Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-164/2025 27.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: əlilliyin bərpa edilməsi və s.) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və X8 ibarət tərkibdə, X9 qızının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi və s.” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 2-1(112)-640/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı cavabdehin xx.xx.2022-ci il tarixi ilə ona təqdim etdiyi əlillik təyin edilməsindən imtinaya dair cavab məktubunun əsassız hesab edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 4.2-ci bəndinin tələblərinə uyğun olaraq ona münasibətdə müddətsiz, ikinci qrup əlilliyin müəyyən edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1995-1997-ci illərdə zabit kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı bölüyündə tağım komandiri vəzifəsində xidmət etmişdir. Xidmət dövründə (1997-ci ildə) ağır xəsarət aldığından əmək qabiliyyətini itirmiş və 2008-ci ildə ona xəstəlik haqqında diaqnoz qoyulmuşdur. Diaqnoz: sağ baldır sümüklərinin qeyri-düzgün bitişmiş sınğı. Hər iki diz oynağının kontrakturağı, ağrı sindromu ilə. Baldır sümüklərinin çoxqəlpəli sınığından sonrakı defekti. Sol bud sümüyünün aşağı 1/3-nün xandroması. ÜİX stabil gərginlik stenokardiyası İİİ Hipertoniya xəstəliyi İİİ mərhələ. Qan dövranı çatmamazlığı İİ mərhələ. Şəkərli diabet İİ tip. Torlu qişanın anqjopatiyası təşviş pozulması. Poliklinikanın ona verdiyi məlumata görə, müayinənin nəticələri Forma 88 deyilən formatda tələb edilən yerə göndərilmişdir. Lakin bir neçə gündən sonra yenə də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirdilər ki, guya sənədlər tam deyil, o, əlavə müayinədən keçərək tələb edilən digər sənədləri də, təqdim edilməsini təmin etməlidir. O, nazirliyin bu tələbini də, yerinə yetirərək, əlavə tələb edilən bütün müayinələri keçərək, müayinənin nəticələrinə dair sənədlərin nazirliyə göndərilməsini təmin etmişdir. Bundan sonra, təqribən 2 ay gözləməli olmuşdur. Cavab gəlməmişdir. Maraqlanan zaman yenə də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirdilər ki, müayinədən keçərək, nazirliyə göndərilməsini təmin etdiyi sənədlər heç nədir. Belə ki, o, əlavə olaraq onların dediyi yerdə komissiyadan keçməlidir. 2021-ci ilin avqust ayında o, qeyd edilən komissiyaya gəlmiş və müayinədən keçmişdir. Komissiyadan müayinədən keçdikdən sonra yenə gözləməli olmuşdur. Əlilliyə görə aldığı pensiya kəsildiyindən və başqa gəlir yeri olmadığından çoxlu sayda müraciətlərindən sonra, 24 dekabr 2021-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Diaqnoz əlillik əlaməti təyin etmir” cavabını almışdır. Həmin diaqnozla uzun illərdir ki, ikinci qrup hərbi əlildir və əmək qabiliyyəti yoxdur. O, bu 1 il 2022-ci ildə təzədən ürəkdən “Kardeologiya İnstitu”ndan, sol ayağından Respublika Onkologiya Mərkəzindən, sağ ayağından “Travmatologiya İnstitu”ndan, əsəbdən Montində yerləşən “Ruhi dispanserdən” xəstəlik haqqında arayışlar vermiş və ağır şəkər və təzyiq xəstəsidir. O, Hərbi Həkim Komissiyasında xx.xx.2022-ci ildə olmuşdur. xx.xx.2022-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Diaqnoz əlillik əlaməti təyin etmir’’ cavabını almışdır. Hesab edir ki, əlillik dərəcəsinin müəyyən edilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin imtina cavabı tamamilə əsassızdır. İşin halları ondan ibarətdir ki, o, rəsmi qaydada 2008-ci ildən ikinci qrup əlildir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2021-ci ilin iyun ayında təkrar müayinədən keçməsini tələb edərkən fasiləsiz əlillik müddəti 14 il təşkil edirdi ki, bu da, əlilliyin müddətsiz təyin edilməsinə əsaslar yaratmışdır. Nazirlik Əsasnamənin yuxarıda göstərdiyi tələblərini yerinə yetirmək əvəzinə, ondan təkrar müayinə tələb etmiş, müayinə zamanı əvvəllər əlillik təyin edilən zaman aşkar edilmiş tibbi diaqnozları daha ağır formada təsdiqini tapsa da, “Diaqnoz əlillik əlaməti təyin etmir” kimi anlaşılmayan imtina cavabı verilmişdir. Odur ki, yuxarıda göstərdiyi halları və hüquqi əsasları nəzərə alaraq, onun iddia tələbi təmin edilməlidir.
3. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ikinci dərəcə “hərbi xidmət dövrü ilə əlaqədar” əlillik dərəcəsinin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
4. Cavabdeh tərəfindən iddia ərizəsinə yazılı etiraz təqdim edilməmişdir.
5. Bakı İnzibati Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 2-1(112)-640/2024 saylı saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir.
6. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya baxışı zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 28 noyabr 2022-ci il tarixdən iddiaçıya orqanizmin funksiyalarının pozulma dərəcəsi 65-80 faiz olmaqla müddətsiz əlillik təyin edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
8. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmışdır.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
9. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 28 noyabr 2022-ci il tarixdən iddiaçıya orqanizmin funksiyalarının pozulma dərəcəsi 65-80% (faiz) olmaqla müddətsiz əlillik təyin edilməsini xahiş etdi.
10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi E.Quliyev apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
11. Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışa əsasən İddiaçı sağlamlıq vəziyyəti xx.xx.2022-ci il tarixdə qiymətləndirilərək əlilliyin müəyyən edilməsindən imtina edilmiş, səbəb kimi diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
12. Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-sosial ekspert komissiyasının 28 noyabr 2022-ci il tarixli **********2 №-li Qərarı ilə Bakı şəhər sakini xx.xx.1966-cı il təvəllüdlü İddiaçı barəsində amnestik məlumatlarda, instrumental və obyektiv müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
13. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli 3- 17-4/2-5242/2023 nömrəli məktubla İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə və iş materiallarında olan digər sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.2008xx.xx.2009, xx.xx.2010-xx.xx.2011, xx.xx.2012-xx.xx.2013, xx.xx.2014-xx.xx.2015, xx.xx.2015-xx.xx.2016, xx.xx.2016-xx.xx.2021-ci illərdə ikinci dərəcə əlillik dərəcəsi təyin olunmuşdur. Cavabdehin ekspert komissiyasının 28 noyabr 2022-ci il tarixli **********2 nömrəli qərarına əsasən Bakı şəhər sakini xx.xx.1966-cı il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti DTSERA-da 0074003AACMD nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərarı verilmişdir. Daha sonra əlillik vəziyyəti tibb müəssisəsinin QÖ0029172MJN nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2014-cü il tarixli 19 nömrəli Qərar verilmişdir. Həmin qərarda "Sağ diz oynağının travmadan sonrakı kontrakturası. Baldır sümüklərinin cox qəlpəli sınığından sonrakı defekti, osteomielitlə fəsadlaşma" diaqnozlu travmanın səbəb əlaqəsi “Travmadır, hərbi xidmət dövründə alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı hər iki aşağı ətraflarda olan ağrıdan, sol ayağında ekzostozdan şikayət etmişdir. Xəstə müayinə zamanı konflikt yaratmış, hədə-qorxu gəlmiş, komissiya üzvlərinə qarşı kobudluq etmişdir Baxış zamanı aşağı ətraflarında atrofıya, parez aşkar edilməmiş, sümük tamlığı pozulmamış, hərəkətlər tam həcmdə olmuşdur. Milli Onkologiya Mərkəzinin xx.xx.2022-ci il tarixli Çıxarışında diaqnoz “Aşağı ətrafın uzun sümüklərinin xoş xassəli yenitörəməsi” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun PHŞ xx.xx.2022-ci ii tarixli **********/697/3777 nömrəli arayışında qeyd olunmuş diaqnoz obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Şikayətlərinə əsasən, ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2022-ci il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Aorta sərtləşib. Ürək kameraları normal ölçüdədir. Septumun S-vari hipertrofiyası (1.2 sm). Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, səqmentər divar hərəkət pozğunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb (LVEF59%) Aortal və Mitral qapaqlar cüzi fibrotikdir. Min MR. Min TR. Penkard təmizdir kimi müəyyənləşdirilmişdir. Anamnestik məlumatlarda, instrumental və obyektiv müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
14. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi-Həkim Komissiyasının xx.xx.2014-cü il tarixli 19 №-li Qərarında qeyd edilmişdir ki, SHXDÇX-nin Bakı şəhəri Nərimanov rayon idarəsi tərəfindən hərbi xidmətə çağırılmış ehtiyatda olan zabit İddiaçı hərbi xidmət dövründə aldığı və Elmi-tədqiqat travmatologiya və ortopediya istitutunda xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək müayinə və müalicədə olduğu xəstəlik: “Sağ diz oynağının travmadan sonrakı kontrakturası. Baldır sümüklərinin çoxqəlpəli sınığından sonrakı defekti, osteomielitlə fəsadlaşma” (DİN DQ Komandanının R/3612 №-li xx.xx.2014-cü il tarixli göndərişi, SHXÇDX-nin Bakı şəhəri Nərimanov rayon idarəsi tərəfindən xx.xx.2014-cü il tarixli 90 №-li göndəriş və arayış. Elmi-tədqiqat travmatologiya və ortepediya institutundan 102 №-li xx.xx.2014-cü il tarixli və 1244 №-li xx.xx.2014-cü il tarixli arayış. DQBİ arxivindən 123 №-li xx.xx.2014-cü il tarixli arayış). “Travmadır, hərbi ximət dövründə alınmışdır. ƏSAS: -Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2 maddəsinin ç) bəndi
15. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2014-cü il tarixli arayışından müəyyən olunur ki, vətəndaş İddiaçı həqiqətən xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixə kimi Travmatologiya və ortepediya klinik xəstəxansında stasionar müalicədə olmuşdur. D-z: Sağ diz oynağının travmadan sonrakı kontrakturası. Baldır sümüklərinin çoxqəlpəli sınığından sonrakı defekti, osteomielitlə fəsadlaşma.
16. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin ambulator kartdan arayışından görünür ki, İddiaçı təyin edilmiş Əsas diaqnoz: D16.2-Aşağı ətrafın uzun sümüklərinin xoşxassəli yenitörəməsi. Diaqnoz qeydi: Sol bud sümüyünün osteoxondroması müəyyən edilmişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 dekabr 2024-cü il tarixli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.
18. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X10 T96/2025 ekspert rəyinin nəticəsində qeyd olunmuşdur ki, 1966-cı il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir:
1. Vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş X00097564GFG nömrəli Forma 088 saylı göndərişində qeyd edilən “Qamış sümüyü cisminin (diafizinin) sınığı. İnsulindən asılı olmayan şəkərli diabet, Şəkərli diabet tip İİ” diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında müəyyən edilmiş, şəxsin TSEK-də müayinələri zamanı əmək qabiliyyətsiz hesab edilmişdir. 2.3.4. Vətəndaş İddiaçı “Azərbaycan X2”phş-da xx.xx.2024-cü il tarixdə müayinə olunmuş, “Sağ baldır sümüyünün orta 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, varus deformasiyası, sağ diz oynağının artritt, İİ dərəcəli osteoartrozu, açıcı-bükücü kontrakturası (açma 170°, bükmə 160°), sol bud sümüyünün distal metafizafisinin posteromedial korteksində inkişaf edən 42x25mm ölçülü sümük ekzostozu, sol diz oynağının kəskin kontrakturası (açma 165°, bükmə 155°) hər iki pencənin İİ dərəcəli yastıpəncəliyi, özələ atrofiya, daimı ağrı sindromu və dayağ hərəkət funksiyasının pozulması. XBT: S82.2; M84.0; M21.1; M17.5; M24.5; Q78.6; M24.5; Q66.5; M62.5; R52.1; R26.8. Akad.C.Abdullayev adına X1 xx.xx.2024-cü il tarixli EXOKQ müayinəsi zamanı “Sol mədəciyin sistola-diastolik ölçüləri genişlənməyib, sistolik funksiyası N(LVEF=50%). Sol mədəciyin miokardı hipertrofiyalaşıb. Diastolik funksiyası relaksativ tipdə pozulub. Sol qulaqcığa genişlənməyib. Sağ boşluqlar genişlənməyib. Seqmentar divar hərəkət qüsuru qeydə edilmir. Aortal qapaq kalsinozlaşıb. Perikard boşluğunda maye qeyd olunmur. Rəngli Doppler: ExoKQ: MÇ-İ, TÇ-İ” diaqnozu qoyulmuşdur. İddiaçı “Psixi Sağlamlıq Mərkəzi” phş-da xx.xx.2024-cü il tarixli tarixdə həkim-psixiatır tərəfindən müayinə olunmuş, “F41.0 Təşviş pozuntusu. F43.2 Adaptasiya pozuntusu, uzanmış depressiv epizod” diaqnozu qoyulmuşdur. xx.xx.2024-cü il tarixdə DTSERA-da əyani müayinəsi zamanı əlillik təyinatına əsas verən patofunksional dəyişikliklər aşkar edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ VƏ MƏHKƏMƏNİN MÖVQEYİ
19. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
20. Apellyasiya baxışı zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 28 noyabr 2022-ci il tarixdən iddiaçıya orqanizmin funksiyalarının pozulma dərəcəsi 65-80 faiz olmaqla müddətsiz əlillik təyin edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir.
21. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
22. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir; 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir; 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir; 1.6-cı bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır; 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır; 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər; 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir; 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz; 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
25. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”nda əlilliyin müəyyən olunması meyarları öz əksini tapmışdır.
26. Meyarlara əsasən –ikinci dərəcə əlillik müddətsiz (orqanizmin funksiyalarının pozulması faizi 65-80 %) şəxsdə spinal əzələ atrofiyası və oxşar sindromlar (G12) təzahür edən əzələ zəifliyi (əzələ gücünün 2-3 bala qədər azalması, yuxarı ətraflarda aktiv hərəkətlərin amplitudasının 10-20 dərəcəyə qədər məhdudlaşması, barmaqların yumruğa yığılmasının təzahür edən dərəcədə məhdudlaşması (barmaqların distal falanqalarının ovuca 3-4 sm çatması), yuxarı ətrafın əsas funksiyasının pozulması (xırda cisimlərin tutulması, böyük cisimlərin isə uzunmüddətli və səlis tutulmasının qeyrimümkünlüyü) və ya aşağı ətrafların bütün oynaqlarında aktiv hərəkətlərin amplitudasının təzahür edən məhdudlaşması ilə (bud-çanaq oynağında 20 dərəcəyə, diz oynağında 10 dərəcəyə, aşıq-baldırda 6-7 dərəcəyə qədər), əhəmiyyətli təzahür edən statodinamik pozuntular (6.3.1.2) müəyyən edilir.
27. Hazırkı işdə iddiaçıda qeyd edilən diaqnoz olduğuna görə ona müddətsiz ikinci dərəcə əlillik təyin edilməsi qanuni və əsaslıdır.
28. Məhkəmə kollegiyası qeyd edir ki, TSEK-də iddiaçının əlilliyi ilə bağlı qiymətləndirmə aparmış və əlilliyin qiymətləndirilməsindən imtina edilmişdir. İmtinanın əsasını iddiaçıda olan diaqnozun əlillik təyinatına əsas vermədiyi qeyd edilmişdir. Məhkəmə kollegiyası oxşar işlər üzrə formalaşmış mövqeyinə istinad edərək qeyd edir ki, iddiaçıya əlilliyin təyin olunması ilə bağlı məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normanın tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
29. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
30. Beləliklə, mübahisəyə dair işin müəyyən olunmuş hallarına görə iddiaçı barəsində tərtib olunmuş göndərişdə qeyd edilən xəstəliklər arasında “Diaqnozun əlillik əlaməti təyin etməməsi barədə cavabdehin gəldiyi nəticə və hazırkı mübahisəyə münasibətdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina olunması qanunsuz və əsassız sayılmalıdır.
31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan, şikayət təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 2-1(112)-640/2024 saylı qərarı ləğv edilməli, iddia tələbi təmin edilməli, İddiaçı 28 noyabr 2022-ci il tarixdən (qəbul edilmiş qərarın tarixindən) orqanizmin funksiyalarının pozulma dərəcəsi 65-80 % (faiz) olmaqla müddətsiz əlillik təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməlidir.
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 2-1(112)-640/2024 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı 28 noyabr 2022-ci il tarixdən orqanizmin funksiyalarının pozulma dərəcəsi 65- 80% (faiz) olmaqla müddətsiz əlillik təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Elvin Əliyev