Məhkəmə qərarları › İş №2-1(103)-1638/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1638/2022

08.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1638/2022 08.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X12 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Əliyeva Günay Firdovsi qızının katibliyi ilə, Cаvаbdеhin nümayəndəsi X11 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-687/2022 saylı, 08 fevral 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1980-xx.xx.2005-ci illərdə “X3” müəssisəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı tarixdən (55 yaşdan) güzəştli şərtlərlə pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1959-cu ildə Ucar şəhərində anadan olmuş, xx.xx.1977-ci ildən Yevlax X7əsində əmək fəaliyyətinə başlamış, müxtəlif idarə müəssisələrdə işləmiş, xx.xx.1978-ci ildən hərbi xidmətə getməyi ilə əlaqədar işdən azad edilmiş, xx.xx.1978-xx.xx.1980-ci illərdə Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuş, sonra xx.xx.1980-xx.xx.2005-ci ilə qədər “X3” müəssisəsində qaynaqçı vəzifəsində işləmişdir. Qanunvericiliyin tələbinə əsasən işlədiyi vəzifə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrə aiddir. İddiaçının 55 yaşdan güzəştli şərtlərlə pensiyası almaq hüququ yarandıgından cavabdehə müraciət etmiş, lakin həmin orqan xx.xx.2020-ci il tarixli məktubu ilə tələbindən imtina edərək iddiaçının həmin vəzifədə işlədiyi illəri güzəştli sahə hesab edərək ümumi iş stajını 19 il 6 ay 2 gün olaraq qəbul etsə də, “X3” müəssisəsində işlədiyi xx.xx.1980-xx.xx.2005-ci illəri iş stajına daxil etməyərək səbəb kimi həmin müəssisənin DSMF-in Mingəçevir şəhər filialına hesabat vermədiyini bildirmişdir. İddiaçının “X3” müəssisəsində işlədiyi illər əmək kitabçasında qeyd edilmiş, bu fakt müəssisə tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli güzəştli arayışından da görünür, bundan əlavə “X3” müəssisəsində xx.xx.1996-cı ildə yanğın olmuşdur. Əmək kitabçası olduğu halda işlədiyi müəssisənin Dövlət Sosial Müdafiə Fonduna hesabat verib-verməməsi iddiaçının vəzifəsi deyil. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-687/2022 saylı, 08 fevral 2022-ci il tarixli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qərarında qeyd edir ki, “iddiaçıya iddia etdiyi pensiyanın təyin olunması üçün, yuxarıda istinad olunan normada güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ilə bağlı nəzərdə tutulmuş dispozisiya şərtlərinin ona münasibətdə 1997-ci il avqustun 1-dək mövcud olması zəruridir. Yəni iddiaçının tələbində göstərdiyi 55 yaşdan yəni, xx.xx.2014-cü il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçının həmin tarixdə 55 yaşı tamam olmalı, azı 25 il iş stajı olmalı, bu müddətin azı 12 il 6 ayını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. Lakin həmin dövrdə yuxarıda istinad olunan normanın müvafiq dispozisiya şərtləri iddiaçı tərəfindən ödənilməmişdir, yəni iddiaçının həmin dövrdə 55 yaşı olmadığı üçün yuxarıda istinad olunan normanın 1997-ci il avqustun 1-dək qüvvədə olan redaksiyasına görə onun əmək pensiyası hüququ da yarana bilməzdi. Belə ki, 55 yaşı yalnız xx.xx.2014cü il tarixdə tamam olmuşdur.” Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, “X3" müəssisəsində işlədiyi illər əmək kitabçasında qeyd edilmiş, bu fakt müəssisə tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli güzəştli arayışından da görünür, həmçinin, "X3" müəssisəsində xx.xx.1996-cı ildə yanğın olmuşdur. Cavabdeh tərəfindən ona verilən imtina məktubunda ümumiyyətlə onun hansı yaşdan pensiya almağı mübahisələndirilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən, məhkəmə iddiaçının iddia tələbini qismən təmin etməklə 57 yaşının tamam olduğu gündən pensiya təyin edilə bilərdi. Məhkəmə icraatı iştirakçılarının izahatları: xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, əsas hüquqi marağının ona pensiya təyin edilməsi olduğunu və “ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını" xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz verərək, təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilib, iddia təmin olunmalıdır. İddianın mümkünlüyü: Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.2-ci .maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı subyektiv hüquqa malikdir. Cavabdeh hazırki iş üzrə cavabdehlik daşıyan inzibati orqandır. Belə ki, hazırkı mübahisə pensiya-hüquq münasibətlərindən irəli gəlmişdir. İddiaçının qaldırdığı iddia məcburetmə haqqında iddia növünə aiddir (İPM-2.2.2). Belə ki, əmək pensiyalarını tənzimləyən qanunvericiliyin maddi normativ tələblərini ödədiyi üçün yarandığı irəli sürülən əmək pensiyası hüququnun dövlət tərəfindən tanınması və bundan sonra həyata keçirilməsi məqsədilə qanunla səlahiyyət verilmiş inzibati orqanın inzibati akt qüvvəli hüquqi akt qəbul etməsi tələb olunur («Əmək pensiyaları haqqında» AR Qanununun 30-cu maddəsi). Yalnız bu qaydada qərar qəbul edildikdən sonra əmək pensiyası hüququ realizə edilə bilər. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçının inzibati orqana müraciəti məhz güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı olmuş, iddia tələbində 55 yaşdan pensiya təyin edilməsi tələbi qeyd edilsə də, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya hüquqi yardım göstərilməmiş, iddia tələbinin dəqiqləşdirilməsi təklif edilməmişdir. Hazırki halda Məhkəmə kollegiyası işin hallarından, həmçinin apellyasiya şikayətinin dəlillərindən çıxış edərək hesab edir ki, nə qədər ki, tələb məhz güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlıdır, belə olan halda, hansı yaşdan pensiya təyin edilməsi ilə bağlı məhkəmələr tərəfindən hüquqi yardım göstərilərək, iddiaçıya dəqiqləşmə təklif edilməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia mahiyyəti üzrə də əsaslıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq Məhkəmə kollegiyası qeyd edir ki, qərar maddi hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Məhkəmə Kollegiyası aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia tələbinin qanuni əsasını “Əmək pensiyaları haqqında” AR Qanununun 9.8-ci maddəsi təşkil edir. xx.xx.2006-cı il tarixdən qüvvəyə minən “Əmək pensiyaları haqqında” AR Qanununun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlı 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 01 avqust 1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinin birinci hissəsinin a) bəndinə əsasən: yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər— Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına 1 nömrəli əlavə kimi “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına 2 nömrəli əlavə kimi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir; 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Sadalanan qanunvericilik müddəalarının mübahisəyə tətbiqi göstərir ki, iddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) müəyyən olunmuş yaş həddinə çatmalı; 2) xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajı; 3) xx.xx.2006-cı il tarixədək azı 12 il 6 ay xüsusi iş stajı mövcud olmalıdır. İş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı, 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlü olmaqla 57 yaşı xx.xx.2016-cı ildə tamamlanmışdır. Göründüyü kimi, iddiaçının müəyyən olunmuş yaş həddinə çatması işin mübahisəsiz halıdır. İşin mübahisəli halı iddiaçının “X3” müəsisəsində qaynaqçı vəzifəsində işlədiyi xx.xx.1977-xx.xx.2005-ci il tarixləri arasındakı dövrün əmək stajına daxil edilməsinin mümkün olmaması ilə bağlıdır. Belə ki, iş materiallarında olan: - Yevlax NEM-nin Mingəçevir filialının rəisi H.Hüseynov və k/ş inspektoru K.Məmmədova tərəfindən imzalanmış “Azəravtoyol” Dövlət Konserninin X3 Müəssis.” möhürü vurulmuş X1 Müəssisəsinin xx.xx.2021-ci il tarixli məhkəməyə ünvanlanmış məktubunda bildirilmişdir ki, “Mingəçevir NEM-ində qaynaqçı işləmiş Qədirov X8 NEMində xx.xx.1977-ci il tarixdən əmr №147 k qaynaqçı işində işləmişdir. xx.xx.1978-ci il tarixdə əmr № 64/k hərbi xidmətə getdiyi üçün işdən azad edilmişdir. xx.xx.1981-ci il tarixdə hərbi xidmətdən qayıtdıqdan sonra yenidən qaynaqçı işinə qəbul edilmişdir əmr № 185/k. 25.11,2005-ci il tarixdə müqavilə vaxtı qurtardığı üçün qaynaqçı işindən azad edilmişdir əmr № 201/k. İddiaçı yuxarıda göstərilmiş bütün bu illərdə tam iş günü ərzində ağır və zərərli iş şəraitində işləmişdir. Onun tam iş günü ərzində işləmiş olduğu bu peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin güzəşli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, işlərin, vəzifələrin və göstərilən siyahısının təsdiq edilməsi haqqında xx.xx.1993-cü il tarixli 320 № qərarının 2 №-li siyahısının ümumi peşələr bölməsində, 2004-cü il 5 iyul tarixli 92 №-li qərarı ilə təsdiq edilmiş siyahının ümumi bölməsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarının bölməsinin “35” ümumi peşələr bölməsinin 19-cu sətir yarı bölməsində bilavəstə nəzərdə tutulur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna təminat verir. - Həmin məktuba əlavə edilmiş X1 Müəssisəsinin xx.xx.2021-ci il tarixli eyni məzmunlu güzəştli arayışında əlavə olaraq bildirilmişdir ki, İddiaçı güzəştli iş stajı 26 il 03 ay təşkil edir. Azərbaycan Respublikası “Azəravtonəqliyyat“ Dövlət Konserni “Aznəqlmagistral” Respublika İstehsalat Birliyi “X3” müəssisəsi tərəfindən verilmiş 18 saylı xx.xx.2015-ci il tarixli güzəştli arayışdan görünür ki, “iddiaçı tam iş günü ərzində ağır və zərərli iş şəraitində aşağıda qeyd edilən qaydada Yevlax NEM-nin Mingəçevir filialında qaynaqçı işində işləmişdir. Onun tam iş günü ərzində ağır və zərərli iş şəraitində güzəştli əmək fəaliyyəti aşağıdakı qaydada olmuş və güzəşli iş stajı işini əhatə edir. Yevlax NEM-nin Mingəçevir filialında xx.xx.1977-ci il tarixdən Əmr № 147/k qaynaqçı işində işləmişdir. Hərbi xidmətə getdiyi üçün xx.xx.1978-ci il tarixdə Əmr № 64/k işdən azad edilmişdir. xx.xx.1980-cı il tarixdə qaynaqçı işinə yenidən qəbul edilmişdir. Əmr № 185/k xx.xx.2005ci il tarixdə müqavilə vaxtı qurtardığı üçün işdən azad edilmişdir. Əmr 201/k İddiaçı yuxarıda göstərilmiş bütün bu illərdə tam iş günü ərzində ağır və zərərli iş şəraitində işləmişdir. Onun tam iş günü ərzində işləmiş olduğu bu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi haqqında xx.xx.1993-cü il tarixli 320 №-li Qərarının 2№ siyahısının XXXİİİ” ümumi peşələr bölməsində (23200000-10047) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007ci ii tarixli 12 №-ii qərarının bölməsinin “35” ümumi peşələr bölməsinin 19-ci sətr yarımbölməsində bilavasitə nəzərdə tutulur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna təminat verir. Beləliklə İddiaçı güzəşli iş stajı 26 il 3 ay təşkil edir. Arayış yaşa görə güzəşli şərtlərlə əmək pensiyası təyin olunmaqdan ötrü ƏƏSM-nin yanında DSMFnun Mingəçevir şəhər şöbəsinə təqdim etmək üçün verilir”. - Azərbaycan Respublikası “Azəravtonəqliyyat“ Dövlət Konserni “Aznəqlmagistral” Respublika İstehsalat Birliyi “X3” müəssisəsi tərəfindən verilmiş 58 saylı xx.xx.2021-ci il tarixli güzəştli arayışdan görünür ki, İddiaçı tam iş günü ərzində ağır və zərərli iş şəraitində Yevlax NEM-in Mingəçevir filialında qaynaqçı işində işləmişdir. Onun tam iş günü ərzində ağır və zərərli iş şəraitində güzəştli əmək fəaliyyəti güzəştli iş stajı işini əhatə edir və aşağıda qeyd edilən qaydada olmuşdur: Yevlax NEM-nin Mingəçevir filialında xx.xx.1977ci il tarixindən əmir №147/k qaynaqçı işində işləmir. xx.xx.1978-ci il tarixində əmir № 64/k hərbi xidmətə getdiyi üçün işdən azad edilmişdir. xx.xx.1981-ci il tarixdə hərbi xidmətdən qayıtdıqdan sonra yenidən qaynaqçı işinə qəbul edilmişdir əmr № 185/k. xx.xx.2005-ci il tarixində müqavilə vaxtı qurtardığı üçün qaynaqçı işindən azad edilmişdir əmr №201/k. Beləliklə İddiaçı yuxarıda qeyd edilən illərdə tam iş günü ərzində ağır və zərərli iş şəraitində işləmiş, onun göstərilən illər ərzində tam iş günü işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Güzəştli şərtlətlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında xx.xx.1993-cü il tarixli 320 nömrəli, 2004-cü il 5 iyul tarixli 92 nömrəli və 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarında bilavasitə nəzərdə tutulur və güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququna təminat verir. - “X3” müəssisəsinin məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubu ilə bildirilmişdir ki, “Sizin 16 dekabr 2021-ci il tarixi məktubunuza cavab olaraq bildirirk X2 11iyul 1995-ci ildə X9 Müəasisəni ayrılaraq müstəqil müəssisə olmüşdur( sənədlər natriat qaydada sizə təqdim edilmişdir). Bütün sənədlər X3 Müəssisəsinə təhvil verilmişdir. 2 fevral 1996-cı ildə Avtokombinatda olan yanğın X3 Müəssisi nəzdində idarəsini və bütün əşyaları tamamilə yandırmışdır. ( natariotu təsdiq etmiş arayışı sizə təqdim edilmişdir) xx.xx.1997-ci il tarixdə yenidən X5 birliyinin tərkibinə verilmişdir (arayış natariot qaydada təsdiq olunmuş sürəti sizə təqdim edilmişdir). İddiaçı idarə yandıqdan sonra 1996-cı ildə Əmək kitabçası yazılmışdır (arayışı və əmək kitabçası natarot qaydada təsdiq olunmuş surəti və əsli sizə təqdim edilmişdir). Güzəştli arayışı 58№ ilə qeyd edilmişdir. 14 sentyabr 2021. Təkrar 2 fevral 1996-cı il tarixdən xx.xx.1997ci il tarixə qədər olan sənədlər X5 birliyinə təhvil verilmişdir. Hal-hazırda həmin idarə mövcud deyildir. Odur ki, yuxanda qeyd edilənləri nəzərə almağınızı xahiş edirəm”. Apellyasiya baxışında araşdırma zamanı məhkəmənin sorğularına cavab olaraq: - DSMF Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********5 nömrəli məktubuna əsasən, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqinə 01 yanvar 2006-cı il tarixdən başlandığı üçün İddiaçı 18 iyul 1977-ci il tarixdən 25 noyabr 2005-ci il tarixədək X3 müəssisəsində və Yevlax NEM-nin Mingəçevir filialında işlədiyi dövr üçün hesablanmış və Ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatın verilməsi Filial tərəfindən mümkün olmamışdır.” - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialının xx.xx.2022-ci il tarixli 39/10 nömrəli məktubuna əsasən, “X14 mühafizə olunan Yevlax X7əsinin (Mingəçevir filialının) əmək haqqı sənədlərində İddiaçı əmək haqqı aşkarlanmadı. Yevlax X7əsinin əmr kitabları X13 təhvil verilməmişdir.” - Azərbaycan Respublikası Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2022-ci il tarixli 922 nömrəli məktubuna əsasən, “X3 Müəssisəsinin və X5 X4 fəaliyyəti barədə məlumatların olub-olmaması və həmin müəssisələrdə xx.xx.1959-cu il təvəllüdlü vətəndaş İddiaçı işləyib-işləməməsi barədə məlumatların Məhkəməyə təqdim edilməsinə dair sorğuya cavab olaraq bildirilir ki, adı göstərilən müəssisələr Mingəçevir şəhərində fəaliyyət göstərmir.” - Həmin məktuba əlavə edilmiş Mingəçevir şəhər Statistika İdarəsinin məktubuna əsasən, “1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində X3 müəssisəsi 04 may 1998-ci il tarixində qeydiyyata alınsa da, qeydiyyat tarixindən hal-hazıradək Dövlət Statistika Komitəsində və Mingəçevir Şəhər Statistika İdarəsində sözügedən müəssisəyə dair hər hansı əlavə məlumat mövcud olmamışdır. X5 Birliyinin Mingəçevir filialı barədə isə heç bir məlumat yoxdur. Bununla yanaşı nəzərinizə çatdırırıq ki, statistik vahidlərin Dövlət reyestrində müəssisələrlə bağlı məlumatların axtarışı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyat zamanı hüquqi şəxsə təqdim olunmuş vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və yaxud da Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmuş statistik identifikasiya kodu vasitəsi ilə həyata keçirilir. Belə ki, müəssisənin yalnız "ada” görə axtarışı səhv nəticələrə gətirib çıxara bilər.” Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xx.xx.2022-ci il tarixli 1-9-23/6432-22 nömrəli məktubuna əsasən, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 08 dekabr 1997-ci il tarixli 1143 nömrəli Sərəncamı ilə Yevlax X7əsi özəlləşdirilmişdir. Həmin məktuba əlavə edilmiş “Azəravtonəqliyyat” Dövlət konsernin xx.xx.1996-cı il tarixli 159 nömrəli əmrinin 1.10-cu bəndinə əsasən, X3 Müəssisəsi X5 Birliyinin tərkibə daxil edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən, həmçinin iddiaçıya məxsus NT-İ ******* nömrəli əmək kitabçasından da müəyyən olunur, iddiaçı xx.xx.1977-ci ildən Yevlax X7əsində əmək fəaliyyətinə başlamış, xx.xx.1978xx.xx.1980-ci illərdə həqiqi hərbi xidmətdə olmuş, sonra xx.xx.1980-xx.xx.2005-ci ilə qədər “X3” müəssisəsində qaynaqçı vəzifəsində işləmişdir və ümumi iş stajı 25 ildən çox müddəti əhatə edir. “Ümumi iş stajı” anlayışı ilə bağlı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. - 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. - 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir.Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 83-cü maddəsinin 2-ci bəndinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. - 87-ci maddəsinin 1-ci bəndinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Həmin maddənin 2-ci bəndinə əsasən işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Hazırki iş üzrə iddiaçıya məxsus əmək kitabçasında aparılmış qeydlərdən görünür ki, həmin qeydlər qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə tam uyğundur (İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın günü, ayı və ili barədə qeydlər göstərilmiş, həmin qeydlər müvafiq əmrlərlə rəsmiləşdirilərək, müəssisənin rəhbəri tərəfindən imzalanmaqla, müəssisənin möhürü ilə təsdiqlənmişdir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür): 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. - 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : -1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Beləliklə, yaranmış məhkəmə praktikasından da bəlli olduğu kimi, iddiaçının xx.xx.2006-cı ilədək iş stajını təsdiq edən əsas əmək kitabçasıdır. Cavabdeh inzibati orqan iddiaçının əmək kitabçasının bötövlükdə mötəbərliyini mübahisələndirməmiş, belə ki, əmək kitabçasında qeyd edilən xx.xx.1977-ci ildən xx.xx.1977-ci ilədək çilingər işlədiyi dövrü mübahisələndirməmiş, həmin dövrü iddiaçının ümumi stajına daxil etmiş, lakin qaynaqçı kimi işlədiyi dövrü X3 müəssisəsinin arxiv sənədlərinin olmaması, müəssisə tərəfindən hesabatların təqdim edilməməsi, fəlaiyyəti barədə məlumatın olmaması əsası ilə mübahisələndirmişdir. Məhkəmə kollegiyası iddiaçının güzəştli (zərərli) sahədə işləməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə məhkəmə araşdrıması zamanı təqdim edilmiş arayışlardan da göründüyü kimi, iddiaçının işlədiyi qaynaqçı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" 2 №-li Siyahının Ümumi peşələr adlanan 33-cü bölməsində nəzərdə tutulmuşdur. Belə ki, həmin bölmədə 23200000—11620 kod və 23200000— 19906 kod altında həm qaz qaynaqçıları həm də əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsinin güzəştli peşə olması aydın görünür. Hazırda iddiaçının vaxtilə işlədiyi müəssisə mövcud olmadığından, arxiv sənədləri yanğın nəticəsində məhv olduğundan konkret olaraq hansı növ qaynaqçı olması barədə ətraflı məlumat əldə edilməsə də, Məhkəmə kollegiyası qeyd edir ki, nə qədər ki, iddiaçıya məxsus əmək kitabçasında işlədiyi vəzifənin qaynaqçı olması qeyd edilib, bu hal vətəndaşın ziyanına şərh edilməməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının qaynaqçı vəzifəsində işlədiyi illərdə müasir texnoloji imkanlardan fərqli olaraq, kontaktsız qaynaq edilməsi imkanı mövcud olmamışdır. Belə ki, həmin dövr üçün qaynaqçı peşəsi hər bir halda əl əməyi ilə icra edilən peşə növünə aid olmuşdur. Həmçinin, iddiaçının işlədiyi X3 müəssisəsi hər hansı zavod, iri istehsal müəssisəsi və s. olmadığından həmin idarərdə kontaksız qaynağın aparılması ilə bağlı cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Beləliklə, Məhkəmə kollegiyası iddia tələbindən kənara çıxmadan 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün tələb olunan şərtlər çərçivəsində iş üzrə araşdırma apararaq iddiaçının mövcud tələbinin əsaslı olması nəticəsinə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmək kitabçasındakı qeydlər, güzəştli arayışları və hərbi xidmət dövrü də nəzərə alınmaqla, onun xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajı, həmçinin 12 il 06 aydan çox xüsusi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapdığından, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qərarın ləğvinə əsas verir, bu səbəbdən təmin edilməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-687/2022 saylı, 08 fevral 2022-ci il tarixli qərarı ləğv edilərək, yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-687/2022 saylı, 08 fevral 2022-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı xx.xx.1959-cu il təvəllüdlü İddiaçı 57 yaşdan, yəni xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova MirzəTağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar