Məhkəmə qərarları › İş №2-1(103)-164/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-164/2022

09.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-164/2022 09.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsi ilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi katibliyi, iddiaçının nümayəndəsi, Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakıları ilə, İddiaçı Şimal Servis MMC-nin cavabdeh Azərbaycan Respublikasının Gömrük Komitəsinə qarşı (üçüncü şəxs: AR Maliyyə Nazirliyi) kompensasiyanın ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 02.06.2021-ci il tarixli, 2-1(112)-1059/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsаsən inzibati işə Bаkı Аpеllyаsiyа Məhkəməsinin binаsındа şifahi məhkəmə iclаsındа bахаrаq müəyyən еtdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin qanunsuz hərəkətlərinin dayandırılması, İddiaçı MMC-yə məxsus rəsmiləşməsi yekunlaşmayan yüklərin rəsmiləşməsinə icazə verilməsi, yüklərin ƏDV-nin ödənilməsindən azad olunması səbəbilə ƏDV ödənilmədən buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması və vurulan 4.184,32 manat məbləğində ziyanın ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, lizinq verən qismində İddiaçı MMC, lizinq alan qismində "xxxx" MMC, təchizatçı qismində GHİ Solutions GMbH arasında 09 aprel 2019-cu il tarixində LMAZ201904.02 saylı maliyyə lizinqi müqaviləsi bağlanmış, müqavilə şərtlərinə görə 4 adda olan yük (1 ədəd SİRONA İNTEGO CS markalı, 1 ədəd SİRONA İNTEGO PRO markalı, 1 ədəd MCX5 markalı, 1 ədəd suction unit (230V) bormaşınlar və digər stomatoloji avadanlıq) 08 avqust 2019-cu il tarixdə Bakı şəhərinə İddiaçı MMC adına idxal edilmişdir. Yük təyinatı üzrə Bakı Baş Gömrük İdarəsinə verilmişdir. İddiaçı tərəfindən gömrük rəsmiləşdirilməsinə başlanılmış və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq, tələb olunan bütün lazimi sənədlər təqdim olunmuş və ödənişlər aparılmasına baxmayaraq, yükün buraxılmasına icazə verilməmişdir. Cavabdeh tərəfindən yükün buraxılmamasına səbəb kimi, İddiaçı MMC-dən əsassız və qanunazidd şəkildə, ƏDV ödənilməsi tələb olunmuşdur. Halbuki, Vergi Məcəlləsinin 164.1.25-ci maddəsinə əsasən, lizinq müqaviləsinin obyekti olan əsas vəsaitlərin idxalı ƏDV ödəməkdən azaddır. Hazırkı vəziyyətdə yük, lizinq müqaviləsindən də göründüyü kimi, lizinq predmetidir, buna görə də ƏDV-yə cəlb olunmamalıdır. Gömrük rəsmiləşdirilməsi aparıla bilmədiyi üçün yüklər müvəqqəti saxlanca verilmişdir və gömrük orqanına bildirilmişdir ki, qurumun bu hərəkət və hərəkətsizliyi nəticəsində İddiaçı MMC-yə külli miqdarda ziyan dəyməkdədir və bu ziyanın da həcmi yüklər rəsmiləşənədək gündən günə artacaqdır və ziyan gömrük orqanından tələb ediləcəkdir. 15.08.2019-cu il tarixində iddiaçı tərəfindən 1508/2019 saylı məktubla DGK-ə məhkəməyəqədər edilməli olan son müraciəti edilmiş və yükün buraxılmasını, MMC-nın günbəgün ziyanla üzləşməsini onların nəzərinə çatdırılmışdır. Həmin məktuba cavab vermək əvəzinə cəmiyyətə 26.08.2019-cu il tarixində eyni məzmunlu elektron müraciətə cavab olaraq bildirilmişdir ki, guya idxal edilmiş mallar lizinq müqaviləsinin obyekti deyildir. Bu səbəbdən iddiaçı ƏDV ödəməlidir. Bir sözlə inzibati orqan tərəfindən müraciəti imtina cavabı verilmişdir. Sonradan İddiaçı MMC 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Dövlət Gömrük Komitəsinin **********0949 saylı gömrük bəyannaməsi üzrə İddiaçı MMC-dən 25.068,85 manat məbləğində ƏDV-nin tutulmasına dair hərəkətlərinin qanunsuz hesab edilməsi, 25.068,85 manat məbləğində ƏDV artıq ödəmə hesab edilməklə, həmin məbləğin geri qaytarılmasına dair DGK-nin təsdiq edilmiş rəyinin Maliyyə Nazirliyinə təqdim edilməsi, Dövlət Gömrük Komitəsinin qanunsuz hərəkətləri nəticəsində İddiaçı MMC-nin üzləşdiyi 73.851,43 manat zərərə görə kompensasiyanın (4.184,32 manat demuraj (yəni 9 gün ərzində boş dayanma) məbləği; 510 manat hüquqi xidmətlərin göstərilməsi üçün ödənilən məbləğ; 276,58 manat terminal saxlanc xidmətlərinə görə; 778,80 manat saxlanc bəyannaməsi; 4.178,33 manat İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə ödənilən kompensasiya məbləği; 63.923,40 manat İddiaçı MMC-nin əldən çıxmış faydası) ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3839/2019 saylı, 08 oktyabr 2019-cu il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-3839/2019 saylı, 08 oktyabr 2019-cu il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2721/2019 №li 19 noyabr 2019-cu il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(81)-3839/2019 saylı, 08 oktyabr 2019-cu il tarixli qərardadının ləğv edilməsi, iddiaçı "Şimal Servis” MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı "ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün, həmin məhkəməyə göndərilməsi, iddiaçı "Şimal Servis” MMC-nin apellyasiya şikayətinin qismən təmin edilməsi qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)476/2020 №li 04 mart 2020-ci il tarixli tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 noyabr 2019-cu il tarixli 2-1(103)- 2721/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılaraq, kassasiya şikayətinin təmin olunmaması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1059/2021 saylı 23.02.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 02.06.2021-ci il tarixli, 2-1(112)-1059/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sövdələşmə həqiqətən də 3 tərəfin "Şimal Servis” MMC, “V.A. Qrup" şirkətinin və ‘*GHİ Solutions" GMBH şirkətinin arasında imzalanmışdır və Şimal Servis şirkəti tərəfindən də müqavilənin dəyəri satıcının hesabına köçürülmüşdür. Bunu SVİFT-pul köçürməsini bildirən sənəd təsdiq edir. Həmçinin, əgər idxal edilən malların adına baxsaq, bu malların adında Sirona şirkətinin adının olmasını açıq-aşkar mal markalarında görmək mümkündür. Bu fakt bir daha özlüyündə təsdiq edir ki, həqiqətən Sirona şirkəti həmin malların istehsalçısıdır. Sirona şirkəti istehsalçıdır və müqavilə predmetini təşkil edən mallar birbaşa bu fabrikin yerləşdiyi ünvandan yola salındığı üçün yük göndərən qismində məhz Sirona şirkətinin adı qeyd edilmişdir. Bir daha məhkəmənin nəzərinə çatdırılır ki, əgər satıcı Sirona olmuş olsaydı, o zaman malların dəyəri də məhz Sironanın hesabına köçürülmüş olardı, “GH1 Solutions” GMBH şirkətinin hesabına deyil. Sirona şirkəti ancaq və ancaq öz fabrikindən bu malları Azərbaycan Respublikasına yola salmışdır və yola salarkən də məhz, tərəflər arasında imzalanmış 3 tərəfli lizinq müqaviləsinə istinad etmişdir. Tərəflər arasında bağlanmış 09 aprel 2019-cu il tarixli "LMAZ201904,02” saylı Lizinq müqaviləsinin 2.4-cü bəndində qeyd edilmişdir ki, Təchizatçı “Dentsply Sirona" markalı mallarla təchiz etməlidir. Həmçinin müqavilənin tərkib hissəsini təşkil edən A saylı əlavəsində də, В saylı əlavəsində də nəzərdə tutulmuşdur ki, verilən mallar Sironanın mallarıdır. Yəni Sirona hazırki iş üzrə ana fiqurdur. Müqavilənin imzalanmasında məqsəd məhz o fabrikin istehsal etdiyi malların idxalı olub. Yəni gömrük orqanının onu müqavilə tərəfi kimi, bibaşa da olmasa rolunu və mahiyyətini müqavilədən görməlidir. Yəni Sirona müqaviləyə aidiyyatsız şəkildə birdən-birə ortaya çıxan məhfum olmayıb. İstər müqavilədə, istər onun əlavələrində Sironanın mallarının adı çəkilir 4.184,32 AZN demuraj məbləği (Beləki, GHİ Solutions Şirkəti tərəfindən demuraj yəni 9 (doqquz) gün müddətində boşdayanma ilə bağlı yaranmış zərər məbləğinin – 2.250,.00 AVRO = 4.184,32 AZN (02.09.2019-cu il tarixinə məzənnə 1 AVRO = 1,8597 AZN) ödənilməsinə dair hesab-faktura təqdim etmişdir). 510 AZN Hüquqi xidmətlərin göstərilməsi üçün ödənilən məbləğ (Beləki, 19 saylı vəkil bürosu ilə "Şimal Servis” MMC arasında hazırki inzibati işin məhkəmədə hüquqi yardım göstərilməsi üçün 631 saylı müqavilə imzalanmış və qeyd edilən məbləğ ödənilmişdir. Təsdiq edici sənəd elektron qaimə) 276,58 AZN Terminal saxlanc xidmətlərinə görə (Ramal Trans MMC tərəfindən qəbz mövcuddur) 778,80 AZN Saxlanc bəyannaməsi - (yəni malların saxlancda saxlanması və saxlanca buraxılması üçün ayrıca bəyannamə tərtib olunur, həmin bəyannamənin kodu 61 adı altında kodlaşdırılır). 4.178.33 AZN İddiaçı MMC - tərəfindən "xxxx" MMC-yə ödənilən kompensasiya məbləği. (Müqavilə öhdəliyinin icra edilməməsi və ya lazımınca icra edilməməsinə görə cərimə məbləği. Yəni "Şimal Servis” MMC müqavilə üzrə öhdəlik götürmüşdür ki, malları 08.08.2019-cu il tarixində təhvil verəcək, lakin, bu mümkün olmadığından faktiki təhvil tarixi 04.10.2019-cu il tarixində - yəni malların gömrük rəsmiləşməsi ilə həyata keçirilmişdir. Beləliklə, "V.A. Grup” bu avadanlıqlardan vaxtında istifadə edərək bəhər götürə biləmədiyi üçün itirdiyi məbləği "Şimal Servis” MMC ona cərimə kimi qarşılamışdır.) 63.923,40 AZN İddiaçı MMC-nin əldən çıxmış faydası - (sahibkarlıq fəaliyyəti ilə məşğul olan bir hüquqi şəxs kimi, "Şimal Servis” MMC digər sahibkarlıq subyektinə oxşar şərtlərlə lizinq müqaviləsi bağanması barədə ofertanı rədd etmişdir. Səbəb, gömrük komitəsinin bu qeyri-müəyyən mövqeyi olmuşdur. Yəni normal mülki dövriyyədə müqavilə bağlanmaqla qeyd edilən məbləğdə gəlir əldə etmək imkanı olacaqdı, lakin, DGK-nın bu cür qanunsuz hərəkətləri "Şimal Servis” MMC-ni digər müqaviləni imzalamaqdan imtina etməyə vadar etmişdir). Beləliklə, İddiaçı MMC-nin üzləşdiyi zərər məbləği 73.851,43 (yetmiş üç min səkkiz yüz əlli bir manat qırx üç qəpik) AZN təşkil edir. Beləliklə, idxal predmeti lizinq obyektini təşkil edir və qanunvericiliklə lizinq obyektinin ƏDV-yə cəlb olunması nəzərdə tutulmamışdır, əksinə Vergi Məcəlləsində çox açıq, aydın şəkildə qeyd edilir ki, lizinq obyekti ƏDV-yə cəlb edilmir. Lizinq obyektinin nə olması isə Mülki Məcəllədə geniş şəkildə izah edilmişdir. On görə də hesab olunur ki, gömrük orqanı yükü qərəzli şəkildə saxlamaqla ƏDV-nin ödənilməsini əsassız şəkildə tələb edir. Malın laboratoriya ekspertiza tədqiq sənədi də hazırki iddiaya əlavə edilmişdir. Bu sənədlər onu təsdiq edir ki, laboratoriya tədqiq nəticəsində məhz, malın koduna və malı müşayət edən sənədlərə müvafiq olaraq ödənilməli olan rüsumların dərəcələri və məbləğləri çıxır ki, onların içərisində gömrük əməkdaşlarının ödənilməsini tələb etdiyi məbləğ öz əksini tapmamışdır. Bu isə bir daha sübut edir ki, inzibati orqanın tələbi əsassızdır. Həmçinin, məhkəmə tərəfindən Sirona şirkətinin həqiqətən də satış nümayəndəsi olmasını təsdiq edən məktuba - tərəfimizdən təqdim edilmiş sübuta qiymət verməmiş, məhkəmə qərarında onunla əlaqədar hər hansı fikir bildirməmişdir. Halbuki, ən mötəbər sübutlardan biri idi bu sənəd. Bununla məhkəmə sübutların araşdırılması vəzifəsini də pozmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18.02.2013-cü il tarixli 25 nömrəli qərarı vardır ki, həmin qərarda “Gömrük ödənişlərinin qaytarılması Qaydaları” təsdiq edilmişdir. Hesab olunur ki, İddiaçı MMC-nin 25.068,85 AZN həcmində ödəmiş olduğu ƏDV tutulmalı olmadığı halda tutulduğundan büdcəyə ödənilmiş artıq ödəmə statusundadır. Ona görə də onun qaytarılması proseduru adı çəkilən qərarla və həmin qərarın 1.2-ci bəndində qeyd edildiyi kimi - Gömrük orqabları tərəfindən alınan vergilərin qaytarılması AR Vergi Məcəlləsinə uyğun olaraq, AR NK-nın 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və ınaliyyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları” ilə müəyyən olunmuş qaydada həyata keçirilir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 02.06.2021-ci il tarixli, 2-1(112)-1059/2021 saylı qərarının ləğv olunması, iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 02.06.2021-ci il tarixli, 2-1(112)-1059/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan üçüncü şəxsin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - İddiaçı MMC hüquqi şəxs kimi Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən 27.07.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. - Lizinq verən qismində İddiaçı MMC, lizinq alan qismində "xxxx" MMC, təchizatçı qismində GHİ Solutions GMBH arasında 09 aprel 2019-cu il tarixində LMAZ201904.02 saylı maliyyə lizinqi müqaviləsi bağlanmışdır. Müqavilənin 6.1-ci bəndində göstərilmişdir ki, lizinq obyekti Lizinq alanın seçimi ilə bu Müqavilə əsasında Alıcı/Lizinq verən tərəfindən Lizinq alanın müəyyən etdiyi lizinq obyektinin Təchizatçısından alınır. Müqavilə şərtlərinə görə dörd adda olan yük (1 ədəd SİRONA İNTEGO CS markalı, 1 ədəd SİRONA İNTEGO PRO markalı, 1 ədəd MCX5 markalı, 1 ədəd suction unit (230V) adlı bormaşınlar və digər stomatoloji avadanlıq) 08 avqust 2019-cu il tarixdə Bakı şəhərinə İddiaçı MMC adına idxal edilmişdir. - İddiaçı tərəfindən gömrük orqanlarına təqdim edilmiş 17.08.2019-cu il tarixli **********0493 saylı gömrük bəyannaməsində göstərilən məlumatların yoxlanılması zamanı təqdim edilən mal-müşayiət sənədlərinə (göndərən ölkənin ixrac gömrük bəyannaməsi, mənşə sertifikatı, daşınma sənədləri) əsasən malların "X2 GMBH” şirkəti tərəfindən göndərilməsi müəyyən edilmişdir. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən məhkəməyə təqdim olunmuş 18.12.2020-ci il tarixli 1000160/160-24/024377 №li məktubda göstərilmişdir ki, İddiaçı MMC tərəfindən göndərilmiş 07.10.2019-cu il tarixli məktubu araşdırılarkən daha öncə eyni məzmunlu müraciətlərin göndərildiyi və həmin müraciətlərin Komitənin 30.08.2019-cu il tarixli 1000160/160-26/018869 nömrəli və 10.10.2019-cu il tarixli 169/160-24/021928 nömrəli məktubları ilə cavablandırıldığı müəyyən olunmuşdur. Bu səbəbdən də "xxxx" MMC-nin 07.10.2019-cu il tarixli 1007 nömrəli müraciət məktubu qovluğa alınmışdır. - Qeyd olunan məktuba əlavə olunmuş Komitənin eyni məzmunlu 30.08.2019-cu il tarixli 1000-160/160-26/018869 nömrəli və 10.10.2019-cu il tarixli 160/160-24/021928 nömrəli məktubları ilə müraciətçiyə bildirilmişdir ki, 26.08.2019-cu il tarixli elektron müraciətinə Komitədə baxılmışdır. Müraciətdə qaldırılan məsələ ilə bağlı aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı MMC tərəfindən Bakı Baş Gömrük İdarəsinə təqdim olunmuş 17.08.2019-cu il tarixli **********0493 saylı gömrük bəyannaməsi ilə birgə “LMAZ201904,02” nömrəli üçtərəfli lizinq müqaviləsi təqdim edilmişdir. Qeyd olunan müqavilədə lizinq verən – İddiaçı MMC, lizinq alan – "xxxx" MMC və mal satan – “GHİ Solutions GMBH” kimi təqdim edilmişdir. Lakin Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 157-ci maddəsinə əsasən təqdim olunmuş gömrük bəyannaməsində göstərilən məlumatların yoxlanılması zamanı təqdim edilən malmüşayiət sənədlərinə (göndərən ölkənin ixrac gömrük bəyannaməsi, mənşə sertifikatı, daşınma sənədləri) əsasən malların “LMAZ201904,02” nömrəli lizinq müqaviləsinin subyekti kimi çıxış etməyən “X2 GMBH” şirkəti tərəfindən göndərilməsi müəyyən edilmişdir. Bununla da Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747-1-ci və 747-5ci maddələrinin tələblərinə əməl olunmamışdır. Qeyd olunanlar nəzərə alınmaqla Azərbaycan Respublikası Vergi və Mülki Məcəllələrinin tələblərinə əsasən qeyd olunan idxal əməliyyatı üzrə mallar lizinq müqaviləsinin obyekti hesab olunmur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı MMC tərəfindən Bakı Baş Gömrük İdarəsinə 17.08.2019-cu il tarixli **********0493 saylı gömrük bəyannaməsi ilə birgə təqdim olunmuş “LMAZ201904,02” nömrəli üçtərəfli lizinq müqaviləsində lizinqverən – İddiaçı MMC, lizinq alan – "xxxx" MMC və mal satan – “GHİ Solutions GMBH” kimi təqdim edilmiş, gömrük bəyannaməsində göstərilən məlumatların yoxlanılması zamanı təqdim edilən mal-müşayiət sənədlərinə (göndərən ölkənin ixrac gömrük bəyannaməsi, mənşə sertifikatı, daşınma sənədləri) əsasən malların “LMAZ201904,02” nömrəli lizinq müqaviləsinin subyekti kimi çıxış etməyən “X2 GMBH” şirkəti tərəfindən göndərilməsi müəyyən edilmiş və cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq bu mallara ƏDV tətbiq edilmişdir. Hazırda iddiaçı qeyd olunan əməliyyat üzrə cavabdeh inzibati orqan tərəfindən onlardan ƏDV-nin tutulmasına dair hərəkətlərinin qanunsuz hesab edilməsi və həmin hərəkətlər nəticəsində cəmiyyətə vurulmuş ziyanın cavabdehdən tutulmasını xahiş edir. 09 aprel 2019-cu il tarixində bağlanmış LMAZ201904.02 saylı maliyyə lizinqi müqaviləsində Lizinq verən qismində İddiaçı MMC, lizinq alan qismində "xxxx" MMC, təchizatçı qismində GHİ Solutions GMBH göstərildiyi halda, iddiaçı tərəfindən gömrük orqanlarına təqdim edilmiş 17.08.2019-cu il tarixli **********0493 saylı gömrük bəyannaməsində göstərilən məlumatlara əsasən, həmin müqavilədə göstərilən malların müqavilə tərəfi olmayan digər bir hüquqi şəxs "X2 GMBH” şirkəti tərəfindən göndərilməsi müəyyən edilmişdir ki, belə olan halda da həmin əmlaklar gömrük rəsmiləşdirilməsində 09 aprel 2019-cu il tarixində bağlanmış LMAZ201904.02 saylı maliyyə lizinqi müqaviləsi üzrə lizinq predmeti kimi qəbul oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, Dövlət Gömrük Komitəsinin **********0949 saylı gömrük bəyannaməsi üzrə İddiaçı MMC-dən 25.068,85 manat məbləğində ƏDV-nin tutulmasına dair hərəkətlərinin qanunsuz hesab edilməsi və 25.068,85 manat məbləğində ƏDV artıq ödəmə hesab edilməklə həmin məbləğin geri qaytarılmasına dair DGK-nin təsdiq edilmiş rəyinin Maliyyə Nazirliyinə təqdim olunması barədə iddiaçının tələbi təmin oluna bilməz. İddiaçının iddia tələbinin cavabdehin qanunsuz hərəkətləri nəticəsində cəmiyyətin üzləşdiyi 73.851,43 manat ziyana görə kompensasiyanın (4.184,32 manat demuraj (yəni 9 gün ərzində boş dayanma) məbləği; 510 manat hüquqi xidmətlərin göstərilməsi üçün ödənilən məbləğ; 276,58 manat terminal saxlanc xidmətlərinə görə; 778,80 manat saxlanc bəyannaməsi; 4.178,33 manat İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə ödənilən kompensasiya məbləği; 63.923,40 manat İddiaçı MMC-nin əldən çıxmış faydası) ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsinə gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Beləliklə məhkəmə hesab etmişdir ki, iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birgə nəzərdən keçirərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən qərar ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalı, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-1.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir). Həmin Məcəllənin 747-1.2-ci maddəsinə əsasən lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. Həmin Məcəllənin 747-1.3-cü maddəsinə əsasən lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir. Həmin Məcəllənin 747-1.4-cü maddəsinə əsasən satıcı (mal verən) alqı-satqı müqaviləsinə əsasən lizinq obyektini lizinq verənə satan hüquqi və ya fiziki şəxsdir. Həmin Məcəllənin 747-1.5-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada və hallarda Azərbaycan Respublikasının istənilən rezidenti və qeyri-rezidenti lizinq müqaviləsinin subyekti ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12.01.2017-ci il tarixli qərarında göstərilmişdir ki, mövcud qanunvericilikdə lizinq müqaviləsinin əsasən üçtərəfli saziş olması müəyyən olunmuşdur. Lizinq sövdələşməsinin iştirakçıları lizinq verən (lizinq şirkəti), lizinq alan və lizinqə veriləcək avadanlığın satıcısıdır. Lizinq sövdələşməsində ən azı iki müqavilənin bağlanması və ya bir üçtərəfli müqavilənin bağlanması nəzərdə tutulur:

1. Lizinq verən (lizinq şirkəti) və lizinq alan arasında (müştəri) lizinq müqaviləsinin bağlanması – lizinq alanın müraciəti təsdiq edildikdən sonra lizinq verən və lizinq alan arasında lizinq müqaviləsi bağlanır;

2. Alqı-satqı müqaviləsinin bağlanması – lizinq verən və avadanlığın satıcısı (mal verən) arasında alqı-satqı müqaviləsi bağlanır. Lizinq verən satıcı ilə alqı-satqı müqaviləsini lizinq alanın marağında bağlayır. Lizinq verən müqavilədə nəzərdə tutulan əmlakı hazırlamağa və ya əldə etməyə borcludur. Eyni zamanda, lizinq əməliyyatı özündə həm də satış elementini daşıyır. Bundan başqa, lizinq verən lizinq müqaviləsi bağlamazdan əvvəl lizinq məqsədi üçün lizinq obyektini əldə edə və ya hazırlaya bilər. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 224.1.2-ci maddəsinə əsasən bu Məcəllədə, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Gömrük tarifi haqqında”, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında”, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında və müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarında nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən ƏDV alınır. Həmin Məcəllənin 228-ci maddəsinə əsasən, gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan mallara ƏDV bu Məcəlləyə və Vergi Məcəlləsinə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.25-ci maddəsinə əsasən, lizinq müqaviləsinin obyekti olan əsas vəsaitlərin idxalından ƏDV tutulmur. Baxılan iş üzrə 09 aprel 2019-cu il tarixində bağlanmış LMAZ201904.02 saylı maliyyə lizinqi müqaviləsində Lizinq verən qismində İddiaçı MMC, lizinq alan qismində "xxxx" MMC, təchizatçı qismində GHİ Solutions GMBH olması işin mübahisələndirilməyən halıdır. Hazırki mübahisə müqaviləyə əsasən təchizatçı qismində GHİ Solutions GMBH göstərildiyi halda, iddiaçı tərəfindən gömrük orqanlarına təqdim edilmiş 17.08.2019-cu il tarixli **********0493 saylı gömrük bəyannaməsində göstərilən məlumatlara əsasən həmin müqavilədə göstərilən malların müqavilə tərəfi olmayan digər bir hüquqi şəxs "X2 GMBH” şirkəti tərəfindən göndərilməsidir. Apellyasiya baxışı zamanı məhkəmə tərəfindən mübahisənin araşdırılması məqsədilə təchizatçı GHİ Solutions GMBH-yə aşağıda qeyd olunan mövzuda sorğu ünvanlanmışdır:

1. X2 GMBH ilə GHİ SOLUTİONS GMBH arasındakı tərəfdaşlıq hansı münasibətlərdən ibarətdir?

2. Şirkətlər arasındakı tərəfdaşlıq hansı müqaviləyə əsaslanır?

3. Tərəfinizdən satılmış avadanlıqların X2 GMBH tərəfindən alıcıya birbaşa göndərilməsi, həmin müqavilənin hansı bəndində nəzərdə tutulub? (Tutulduğu halda müqavilənin həmin hissəsindən çıxarışın məhkəməyə təqdim olunması Sizdən xahiş olunur.) Məhkənin sorğusuna cavab olaraq GHİ Solutions GMBH tərəfindən ünvanlanmış məktubda aşağıdakılar qeyd olunmuşdur: "xxxx" tibbi avadanlıq istehsalçısıdır. Şirkətimiz müştərilərə malların yenidən satışı (riteyl) üzrə Dentsply Sirona ilə əməkdaşlıq edir. Şirkətlərimiz arasında tərəfdaşlıq hər bir avadanlıq/layihə üzrə ayrıca müstəqil Alqı-satqı müqavilələri əsasında qurulur. 09.04.2019-cu il tarixli, AZ201904.02 saylı müqavilənin 2.4-cü maddəsinə əsasən. Təchizatçı Sifarişçiyə satıb təhvil verməli, Sifarişçi isə, öz növbəsində Dentsply Sirona şirkətinin istehsalı olan obyektləri alıb qəbul etməlidir. Bu o deməkdir ki. müqavilənin predmeti yalnız istehsalçı Dentsply Sirona tərəfindən hazırlanmalıdır. Həmçinin, müqavilə tərəfləri CİP Baku İNКОТЕRMS 2010 müddətini göstərilməklə 72 759,00 AVRO məbləğində invoysa malikdir. Bu invoys 09.04.2019-cu il tarixli, LM AZ 201904/02 saylı lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsidir. Həmçinin, həmin invoys Təchizatçı tərəfindən göndərilməzdən əvvəl təqdim edilməli olan sənədlərin siyahısında yer alır – “b” maddəsi. Eləcə də, zəmanət müddətindən sonra ehtiyat hissələrinin təchizatı mümkün qədər Sifarişçinin hesabına CİP Baku İNКОТЕRMS 2010 əsasında həyata keçirilməlidir.” Eyni zamanda məhkəmə tərəfindən sifariş olunan malların istehsalçısı olan, həmçinin, cavabdehə təqdim olunmuş bəyannaməyə əsasən malları göndərən "X2 GMBH” şirkətinə aşağıda qeyd olunan mövzuda sorğu ünvanlanmışdır:

1. X2 GMBH ilə GHİ SOLUTİONS GMBH arasındakı tərəfdaşlıq hansı münasibətlərdən ibarətdir?

2. Şirkətlər arasındakı tərəfdaşlıq hansı müqaviləyə əsaslanır?

3. GHİ SOLUTİONS GMBH tərəfindən satılmış avadanlıqların tərəfinizdən alıcıya birbaşa göndərilməsi həmin müqavilənin hansı bəndində nəzərdə tutulub? (Tutulduğu halda müqavilənin həmin hissəsindən çıxarışın məhkəməyə təqdim olunması Sizdən xahiş olunur.) Məhkənin sorğusuna cavab olaraq "X2 GMBH” tərəfindən ünvanlanmış məktubda aşağıdakılar qeyd olunmuşdur: “Bu məktuba əsasən təsdiq edirik ki, 09.04.2019-cu il tarixli ******* saylı Silariş üzrə avadanlıq Azərbaycandakı VA DENT layihəsi üçün bizim satış partnyorumuz - GHİ Solutions GMBH, Vien, Avstriya (Müştəri №136698) şirkətinə satılmışdır. Tədarük ünvanı: İddiaçı, Lizing Müqaviləsi LM AZ201904, Ağ Şəhər, Park Hayyat, 13, 1000, Bakı şəhəri, Azərbaycan. Göründüyü kimi iddiaçı tərəfində GHİ Solutions GMBH-dən sifariş olunmuş mallar istehsalçısı olan "X2 GMBH” tərəfindən GHİ Solutions GMBH-nun 09.04.2019-cu il tarixli ******* saylı müqavilənin təmin olunması üçün sifarişinə əsasən sifarişçiyə göndərilmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, müqavilənin tərkib hissəsi olan 72.759,00 AVRO dəyərində kəsilmiş Hesab Fakturaya (İnvoice) əsasən Malların çatıdırılması şərtləri İncoterms CİP Bakı olaraq qeyd edilmişdir. Bütün dünya və ticarət praktikasında çatdırılma şərtləri mütləq şəkildə Hesab fakturalarda əks edilir. İNCOTERMS CİP şərtinin isə mənası budur ki, məhsulların satışı və çatdırılması üzrə imzalanan xarici və yerli müqavilələr çərçivəsində tərəflərin müvafiq öhdəlikləri, o cümlədən xərc və risklərin müəyyənləşdirilməsi ilə əlaqədar qəbul olunmuş beynəlxlaq standartlardan ibarətdir. Bu qaydalar məhsulun satıcıdan alıcıya çatdırılması zamanı qeyd olunan məsələlər üzrə tərəflər arasındakı münasibətləri tənzimləyir. BMT-nin Beynəlxalq Ticarət Qanunu üzrə Komissiyası (UNCİTRAL) İNCOTERMS-in qaydalarını qlobal standart kimi tanımışdır. Qeyd: İNCOTERMS qaydaları müqavilə demək deyil. Bu qaydalardan məhsulların satışı və təyinat məntəqəsində çatdırılması üzrə imzalanan müqavilələrdə istifadə olunur. Bu qaydalar hüquqi baxımdan ölkədaxili müvafiq qanunlardan üstün deyil və mülkiyyət hüququnun ötürülməsi, ödəniləcək məbləğ, valyuta və ya kredit şərtlərini tənzimləmir. CİP növü o mənanı daşıyır ki, mahiyyətcə bu bazis şərti “fraxt ...qədər ödənilib” deməkdir. Yalnız, satıcı daşımalar zamanı çatdırılacaq yükün zədələnməsi və ya məhv olması riskinin sığorta olmasını təmin etməlidir (yəni bu şərtlərə əlavə olunur). İnkotermsin CİP olması isə bir daha bu halı təsdiq edir ki, həqiqətən də malı Alıcı mal Azərbaycana gəlib çatdıqdan sonra təhvil götürür. Yəni malı hansı şirkət tərəfindən hardan hansı təyinat məntəqəsindən gətirilməsində Alıcının (iddiaçı - Şimal Servis MMCnin) marağı, fikri və ya bir komentariaysı ola bilmir. Alıcı yalnız gözləyir ki, Satıcı malı ona təhvil versin. Dolayısı ilə Şimal Servis MMC üçün heç bir əhəməyyət kəsb etmir. İş materiallarına əlavə edilmiş SVİFT sənədinə əsasən öz təsdiqini tapır ki, həqiqətən də lizinq obyektini təşkil edən malların dəyəri (72.759,00 AVRO) Şimal Servis MMC tərəfindən GHİ Solutions GMBH şirkətinə ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747-5.1-ci maddəsinə əsasən lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2-ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsasdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı lizinq müqaviləsinin predmetinin təmin olunması məqsədilə GHİ Solutions GMBH ilə qanunvericiliyə zidd olmayan müqavilə bağlamışdır. Müqaviləyə əsasən "X2 GMBH” şirkətinin istehsalı olan malın beynəlxalq qaydada qəbul olunmuş İNCOTERMS CİP qaydalarına uyğun olaraq ona çatdırılması tələb etmişdir. Malın ödənişi də məhz, GHİ Solutions GMBH-ə olunmuşdur. GHİ Solutions GMBH müqavilənin təmin olunması məqsədilə əməkdaşı olduğu (aralarında bağlanmış müqaviləyə əsasən) "X2 GMBH”-dən malın alıcıya çatdırılmasını tələb etmişdir. Malın qanunvericiliyə uyğun şəkildə satıcı tərəfindən iddiaçıya çatdırılmışdır. Sadə misal gətirilə bilər: hər hansı bir alıcı hazırki dövrdə (iddiaçı MMC olsun) “Mersedes Benz” şirkətinin zavodundan birbaşa maşın ala bilməz, bu nəhəng istehsalçının məhsulu bir neçə il qabağcadan kontraktlara əsasən sifariş olunaraq artıq satılmışdır. Alıcı yalnız həmin şirkətlə birgə işləyən dilerlər (öz adından çıxış edən və fəaliyyətini öz hesabına təşkil edən malları topdan alıb pərakəndə satan fiziki və hüquqi şəxslərdir) və ya distribyutorlara (mal istehsalçının rəsmi ticarət nümayəndələri olan, riteylerlərə və dilerlərə satmaq məqsədilə istehsalçıdan malları topdan alan hüquqi və ya fiziki şəxslərdlir) müraciət edib maşın ala bilər. Belə olan halda alıcı “Mersedes Benz” şirkətinin maşınlarını yalnız həmin dilerlərlərdən və ya distribyutorlarlardan ala bilər, öz növbələrində sonuncular satmış olduqları maşınları zavoddan alıcıya göndərilməsini sifariş edə bilərlər, bu heç də o demək deyil ki, maşını zavod alıcıya birbaşa satmışdır. Lakin işdən görünür ki, cavabdeh Komitə bu halları nəzərə almamışdır, nəticədə iddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş qaydada bəyan edilməsinə baxmayaraq, qanunsuz olaraq ondan **********0949 saylı gömrük bəyannaməsi üzrə 25.068,85 manat məbləğində ƏDV-nin tutulmasına dair qərar qəbul etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Dövlət Gömrük Komitəsinin **********0949 saylı gömrük bəyannaməsi üzrə İddiaçı MMC-dən 25.068,85 manat məbləğində ƏDV-nin tutulmasına dair hərəkətlərinin qanunsuz hesab edilməlidir. Eyni zamanda, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı tərəfindən sübut olunmuş aşağıdakı zərərlər onun xeyrinə cavabdehdən tutulmaldır:

1. 4.184,32 AZN demuraj məbləği (Beləki, GHİ solutions şirkəti tərəfindən demuraj yəni 9 (doqquz) gün müddətində boşdayanma ilə bağlı yaranmış zərər məbləğinin – 2.250,00 AVRO = 4.184,32 AZN (02.09.2019-cu il tarixinə məzənnə 1 AVRO = 1.8597 AZN) ödənilməsinə dair hesab-faktura təqdim etmişdir).

2. 276,58 AZN Terminal saxlanc xidmətlərinə görə (Ramal Trans MMC tərəfindən qəbz mövcuddur)

3. 778,80 AZN Saxlanc bəyannaməsi (yəni malların saxlancda saxlanması və saxlanca buraxılması üçün ayrıca bəyannamə tərtib olunur, həmin bəyannamənin kodu 61 adı altında kodlaşdırılır).

4. 510 AZN Hüquqi xidmətlərin göstərilməsi üçün ödənilən məbləğ (Belə ki, 19 saylı vəkil bürosu ilə "Şimal Servis” MMC arasında hazırki inzibati işin məhkəmədə hüquqi yardım göstərilməsi üçün 631 saylı müqavilə imzalanmış və qeyd edilən məbləğ ödənilmişdir. Təsdiq edici sənəd elektron qaimə) Lakin iddiaçı tərəfindən aşağıda qeyd olunmuş zərərlərin ona vurulması iş materiallarına əsasən sübut olunmadığından iddia həmin hissədə təmin olunmamalıdır:

1. 4.178,33 AZN İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə ödənilən kompensasiya məbləği. (Müqavilə öhdəliyinin icra edilməməsi və ya lazımınca icra edilməməsinə görə cərimə məbləği. Yəni "Şimal Servis” MMC müqavilə üzrə öhdəlik götürmüşdür ki, malları 08.08.2019-cu il tarixində təhvil verəcək, lakin, bu mümkün olmadığından faktiki təhvil tarixi 04.10.2019-cu il tarixində-yəni malların gömrük rəsmiləşməsi ilə həyata keçirilmişdir. Beləliklə, "V.A. Grup” bu avadanlıqlardan vaxtında istifadə edərək bəhər götürə biləmədiyi üçün itirdiyi məbləği "Şimal Servis” MMC ona cərimə kimi qarşılamışdır.)

2. 63.923.40 AZN İddiaçı MMC-nin əldən çıxmış faydası (Sahibkarlıq fəaliyyəti ilə mməşğul olan bir hüquqi şəxs kimi "Şimal Servis” MMC digər sahibkarlıq subyektinə oxşar şərtlərlə lizinq müqaviləsi bağanması barədə ofertanı rədd etmişdir. Səbəb gömrük komitəsinin bu qeyri-müəyyən mövqeyi olmuşdur. Yəni normal mülki dövriyyədə müqavilə bağlanmaqla qeyd edilən məbləğdə gəlir əldə etmək imkanı olacaqdı, lakin, DGK-nın bu cür qanunsuz hərəkətləri "Şimal Servis” MMC-ni digər müqaviləni imzalamaqdan imtina etməyə vadar etmişdir). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə apelyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edərək iddianın qismən təmin edilməli olduğuna dair nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 02.06.2021-ci il tarixli, 2-1(112)- 1059/2021 saylı qərarı ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q ə r a r a a l d ı: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 02.06.2021-ci il tarixli, 2-1(112)-1059/2021 saylı qərarı ləğv olunsun. İş üzrə yeni qərar qəbul olunsun. İddiaçı MMC-nin iddiası qismən təmin edilsin. Dövlət Gömrük Komitəsinin **********0949 saylı gömrük bəyannaməsi üzrə İddiaçı MMC-dən 25.068,85 manat məbləğində ƏDV-nin tutulmasına dair hərəkətləri qanunsuz hesab edilsin. 25.068,85 manat məbləğində ƏDV artıq ödəmə hesab edilməklə, həmin məbləğin geri qaytarılmasına dair DGK-nin təsdiq edilmiş rəyinin Maliyyə Nazirliyinə təqdim edilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə qoyulsun Dövlət Gömrük Komitəsinin qanunsuz hərəkətləri nəticəsində İddiaçı MMC-nin üzləşdiyi 5.749,70 manat zərərə görə kompensasiya (4.184,32 manat demuraj (yəni 9 gün ərzində boş dayanma) məbləği; 510 manat hüquqi xidmətlərin göstərilməsi üçün ödənilən məbləğ; 276,58 manat terminal saxlanc xidmətlərinə görə; 778,80 manat saxlanc bəyannaməsi) cavabdeh Azərbaycan Respublikasının Gömrük Komitəsindən tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar