Məhkəmə qərarları › İş №2-1(103)-1638/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1638/2024

14.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1638/2024 14.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv olunması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15966/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 17 oktyabr 2023-ci il tarixli, **********021800 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında’’ qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı dövlət büdcəsinə olan vergiləri və digər ödənişləri vaxtı-vaxtında ödəmiş, öz qanuni fəaliyyəti ilə digər müəssisələrə hər zaman nümunə olmuş, öz fəaliyyəti zamanı hər zaman qanunun tələblərini rəhbər tutmuş, heç bir qanuna zidd hərəkətlərə yol verməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən şirkət barəsində xx.xx.2023-ci il tarixli, **********405300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” qərar qəbul olunmuşdur. Həmin qərarda qeyd edilir ki, əmtəəsiz əməliyyatlar çərçivəsində 2022-ci il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 70.832 manat iddiaçı tərəfindən təqdim edilmiş 2022-ci il mənfəət vergisi (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır, tərəflərindən təqdim edilmiş 2022-ci il mənfəət vergisi (gəlir) vergisi bəyannaməsində yaranan xalis mənfəət məbləği ilə həmin bəyannamənin 1 nömrəli əlavəsində hesab dövrünə xalis mənfəət sətrinin dövr ərzində daxil olmuşdur sütununda göstərilmiş məbləğ arasında 174.558,6 manat kənarlaşma yaranmışdır. Həmin kameral qərara əsasən 2022-ci ilə dair mənfəət vergisi üzrə təqdim edilmiş bəyannamə, hesabat üzrə Sirius-Konstruksion Şirkəti tərəfindən hesablanmış vergi və ya sığorta haqqı- 43.639,65 manat; vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı-57.806,08 manat və kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği - 14.166,43 manat təşkil edir. Göründüyü kimi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 04 iyul 2023-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” əsassız qərarı əsasında iddiaçıya 2022-ci il üzrə 14.166,43 manat məbləğində mənfəət vergisi hesablanmışdır. İddiaçı vergi orqanına müraciət etsə də, vergi orqanı 04 iyul 2023-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” qərarında heç bir düzəliş etməmiş, əksinə qərarın qanuni olduğunu bildirmişdir. Vergi orqanının qərarından narazı olduğu üçün iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş hüquqdan istifadə edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Döviət Vergi Xidmətinə xx.xx.2023-cü il tarixli ərizə ünvanlayaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 04 iyul 2023-ci il tarixli qərarının ləğv edilməsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokai Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçınə 2022-ci il üçün mənfəət vergisi üzrə hesablanmış 14.166,43 manat məbləğində borcun iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Buna baxmayaraq, cavabdeh orqan tərəfindən xx.xx.2023-cü il tarixli, **********021800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” qərar qəbul olunmuşdur. xx.xx.2023cü il tarixli, **********021800 nömrəli qərarda da vergi orqanı yenə əsassız olaraq qeyd edir ki, əmtəəsiz əməliyyatlar çərçivəsində 2022-ci il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 70.832 manat iddiaçı tərəfindən təqdim edilmiş 2022-ci il mənfəət vergisi (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. Qərarda iddiaçının 2022-ci il üzrə mənfəət vergisi üzrə bəyannamədə 48.103,32 manat vergi hesabladığını, vergi orqanı isə həmin dövrə kameral yoxlama ilə 62.269,72 manat vergi hesabladığını, əlavə hesablanmış vergi məbləğinin 14.166,40 manat olduğu göstərilmişdir. İddiaçı tərəfindən heç bir pozuntuya yol verilməmişdir. Qərarda qeyd edilənlər həqiqəti əks etdirmir. İddiaçı tərəfindən heç bir əmtəəsiz əməliyyatlar aparılmamışdır. İddiaçı qeyd edilən şirkətlərlə müqavilə bağlayan zaman həmin şirkətlər riskli vergi ödəyicisi sıralarında olmamışdır. Həmin şirkətlər İddiaçı ilə əməliyyat apardıqdan xeyli sonra riskli vergi ödəyicisi sıralarına aid edilmişdir. Bu məlumatlar Dövlət Vergi Xidmətinin məlumat bazasında öz əksini tapır. Lakin bütün bunlara baxmayaraq, vergi orqanı tərəfindən hətta Vergi Məcəlləsinin 109-cu maddəsi belə nəzərə alınmayaraq, həmin malların dəyəri tam olaraq xərc kimi nəzərə alınmamışdır. Bununla da, Cəmiyyət tərəfindən qeyri-qanuni əməliyyatlar aparılmamış, İddiaçı tərəfindən "xxxx" MMC və "xxxx" MMC müqavilələr bağlanmış və əldə edilmiş malların dəyəri qarşı tərəflərin bankdakı hesablaşma hesablarına köçürülmüşdür. Lakin həmin şəxslərdən aldıqları malların dəyəri vergi orqanı tərəfindən mənfəət vergisi bəyannaməsində xərc kimi nəzərə alınmamışdır. İddiaçı bu malları alarkən hər iki malsatanlar riskli vergi ödəyicisi kimi qeydiyyata alınmamışdır. Cavabdehin qərarındakı rəqəmlər reallığı əks etdirmir, bu isə iddiaçının fəaliyyətinin dayandırılmasına gətirib çıxaracaqdır. Odur ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” Qərar ləğv edilməli, İddiaçınə 2022-ci il üçün hesablanmış 14.166,40 manat məbləğində borc iddiaçının şəxsi hesab vərəqəsindən silinməlidir. Bakı İnzibati Məhkəməsinin (hakim Ləman Musayeva) 2-1(112)-15966/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 17 oktyabr 2023-cü il tarixli **********0218000 nömrəli qərar ləğv edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə“ xx.xx.2023-cü il tarixli **********021800 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilərək, kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli qərar ləğv edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Bakı İnzibati Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarı ilə razı deyil. Əmtəəsiz əməliyyatlar çərçivəsində 2022-ci il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 70832,15 manat vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. Belə ki, vergi ödəyicisi "xxxx" MMC və "xxxx" MMC ilə İddiaçı arasında xx.xx.2022-xx.xx.2022 tarixləri aralığında əmtəəsiz əməliyyatlar aparılmış və bu səbəbdən də aparılmış əməlliyyat üzrə elektron qaimə fakturalar xərc sənədi kimi nəzərə alınmamışdır. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla cari vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannaməsi və zərururi sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-ci il mənfəət vergi bəyannaməsi üzrə 14166,43 manat vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Riskli vergi ödəyicisi statusunu daşıyan vergi ödəyicilərinə, habelə əmtəəsiz və riskli əməliyyatlar apararaq vergidən yayınan vergi ödəyiciləri ilə bağlı Vergi Məcəlləsində bir sıra məhdudlaşdırmalar nəzərdə tutulur. Belə məhdudlaşmalara aiddir: Əmtəəsiz əməliyyatlar üzrə yaranan vergi öhdəlikləri benefisiar şəxsin (faydalanan şəxsin) üzərinə qoyulur; Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə olunmuş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir; Əmtəəsiz və riskli əməliyyatlar çərçivəsində aparılan əməliyyatlar üzrə ödənilmiş ƏDV-nin əvəzləşdirilməsinə yol verilmir; Riskli vergi ödəyiciləri barədə məlumat kommersiya və (və ya) vergi sirri olmayan məlumat hesab edilir; Vergi ödəyicisi riskli vergi ödəyicisi meyarına uyğun gəldiyi halda, bu hal onda növbədənkənar səyyar vergi yoxlamasının və operativ vergi nəzarəti tədbirinin aparılmasına əsas verir; Vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır; Riskli vergi ödəyicisinə münasibətdə vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadılmır; Riskli vergi ödəyicilərinə münasibətdə artıq ödənilmiş məbləğlər vergi ödəyicisinin fəaliyyəti üzrə vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra qaytarılır. Məhkəmə qərarında qeyd olunur: “İddiaçının aldığı malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edilməmiş, yəni iddiaçının riskli əməliyyat aparması müəyyən edilməmişdir. İddiaçının əmtəəsiz dövriyyəsi kimi riskli vergi ödəyiciləri ilə aparılmış qarşılıqlı əməliyyatları (həmin riskli vergi ödəyicilərinin konkret olaraq iddiaçı ilə aparılmış qarşılıqlı əməliyyatların əmtəəsiz olduğu müəyyənləşdirilmədən) qiymətləndirilmişdir. Lakin nəzərə alınmalıdır ki, qeyd edilən riskli vergi ödəyiciləri ilə iddiaçı arasında qarşılıqlı əməliyyatlar vergi orqanı tərəfindən "xxxx" MMC və "xxxx" MMC riskli vergi ödəyicisi olması barədə müvafiq qərar qəbul edilməmişdən və həmin məlumat açıqlanmamışdan əvvəl aparılmışdır”. Məhkəmənin qeyd olunan dəlili formal olmaqla yanaşı, yanlış məntiqə əsaslanan dəlildir. Ona görə ki, vergi orqanında aparılan araşdırmalar zamanı yuxarıda adları qeyd olunan vergi ödəyicisinin məhz hazırkı iddiaçı ilə apardıqları əməliyyatların riskli hesab olunması müəyyən edilmiş, bu səbəbdən də həmin vergi ödəyiciləri riskli vergi ödəyici siyahısına daxil edilmiş, bu barədə müvafiq qərarlar qəbul edilmişdir. Bu barədə sübutların məhkəməyə təqdim edilməsinə baxmayaraq, sübutların qiymətləndirilməsi zamanı nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsi məntiqi olaraq müəyyən etməli idi ki, həmin qərarın qəbul edilməsi müəssisələr arasında həyata keçirilmiş riskli hesab edilmiş əməliyyatlardan sonra baş verməli olan hadisədir. Yəni vergi ödəyiciləri arasında ilk olaraq vergi tutulan əməliyyatlar aparılmalı, onlar arasında aparılan əməliyyatlar riskli hesab edilməli və bundan sonra bu əsasda vergi orqanı tərəfindən həmin vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab olunması barədə qərarlar qəbul edilməlidir. Qeyd edilən hal üzrə iddiaçı və digər müəssisə arasında aparılmış alqı-satqı əməliyyatları vergi orqanı tərəfindən qanunvericiliyə əsasən riskli əməliyyat kimi dəyərləndirilmiş və bundan sonra qərar qəbul edilmişdir. İddiaçı tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmuşdur. Etirazda qeyd olunur: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən iddiaçı barəsində qəbul etdiyi 17 oktyabr 2023-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında’’ qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı iddiasının təmin edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 17 oktyabr 2023-cü il tarixli, **********0218000 nömrəli qərarının ləğv edilməsi qərar alınmışdır. Qərardan cavabdeh orqan tərəfindən apellyasiya şikayəti verilmişdir. Cavabdeh orqan apellyasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmə işə formal yanaşmış, yanaşması məntiqə əsaslanan dəlildir. Ona görə ki, vergi orqanında aparılan araşdırmalar zamanı digər müəssisələrin məhz hazırkı iddiaçı ilə apardıqları əməliyyatların riskli hesab olunması müəyyən edilmiş, bu səbəbdən də həmin vergi ödəyiciləri riskli vergi ödəyici siyahısına daxil edilmiş, bu barədə müvafiq qərarlar qəbul edilmişdir. Bu barədə sübutların məhkəməyə təqdim edilməsinə baxmayaraq, sübutların qiymətləndirilməsi zamanı nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsi məntiqi olaraq müəyyən etməli idi ki, həmin qərarın qəbul edilməsi müəssisələr arasında həyata keçirilmiş riskli hesab edilmiş əməliyyatlardan sonra baş verməli olan hadisədir. Yəni vergi ödəyiciləri arasında ilk olaraq vergi tutulan əməliyyatlar aparılmalı, onlar arasında aparılan əməliyyatlar riskli hesab edilməli və bundan sonra bu əsasda vergi orqanı tərəfindən həmin vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab olunması barədə qərarlar qəbul edilməlidir. Qeyd edilən hal üzrə iddiaçı və digər müəssisə arasında aparılmış alqı-satqı əməliyyatları vergi orqanı tərəfindən qanunvericiliyə əsasən riskli əməliyyat kimi dəyərləndirilmiş və bundan sonra qərar qəbul edilmişdir. Həmin qərarın qəbul edilməsinə əsas olaraq vergi orqanı qeyd edir ki, əmtəəsiz əməliyyatlar çərçivəsində 2022-ci il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 70832,15 manat vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. Belə ki, vergi ödəyicisi "xxxx" MMC və "xxxx" MMC ilə İddiaçı arasında xx.xx.2022-xx.xx.2022 tarixləri aralığında əmtəəsiz əməliyyatlar aparılmış və bu səbəbdən də aparılmış əməlliyyat üzrə elektron qaimə fakturalar xərc sənədi kimi nəzərə alınmamışdır. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********807500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla cari vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannaməsi və zərururi sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-ci il mənfəət vergi bəyannaməsi üzrə 14166,43 manat vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********021800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 17 oktyabr 2023-cü il tarixli, **********021800 nömrəli qərarından görünür ki, kameral yoxlama nəticəsində 2022ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən 14.166,40 manat əlavə vergi hesablanmışdır. İddiaçı barəsində qəbul edilmiş qərarın qəbul edilməsinə səbəb "xxxx" MMC, "xxxx" MMC ilə aparılmış qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin dəyərinin vergi orqanı tərəfindən nəzərə alınmaması olmuşdur. İddiaçı tərəfindən heç bir pozuntuya yol verilməmişdir. Qərarda qeyd edilənlər həqiqəti əks etdirmir. İddiaçı tərəfindən heç bir əmtəəsiz əməliyyatlar aparılmamışdır. İddiaçı qeyd edilən şirkətlərlə müqavilə bağlayan zaman həmin şirkətlər riskli vergi ödəyicisi sıralarında olmamışdır. Həmin şirkətlər İddiaçı ilə əməliyyat apardıqdan xeyli sonra riskli vergi ödəyicisi sıralarına aid edilmişdir. Bu məlumatlar Dövlət Vergi Xidmətinin məlumat bazasında və məhkəmə araşdırması zamanı da öz əksini tapır. İddiaçının "xxxx" MMC və “SƏMA 96 CORP" MMC ilə apardığı əməliyyatlar həmin müəssisələrin riskli vergi ödəyicisi olması barədə müvafiq qərar qəbul edilməmişdən və həmin məlumat açıqlanmamışdan əvvəl aparılmışdır. İddiaçı aldığı malların həcmindən artıq həcmdə mallar təqdim etməmişlər və bu, məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. İddiaçının əməliyyatları əmtəəli olmuşdur. İddiaçı şirkət olaraq əməliyyat apardığı müəssisələrin gələcəkdə riskli vergisi ödəyici olacaqlarını qabaqcadan bilə bilməzdi. İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan müəssisədir, İddiaçı vergi orqanı deyil ki, əməliyyat aparacağı şirkətlərin əmtəəsiz əməliyyatlar aparıb-aparmadığını yoxlasın. İddiaçının belə bir səlahiyyəti də yoxdur. Bundan başqa, cavabdeh tərəfindən riskli hesab edilən vergi ödəyiciləri "xxxx" MMC, "xxxx" MMC riskli əməliyyat apardığı tarix aralıqlarında məhz onlara təqdim etdikləri mallar (iş, xidmət) üzrə elektron qaimə-fakturalarda qeyd olunan malların e-qaimə üzrə alışında müəyyən edilməməsi, yəni vergi ödəyicisinin təsdiqedici sənədlərlə almadığı halının konkret olaraq iddiaçıya münasibətdə müəyyən edilməsinə dair sübutlar təqdim edilməmişdir. Burada vacib şərt ondan ibarətdir ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqini tapması zəruridir. Bu zaman məsuliyyət tədbirinin tətbiqi üçün alıcının barəsində də mütləq riskli vergi ödəyicisi hesab olunmasına dair qərarın qəbul edilməsinə ehtiyac yoxdur. Həlledici olan əməliyyatın özünün əmtəəsiz olduğunun sübuta yetirilməsidir. Bunun üçün əməliyyatın həqiqətən əmtəəsiz olduğu, eləcə də tərəflərin (satıcının və alıcının) bu barədə əvvəlcədən öz iradələrinə uyğun hərəkət etdikləri halı müəyyən olunmalıdır. Başqa sözlə, əmtəəsiz əməliyyat hər iki tərəfin birgə iradəsi və iştirakçılığı ilə baş tutmalıdır. Odur ki, malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni vergi ödəyicisinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tətbiqinə əsas verməməlidir. Sözügedən normanın malın alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi, yəni əmtəəsiz əməliyyatın mövcudluğu halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi alıcıya münasibətdə əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. Yalnız əməliyyatın özünün əmtəəsiz olduğu sübut edilərsə, bu halın mövcudluğuna istinadla alıcıya münasibətdə məsuliyyət tədbiri tətbiq oluna bilər. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Həmçinin Məcəllənin 13.2.81-ci maddəsi əmtəəsiz əməliyyata başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar kimi anlayış vermişdir. Lakin burada vacib şərt ondan ibarətdir ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqini tapması zəruridir. Bu zaman, məsuliyyət tədbirinin tətbiqi üçün alıcının barəsində də mütləq riskli vergi ödəyicisi hesab olunmaya dair qərarın qəbul edilməsinə ehtiyac yoxdur. Həlledici olan əməliyyatın özünün əmtəəsiz olduğunun sübuta yetirilməsidir. Bunun üçün əməliyyatın həqiqətən əmtəəsiz olduğu, eləcə də tərəflərin (satıcının və alıcının) bu barədə əvvəlcədən öz iradələrinə uyğun hərəkət etdikləri halı müəyyən olunmalıdır. Lakin cavabdeh tərəfindən belə bir sübut məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, iddiaçının əməliyyat apardığı şirkətlər onunla əməliyyat apardıqdan sonra vergi orqanı tərəfindən riskli vergi ödəyici olmuşdur. İddiaçı müəssisə olaraq onların gələcəkdə riskli vergisi olacağını qabaqcadan müəyyən edə bilməzdi, onlarla apardığı əməliyyatlar əmtəəlidir. Qeyd edilənlərdən də göründüyü kimi, İddiaçı tərəfindən heç bir vergi qanunvericiliyinin pozuntusuna yol verilməmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən qərarın ləğv olunması barədə apellyasiya şikayəti onun formal mülahizələrinə əsaslanır və heç bir hüquqi əsası yoxdur. Odur ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı tam qanuni, əsaslı olduğundan, heç bir maddi və prosesual pozuntuya yol verilmədiyindən qüvvədə saxlanılmalıdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 17 oktyabr 2023-cü il tarixli, **********021800 nömrəli qərarından görünür ki, "xxxx" Şirkətinə kameral yoxlama nəticəsində 2022-ci il üzrə 14.166,40 manat mənfəət vergisi (əlavə vergi) hesablanmışdır (təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı - 48.103,32 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı - 62.269,72 manat, kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği - 14.166,40 manat). Həmin qərarda qeyd olunur: Əmtəəsiz əməliyyatlar çərçivəsində 2022-ci il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 70832 manat tərəfinizdən təqdim edilmiş, 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüquqları vardır. 24.1.1-ci və 24.1.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). İşin hallarından müəyyən olunur ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən kameral vergi yoxlamasının nəticəsi üzrə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 17 oktyabr 2023-cü il tarixli, **********021800 nömrəli qərar qəbul olunmuş və həmin qərara əsasən İddiaçınə 2022-ci il üçün mənfəət vergisi üzrə 14.166,40 manat əlavə vergi məbləği hesablanmışdır. Cavabehin mövqeyinə görə əmtəəsiz əməliyyatlar çərçivəsində 2022-ci il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 70832,15 manat vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. Belə ki, vergi ödəyicisi "xxxx" MMC və "xxxx" MMC ilə İddiaçı arasında xx.xx.2022-xx.xx.2022 tarixləri aralığında əmtəəsiz əməliyyatlar aparılmış və bu səbəbdən də aparılmış əməlliyyat üzrə elektron qaimə fakturalar xərc sənədi kimi nəzərə alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İnternet vergi məlumatlarından görünür ki, "xxxx" MMC Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli qərarı ilə və "xxxx" MMC Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli qərarı ilə riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişlər. Göründüyü kimi, iddiaçının həmin vergi ödəyiciləri ilə əməliyyatlar apardığı vaxt onlar riskli vergi ödəyiciləri olmamışlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın tələblərindən göründüyü kimi, vergi ödəyicisinin riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir və həmin vergi ödəyicilərinə dair məlumat İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. İddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı MMC-lərin riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilmədiyindən bu barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. İddiaçı mənfəət vergisini hesablayarkən həmin əməliyyatlara görə ödədiyi məbləği xərcinə aid etmiş və bu hal vergi qanunvericiliyin tələbinə uyğun olmuşdur. İddiaçının, əməliyyat apardığı vergi ödəyicilərindən aldığı və ya idxal etdiyi malların həcmindən məlumatlı olması, əməliyyat zamanı ona satılan malla alınan və ya idxal edilən malın həcminin yoxlanılması kimi səlahiyyətləri mövcud deyil. Həmçinin əməliyyat apardığı vergi ödəyicilərindən ona təqdim olunan malların müəssisələrin idxal zamanı və ya eqaimə üzrə alışlarında olub-olmadığını yoxlamaq iddiaçının məsuliyyət sferasına aid deyil və bu hal onun apardığı mal alışı ilə bağlı əməliyyatlarının şübhə altına alınmasına və ya bununla bağlı hər hansı məhdudlaşmaya məruz qalmasına əsas vermir. Vergi orqanı iddiaçının apardığı əməliyyatları əmtəəsiz əməliyyat olduğunu iddia edirsə, bu halda həmin əməliyyatların əmtəəsiz əməliyyat olduğunu sübut etmək yenə də vergi orqanının üzərinə düşür. Belə ki, vergi qanunvericiliyində mal alan vergi ödəyicisinin satıcının sərəncamında olan malların alışına dair təsdiqedici sənədin mövcud olub-olmadığını müəyyən etmək öhdəliyi təsbit edilməmişdir. İddiaçının əmtəəsiz dövriyyəsi kimi riskli vergi ödəyiciləri ilə aparılmış qarşılıqlı əməliyyatları (həmin riskli vergi ödəyicilərinin konkret olaraq iddiaçı ilə aparılmış qarşılıqlı əməliyyatlarının əmtəəsiz olduğu müəyyənləşdirilmədən) qiymətləndirilmişdir. Lakin nəzərə alınmalıdır ki, qeyd edilən riskli vergi ödəyiciləri ilə iddiaçı arasında qarşılıqlı əməliyyatlar vergi orqanı tərəfindən həmin vergi ödəyicilərinin riskli vergi ödəyicisi olması barədə müvafiq qərar qəbul edilməmişdən və həmin məlumat açıqlanmamışdan əvvəl aparılmışdır. Qeyd edilən vergi ödəyicilərinin digər şəxslərlə riskli əməliyyatlar aparmış olmaları və ya gələcəkdə riskli vergi ödəyicisi hesab olunmaları iddiaçının məsuliyyət riski ilə əhatə olunmur və yalnız sonradan riskli vergi ödəyicisi hesab olunması əsası ilə müvafiq qərar qəbul edilməmişdən və bu barədə məlumat açıqlanmamışdan əvvəl iddiaçı ilə aparılmış əməliyyatların əmtəəsiz kimi qiymətləndirilməsi ehtimallara əsaslanmış, cavabdeh vergi ödəyicisinin təqsirini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Cavabdeh vergi orqanı tərəfindən mübahisələndirilən qərar qəbul edilərkən qanunvericiliyin müəyyən etdiyi tələblərə riayət edilməmiş, düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün hallar, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallar araşdırılmamışdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15966/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar