Məhkəmə qərarları › İş №2-1(103)-1641/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1641/2022

28.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1641/2022 28.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi-vəkili X9 və cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinə qarşı “şəhid statusunun verilməsi üçün arayışın verilməsinin həvalə olunması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4383/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 25-28 oktyabr 2022-ci il tarixlərdə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlu X7 şəhid hesab edilməsi üçün müvafiq arayışın ona verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, onun mərhum oğlu X11 2015-ci il tarixdə AR Daxili İşlər Nazirliyinin xətti ilə Türkiyə Respublikası Quru Qoşunları Ali Hərbi Məktəbinə təhsil almaq üçün göndərilmiş və 2019-cu ildə hərbi məktəbi bitirərək AR DİN Daxili Qoşunlarının N №-li hərbi hissəsində MTT bölüyünün avtomobil tağımının komandiri vəzifəsinə, 2020-ci ilin iyun ayında isə həmin hərbi hissədə Xüsusi Təyinatlı Dəstədə qrup komandiri vəzifəsinə təyin edilmişdir. O, Vətən Müharibəsinin ilk günündən son gününədək Xüsusi Təyinatlı Qüvvələrin tərkibində döyüşlərdə Cəbrayıl və Füzuli rayonlarının, Şuşa şəhərinin azad olunmasında fəal iştirak etmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə”, xx.xx.2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə”, xx.xx.2020-ci il tarixli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” və AR Müdafiə Nazirinin xx.xx.2020-ci il tarixli, 06218 t №li əmri ilə 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə təltif edilmişdir. Oğlu Şuşa uğrunda gedən döyüşlər vaxtı 2 dəfə kontuziya almış, komandirinin və xidmət yoldaşlarının həlak olmalarının şahidi olmuş, bütün bunlar isə onun psixikasının pozulmasına gətirib çıxartmışdır. xx.xx.2021-ci il tarixdə özünə qəsd nəticəsində vəfat etmişdir. Sumqayıt Hərbi Prokurorluğunun xx.xx.2021-ci il tarixli qərarı ilə oğlunun ölümü ilə əlaqədar başlanılmış cinayət işi rədd edilmişdir. Oğlunun ölümünə səbəb onun 2020-ci ilin 44 günlük “Vətən müharibəsində” aldığı kontuziyalar və psixoloji travmalar olmuşdur və həmçinin hesab edir ki, oğluna “şəhid” statusu və onun ailəsinə isə “şəhid ailəsi” statusu verilməlidir. Oğluna “şəhid” statusu və onun ailəsinə isə “şəhid ailəsi” statusu verilməsi üçün tələb olan müvafiq arayışın alınması üçün AR Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə müraciət etmişdir. Lakin müraciətinə xx.xx.2021-ci il tarixli məktubla imtina cavabı verilmişdir. İmtinanı əsassız və qanunsuz hesab edir. Cavabdeh inzibati orqan məhkəməyə təqdim etdiyi yazılı etirazında göstərmişdir ki, Daxili Qoşunların sabiq hərbi qulluqçusu, mərhum leytenant R.Nəbizadə xx.xx.2015-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. X16 müavini-daxili qoşunlar komandanının xx.xx.2019-cu il tarixli 108 №-li nizami hissə üzrə əmrilə Türkiyə Respublikası Milli Müdafiə Universitetinin Quru Qoşunlarının Ali Hərbi Məktəbini bitirmiş hesab edilərək “leytenant” hərbi rütbəsi verilməklə zabitlərin həqiqi hərbi xidmətinə qəbul olunaraq Daxili Qoşunların Baş İdarəsinin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilməklə 07 sentyabr 2019-cu il tarixdən X4 sərəncamında hesab edilmişdir; X16 müavini-daxili qoşunlar komandanının xx.xx.2019-cu il tarixli 152 №-li şəxsi heyət üzrə əmrilə X16 müavini-daxili qoşunlar komandanının sərəncamından azad edilərək N saylı hərbi hissənin təminat bölüyündə avtomobil taqımının komandiri vəzifəsinə təyin edilmişdir; X16 müavinidaxili qoşunlar komandanının xx.xx.2020-ci il tarixli 112 №-li əmri ilə N saylı hərbi hissənin təminat bölüyündə avtomobil taqımının komandiri vəzifəsindən azad edilərək N saylı hərbi hissənin xüsusi təyinatlı dəstəsinin 2-ci xüsusi həmlə qrupunun komandiri vəzifəsinə təyin edilmişdir; X16 müavini-daxili qoşunlar komandanının xx.xx.2020-ci il tarixli 09 №-li əmri ilə xx.xx.2020-ci il tarixdən etibarən xüsusi sərəncama qədər Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin komandanının sərəncamına getmiş hesab edilmişdir; N saylı hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 303 №-li əmri ilə xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində döyüş tapşırıqlarının yetirilməsi məqsədilə Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin komandanının sərəncamından hərbi hissəyə gəlmiş hesab edilmişdir; N saylı hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 308 №-li əmri ilə Daxili Qoşunların Hərbi Həkim Komissiyasına və 12576 saylı hərbi hospitala göndərilmişdir; N saylı hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 315 №-li əmri ilə 12 dekabr 2020-ci il tarixdən “COVİD 19” diaqnozu ilə Atletlər kəndinə stosionar müalicəyə göndərilmişdir; N saylı hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 326 №-li əmri ilə 25 dekabr 2020-ci il tarixdə 12576 saylı hərbi hospitaldan gəlmiş hesab edilmişdir; N saylı hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 326 №-li əmri ilə 25 dekabr 2020-ci il tarixdə növbəti məzuniyyətə getmiş hesab edilmişdir; N saylı hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 36 №-li əmri ilə 09 fevral 2021-ci il tarixdə növbəti məzuniyyətdən gəlmiş hesab edilmişdir;N saylı hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 63 №-li əmri ilə 12 mart 2021-ci il tarixdə 12576 saylı hərbi hospitaldan stasionar müalicədən gəlmiş hesab edilmişdir; N saylı hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 36 №-li əmri ilə 15 (on beş) gün müddətinə 12 mart 2021-ci il tarixdən 27 mart 2021-ci il tarixədək xəstəliyə görə məzuniyyətə getmiş hesab edilmişdir;N saylı hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 76 №-li əmri ilə 27 mart 2021-ci il tarixdə xəstəliyə görə məzuniyyətdən gəlmiş hesab edilmişdir; N saylı hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 76 №-li əmri ilə 27 mart 2021-ci il tarixdə 2021-ci il üçün növbəti məzuniyyətə getmiş hesab edilmişdir; N saylı hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 109 №-li əmri ilə 04 may 2021-ci il tarixdə Bakı şəhəri, Novxanı qəsəbəsində kirayə qaldığı mənzildə özünü asaraq vəfat etmiş hesab edilərək, növbəti məzuniyyəti dayandırılmışdır. Sabiq hərbi qulluqçu, mərhum X1nun Bakı şəhəri, Novxanı qəsəbəsində kirayə qaldığı mənzildə özünü öldürməsi faktı üzrə Sumqayıt Hərbi Prokurorluğunda təhqiqat aparılmış, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işinin başlanılması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Həmçinin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Abşeron Rayon Qeydiyyat şöbəsindən verilmiş “ölüm haqqında şəhadətnamə”də leytenant R.Nəbizadənin ölümünün səbəbi “asfiksiya” kimi göstərilmişdir (№ 194001, xx.xx.2021).N saylı hərbi hissədən təqdim edilmiş tibbi arayışdan məlum olur ki, mərhum X1 “Vətən Müharibəsi” başa çatdıqdan və hərbi hissəyə qayıtdıqdan sonra xx.xx.2020-ci il tarixdə hərbi hissənin tibb məntəqəsinə müraciət etmiş, onunla söhbət aparılarkən döyüş zamanı iki dəfə müxtəlif vaxtlarda partlayış travmasına məruz qalmış, özünün təkidi ilə müalicə üçün heç bir tibb müəssisəsinə müraciət etməmiş, bu səbəbdən partlayış travmasına düşməsi barədə heç bir sənəd (xəstəlik tarixi, tibbi arayış) təqdim edə bilməmişdir. Bütün növ həkim müayinələrindən keçirilməsi və hərbi xidmətə yararlılığının təyin olunması üçün xx.xx.2020-ci il tarixdə Daxili Qoşunların Hərbi-həkim komissiyasına göndərilmiş və ona “A”-hərbi xidmətə yararlı” diaqnozu qoyulmuşdur (Rəy № 2395. xx.xx.2020-ci il).N saylı hərbi hissədən təqdim edilmiş tibbi xasiyyətnamədən məlum olur ki, mərhum leytenant Rüfət Nəbizadə hərbi hissədə xidmət etdiyi müddət ərzində xx.xx.2020-ci il tarixdə Daxili Qoşunların Hərbi-həkim komissiyasına göndərilmiş və ona “A”-hərbi xidmətə yararlı” diaqnozu qoyulmuşdur (Rəy № 2395. xx.xx.2020-ci il). xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək “Stresslə əlaqədar ötüb-keçən psixotik pozuntu” diaqnozu ilə Daxili Qoşunların hospitalında stasionar müalicə almışdır (XT № 134/2021).“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının xx.xx.1993-cü il tarixli 697 nömrəli Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında xx.xx.1994-cü il tarixli 10 nömrəli Qərarının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilən şəxslər şəhid hesab edilirlər”. Sabiq hərbi qulluqçu, mərhum X1nun vəfat etməsi asfiksiya ilə nəticələnən intihar hadisəsi olduğundan yuxarıda qeyd olunan Qanun və Qərarın tələbləri ona şamil olunmur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4383/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: N.Abıyev) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, mərhum R.X13 qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin zabiti, mayor Gündüz Səfərlinin taborunda qrup komandiri olaraq şiddətli döyüşlərdə iştirak etmiş, Şuşanın azad olunması uğrunda gedən döyüşlər zamanı şəxsən özü 20-yə yaxın erməni döyüşçüsünü məhv etmişdir. Məhv etdiyi həmin erməni döyüşçülərindən ikisi polkovnik rütbəsində olmuşdur. Onlardan biri erməni polis qoşunlarının polkovniki Artyom Mirzoyan idi. Şuşa uğrunda gedən döyüşlər zamanı R.Nəbizadə 2 dəfə kontuziya almış, lakin Şuşanın azad olunması uğrunda ağır döyüşlər getdyindən, tibbi təxliyə olmadığından həkim müdaxiləsindən imtina edərək döyüşlərə davam etmişdir. Bundan başqa, o, öz komandirinin və döyüş yoldaşlarının şəhid olmalarının canlı şahidi olmuş və sonda bütün bu hadisələr onun psixologiyasının pozulmasına gətirib çıxarmışdır. xx.xx.2020-ci il tarixində Şuşanın azad olunması uğrunda gedən amansız döyüşlər zamanı Xüsusi Təyinatlı döyüş yoldaşı baş leytenant Xəyyam Əzizovun (ölümündən sonra Azərbaycan Bayrağı ordeni ilə təltif olunub) yanında mərmi partlaması nəticəsində sıradan çıxmış hər iki ayağını tibbi sanitar ilə birlikdə, döyüş gedə-gedə amputasiya edərək ilkin tibb yardım göstərmiş və onu çiyinlərində Şuşa qalasına qədər təxliyə etmişdir. Digər ağır yaralı olan Xüsusi Təyinatlı döyüş yoldaşını kürəyində daşımağa çalışsa da dostu ona yük olmasın deyə onunla vidalaşaraq, gözləri önündə öz tabel silahı ilə dərhal özünü güllələmişdir. xx.xx.2020-ci ildə Vətən Müharibəsindən geri döndükdən sonra bu kimi sarsıdıcı hadisələr nəticəsində səhhətində əmələ gəlmiş psixoloji pozuntular səbəbindən o, xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında "Stresslə əlaqədar ötüb keçən psixotik pozuntu" diaqnozu ilə, bir sıra özəl klinikalarda "Bipolyar pozğunluq" diaqnozu ilə, xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixinədək "Depressiv reaksiya" diaqnozu ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların hərbi hospitalında müalicə almışdır. xx.xx.2021-ci il tarixində Daxili Qoşunların hərbi hospitalından "Yüngül asteniya ilə nəticələnmiş stresslə əlaqədar ötüb keçən psixotik pozuntu" diaqnozu ilə ("Xəstəlik hərbi xidmət dövründə alınmışdir") buraxılmışdır. Müalicə dövründə R.Nəbiyev bir sıra psixotrop dərmanlar qəbul etsə də bu müalicə onun səhhətində heç bir müsbət dəyişikliklər yaratmamışdır. Şəhid olmuş döyüş yoldaşlarının yoxluğu, həmin şəxslərin onun gözləri önündə şəhid olması və onların bəzilərinə yardım edə bilməməsi R.Nəbizadədə günahkarlıq hissi yaradaraq onu dərin sarsıntılara məruz qoymuşdur. Müharibədən döndükdən sonra sanki ruhsuz bir bədən olaraq yaşayır və ailə üzvlərinə teztez "Ruhunun Şuşada, şəhid olmuş qardaşlarının yanında qaldığını" deyir, tezliklə onlara qovuşmaq istədiyini bildirirdi. Şuşa döyüşlərində aldığı kontuziyalar, həmçinin çiyin-çiyinə döyüşdüyü dostlarının və əsgərlərinin yoxluğu onun psixologiyasını tamamilə pozmuş və onu anlaqsız vəziyyətə gətirmişdir. Bunun nəticəsi olaraq o, xx.xx.2021-ci il tarixində, anlaqsız vəziyyətdə özünə qəsd edərək vəfat etmişdir. Qeyd etdiyi bu və digər faktlar deməyə əsas verir ki, F.Nəbizadənin 44 günlük "Vətən Müharibəsi"ndə aldığı kontuziyalar və psixoloji travmalarla onun ölümü arasında səbəbli əlaqə vardır. Əks halda onun özünə qəsd etməsi mümkün deyildir və bunun üçün başqa heç bir səbəb mövcud deyildir. İşdə mərhum R.Nəbizadənin psixologiyasının məhz 44 günlük Vətən Müharibəsi zamanı aldığı travmalar və keçirdiyi psixoloji sarsıntılar səbəbindən pozulduğunu və bununla əlaqədar olaraq uzun müddət stasionar qaydada müalicə aldığını təsdiq edən kifayət qədər sübutlar vardır. Həmin sübutlara məhkəmə də öz qərarında istinad etmişdir. Lakin məhkəmə öz qərarında həmin sübutları yalnız sadalamaqla kifayətlənmiş, onların heç birinə hüquqi qiymət verməmiş, qərarını iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırmamış, bununla da prosessual qanunvericiliyin yuxarıda qeyd etdiyi tələblərini kobud qaydada pozmuşdur. Bundan başqa, R.Nəbizadənin özünə qəsd etməsinin onun psixikasının pozulması səbəbindən baş verməsi faktı Sumqayıt Hərbi Prokurorluğunun xx.xx.2021-ci il tarixli qərarında da öz əksini tapmışdır. Belə ki, R.Nəbizadənin ölüm faktı üzrə Sumqayıt Hərbi Prokurorluğu tərəfindən cinayət işi açılmış və araşdırma zamanı baş vermiş hadisədə cinayət tərkibinin olmadığı müəyyən edildiyi üçün prokurorluğun xx.xx.2021-ci il tarixli qərarı ilə həmin cinayət işinə xitam verilmişdir. R.Nəbizadənin "Vətən Müharibəsi" zamanı aldığı kontuziyalar və psixoloji travmalar nəticəsində psixikasının pozulduğu və bu səbəbdən anlaqsız vəziyyətdə intihar etdiyi həmin qərarla da öz təsdiqini tapıb. Lakin Bakı inzibati Məhkəməsi hazırki mübahisə üzrə qərar verərkən Sumqayıt Hərbi Prokurorluğunun xx.xx.2021-ci il tarixli qərarını da nəzərə almamışdır. Apellyasiya baxışı zamanı İddiaçı və iddiaçının nümayəndəsi-vəkili X9 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X12 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş üzrə yeni qərar çıxarılmaqla iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materialında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X4 xx.xx.2019-cu il tarixli 108 nömrəli əmrindən çıxarışın surətindən müəyyən olunur ki, Türkiyə Respublikası Milli Müdafiə Universitetinin Quru Qoşunlarının Ali Hərbi Məktəbini bitirmiş X11, “leytenant” hərbi rütbəsi verilməklə zabitlərin həqiqi hərbi xidmətinə qəbul olunub, xx.xx.2019-cu ildən X16 müavini-X4 sərəncamında hesab edilmişdir. X21 Nazirliyinin xx.xx.2019-cu il tarixli Ə2767ş/h-001-19 nömrəli şəxsi heyət üzrə əmri. İş materialında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X4 xx.xx.2019-cu il tarixli 152 nömrəli əmrindən çıxarışın surətindən müəyyən olunur ki, X1, X16 müavini-X4 sərəncamından azad edilib, N saylı hərbi hissənin təminat bölüyündə avtomobil taqımının komandiri (HUİ № 190300) vəzifəsinə təyin edilmişdir. İş materialında olan 10673 saylı Hərbi Hissə Komandirinin 17 oktyabr 2019-cu il tarixli 251 nömrəli Əmrindən çıxarışın surətindən müəyyən olunur ki, Azərbaycaan Respublikası X16 müavini-X4 15 oktyabr 2019-cu il tarixli 152 nömrəli şəxsi heyət üzrə əmrinə əsasən təminat bölüyündə avtomobil taqımının komandiri vəzifəsinə təyin olunmuş X1 xx.xx.2019cu il tarixdən gəlmiş hesab edilmiş və vəzifəsinin icrasına başlamışdır. Əsas: Daxili Qoşunların Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 81 nömrəli göndəriş. İş materialında olan N saylı Hərbi Hissə Komandirinin 16 iyul 2020-ci il tarixli 176 nömrəli əmrindən çıxarışın surətindən müəyyən olunur ki, X11, təminat bölüyündə avtomobil taqımının komandiri vəzifəsindən azad edilib, xüsusi təyinatlı dəstədə 2-ci xüsusi həmlə qrupunun komandiri vəzifəsinə təyin olunmuşdur. İş materialında olan N saylı Hərbi Hissə Komandirinin 28 avqust 2020-ci il tarixli 213 nömrəli əmrindən çıxarışın surətindən müəyyən olunur ki, X16 müavini-Daxili Qoşunlar komandanının 27 avqust 2020-ci il tarixli 09 nömrəli əmrinə əsasən X1 28 avqust 2020-ci il tarixdən etibarən xüsusi sərəncama qədər Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin komandanının sərəncamına getmiş hesab edilmişdir. N saylı Hərbi Hissə Komandirinin 01 dekabr 2020-ci il tarixli 303 nömrəli əmrindən çıxarışın surətindən müəyyən olunur ki, Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələr komandanının sərəncamına göndərilmiş, X11 01 dekabr 2020-ci il tarixdən hərbi hissəyə gəlmiş hesab edilmişdir. İş materialında olan N saylı Hərbi Hissə Komandirinin 06 dekabr 2020-ci il tarixli 308 nömrəli əmrindən çıxarışın surətindən müəyyən olunur ki, Xüsusi təyinatlı dəstədə 2-ci xüsusi həmlə qrupunun komandiri X1 06 dekabr 2020-ci il tarixdən 12576 saylı hərbi hospitala, Bakı şəhərinə göndərilmişdir. Əsas tibb xidməti kapitanı Z.Mənsimovun xx.xx.2020-ci il tarixli 6651 nömrəli raportu və 06.2020-ci tarixli 19 nömrəli göndəriş. İş materialında olan N saylı Hərbi Hissə Komandirinin 13 dekabr 2020-ci il tarixli 315 nömrəli əmrindən çıxarışın surətindən müəyyən olunur ki, 06 dekabr 2020-ci il tarixdən Daxili Qoşunların Hərbi Həkim komssiyasına göndərilmiş xüsusi təyinatlı dəstədə 2-ci xüsusi həmlə qrupunun komandiri X1, 12 dekabr 2020-ci il tarixdən “COVİD-192 diaqnozu ilə Atletlər kəndində müalicəyə göndərilmişdir. Əsas: tibb xidməti kapitanı Z.Məsiimovuun 13 dekabr 2020-ci il tarixli 6795 nömrəli raportu. İş materialında olan N saylı Hərbi Hissə Komandirinin 25 dekabr 2020-ci il tarixli 326 nömrəli əmrindən çıxarışın surətindən müəyyən olunur ki, Xüsusi təyinatlı dəstədə 2-ci xüsusi həmlə qrupunun komandiri X1, 25 dekabr 2020-ci il tarixdə 12576 saylı hərbi hospitaldan, Bakı şəhərində Daxili Qoşunların Hərbi Həkim Komissiyasından keçmişdir. İş materialında olan N saylı Hərbi Hissə Komandirinin 25 dekabr 2020-ci il tarixli 326 nömrəli əmrindən çıxarışın surətindən müəyyən olunur ki, Xüsusi təyinatlı dəstədə 2-ci xüsusi həmlə qrupunun komandiri X1, 46 (qırx altı) gün müddətinə, 25 dekabr 2020-ci il tarixdən 09 fevral 2021-ci il tarixədək 2020-ci il üçün növbəti məzuniyyətə göndərilmişdir. İş materialında olan N saylı Hərbi Hissə Komandirinin 09 fevral 2021-ci il tarixli 36 nömrəli əmrindən çıxarışdan müəyyən olunur ki, Xüsusi təyinatlı dəstədə 2-ci xüsusi həmlə qrupunun komandiri X1, 09 fevral 2021-ci il tarixdə, 2020-ci il üçün növbəti məzuniyyətə çıxmışdır. İş materialında olan N saylı Hərbi Hissə Komandirinin 09 fevral 2021-ci il tarixli 36 nömrəli əmrindən çıxarışdan müəyyən olunur ki, Xüsusi təyinatlı dəstədə 2-ci xüsusi həmlə qrupunun komandiri X1, 09 fevral 2021-ci il tarixdən, 12576 saylı hərbi hospitala stasioar müalicəyə buraxılmışdır. İş materialında olan N saylı Hərbi Hissə Komandirinin 12 mart 2021-ci il tarixli 63 nömrəli əmrindən çıxarışdan müəyyən olunur ki, Xüsusi təyinatlı dəstədə 2-ci xüsusi həmlə qrupunun komandiri X1, 12 mart 2021-ci il tarixdə, 12576 saylı hərbi hospitaldan stasionar müalicədən buraxılmışdır. İş materialında olan N saylı Hərbi Hissə Komandirinin 12 mart 2021-ci il tarixli 63 nömrəli əmrindən çıxarışdan müəyyən olunur ki, Xüsusi təyinatlı dəstədə 2-ci xüsusi həmlə qrupunun komandiri X1, 12 mart 2021-ci il tarixdən, 27 mart 2021-ci il tarixədək xəstəliyə görə məzuniyyətə buraxılmışdır. İş materialında olan N saylı Hərbi Hissə Komandirinin 27 mart 2021-ci il tarixli 76 nömrəli əmrindən çıxarışdan müəyyən olunur ki, Xüsusi təyinatlı dəstədə 2-ci xüsusi həmlə qrupunun komandiri X1, 27 mart 2021-ci il tarixdə xəstəliyə görə məzuniyyətdən qayıtmışdır. İş materialında olan N saylı Hərbi Hissə Komandirinin 27 mart 2021-ci il tarixli 76 nömrəli əmrindən çıxarışdan müəyyən olunur ki, Xüsusi təyinatlı dəstədə 2-ci xüsusi həmlə qrupunun komandiri X1, 27 mart 2021-ci il tarixdən, 12 may 2021-ci il tarixədək 2021-ci il üçün növbəti məzuniyyətə göndərilmişdir. İş materialında olan N saylı Hərbi Hissə Komandirinin 05 may 2021-ci il tarixli 109 nömrəli əmrindən çıxarışdan müəyyən olunur ki, Xüsusi təyinatlı dəstədə 2-ci xüsusi həmlə qrupunun komandiri X1nun 04 may 2021-ci il tarixdə Bakı şəhəri Novxanı qəsəbəsində kirayə yaşadığı mənzildə özünü asaraq vəfat etmiş hesab edilməsi, növbəti məzuniyyətinin dayandırılması əmr edilmişdir. İş materialında olan N saylı hərbi hissə DQ Tibb Məntəqəsi tərəfindən verilmiş 05 yanvar 2022-ci il tarixli Tibbi Xasiyyətnamədə qeyd olunmuşdur ki, X1 hərbi hissədə xidmət etdiyi müddət ərzində xx.xx.2020-ci il tarixdə Daxili Qoşunların Hərbi-həkim komissiyasına göndərilmiş və ona “A” hərbi xidmətə yararlı” diaqnozu qoyulmuşdur. (Rəy № 2395, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək “Stresslə əlaqədar ötüb-keçən psixotik pozuntu” diaqnozu ilə Daxili Qoşunların hospitalında stasionar müalicə almışdır (XTN 134/2021). İş materialında olan N saylı hərbi hissə DQ Tibb Məntəqəsi tərəfindən verilmiş 05 yanvar 2022-ci il tarixli Tibbi Xasiyətnamədə qeyd olunmuşdur ki, X1 hərbi hissədə xidmət etdiyi müddət ərzində xx.xx.2020-ci il tarixdə Daxili Qoşunların Hərbi-həkim komissiyasına göndərilmiş və ona “A” hərbi xidmətə yararlı” diaqnozu qoyulmuşdur. (Rəy № 2395, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək “Stresslə əlaqədar ötüb-keçən psixotik pozuntu” diaqnozu ilə Daxili Qoşunların hospitalında stasionar müalicə almışdır (XTN 134/2021). İş materialında olan N saylı hərbi hissə DQ Tibb Məntəqəsi tərəfindən verilmiş 05 yanvar 2022-ci il tarixli Tibbi Arayışda qeyd olunmuşdur ki, X1 vətən müharibəsi başa çatıqdan və hərbi hissəyə qayıtdıqdan sonra xx.xx.2021-ci il tarixdə hərbi hissənin tibb məntəqəsinə müraciət etmişdir. Onunla aparılan söhbət zamanı o, bildirmişdir ki, döyüş zamanı iki dəfə müxtəlif vaxtlarda partlayış travmasına məruz qalmışdır. Lakin özünün təkidi ilə müalicə üçün heç bir tibb müəssisəsinə müraciət etməmişdir. Bu səbəbdən partlayış travmasına düşməsi barədə heç bir sənəd (xəstəlik tarixi, tibbi arayış) təqdim edə bilməmişdir. Bütün növ həkimlərin müayinəsindən keçirilməsi və hərbi xidmətə yararlılığının təyin olunması üçün X1 xx.xx.2020-ci il tarixdə Daxili Qoşunların Hərbi-Həkim komissiyasına göndərilmiş və ona “A”-hərbi xidmətə yararlı” diaqnozu qoyulmuşdur (Rəy №2395. xx.xx.2020). İş materialında olan Azərbaycan Respublikası Medalının İ-1544 №-li, İ-1603 İ-1544 №-li, İ-728 İ-1544 №-li vəsiqələrinin notarial qaydada təsdiq olunmuş surətlərindən müəyyən olunur ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 dekabr 2358 nömrəli sərəncamı ilə X10 “Cəbrayılın azad olunmasına görə”, 2020-ci il 25 dekabr 2362 nömrəli sərəncamı ilə “Füzulinin azad olunmasına görə”, 2020-ci il 29 dekabr tarixli 2370 nömrəli sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. 28 dekabr 2020-ci il tarixli vəsiqənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 0218t №-li 28 dekabr 2020-ci il tarixli əmri ilə “Hərbi xidmətdə fərqləməyə görə” 3-cü dərəcəli Medalı ilə təltif olunmuşdur. İş materialında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 18 iyun 2021ci il tarixli AZ-İİ seriyalı 194001 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X11 xx.xx.2021-ci il tarixdə “Asfikasiya” səbəbindən ölmüşür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021-ci ilin 06 ayının 17-ci günündə 838 nömrə ilə qeyd edilmişdir. İş materialında olan Sumqayıt Hərbi prokurorluğu tərəfindən qəbul olunmuş 17 sentyabr 2021-ci il tarixli cinayət işinin rədd edilməsi haqqında qərarın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası CPM-nin 41 və 212-ci maddələrinin tələblərinə əsasən Daxili Qoşunların N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu-X1nun özünü öldürməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. İddiaçı hazırki tələblə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmiş, onun müraciətinə cavab olaraq verilmiş xx.xx.2021-ci il tarixli 014-712N- 3221 saylı məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının" təsdiq olunması haqqında xx.xx.1994-cü il tarixli 10 nömrəli Qərarının tələblərini nəzərə alaraq, mərhum övladının X7 şəhid hesab edilməsi ilə əlaqədar Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsindən müvafiq arayışın verilməsi mümkün deyildir. İşdən görünür ki, iddiaçı oğlu X7 şəhid hesab edilməsi üçün müvafiq arayışın ona verilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, işin araşdırılan halları ilə iddiaçının mərhum oğlu X7 döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olması iş materialları ilə təsdiq olunmur. Belə iş materiallarından da göründüyü kimi, X7 vəfat etməsi asfiksiya ilə nəticələnən intihar hadisəsi olduğundan “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarın tələbləri ona şamil oluna bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin üçüncü hissəsinə müvafiq olaraq ehtiyatda xidmət – toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlər haqqında” 03 sentyabr 1993-cü il tarixli Qanunun 1-ci maddəsinə görə şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarının 1.2.6-cı yarımbəndinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Bu Qərarın 4.1-ci bəndinə əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Göstərilən normativ-hüquqi aktların mənası onu təsbit edir ki, şəxsin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında birbaşa səbəbli əlaqə olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan maddi hüquq normalarındakı “həlak olma” anlayışının düzgün təfsir edilməsi üçün həmin anlayışa qanunun aliliyinin əsas elementlərindən biri olan hüquqi müəyyənlik pirinsipi baxımından yanaşılmalıdır. Hüquqi müəyyənlik prinsipi isə digər kriteriyalarla yanaşı ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Yəni, şəxsin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olması və ya onun həmin döyüşlərdə aldığı yaralardan sonradan vəfat etməsi hüquqi müəyyənlik prinsipi baxımından məzmunca eyni anlayışdır və mübahisəli hüquq münasibətlərinə eyni qaydada tətbiq olunmalıdır. İş materialında olan xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Daxili Qoşunların N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu-X1nun özünü öldürməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə cinayət işinin başlanması CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Qeyd olunan qərarla aşağıdakılar müəyyən olunmuşdur: - Daxili Qoşunların Hərbi-Həkim komissiyasından daxil olmuş 12 mart 2021-ci il tarixli 80 nömrəli arayışdan görünür ki, mərhum X8 “Hərbi xidmət dövründə alınmış yüngül asteniya ilə nəticələnmiş stresslə əlaqədar ötüb keçən psixotik pozuntu diaqnozlu xəstəliyi aşkar edilmiş, hərbi xidmətə müvəqqəti yararsızdır və 15 gün müddətinə məzuniyyət verilməlidir. - Daxili Qoşunlardan daxil olmuş epikrizdən görünür ki, mərhum X8 “Yüngül asteniya ilə nəticələnmiş stresslə əlaqədar ötüb-keçən psixotik pozuntu” diaqnozlu xəstəliyi aşkar olunmuşdur. - Materiala əlavə edilmiş reseptlərdən görünür ki, həkim-psixiatr, tibb üzrə fəlsəfi doktoru ikram Rüstəmov tərəfindən X10 23 dekabr 2020-ci il, 14 yanvar 2021-ci il, 08 fevral 2021-ci il və 03 may 2021-ci il tarixlərdə müxtəlif adlarda dərmanlar təyin olunmuşdur. - “Nefes" Psixonevroloji Sağlamlıq Mərkəzindən verilmiş 09 fevral 2021-ci il tarixli 142 nömrəli arayışdan görünür ki, mərhum X10 “Bipolyar pozuntu psixotik xüsusiyyətlər düşünülmüşdür" diaqnozu qoyulmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzindən daxil olmuş 02 iyun 2021-ci il tarixli arayışından görünür ki, X1 qeyd olunan mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasından daxil olmuş 29 may 2021-ci il tarixli 4827 nömrəli arayışından görünür ki, X1 08 dekabr 2020-ci il tarixdən 12 dekabr 2020-ci il tarixədək həmin xəstəxanada psixiatrik müayinədə olmuşdur. - N nömrəli hərbi hissə tərəfindən verilmiş xasiyyətnamə ilə X1 müsbət tərəfdən xarakterizə olunmuşdur. - Beləliklə də, toplanmış materiallarla sübuta yetirilir ki, X1na qarşı digər şəxslər, həmçinin hərbi qulluqçular tərəfindən amansız rəftar edilməsi, ləyaqətini alçaldılması, habelə hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə həddinə çatdırması hallarına yol verilməmişdir. O, keçirdiyi nevrotik reaksiyanın təsiri altında özünü öldürmüş, onun intihar etməsi faktında cinayət hadisəsi olmamışdır. Məhkəmə kollegiyası tərəfindən iddiaçının mərhum oğlu X7 xx.xx.2021-ci il tarixində özünə qəsd etməsi 44 günlük "Vətən Müharibəsi"ndə aldığı kontuziyalar və psixoloji travmalarla onun ölümü arasında səbəbli əlaqənin olub-olmamasını müəyyən etmək üçün iş üzrə məhkəmə kompleks psixoloji və psixiatrik ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X3 mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X20 tərəfindən verilmiş “Ölümündən sonrakı kompleks məhkəmə psixiatrik və psixoloji ekspertizasının” xx.xx.2022-ci il tarixli 1825 saylı rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 11/255 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2021-ci il tarixdə özünü öldürmüş iddiaçının mərhum oğlu X8 iş materiallarına təqdim edilmiş Azərbaycan Respublikası DİN DQ-nin xx.xx.2021-ci il tarixli 134/2021 nömrəli xəstəlik tarixinin çıxarış epikrizində “Stresslə əlaqədar ötüb-keçən psixotik pozuntu” diaqnozu qeyd edilmişdir. DİN DQ-nin xx.xx.2021-ci il tarixli arayışına əsasən mərhum R.A.Nəbizadədə yaranmış psixotik pozuntunun onun keçirdiyi stresslə əlaqədar yarandığı və həmin xəstəliyin hərbi xidmət dövründə yarandığı göstərilmişdi. İş materiallarına təqdim edilmiş Azərbaycan Respublikası DİN DQ Hospitalının xx.xx.2021-ci il tarixli 134/2021 nömrəli arayışına əsasən mərhum X8 hərbi xidmət dövründə yaranmış “Stresslə əlaqədar ötüb-keçən psixotik pozuntu" keçirməsi nəticəsində onda yaranan psixi pozuntular onun davranışı müəyyən edə və onun intihar etməsi ilə şərtlənə bilərdi. X7 “Vətən Müharibəsində” döyüş əməliyyatlarını yerinə yetirərkən və xidməti vəzifələrinin icrası zamanı döyüş yoldaşlarının gözünün önündə ağır yaralanması, şəhid olması onda psixoloji travma yaratmış, ölümündən əvvəlki dövrdə onun psixikasında neqativ dəyişikliklər əmələ gəlmişdir. X2 psixikasında baş verən neqativ dəyişikliklər onun ölümündən əvvəlki dövrdəki davranış aktlarında təzahür etmişdir. Məhkəmə araşdırması ilə müəyyən olunur ki, iddiaçının mərhum oğluna qarşı digər şəxslər, həmçinin hərbi qulluqçular tərəfindən amansız rəftar edilməsi, ləyaqətini alçaldılması, habelə hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə həddinə çatdırması hallarına yol verilməmiş, onun özünü öldürməsi arasında əlaqə məhz 44 günlük "Vətən Müharibəsi"ndə döyüş əməliyyatlarını yerinə yetirərkən xidməti vəzifələrinin icrası zamanı aldığı kontuziyalar və onun psixikasında baş vermiş neqativ dəyişikliklər səbəb olmuşdur. Beləliklə, məhkəmə kollegiyası işin hallarını, təqdim olunmuş tibbi sənədləri, eləcədə yuxarıda qeyd olunan kompleks psixoloji və psixiatrik ekspertizası rəylərinin nəticələrini nəzərə alaraq hesab edir ki, iddiaçının mərhum oğlunun özünü öldürməsinə “Vətən Müharibəsində” döyüş əməliyyatlarını yerinə yetirərkən və xidməti vəzifələrinin icrası ilə bağlı səbəbli əlaqə olduğundan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarının 1.2.6-cı yarımbəndinə əsasən şəhid hesab edilməsinə əsas verir. Lakin cavabdeh göstərilənləri nəzərə almayaraq X7 şəhid hesab edilməsi üçün müvafiq arayışın verilməsi barədə iddiaçının tələbini təmin etməkdən əsassız olaraq imtina etmişdir. Göründüyü kimi, apellyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iş materialları ilə kifayətlənərək natamam araşdırma aparmış, xidməti vəzifəsinə görə əlavə zəruri olan araşdırmanı aparmamış, qərar qəbul edərkən isə maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmədiyi üçün iddiaçı apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallar düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş üzrə yeni qərar qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 11/255 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manatdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat məbləğində ekspertiza xərci cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4383/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin, iş üzrə yeni qərar çıxarılsın. İddia tələbi təmin edilsin. İddiaçı mərhum oğlu X7 şəhid hesab edilməsi üçün müvafiq arayışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinə həvalə edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsindən tutularaq AZ.MEM, VÖEN **********, X5, KOD 210005 VÖEN********** müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar