Məhkəmə qərarları › İş №2-1(103)-1637/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1637/2025

14.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1637/2025 14.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10857/2024 saylı 12 dekabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 14 may 2025ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, xx.xx.1979-ci ildən xx.xx.1982-ci ilədək toxucu, xx.xx.1989-cu ildən xx.xx.1992-ci ilədək evdə toxucu, xx.xx.1992-ci ildən xx.xx.2004-cü ilədək həna qablaşdırıcısı, xx.xx.2013-cü ildən xx.xx.2020-ci ilədək dalandar vəzifəsində işləmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, xx.xx.2013-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün sənədlərin təqdim olunması haqqında” məktubda qeyd olunmuşdur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndinə və 4.1-ci bəndinə əsasən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala aşağıdakı sənədlərin təqdim edilməsi zəruridir: 1.şəxsiyyət vəsiqənin surəti; 2. ümumi iş stajını təsdiq edən sənədlərin əslləri (əmək kitabçasının, həqiqi hərbi xidmətdə olduğu dövrü təsdiq edən sənəd və s.); 3. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayış; 4. pensiya təyin edilməsi ilə bağlı ərizə. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə yuxarıda göstərilən müvafiq sənədlər tam şəkildə Mərkəzi Filiala təqdim edildikdən sonra baxıla bilər. Həmin imtina məktubundan narazı qalan İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ona 52 yaşı tamam olduğu yəni, xx.xx.2013-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, təyin ediləcək pensiya məbləği həcmində əvvəlki dövrlərin ödənilməmiş məbləğinin ona bərabər şəkildə olmaqla pensiya məbləğinin üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Daha sonra iddiaçı tərəfindən iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verilərək, iddia tələbi “İddiaçı 52 yaşının tamam olduğu, yəni xx.xx.2013-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, cavabdehə ilk dəfə xx.xx.2023-cü il tarixdə müraciət etdiyi vaxtdan geriyə 3 il olmaqla pensiyanın ödənilməsi” kimi dəyişdirilməsi xahiş edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 1961-cı il təvəllüdlüdür. Əmək fəaliyyətinə 1979-cü ildən başlamışdır. Əmək fəaliyyətinin bir hissəsi zərərli işlərdə olmuşdur. 1979-ci ildən 1992-ci ilədək toxucu kimi çalışmışdır. 1992-2004-cü illər həna qablaşdırıcısı kimi (Kombinatda sonradan adı Məişət Malları ATSC olmuşdur) çalışmışdır. 2013-2020-ci ilədək Bakı şəhəri Pirallahı rayon MKTB də dalandar vəzifəsində işləmişdir. Ondan sonra səhhəti ilə əlaqədar olaraq çalışmamışdır. Sənədləri ilə əvvəlki DSMF-na 2015- ci ildə müraciət etmişdir ki, ona 52 yaşı olduğu gündən yəni xx.xx.2013-cü ildən güzəştli şərtlərlə əmək pensiyası təyin edilsin. Həmin dövrdə bundan imtina edilmişdir. İmtinanın səbəbi güzəştli arayışın olmaması olmuşdur. Bildirilmişdir ki, işlədiyi müəssisələr uzun illərdir ki, ləğv edilmiş və ya sökülmüşdur. İşlədiyi sahə (15 ilə yaxın) zərərli iş olmuşdur. Ona görə də həmin iş illəri onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına 2006-cı ilədək qüvvədə olmuş Qanuna əsasən pensiyaya çıxmağına imkan verir. Amma bunu yeni bilmişdir və cavabdehə ərizə ilə müraciət etmişdi ki, ona pensiya təyinatı aparsın. Sənədlərini toplayıb aidiyyatı üzrə cavabdehə ərizə ilə müraciət etmişdir. Müraciətinə xx.xx.2023-cü il tarixində cavab verilərək bildirilmişdir ki, arayış təqdim edilməlidir, hətta nümunə də göndərilmişdir. Hesab edir ki, cavabdeh bununla da hərəkətsizlik edir və pensiya təyinatının apamasından süni şəkildə yayınır. Cavabdeh güzəştli arayış tələb edir, o da yoxdur. Əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı ilə işləyən hazırda da pensiyaya çıxan onlarla işçi vardır. Onlara da imtinalar verilmişdir, adiyyatı üzrə məhkəməyə müraciətlər edilərək pensiyaya çıxmışdırlar. İlk dəfə məhkəməyə müraciət etmiş, səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilmədiyindən iddianı geri götürmüş, sonradan əməliyyat olunmuş, hazırda səhhəti imkan verir ki, iddianı yenidən qaldırsın. İddiaçı məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət edir. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iş üzrə iddiaçının işlədiyi "xxxx" ASC-yə ünvanlanmış sorğuya cavab olaraq İddiaçı işləməsinə dair arxiv sənədlərinin tam arxivinin mövcud olmaması bildirilmişdir. Bununla bərabər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olmuş cavab məktubunda Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli 755 nömrəli sərəncamı ilə iddiaçının işlədiyi "xxxx" ASC-nin 100% özəlləşdirilərək mülkiyyətiçisinin dəyişdiyi və özəlləşdirmə planında İddiaçı adının qeyd olunmadığı bildirilmişdir. Eyni zamanda bildirilmişdir ki, iddiaçı xx.xx.2006-cı il tarixədək ümumi iş stajının tamam olduğunu hesab etsə də, bütün dövrlərin daxil ediləcəyi təqdirdə belə onun 20 il ümumi iş stajı tamamlanmır. Belə ki, Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına ünvanlanmış 27 dekabr 2023-cü il tarixli 3-17-1/3-1 -110029/2023 nömrəli sorğuya cavab olaraq X. X4 təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun ümumi iş stajının xx.xx.2006-cı il tarixədək bütün dövrlərin daxil ediləcəyi təqdirdə belə 19 il 8 gün (xx.xx.1979-xx.xx.1982-ci il, xx.xx.1989-07.01,1992-ci il, xx.xx.1992-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər) təşkil etdiyi bildirilmişdir. Eyni zamanda iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı 29842,94 manat təşkil edir. Bildirilmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 32-ci maddəsinə əsasən inzibati orqan üç gün müddətində ərizənin bu Qanunun 30-cu maddəsində nəzərdə tutulmuş tələblərə uyğunluğunu yoxlayır. Ərizəçi qanun və digər normativ hüquqi aktlarda nəzərdə tutulan və isin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda, inzibati orqan bu Qanunun 32.2-1-ci maddəsinin tələblərini nəzərə alaraq əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edə bilər. Məlum olduğu kimi, İddiaçı tərəfindən təqdim olunmuş sənədlər tam olmadığından ona qanunvericiliyin tələblərinə əsasən tələb olunan sənədlərin təqdim edilməsi barədə məktub ünvanlanmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10857/2024 saylı 12 dekabr 2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinə etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarda qeyd edilmişdir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güşətli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilibödənilmədiyini müəyyənləşdirməyə borcludur. İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. Odur ki, iddiaçının 52 yaşının tamam olduğu dövrə qədər (xx.xx.2013-cü il) stajı hesablanmalıdır. Cavabdeh orqan tərəfindən bildirilmişdir ki, iddiaçının güzəştli arayışı təqdim edilmədiyi üçün daxil edilməmişdir və iş stajı daxil xx.xx.2006-cı il tarixədək bütün dövrlərin daxil ediləcəyi təqdirdə belə 19 il 8 gün (xx.xx.1979-xx.xx.1982-ci il, xx.xx.1989- 07.01,1992-ci il, xx.xx.1992-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər) təşkil edir. Məhkəmə qeyd edir ki, əmək kitabçasına əsasən iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən dövrlər də (güzəştli arayış təqdim edilmədiyi üçün) nəzərə alınmaqla ümumi əmək stajı 19 il 12 gündür. (xx.xx.2013-cü il tarixədək). Odur ki, iddiaçının güzətli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi əmək stajı mövcud deyil. İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb edir. İddiaçı xx.xx.1961-ci ildə anadan olub və 52 yaşının tamam olduğu tarixə güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malik deyil. Qeyd olunanlara əsasən hazırki iddia tələbi üzrə apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsinə dair qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Tərəflərin izahatları: xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclası barədə iddiaçı məlumatlı olsa da, iştirakını təmin etməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil "Elektron Məhkəmə" sistemi vasitəsilə xx.xx.2025-ci il tarixdə ərizə verərək məhkəmə işləri üst-üstə düşdüyündən üzürlü səbəbdən iclasda iştirak edə bilməyəcəyini bildirmiş və iclasın təxirə salınmasını xahiş etmişdir. İnzibati məhkəmə icraatının digər iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2023-cü il tarixdir. İddiaçının imtina məktubunu nə vaxt alması iş materiallarından müəyyən olunmur. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi ““İddiaçı 52 yaşının tamam olduğu, yəni xx.xx.2013-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, cavabdehə ilk dəfə xx.xx.2023-cü il tarixində müraciət etdiyi vaxtdan geriyə 3 il olmaqla pensiyanın ödənilməsi” ilə bağlıdır. Qeyd olunan tələblə bağlı iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən güzəştli arayış təqdim edilməməsi səbəbindən tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının güzətli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi əmək stajının mövcud olmadığı qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İddiaçı xx.xx.1961-ci il təvəllüdlü olduğu üçün onun 52 yaşı xx.xx.2013-cü il tarixdə tamam olmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; 2) xx.xx.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər- 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə; qadınlar- 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin illərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir). Sadalanan maddələrin məzmunundan görünür ki, güzəştli şərtlərlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-cı il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Qanun (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il 6 ay artırılmaqla), xx.xx.2006-cı il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Qanun tətbiq edilməlidir. (Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə mindiyindən həmin tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-cı il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün qadınlara münasibətdə iki meyar: 50 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il 6 ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən qadınlarda 52 yaş və iş stajı azı 20 il, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlərdə olmalıdır. xx.xx.2006-cı il tarixdən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün qadınlara münasibətdə iki meyar: 52 yaş və iş stajı azı 20 il, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlərdə olmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Hazırki işdə iddiaçının 52 yaşı xx.xx.2013-cü ildə, yəni xx.xx.2017-ci il tarixə qədər edilmiş dəyişikliyə qədər tamam olduğundan onun ümumi və güzəştli stajının tamam olduğu xx.xx.2006-cı ilə qədər deyil, ondan sonrakı dövr də, yəni 52 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixədək olan iş stajı da nəzərə alınmalıdır. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə əmək kitabçasını təqdim etmişdir. İş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, iddiaçı onun 52 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixədək 19 il 12 gün ümumi əmək stajına malikdir. Halbuki yuxarıda da qeyd olunduğu kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun 52 yaşının tamam olması ilə yanaşı, həm də 20 il ümumi, 10 il zərərli iş stajı mövcud olmalıdır. Məhkəmə kollegiyası hazırki işdə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxması üçün qanunla nəzərdə tutulan iki şərtdən birinin- 20 ildən az olmayan ümumi stajının tamam olmadığını nəzərə alaraq, digər şərtin- 10 ildən az olmayan güzəştli iş stajının mövcudluğunun yoxlanılmasına zərurət görmür. Beləliklə, iddiaçının tələb olunan 20 il ümumi əmək stajı olmadığından cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin olunmasından imtina etməsi əsaslı olmuş və iddiaçının qanunla qorunan hüquq və mənafelərini pozulmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Hazırki işdə iddiaçı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşısa da, bu vəzifəni yerinə yetirə bilməmişdir. Odur ki, birinci instansiya məhkəməsi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddiasının təmin edilməməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillərin bir qismi formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bir qismi isə bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10857/2024 saylı 12 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10857/2024 saylı 12 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X7 Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar