Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1636/2023 27.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı “Qarabağ müharibəsi veteranı kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8012/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinə qarşı iddiaçının Qarabağ veteranı kimi yaşayış sahəsinə ehtiyacı olan qismində, 5 nəfər olmaqla (özü, həyat yoldaşı və 3 uşaq) uçota alınması ilə bağlı sərəncam verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə (yoldaşı və 3 uşaq) yaşayır. İ Qarabağ müharibəsi döyüşlərində iştirak edərkən Ağdam Əsgəran rayonunun ətrafında Aranzəmin kəndində yaralanmış və hərbi hissənin tibb məntəqəsində olkin müalicə almışdır. Qarabağ döyüşlərində iştirakla əlaqədar 80 manat prezident təqaüdü alır. Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacları var. Belə ki, yaşadığları mənzilin ümumi sahəsi 32 kv.m yaşayış sahəsi il 16 kv. metrdir. O, mənzil növbəsinə götürülmə ilə əlaqədar cavabdehə müraciət etsə də, ona imtina olunmuşdur. Cavabdeh, işə əlavə olunmuş iddiaçının müraciətinə xx.xx.2022-ci il tarixli cavab məktubunda imtinanın əsası kimi qeyd etmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.7-ci maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Lakin həmin qaydalar müəyyən olunmadığından vətəndaşların yaşayış yeri üzrə rayon İcra hakimiyyətində mənzil növbəsinə qəbul edilməsi dayandırılmışdır. Həmin müəyyən edildikdən sonra qaldırdığınız məsələyə baxılacaq. İddia ərizəsinə etirazında da cavabdeh iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, Nazirlər Kabineti əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları müəyyən etmədiyindən əlilliyi olan şəxslərin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qarnınla tənzimlənmir. Bu baxımdan onların mənzil növbəsinə götürülməsi əsassızdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8012/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı Qarabağ veteranı kimi yaşayış sahəsinə ehtiyacı olan qismində 5 nəfər olmaqla (özü, həyat yoldaşı və 3 uşaq) uçota alınması ilə bağlı sərəncam verilməsi öhdəliyi Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsinə dair qərar qəbul edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətləri İPM-in 85-ci maddəsinin tələbələrinə uyğun venilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “Məhkəmə öz qərarında əvvəllər qüvvədə olmuş “Əlilliyi və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 43-cü maddəsinə istinad edərək əlilliyi müəyyən edilmiş şəxslərin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac olan şəxslər olduğunu qeyd etmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, iddiaçı İ Qarabağ müharibəsi əlili deyil. İddiaçı Qarabağ müharibəsi veteranı olmasına baxmayaraq məhkəmə əsassız olaraq yuxarıda qeyd edilən qanunu əsas tutaraq onun yaşayış sahəsinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs hesab etmişdir. Həmçinin, məhkəmə sorğu əsasında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakı Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən İddiaçı Əl iş oğlunun adına Sumqayıt şəhəri, Yaşma bağlar ərazisində Yaşma 123/313 ünvanında 0,06 ha torpaq sahəsinin iddiaçının adma olması aşkar edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.7-ci maddəsində qeyd olunur ki, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləməsi məsələləri haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli fərmanına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinrti 3 ay müddətində Mənzil Məcəlləsinin 51.7-ci maddəsində qeyd olunan qaydaları Azərbayan Respublikasının Pezidenti ilə razılaşdırılaraq təsdiq edilməlidir. Lakin həmin qaydalar Nazirlər Kabineti tərəfindən müəyyən edilməmişdir. Nazirlər Kabineti qeyd olunan qaydaları müəyyən etmədiyindən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qanunla tənzimlənmir. Bu baxımdan onların mənzil növbəsinə götürülməsi barədə məhkəmə qərarı qanunsuzdur. Məhkəmə qərar qəbul edərkən maddi hüquq norması olaraq Mənzil Məcəlləsinin 48-ci, 50-ci maddlərini əsas götürmüş, sosial kirayə müqaviləsinin bağlanmasının əsaslarını qeyd edərək qərarı əsaslandırmışdır. Baxmayaraq ki iddia tələbi mənzil növbəsinə götürülmə öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Məhkəmə iclasında təqdim edilmiş etirazla bağlı məhkəmə qərarında heç bir münasibət bildirilməmişdir “İnzibati icraat haqqında” Qanunun 21-22-ci və 24-cü İnzibati- Prossesual Məcəlləsinin (“İPM”) 82 və 87-ci MPM-in 385-ci maddələrinə istinadən cavabdeh hesab edir ki, iş üzrə zəruri araşdırma aparmadan qərar qəbul edildiyi üçün həmçinin maddi hüquq normalarını düzgün tətbiq etmədiyi üçün Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, qərarı ləğv edilərək yeni qərar qəbul edilməlidir.” Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixdə keçirilən iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmin məhkəmə iclasında iştirak edən İddiaçı Qarabağ müharibəsinin veteranı olduğunu və yaralandığını bildirərək 5 ailə üzvü tərkibində yaşayış sahəsi 16,5 kv.m olan bir otaqlı mənzildə yaşadığını, Sovet vaxtında verilmiş Sumqayıtda olan torpaq sahəsinin isə heç yerini də bilmədiyini bildirərək birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş tərəflər məhkəmə iclasında iştirak etməmiş, İPM-in 62.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin olunmadan, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçının iddia tələbindən göründüyü kimi, öhdəliyin icrası haqqında iddia vasitəsilə, Qarabağ veteranı kimi, yaşayış sahəsinə ehtiyacı olan qismində 5 nəfər olmaqla (özü, həyat yoldaşı və 3 uşaq) uçota alınması ilə bağlı sərəncam verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini tələb etmiş, birinci instansiya məhkəməsi tərəfindən onun iddia tələbi təmin olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Belə ki, iddiaçının və onun ailə üzvlərinin işə əlavə olunmuş - AZE******** , AZE07717588, AZE17070221, AZE12581126 və AA2552501 nömrəli şəxsiyyət vəsiqələrinin, nikahın bağlanması haqqında şəhadətnamənin, müharibə veteranı haqqında 062081 nömrəli vəsiqəsinə, habelə, 39 saylı MKİS-in 06 №-li xx.xx.2022-ci il tarixli Forma 2 arayışına əsasən müəyyən olunur ki, o, müharibə veteranıdır, Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 19 saylı evin 22 nömrəli evdə pasport qeydiyyatındadır, evlidir və ailə üzvləri (özü, h/yoldaşı, 2 oğlu və 1 qızı) ilə birlikdə həmin mənzildə yaşyırlar. Eyni zamanda, işə əlavə olunmuş Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı 140819 nömrəli, xx.xx.1998-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsindəki 19 nömrəli yaşayış evinin 22 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına qeydiyyatdan keçmişdir. Həmçinin, Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 39 saylı Mənzil Kommunal İstismar Sahəsinin 125 nömrəli xx.xx.2021-ci il tarixli, eləcə də, qeyd edilən 06 nömrəli xx.xx.2022-ci il tarixli arayışlarında göstərilir ki, iddiaçı 4 nəfər ailə üzvü ilə birlikdə qeydedilən ünvanda yerləşən yaşayış sahəsi 16.55 kv.metr sahəsi olan 1 otaqlı mənzildə yaşayır. Mənzil – kommunal şəraitlidir. Cavabdeh iddia ərizəsinə etirzında və apellyasiya şikayətində 5 nəfər ailə tərkibinə malik olan iddiaçının mənzil şəraitinin acınacaqlı vəziyyətdə olduğunu görüb, buna qarşı əks arqument göstərmək iqtidarında olmadığından formal şəkildə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.7-ci maddəsinə istinadən mübahisələndirir ki, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. Çünki, yeni Mənzil Məcəlləsinin qüvvəyə mindiyi xx.xx.2009-cu il tarixindən artıq 14 ilə yaxın bir müddət keçmiş və həmin müddət ərzində məhkəmə praktikasında mənzil növbəsi ilə bağlı çoxlu sayda mübahisələrə baxılarkən, yerli icra hakimiyyətləri tərəfindən həmin Məcəllənin tələblərinə müvafiq olaraq vətəndaşların mənzil növbəsinə götürülmələri hallarına dəfələrlə rast gəlinmiş və bu proses indi də davam etməkdədir. Odur ki, cavabdehin qeyd olunan dəlili başa düşülən deyil. Ən azından, Qanunla təsdiq olunan bir Mənzil Məcələsi var və həmin Məcəllənin müvafiq münasibətləri tənzimləyən normaları mövcuddur. Belə ki, həmin Məcəllənin: 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 49.4-cü maddəsinə əsasən yşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. 49.2-ci maddəsinə əsasən dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 50.1.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3-cü maddəsinə əsasən yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar yaşayış sahələrinə ehtiyacı olan hesab edilir: 51.2-ci maddəsi isə nəzərdə tutur ki, yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında. 27 noyabr 2019-cu il, 459 №-li qərarına Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadrat metr müəyyən edilmişdir. Qanunvericiliyin qeyd olunan tələbləri və işin tədqiq olunan sübutlarla müəyyyən olunan halları onu deməyə əsas verir ki, yaşayış sahəsi 16,5 kv m olan bir birotaqlı mənzidə 5 nəfər ailə tərkibində yaşayan iddiaıçının yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün faktiki şərtlər mövcuddur. Məhkəmə kollegiyası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ birinci instansiya məhkəməsinin sorğusuna əsasən iddiaçının istifadəsində 0,06 ha həyatyanı torpaq sahəsinin qeydiyyata alınması ilə əlaqədar isə onu qeyd edir ki, birincisi həmin torpaq asahəsində fərdi yaşayış evinin mövcudluğu müəyyən edilmir. Onun adına 16,5 kv.m yaşayış sahəsinə malik birotaqlı mənzildən başqa bir yaşayış sahəsi qeydə alınmamışdır. Digər tərəfdən, mənzil qanunvericiliyinin qeyd olunan müddəalarında boş torpaq sahəsinə vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi uçota durmaq hüququ da məhdulaşdırılmamışdır. Qeyd olunanlar onu deməyə əsas verir ki, Qarabağ mühpribəsinin vetaranı olan iddiaçının mənzil şəraitinin yaxşılaşdırılmasını və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasını zəruri edən faktiki şərtlər mövcud olduğu halda cavabdeh orqan tərəfindən onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsindən imtina olunması onun hüquqlarını pozur. İPM-in 73.1-ci maddəsi isə nəzərədə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası,birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını faktlar-nöqteyi nəzərindən düzgün nəticə kimi qiymətləndirir və cavabdehin apellyasiya şikayətinin məhkəmə tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozulduğunu mübahisələndirən dəlilləri ilə razılaşmayaraq yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8012/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-nin 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8012/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1636/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1636/2023
27.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver