarandığını əsas götürərək təyin etmişdir. Hazırda iddiaçı müharibə veteranlarına müavinətin müharibə veteranı vəsiqəsi verildiyi 17 dekabr 2021-ci il tarixdən əvvəlki 3 il üçün hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Bunu isə xx.xx.2021-ci il tarixli M/V 089533 saylı müharibə veteranı vəsiqəsi verilməsi ilə əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericilikdə baş vermiş dəyişikliklərdən sonra 01 aprel 2019-cu il tarixdən əvvəl və sonra müharibə veteranı vəsiqəsi almış şəxslərə münasibətdə fərqli hüquqi vəziyyət yaranmış, qanunverici müharibə veteranlarına ödəniləcək vəsaitin statusu, eləcə də həmin vəsaitlərin əvvəlki dövrlər üzrə ödənilməsinin mümkünlüyü ilə bağlı yeni yanaşma qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, 01 aprel 2019-cu il tarixdən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Çünki təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır. Məhkəmə qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddiaçı müharibə veteranı vəsiqəsini Prezident təqaüdü təyin edildiyi vaxtdan sonra aldığından və ona həmin andan etibarən Prezident təqaüdü təyin olunduğundan, onun əvvəlki illərə görə müavinət tələb etməyi əsassızdır Ali Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyə görə Prezident təqaüdünün təsis edildiyi tarixdən, yəni xx.xx.2019-cu il tarixindən sonra “müharibə veteranı” adı və vəsiqəsi almış şəxlərə “müharibə veteranı” vəsiqəsi aldığı tarixdən əvvəlki üç ilə görə müavinətin verilməsindən imtina edilir (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-1133/2020 nömrəli qərarı), həmin tarixdən əvvəl “müharibə veteranı” adı və vəsiqəsi almış şəxslərə münasibətdə isə işin halları nəzərə alınmaqla “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi tətbiq edilir (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2020- ci il tarixli, 2-1(102)- 1563/2020 nömrəli qərarı). Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı xx.xx.2021-ci il tarixində, yəni Prezident təqaüdü təsis edildikdən sonra “müharibə veteranı” adı və vəsiqəsi aldığına görə ona münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun tələbləri tətbiq oluna bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 12088/2022 saylı, 20 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12088/2022 saylı, 20 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar