Məhkəmə qərarları › İş №2-1(103)-1641/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1641/2020

13.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1641/2020 13.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı cavabdeh AR ƏMDX yanında DƏDRX-in 1 saylı Bakı ərazi idarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)- 881/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 886 saylı sərəncamına əsasən Pirallahı qəsəbəsi, 1 may küçəsindəki dayanacağın sökülüb təsdiq edilmiş layihə əsasında daşdan tikilməsi üçün İddiaçı ayrılmış torpaq sahəsinə planölçü verilməsi və orada inşa edilmiş qeyri-yaşayış obyektinə texniki pasport tərtib edilməsi, həmin torpağın və qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın və texniki pasportun tərtib edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-881/2020 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-881/2020 saylı qərarın ləğv edilməsi, idda tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tikilinin inşa edilməsinə, həmçinin, istismarına icazə verilməsinə dair sənədlər təqdim olunmayıb. Tikilidə rekonstruksiya işləri aparılıb. Layihədə göstərilməyən sahəsi 25 kv.m. olan əlavə zirzəmi inşa edilib. Əlavə üç ədəd qapı açılıb. Elektron baza məlumatlarına əsasən tikili pirallahı qəsəbəsində iki zolaqlı qəsəbə yolunun kənar xəttinə bitişik inşa olunub. Müvafiq torpaq sahəsi yolun 12,5 metrlik mühafizə zonasında yerləşir. Apellyasiya baxışı zamanı əvvəlki iclasda iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-881/2020 saylı qərarının ləğv olunması, iddianın təmin olunmamasına dair qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iş materiallarına uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-881/2020 saylı qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sənədlərin surətlərindən müəyyən edilmişdir ki, Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 886 nömrəli sərəncamına əsasən Pirallahı qəsəbəsi, 1 May küçəsindəki dayanacağın sökülüb təsdiq edilmiş layihə əsasında daşdan tikilməsi üçün İddiaçı torpaq sahəsi ayrılmışdır. Pirallahı qəsəbəsində avtobus dayanacağımağazanın layihəsinə əsasən həmin layihə Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi ilə razılaşdırılmışdır. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03q8/1396 nömrəli məktubuna əsasən İddiaçı çoxuşaqlı ana olmasını və maddi vəziyyətinin ağırlığını nəzərə alaraq köşklü dayanacağın təqdim edilmiş layihə əsasında daşdan tikilməsinə etiraz etməmişdir. Birinci instansiya məhkəməsi işin hallarına «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0, 12.1 və 15-ci maddələrini, tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddiaçının tələbi əsaslı olduğundan iddia təmin edilməli, Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 886 saylı sərəncamına əsasən Pirallahı qəsəbəsi, 1 May küçəsindəki dayanacağın sökülüb təsdiq edilmiş layihə əsasında daşdan tikilməsi üçün İddiaçı ayrılmış torpaq sahəsinə İddiaçı adına plan-ölçü verilməsi və orada inşa edilmiş qeyri-yaşayış obyektinə texniki pasport tərtib edilməsi, həmin torpağın və qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və texniki pasportun iddiaçının adına tərtib edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsinin 139-1.1.1-ci bəndinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçı, göstərilən qanunvericilik normalarının tələbləri baxımından hazırkı tələblə müraciət etmiş, cavabdeh orqan isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində müəyyən olunmuş əsaslar mövcud olmadan iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “İnzibati icraat haqqında” Qanunun 61.1-ci maddəsinə əsasən, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, iddiaçı icra hakimiyyətinin sərəncamı əsasında iddiaçıya ayrılmış torpaq sahəsində icra hakimiyyətinin sərəncamı ilə tikintisinə icazə verilmiş qeyri-yaşayış sahəsi inşa etmişdir, həmin tikilinin layihəsi də səlahiyyətli icra hakimiyyəti orqanı ilə razılaşdırılmışdır. Həmçinin qeyd olunmalıdır ki, apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eyni olduğundan və Məhkəmə kollegiyası həmin dəlillər üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşdığından, Kollegiya apellyasiya şikayətinin dəlilləri üzrə əlavə araşdırma aparılmasına zərurət görmür. Ona görə də şikayət təmin edilməməli, Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 886 saylı sərəncamına əsasən Pirallahı qəsəbəsi, 1 May küçəsindəki dayanacağın sökülüb təsdiq edilmiş layihə əsasında daşdan tikilməsi üçün İddiaçı ayrılmış torpaq sahəsinə İddiaçı adına plan-ölçü verilməsi və orada inşa edilmiş qeyri-yaşayış obyektinə texniki pasport tərtib edilməsi, həmin torpağın və qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və texniki pasportun iddiaçının adına tərtib edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-881/2020 saylıqərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Valeh Ağayev Hakimlər: Afaq Nuriyeva Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar