Məhkəmə qərarları › İş №2-1(103)-1639/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1639/2021

14.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1639/2021 14.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Şəmsəddin oğlunun Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “19.06.1978-ci il tarixdən 09.11.1983-cü il tarixədək olan dövrün onun əmək stajına daxil edilməklə ona 12.12.2019-cu il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçı Şəmsəddin oğlunun, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Şəmsəddin oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “19.06.1978-ci il tarixdən 09.11.1983-cü il tarixədək olan dövrün onun əmək stajına daxil edilməklə ona 12.12.2019cu il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-983/2021 saylı 11 mart 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 14 iyul 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Şəmsəddin oğlu xx.xx.1962-ci il təvəllüdlüdür. HZ seriyalı, ******* saylı hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Şəmsəddin oğlu 18.11.1981-09.11.1983-cü illərdə SSRİ Ordu sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. İT-İ seriyalı ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı Şəmsəddin oğlu 26.12.1983-ci il tarixdən A.A.Cəfərov adına Azərbaycan Dəmir yolları X4 teplovoz hərəkət qatarlarının təmiri üzrə çilingər birinci dərəcə ilə işə qəbul olunmuş, 01.06.1984-cü il tarixdən ona teplovoz hərəkət qatarlarının təmiri üzrə çilingər ikinci dərəcəsi verilmiş, 01.12.1984-cü il tarixdən teplovoz hərəkət qatarlarının təmiri üzrə çilingər üçüncü dərəcəsi verilmiş, 07.05.1985-ci ildə tutduğu vəzifəsindən azad edilmiş, 08.05.1985-ci il tarixdən Sumqayıt stansiyasına teplovoz maşinisti köməkçisi vəzifəsinə keçirilmiş, 07.07.2015-ci il tarixdən H.Z.Tagıyev stansiyasına teplovoz maşinisti köməkçisi vəzifəsinə keçirilmiş və hal-hazırkı tarixədək əmək fəaliyyətini davam etdirir. Siyəzən rayon Dövlət Arxivinin 67 saylı 30 avqust 2019-cu il taixli arxiv çıxarışından görünür ki, iddiaçı 106 saylı 19.06.1978-ci il tarixli əmrlə Lenin adına üzümçülük sovxozu üzrə 7 nömrəli üzümçülük briqadasında mövsümü fəhlə kimi, 113 saylı 09.07.1979-cu il tarixli əmrlə Lenin adına üzümçülük sovxozu üzrə 7 nömrəli üzümçülük briqadasında fəhlə kimi və 85 saylı 18.06.1980-cı il tarixli əmrlərlə Lenin adına üzümçülük sovxozu üzrə 7 nömrəli üzümçülük briqadasında müvəqqəti fəhlə kimi işə qəbul edilmişdir. İddiaçı Şəmsəddin oğlu ona güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququnun olduğuna istinad edərək cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, iddiaçıya ünvanlanmış **********3 saylı 27 yanvar 2020-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqqının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumu məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Eyni zamanda onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının mümkün hesab edilmədiyi bildirilmişdir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı Şəmsəddin oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “19.06.1978-ci il tarixdən 09.11.1983-cü il tarixədək olan dövrün onun əmək stajına daxil edilməklə ona 12.12.2019cu il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin edilməsindən imtina etmişdir. Hesab edir ki, cavabdeh öz imtinasında haqlı olmamış, qanunvericiliyin tələblərini nəzərə almamışdır. Belə ki, o, əmək fəaliyyətinə 19.06.1978-ci il tarixində Siyəzən rayonunun Yenikənd kəndində yerləşən Lenin adına üzümçülük sovxozunda başlamış, həmin sovxozda hərbi xidmətə qədər işləmiş, 1981- 1983-ci illərdə hərbi xidmətdə olmuş, hərbi xidmətdən qayıtdıqdan sonra 1983 - cü ildən “Azərbaycan Dəmir Yolları” Qapali Səhmdar Cəmiyyəti Yük Daşımaları Departamenti X2 işə qəbul olunmuş, 08.05.1985-ci il tarixindən indiyə kimi teplovoz maşinisti köməkçisi peşəsində 35 il işləyir. 01.01.2006-cı il tarixədək onun ümumi iş stajı 27 il təşkil edir. Lakin cavabdeh orqan tərəfindən onun sovxozda işləməsi və əsgərlik xidmətində olduğu dövr nəzərə alınmamışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçının iddiası aşağıdakı səbəblərə görə əsassızdır. İddiaçı iddia tələbini təsdiq etmək məqsədi ilə əmək kitabçası, hərbi biletinin surətini və Siyəzən rayon Dövlət Arxivinin 30 avqust 2019-cu il tarixli 67 saylı arayışını təqdim etmişdir. Əmək kitabçasından göründüyü kimi, iddiaçı əmək fəaliyyətinə 26.12.1983-cü il tarixində başlamış və “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək onun ümumi iş stajı 22 il 05 gün təşkil etmişdir. Hərbi biletindən göründüyü kimi, iddiaçı 18.11.1981-09.11.1983-ci il tarixədək Sovet Ordusunun tərkibində hərbi xidmətdə olmuşdur. Siyəzən rayon Dövlət Arxivinin 30 avqust 2019-cu il tarixli 67 saylı arayışından göründüyü kimi, iddiaçı 19.06.1978, 09.07.1978 və 18.06.1980-ci il tarixlərində 7 nömrəli üzümçülük sovxozunda mövsümü (daimi deyil) fəhlə kimi qəbul edilmişdir. Arayışdan göründüyü kimi, işdən azad olunması barədə əmrlər aşkar edilməmişdir. Qeyd edilən arayışdan göründüyü kimi, iddiaçı həmin müddətlərdə mövsümü işçi olmuş və sovxozda üç il ərzində hər dəfə mövsümü işə qəbul edilmək məqsədi ilə ərizə ilə müraciət etmişdir. Soxvozun üzümçülük soxvozu olması və iddiaçının işə qəbul edilmə müddətinin iyun-iyul aylarında olmasını nəzərə alaraq demək mümkündür ki, iddiaçı həmin sovxoza məhz üzüm yığılması zamanı mövsümü fəhlə kimi işə cəlb edilmişdir. Odur ki, onun qeyd edilən sovxozda işləməsi müddəti tam üç il kimi gəbul edilə bilməz. Belə ki, o, həmin sovxozda fəhlə kimi işə qəbul ediləcəyi təqdirdə onun əmək kitabçasında bu barədə mütləq qeydiyyat aparılmalı idi. Beləliklə, iddiaçının hərbi xidmədə olduğu müddəti də hesablamaqla 01.01.2006-cı ilədək ümumi iş stajı 23 il 11 ay 26 gün olmuşdur. İdarənin **********3 saylı 07.01.2020-ci il tarixli imtina məktubu ilə iddiaçıın fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi və onun 01.01.2006-cı il tarixədək ümumi iş stajının 25 ildən az olmasına istinad edilərək onun tələbinin təmin edilməsindən imtina edilmişdir. İdarənin imtinası ƏPQ-nin 9.1-ci və 9.8-ci maddələrinə əsaslanmaqla qanunidir. Belə ki, ƏPQ-nin 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası almaq üçün 3 sığorta hadisəsinin baş verməsi zəruridir: yaş, staj və zəruri pensiya kapitalı. ƏPQ-nin 9.8-ci maddəsi (Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.”) əmək stajı əvvəlki qanunun “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə yaranmış şəxslərə münasibətdə həm staj, həm də yaşla bağlı şərtlərin həmin qanununa uyğun müəyyənləşdirilə biləcəyini qeyd edir. Başqa sözlə, iddiaçıya pensiya təyin edilməsi üçün zəruri olan 2 sığorta hadisəsi əvvəlki qanuna uyğun müəyyənləşdirilə bilər. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13 maddəsinin (b) bəndi ilə (müvafiq dəyişiklikdən sonra), kişilər üçün pensiya yaşı 57, ümumi staj 25 il, xüsusi staj 12 il 6 ay müəyyən edilmişdir. Lakin göründüyü kimi, iddiaçının ümumi iş stajı 25 ildən azdır və cəmi 23 il 11 ay 26 gündür. Məlum olduğu kimi, 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli qanunla (2017-ci ilin iyul ayında qüvvəyə minib) ƏPQ-nin 9.1-ci maddəsinə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Beləliklə, iddiaçıya aid fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ona əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına və minimum pensiya təyin edilməsinə imkan vermir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-983/2021 saylı 11 mart 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı Şəmsəddin oğluna 19.06.1978-ci il tarixdən 09.11.1983-cü ilədək olan dövrün əmək stajına daxil edilməklə 12.12.2019-cu il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki,Siyəzən rayon Dövlət Arxivinin 67 saylı 30.08.2019-cu il tarixli arayışına əsasən iddiaçı 19.06.1978-ci il, 09.07.1978-ci il və 18.06.1980-cı il tarixlərdə 7 nömrəli Üzümçülük sovxozunda mövsümü (daimi deyil) fəhlə kimi qəbul edilmiş, lakin onun işdən azad edilməsi barədə əmrlər aşkar edilməmişdir. Həmçinin iddiaçının hərbi xidmətdə olduğu müddət də hesablanmaqla onun 01.01.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az olmaqla, 23 il 11 ay 26 gün təşkil edir. Eyni zamanda iddiaçı ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qanunvericilikə nəzərdə tutulmuş pensiya kapitalına malik deyildir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi və vəkili X6 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı Şəmsəddin oğlu apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı Şəmsəddin oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “19.06.1978-ci il tarixdən 09.11.1983-cü il tarixədək olan dövrün onun əmək stajına daxil edilməklə ona 12.12.2019-cu il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədədir. Bu barədə cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun 01.01.2006-cı il tarixədək ümumi iş stajının 25 ildən az olmasına və pensiya kapitalının kifayət qədər olmamasına istinad edərək tələbinin təmin olunmasından imtina etmişdir. Bununla bağlı o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq 08.10.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Göründüyü kimi, iddiaçı onun 01.01.2006-cı il tarixə qədər 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi stajının tamam olmasına istinad edərək onun güzəştli şərtlərlə 57 yaşdan əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad etdiyi üçün əvvəlcə onun “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tətbiqi ilə bağlı pensiya hüququnun mümkünlüyü məsələsi yoxlanılmalıdır. Qeyd olunmalıdır ki, Qanunun tələbinə görə Qanunun 9.8-ci maddəsinin tətbiqi həmin Qanunun 9.1-ci maddəsinin tətbiqini istisna edir. Belə olan halda Qanunun 9.8-ci maddəsinin tələbinə görə hüquq münasibətlərinə tətbiq edilməli olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «b» bəndinə əsasən iddiaçının 01.01.2006-cı il tarixə qədər 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajının mövcud olubolmaması yoxlanılmalıdır. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, əmək kitabçasını, arxiv arayışlarını təqdim etmişdir. İddiaçıya məxsus hərbi biletin surətindən aydın olur ki, o,18.11.1981-ci il tarixdən 09.11.1983-cü il tarixədək hərbi xidmətdə olmuşdur. İT-İ seriyalı ******* saylı əmək kitabçasına əsasən İddiaçı Şəmsəddin oğlu 26.12.1983-ci ildən 07.05.1985-ci ilədək A.A.Cəfərov adına Azərbaycan Dəmir yolları X2 teplovoz hərəkət qatarlarının təmiri üzrə çilingər peşəsində işləmiş, 08.05.1985-ci il tarixdən hal-hazırkı tarixədək teplovoz maşinisti köməkçisi vəzifələrində əmək fəaliyyətini davam etdirir. Siyəzən rayon Dövlət Arxivinin 67 saylı 30 avqust 2019-cu il tarixli arxiv çıxarışından və məhkəmə sorğusuna əsasən təqdim olunmuş arxiv arayışı və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı 106 saylı 19.06.1978-ci il tarixli əmrlə Lenin adına üzümçülük sovxozu üzrə 7 nömrəli üzümçülük briqadasında mövsümü fəhlə kimi, 113 saylı 09.07.1979-cu il tarixli əmrlə Lenin adına üzümçülük sovxozu üzrə 7 nömrəli üzümçülük briqadasında fəhlə kimi və 85 saylı 18.06.1980-cı il tarixli əmrlərlə Lenin adına üzümçülük sovxozu üzrə 7 nömrəli üzümçülük briqadasında müvəqqəti fəhlə kimi işə qəbul edilmiş, onun qazandığı əmək haqları (cədvəllər əlavə olunmuşdur) aşağıdakı qaydada olmuşdur: 1978-ci ilin iyun, iyul, avqust ayları, 1979-cu ilin iyul, sentyabr ayları, 1980-ci ilin iyun, iyul, avqust, sentyabr, oktyabr, dekabr ayları, 1981-ci ilin yanvar ayı üzrə. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Həmin Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalar “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Adı çəkilən Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Odur ki, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən müəssisənin (arxiv) arayışları nəzərə alına bilər. Hazırki işdə Siyəzən rayon Dövlət Arxivi tərəfindən iddiaçının 19.06.1978-ci ildən yanvar 1981-ci ilədək sözügedən Sovxozda mövsümü işləməsi ilə bağlı verilmiş arayışda göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün hər hansı əsas müəyyən edilmir. Həmin arayışın məzmununa görə iddiaçının adı çəkilən sovxozda mövsümü işlədiyi dövr əmək haqqı cədvəllərinə əsasən 1978-ci ilin iyun, iyul, avqust ayları, 1979-cu ilin iyul, sentyabr ayları, 1980-ci ilin iyun, iyul, avqust, sentyabr, oktyabr, dekabr ayları, 1981-ci ilin yanvar ayı nəzərə alınmaqla ümumilikdə bir il təşkil edir. Ona görə də Kollegiya cavabdehin apellyasiya şikayətində göstərdiyi “Üzümçülük sovxozunda mövsümü fəhlə kimi işlədiyi işdən azad edilməsi barədə əmrlərin aşkar olunmaması səbəbindən ümumi stajının tamamlanmaması” barədə dəlillərini qəbul etmir və hesab edir ki, arxiv arayışının olması işdən çıxma əmrlərinin mövcudluğu ilə bağlı əlavə araşdırma aparılmasını aradan qaldırır. Beləliklə, iddiaçının 18.11.1981-ci il tarixdən 09.11.1983-cü il tarixədək hərbi xidmətdə olduğu dövr (1 il 11 ay 23 gün), 26.12.1983-cü il tarixdən 07.05.1985-ci il tarixədək (1 il 4 ay 13 gün) çilingər peşəsində, 08.05.1985-ci il tarixdən 01.01.2006-cı il tarixədək (20 il 7 ay 25 gün) teplovoz maşinisti köməkçisi, Lenin adına üzümçülük sovxozu üzrə 7 nömrəli üzümçülük briqadasında 1978-ci ilin iyun, iyul, avqust ayları (3 ay), 1979-cu ilin iyul, sentyabr ayları (2 ay), 1980-ci ilin iyun, iyul, avqust, sentyabr, oktyabr, dekabr ayları (6 ay), 1981-ci ilin yanvar ayı (1 ay) üzrə mövsümü fəhlə işlədiyi dövrlər də nəzərə alınmaqla onun ümumilikdə 25 il iş stajı vardır. Göründüyü kimi, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərtdən birincisi- 25 ildən az olmayan ümumi stajı tam olaraq tamamlanmışdır. Xüsusi stajla bağlı qeyd olunur ki, “Azərbaycan Dəmir Yolları” Qapali Səhmdar Cəmiyyətinin 28.01.2021-ci il tarixli arayışına əsasən, iddiaçı 26.12.1983-07.05.1985-ci illərdə hərəkət heyətinin təmiri üzrə çilingər vəzifəsində işləmiş, 08.05.1985-ci il tarixindənbu günə kimi isə teplovoz maşinisti köməkçisi peşəsində işləyir. Onun hərəkət heyətinin təmiri üzrə çilingər və Teplovoz maşinist köməkçisi peşəsində iş stajı 37 il 01 ay 01 gün təşkil edir. Bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli 23 yanvar 2007-ci il tarixli Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası və hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” qərarlarına uyğundur. Həmçinin iddiaçının işlədiyi müddətin onun güzəştli iş stajına aid olması faktı işlədiyi müəssisə (işəgötürən) tərəfindən təsdiq olunur. Nəzərə alınmalıdır ki, xüsusi stajla bağlı məsələ cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir. Buna baxmayaraq Kollegiya iddiaçının güzəştli şərtlərlə ona yaşa görə pensiya təyin edilməsini tələb etdiyi üçün bu tələbin təmin olunması üçün Qanunda nəzərdə tutulan və buna əsas olan bütün şərtlərin ödənilib-ödənilmədiyini yoxlayır və aşağıdakıların da qeyd olunmasını zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Birinci instansiya məhkəməsinə təqdim olunmuş “Azərbaycan Dəmir Yolları” Qapali Səhmdar Cəmiyyəti Yük Daşımaları Departamenti X3 arayışlarından görünür ki, iddiaçı 26.12.1983-07.05.1985-ci illərdə hərəkət heyətinin təmiri üzrə çilingər vəzifəsində işləmiş, 08.05.1985-ci il tarixindən- bu günə kimi isə teplovoz maşinist köməkçisi peşəsində işləyir. Onun hərəkət heyətinin təmiri üzrə çilingər və Teplovoz maşinist köməkçisi peşəsində iş stajı 37 il 01 ay 01 gün təşkil edir. Həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli 23 yanvar 2007-ci il tarixli Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” qərarına (Qərarın 1.4-cü bəndi: Dəmiryol nəqliyyat bölməsi “dəmiryol xətləri hərəkətində parovozların və buxar kranlarının maşinistləri teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçilər”) uyğundur. Bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin,vəzifələrin və göstəricilərin” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli 23 yanvar 2007-ci il tarixli Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası və hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” qərarlarına uyğundur. Beləliklə, apellyasiya baxışı zamanı müəyyən olundu ki, iddiaçının yuxarıda qeyd olunan tarixlərdə işlədiyi adı çəkilən müəssisədə işlədiyi “teplovoz maşinisti köməkçisi” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısının XXVİİİ fəslinin Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bölməsinin 1-ci Dəmiryol nəqliyyatı bəndinin “23001000—14241” şifrəsinə (teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri) və “23001000—16878” şifrəsinə (teplovozlarda maşinist köməkçiləri) uyğundur və həmin dövr üzrə onun güzəştli iş stajı 12 ildən artıq təşkil edir. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün Qanunda nəzərdə tutulan ikinci şərtin də ödənilməsi- 12 il 6 ay xüsusi stajın tamamlanması iş materialları ilə öz təsdiqini tapır. Cavabdehin apellyasiya şikayətində göstərdiyi “iddiaçının pensiya kapitalının yaranmaması” barədə dəlilinə münasibətdə qeyd olunur ki, iddiaçının güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ 01.01.2006-cı ilədək yarandığı üçün və 01.07.2017-ci ilədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən ona bu şərtlərlə pensiya təyin edilməsi üçün həmin dövrdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsinə dair şərt tələb edilmirdi. Belə bir tələb qanuna 01.07.2017-ci il tarixdən sonra daxil edilmişdir. Müvafiq olaraq da həmin tələb 01.07.2017-ci ildən sonra yaranmış münasibətlərə tətbiq edilə bilər. İddiaçı isə 01.01.2006-cı ilədək ona güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün tələb olunan ümumi və xüsusi staja malik olmuşdur. Beləliklə, Qanun dəyişənədək iddiaçı artıq güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün hüquq əldə etmişdir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericiliyin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Kollegiya onu da qeyd edir ki, məhkəmə qərarının nəticə hissəsində ümumilikdə 19.06.1978-ci il tarixdən 09.11.1983-cü il tarixədək olan dövr dedikdə, iddiaçının həmin dövrdə işlədiyi və hərbi xidmətdə olduğu dövr, yəni Lenin adına üzümçülük sovxozu üzrə 7 nömrəli üzümçülük briqadasında 19.06.1978-ci il tarixdən 1981-ci ilin yanvar ayına qədər mövsümü işlədiyi 01 il və 18.11.1981-ci ildən 09.11.1983-cü ilə qədər hərbi xidmətdə olduğu 1 il 11 ay 23 gün başa düşülməli və nəzərə alınmalıdır ki, qeyd olunan dövrlər şəxsin əmək kitabçasındakı qeydlərə əsasən işlədiyi 26.12.1983-07.05.1985 (1 il 4 ay 13 gün) və 08.05.1985-01.01.2006-cı illərin (20 il 7 ay 25 gün) üzərinə gəlməklə tələb olunan 25 il ümumi stajının tamamlanmasına kifayət edir, buna görə də bu hal (19.06.1978-ci il tarixdən 09.11.1983-cü il tarixədək olan dövrün konkret hansı il, ay və gün üzrə açıqlaması və nəzərə alına bilməsi qərarın nəticə hissəsində göstərilmədiyindən) qanuni və əsaslı olan məhkəmə qərarının məhz bu səbəbdən ləğv olunması üçün əsas yaratmır. Odur ki, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız sayır və qəbul etmir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, 19.06.1978-ci il tarixdən 09.11.1983-cü il tarixədək olan dövrün iddiaçının əmək stajına daxil edilməklə ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-983/2021 saylı 11 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-983/2021 saylı 11 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar