Məhkəmə qərarları › İş №2-1(103)-1640/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1640/2023

05.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1640/2023 05.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10531/2022 nömrəli 21 noyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli 002640 nömrəli akt əsasında qəbul edilmiş 10 iyun 2022-ci il tarixli **********2353 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10531/2022 nömrəli 21 noyabr 2022-ci il tarixli qərarı ilə (hakim Miminat Hacıbəyova) iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli 002640 nömrəli akt əsasında qəbul edilmiş 10 iyun 2022-ci il tarixli **********2353 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” qərarı ləğv edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********3582 nömrəli qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Binəqədi rayonu, X18 2 saylı bina ilə üzbə-üz ünvanında yerləşən «Cirə» restoranında həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 7 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2022-ci il tarixli DVX seriyalı 002640 nömrəli "Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakti) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında" aktla rəsmiləşdirilmişdir. Tərtib edilmiş akt əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2022-ci il tarixli, **********2353 saylı qərar qəbul edilərək, vergi ödəyicisinə 16.000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və "Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə" Tələbnamə vergi ödəyicisinə göndərilmişdir. Həmçinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəssamlıq, aşpazlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətinə başlayanadək Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz əldə edilmədən 1 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə 2.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə qərarında qeyd edilir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərarı nəzərdən keçirərkən müəyyən etmişdir ki, həmin xx.xx.2022-ci il tarixli qərarda vergi orqanı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 50.2-ci maddəsinin tələbinə müvafiq olaraq yoxlamanın keçirilməsinin əsaslarını göstərməmişdir, həmin qərarda orqanı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarətinin keçirilməsi üçün göstərilən əsaslardan hansına görə (cavabdeh tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktların və ya cavabdeh tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdiyi məlumatların olması; həmçinin Vergi Məcəlləsinin 50.1-ci və 50.2-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmənin qeyd edilən dəlili ilə bağlı bildirilir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüququdur. Hazırki halda isə vergi orqanı öz hüququndan istifadə edərək operativ vergi nəzarətini həyata keçirmişdir Bundan əlavə, məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 41-ci maddəsinə əsasən vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman (foto və ya) video çəkilişdən istifadə olunur. Lakin vergi orqanının əməkdaşları pozuntu faktını foto ve ya video çəkilişlə qeydə almaq hüquqları olduğu halda bunu etməmişlər, məhkəmə iclaslarında da iddiaçının həmin şəxsləri həqiqətən əmək müqaviləsi bağlamadan işə cəlb etdiyini sübut edə bilməmişlər. Vergi Məcəlləsinin 41-ci maddəsinə əsasən vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. Bu Məcəllənin 41.1-ci maddəsi ilə müəyyən edilmiş foto və (və ya) video çəkilişin nəticələri vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə məhkəmə və ya inzibati icraat çərçivəsində istifadə edilir. Foto və (və ya) video çəkilişin nəticələri üçüncü şəxslərə yalnız vergi ödəyicisinin yazılı razılığı asasında açıqlana bilər. Qeyd edilənlərə əsasən, vergi nəzarəti tədbirləri zamanı video çəkilişlərin edilməsi vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış həyata keçirilən zaman tətbiq edilir. Belə ki, nə Vergi Məcəlləsində, nə də "Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi" Qaydalarında əmək müqaviləsi (kontrakti) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının ödənilməsi haqqında qəbz" əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı video çəkilişlərin həyata keçirilməsi nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə tərəfindən bildirilən bu dəlil də tamamilə əsassız və qanunsuz olmaqla, maddi hüquq normalarının yanlış şərh edilməsidir. Həmçinin bu dəlillə bir daha vergi orqanının üzərinə qanunvericilikdə nəzərdə tutulmayan vəzifənin qoyulmasına cəhd edilmişdir. Göstərilənlərə əsasən qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli **********3582 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı (VÖEN: **********) məxsus olan obyektdə (Bakı şəhəri, Binəqədi rayonu, X18 2 saylı bina ilə üzbə-üz yerləşən “Cirə” restoranı) nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi(ləri) üzrə xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022 tarixi daxil olmaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş «Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında» xx.xx.2022-ci il tarixli, DVX seriyalı 002640 saylı aktın və akta əlavə edilmiş siyahının təsdiq edilmiş surətlərindən görünür ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli **********3582 nömrəli qərarına əsasən həmin baş idarənin əməkdaşları tərəfindən İddiaçı məxsus olan obyektdə (Bakı şəhəri, Binəqədi rayonu, X18 2 saylı bina ilə üzbə-üz yerləşən “Cirə” restoranı) xx.xx.2022-ci il tarixdə operativ vergi nəzarəti həyata keçirilərkən 14 nəfər fiziki şəxsdən 7 nəfərin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə, 1 nəfəri Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyi aşkar edilmişdir və İddiaçı barəsində Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi üçün tədbirlərin görülməsi təklif olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********2353 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 7 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 14.000 manat məbləğində, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" əldə edilmədən 1 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. İşin faktiki hallarından görünür ki, cavabdeh tərəfindən qəbul edilmiş “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərar əsasında iddiaçıya məxsus obyektdə operativ vergi nəzarəti həyata keçirilən zaman iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi obyektdə 7 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyi, həmçinin 1 nəfər fiziki şəxsin "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilmiş, bu barədə akt tərtib edilmiş, həmin akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərara əsasən iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən müvafiq olaraq 14000 manat və 2000 manat, cəmi 16000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Hazırda iddiaçı həmin qərarın ləğv edilməsini tələb edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin əsaslandığı prinsiplərdən biri də əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi prinsipidir. 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 3-cü maddəsinin 5-1-ci hissəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 7-ci maddəsinin 2-3-cü hissəsinə əsasən aşağıdakı hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir: 2-3.1. müqavilənin məzmunu bu Məcəllənin 43-cü maddəsinin 2-ci hissəsinə, forması isə bu Məcəllənin 44-cü maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş formaya uyğun olduqda; 2-3.2. bu Məcəllənin 48-ci maddəsinə uyğun olaraq tərəflər arasında münasibətlərin rəsmiləşdirilməsi və müvafiq qeydlərin aparılması üçün əmək kitabçası təqdim edildikdə; 2-3.3. tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifəni tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma ilə bağlı yarandıqda; 2-3.4. tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda; 2-3.5. tərəflər arasında münasibətlər işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı yarandıqda; 2-3.6. yerinə yetirilməsi şərtlərinə görə iş (xidmət) müvəqqəti xarakterə malik olduğu halda müqavilənin müddətinin uzadılması bu Məcəllənin 73-cü maddəsinə uyğun tənzimləndikdə; 2-3.7. yerinə yetirilən işə (xidmətə) görə ödənilən haqqın tərkibi bu Məcəllənin 157-ci maddəsinin 3-cü hissəsində göstərilən aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olduqda; 2-3.8. müqavilədə bu Məcəllənin 10-cu, 77-ci, 112-ci, 179-cu və 186-cı maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi nəzərdə tutulduqda. 7-ci maddəsinin 2-4-cü hissəsinə əsasən bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır. 12-ci maddəsinin 1-ci hissəsinin «h» bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Göründüyü kimi, qanunvericilik əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol vermir. Əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə elektron sənəd, yəni əmək müqaviləsi bildirişi daxil edilir. Əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Elektron informasiya sistemində əmək müqaviləsinin qeydiyyatdan keçirilməsi isə işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüquqları vardır. 24.1.1-ci və 24.1.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi. 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Məhkəmə kollegiyası qeyd edir ki, elektron informasiya sisteminə müqavilənin daxil edilməməsi işəgötürənlə işçi arasında əmək münasibətlərinin əmək qanunvericiliyinə əsasən həyata keçirilmədiyini təsdiq edir və həmin işçinin gəlirinin gizlədilməsinə səbəb olur. Vergi Məcəlləsinin 50.1.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi operativ vergi nəzarəti tədbirinin keçirilmə əsaslarından biri kimi nəzərdə tutulmuşdur. Bu halın müəyyən edilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq maliyyə sanksiyasının tətbiqi üçün əsasdır. Mübahisələndirilən qərardan görünür ki, cavabdeh tərəfindən iddiaçı barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarın qəbul edilməsinin əsası odur ki, vergi ödəyicisi sahibkarlıq fəaliyyətini icra edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini pozmuş və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsləri işə cəlb etmişdir. Həqiqətən də, yuxarıda göstərildiyi kimi, əgər əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən cəlb olunmuş əməkdaşların əmək funksiyalarının yerinə yetirilməsi aşkar olunursa, bu zaman vergi ödəyicisinə təqvim ili ərzində belə hallara neçə dəfə yol verilməsindən asılı olaraq maliyyə sanksiyası tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı xx.xx.2022-ci il tarixli, DVX seriyalı 002640 saylı akta əlavə edilmiş siyahıda adları göstərilən 8 nəfərdən 4 nəfərin - X8, X9, X6, X3 izahatı alınmış, digər 4 nəfərin - X10, X17, X5, X2 isə izahatı alınmamışdır. Belə ki, X8 izahatında bildirmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, X18 2 saylı bina ilə üzbə-üz yerləşən “Cirə” restoranında İddiaçı tərəfindən ofisiant vəzifəsinə işə qəbul edilmişdir, onunla əmək müqaviləsi imzalanmamışdır, 300 manat əmək haqqı alır. Digər işçi X9 izahatında bildirmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, X18 2 saylı bina ilə üzbə-üz yerləşən “Cirə” restoranında İddiaçı tərəfindən salatçı vəzifəsinə işə qəbul edilmişdir, onunla əmək müqaviləsi imzalanmamışdır, 300 manat əmək haqqı alır. Digər işçi X6 izahatında bildirmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, X18 2 saylı bina ilə üzbə-üz yerləşən “Cirə” restoranında İddiaçı tərəfindən işə qəbul edilmişdir, onunla əmək müqaviləsi imzalanmamışdır, 300 manat əmək haqqı alır. Digər işçi X7 izahatında bildirmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, X18 2 saylı bina ilə üzbə-üz yerləşən “Cirə” restoranında İddiaçı tərəfindən ofisiant vəzifəsinə işə qəbul edilmişdir, onunla əmək müqaviləsi imzalanmamışdır, 300 manat əmək haqqı alır, vergi orqanında qeydiyyatdan keçmişdir, VÖEN almışdır, sabit qəbzi yoxdur. Göründüyü kimi, qeyd olunan 4 nəfər verdikləri izahatlarında iddiaçı tərəfindən işə qəbul edildiklərini, əmək haqqı aldıqlarını, lakin onlarla əmək müqaviləsinin bağlanılmadığını təsdiq etmişlər. Bu səbəbdən də iddia tələbi həmin hissədə əsassız hesab edilməlidir. Lakin digər 4 nəfərin isə cavabdeh orqanın əməkdaşları tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı operativ vergi nəzarətinin nəticəsi haqqında akt tərtib edilərkən şəxsiyyəti müəyyən edilməmiş, onların izahatı alınmamış, bu şəxslərə münasibətdə qeyd olunan halların mövcudluğuna dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavadehin təqdim etdiyi icraat materiallarına həmin şəxslərin yalnız elektron informasiya sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatları əlavə edilmişdir. Belə olan halda həmin şəxslərlə əlaqədar iddiaçının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi əsassızdır. Bu səbəbdən də iddia tələbi həmin hissədə əsaslı hesab edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını və işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Ona görə də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10531/2022 nömrəli 21 noyabr 2022-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia qismən təmin edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 10 iyun 2022-ci il tarixli **********2353 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qismən, yəni İddiaçı 8000 (səkkiz min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilməli, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10531/2022 nömrəli 21 noyabr 2022-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 10 iyun 2022-ci il tarixli **********2353 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qismən, yəni İddiaçı 8000 (səkkiz min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilsin. İddia digər hissədə təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar