Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1636/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Nağıyeva (sədrlik edən və məruzəçi), Həmid Üzeyir oğlu Həmidov və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı , iddiaçının nümayəndəsi və vəkili Vəkil oğlunun (“Kredo” Vəkil Bürosu) və tərcüməçi Alireza Safavinin iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2-1(112)-1422/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 18.08.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin 25 dekabr 2019-cu il tarixli, İQ-291/1 saylı qərarı ləğv edilərək ona qaçqın statusunun verilməsi üçün yenidən müsahibəyə buraxılması və iştirakının təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda müddətin bərpası barədə ərizə təqdim etmişdir. İddia tələbi və ərizə onunla əsaslandırılmışdır ki, o, Əfqanıstan İslam Respublikasının vətəndaşı 18.09.2019-cu ildə əsaslı təhlükələr və problemlər ucbatından məcburi qaydada doğma ölkəsini tərk edib sığınacaq axtaran şəxs kimi sabit bir ölkəyə, Azərbaycana gəlmişdir və qaçqın statusu almaq üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. DMX isə 25.12.2019-cu ildə onun vəsatətinə baxmaqdan imtina etmişdir. Azərbaycanda köməksiz vəziyyətdə olduqlarından, habelə Azərbaycan dilini zəif bildiyinə görə, bir neçə aydır pandemiya ilə əlaqədar olaraq qərardan şikayət etmək hüququ və şamil olunan müddət barədə anlayışı olmadığından buraxılan müddəti üzürlü hesab etməyi xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2-1(112)-1422/2021 nömrəli qərardadı ilə (hakim Ş.Həsənova) İddiaçı buraxılmış iddia müddətinin bərpa edilməsi barədə ərizəsi təmin edilməmiş, İddiaçı iddiası mümkün sayılmamışdır. İş materiallarından göründüyü kimi işin birinci instansiya icraatı zamanı tərcüməçi qismində X2 iştirak etmişdir. Qərardad 12.02.2021-ci il tarixli məktubla tərəflərə göndərilmiş, iddiaçı məhkəmə qərardadını 26.02.2021-ci il tarixdə qəbzi imzalamaqla qəbul etmişdir. 12.04.2021-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil oğlu ərizə ünvanlayaraq, iş üzrə qəbul edilmiş qərardadın ona təqdim edilməsinə dair göstəriş verilməsini xahiş etmiş və 19.04.2021-ci il tarixdə qərardad ona təqdim edilmişdir. 28.04.2021-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil oğlu apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2-1(112)- 1422/2021 nömrəli qərardadının ləğv edilməsini və iddianın mümkün hesab edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. İddiaçı tərəfindən apellyasiya şikayəti qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət ötürülməklə verildiyindən işin apellyasiya işin apellyasiya icraatı zamanı apellyasiya şikayətinin mümkünlük məsələsinə baxılması ilə əlaqədar məhkəmə iclası təyin edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil oğlu 16.06.2021-ci il tarixli məhkəmə iclasında buraxılmış prosessual müddətin bərpası barədə ərizə təqdim etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.4-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili ərizənin təmin edilməsini xahiş etdilər. Əlavə olaraq, sədrlik edənin sualına cavab olaraq iddiaçı iddia ərizəsindəki, etibarnamədəki və birinci instansiya məhkəməsinin qərardadının qəbul edilməsi barədə qəbzdəki imzaların ona məxsus olmamasına hər hansı bir etirazı olmadı. Cavabdeh məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilinin ərizəsini, apellyasiya şikayətini və işin materiallarını araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati Prosessual Məcəllənin qeyd edilən göstərişini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə uyğun verilməsinin əsasları yoxlanılmalıdır. Qeyd edilən Məcəllənin 85.1-ci maddəsinin tələbinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. İşin materiallarından görünür ki, birinci instansiya məhkəməsinin qərardadı iddiaçı tərəfindən rəsmi qaydada 26.02.2021-ci il tarixdə imzalanaraq qəbul edilmişdir. Qeyd edilən Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə elan edilmə anından başlanır. İddiaçının nümayəndəsi və vəkilinin təqdim etdiyi apellyasiya şikayəti rəsmi qaydada 28.04.2021-ci il tarixdə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş və ştampla rəsmiləşdirilmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilinin müddətin bərpası barədə ərizəsinə qiymət verərək qeyd edir ki, ərizədə prosessual müddətin hansı səbəbdən buraxılması əsaslandırılmamış və hər hansı bir sənəd və ya sübut ərizəyə əlavə edilməmişdir. Beləliklə işin yuxarıda qeyd olunan halları ilə müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qərardadının iddiaçı tərəfindən alındığı tarixdən etibarən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 10 günlük prosessual müddəti ötürmüşdür. İnzibati Prosessual Məcəllənin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Mülki Prosessual Məcəllənin 129.3-cü maddəsinin tələbinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət müddətin son günü saat iyirimi dördə qədər yerinə yetirilə bilər. Mülki Prosessual Məcəllənin 130.1-ci maddəsinə əsasən isə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinin tələbinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. İnzibati Prosessual Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.4, 89, 90.1-90.2 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı nümayəndəsi və vəkili Vəkil oğlunun buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin, iddiaçının Bakı İnzibati Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2-1(112)-1422/2021 nömrəli qərardadından verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin, şikayətin apellyasiya qaydasında icraata qəbulundan imtina edilsin. Apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14,1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1636/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1636/2021
16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver