Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1641/2023 26.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-1641/2023 (Açar sözlər: “bag ahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi ”) Bakı şəhəri 26 sentyabr 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X4 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4596/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 26 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Binəqədi rayon Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli arayışında göstərilmişdir ki, İddiaçı məxsus olan Bakı şəhəri Binəqədi rayonu,Göradil qəsəbəsində yerləşən 1200 kv.metr-dən ibarət 269L N-li bağ sahəsi üzrə YVÖK:10011VMH269L verilmişdir. Həmin torpaq sahəsi üzrə xx.xx.2021-ci il tarixinədək yaranmış torpaq vergi borcunu Binəqədi rayon Bələdiyyəsinin büdcəsinə tam ödəmişdir və bağ sahəsi onun istifadəsindədir.
2. Binəqədi bələdiyyəsi tərəfindən verilmiş şəhadətnamədən görünür ki, 10011VMH269L eyniləşdirmə kodu ilə iddiaçı yerli büdcənin vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmışdır.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2010-cu il tarixli imtina məktubu ilə iddiaçıya bildirilmişdir k, “Binəqədi rayonu, Göradil qəsəbəsində yerləşən 269L saylı bağ sahəsinə dair müvafiq cizginin alınması ilə əlaqədar İdarəyə təqdim etdiyiniz xx.xx.2010-cu il tarixli 2554 saylı ərizənizə tərəfimizdən baxılmışdır. Nəzərinizə çatdırırıq ki, İdarənin mütəxəssisləri tərəfindən yuxarıda qeyd olunan bağ sahəsinə texniki baxış keçirilmiş və müəyyən edilmişdir ki, 269L saylı bağ sahəsi bağların bölgüsünə dair sxematik planda öz əksini tapmayıb və sözügedən bağ sahəsinin arxiv cizgiləri arxiv materiallarında yoxdur. Bu səbəbdən ərizənizin icrası mümkün olmamışdır.”
4. X1 və İstismarı Birliyinin verdiyi 65 nömrəli orderə əsasən Bakı şəhər İcraiyyə Komitəsinin 06 iyun 1992-ci il tarixli, 898 saylı qərarına əsasən iddiaçıya Goradil bağlar sahəsindəki 89 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 269 “л” nömrəli bağ sahəsi ayrılmışdır.
5. X9 ilə Azərbaycan Respublikası Bakı şəhər icra Hakimiyyəti Başçısının Aparatının X1 və İstismarı Birliyi arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 34372 nömrəli müqavilənin surətindən görünür ki, Binəqədi rayon Goradil bağlar sahəsindəki 0,12 hektar torpaq sahəsi olan 269L nömrəli bağ sahəsi istifadəsinə verilmişdir.
6. Bağlar Təsərrüfatı İdarəsinin verdiyi 145 nömrəli orderə əsasən Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 1609 №-li qərarına əsasən X7 Goradil bağlar sahəsindəki 89 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 269L nömrəli bağ sahəsi ayrılmışdır.
7. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 898 saylı sərəncamına əsasən Binəqədi rayon Goradil bağlar sahəsindəki 89 nömrəli BTK nəzdində bağ sahəsi iddiaçıya ayrılmışdır.
8. xx.xx.1989-cu il tarixli Goradil bağlar sahəsindəki 89 nömrəli BTK-nın üzvlərinin siyahısından görünür ki, iddiaçının adı siyahıda öz əksini tapmamışdır.
9. “X11 və Ekspertiza Mərkəzi” MMC tərəfindən 139 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu ilə verilmiş mütəxəssis rəyinə əsasən Bakı şəhəri Sabunçu rayonu, Goradil bağlar sahəsində yaradılmış 89 nömrəli BTK nəzdində 65 nömrəli order ilə iddiaçının istifadəsinə verilmiş 0,12 ha torpaq sahəsi olan 269 “L” nömrəli bağ sahəsi bağların bölgüsünə dair sxematik planda aşkar olunmadığı üçün məktubda qoyulmuş sualla bağlı araşdırma aparmaq mümkün olmadı.
10. Goradil bağlar sahəsinin bağların bölgüsünə dair sxematik planından görünür ki, 269 “L” nömrəli bağ sahəsi bağların bölgüsünə dair sxematik planında yoxdur.
11. Apellyasiya baxışı zamanı Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir:Göstərilən bağ sahəsi hasar daxilindədir, darvazası yoxdur, sahədə tikili yoxdur, bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmayıb, faktiki sahəsi 1192,0 kv.m. təşkil edir, qonşu özəl bağ nömrəsi 321”o”, 269 “M”, göstərilən sahənin koordinatları əlavə olundu.
12. Apellyasiya baxışı zamanı məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhər icra Hakimiyyəti Başçısının Aparatının 14 iyul 2023-cü il tarixli, 3-52/2-3607/2023 saylı məktubunda bildirmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 1609 №-li qərarına əsasən X7 bağ sahəsinin ayrılması aşkar edilməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli 898 nömrəli qərarına əsasən Goradil bağlar sahəsində yaradılmış 89 nömrəli BTK nəzdində 65 nömrəli order ilə iddiaçının istifadəsinə verilmiş 0,12 hektar torpaq sahəsi olan 269L nömrəli bağ sahəsi üzərində sahiblik hüququnun təsdiq edən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək X2 və X6 bağlar sahəsindəki 89 nömrəli kooperativinin 65 nömrəli orderi ilə istifadəsinə verilmiş 0,12 hektar torpaq sahəsi olan 269 “л” nömrəli bag sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.
15. Məhkəmənin qərardadı ilə X10 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
16. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli 898 nömrəli qərarına əsasən Goradil bağlar sahəsində yaradılmış 89 nömrəli BTK nəzdində 65 nömrəli order ilə 0,12 hektar torpaq sahəsi olan 269L nömrəli bağ sahəsi ayrılaraq iddiaçının sərəncamına verilmişdir. Tərəfindən iddiaçıya göstərilmiş sahə həmin dövrdə 10 daş hündürlükdə hasara alınmış və halhazıradək istifadəsindədir. İddiaçının xx.xx.2010-cu il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi yaninda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 2554 sayla qeydiyyata alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın verilməsi üzrə müraciətinə "bağların bölgüsünə dair sxematik planda öz əksini tapmamışdır və sözügedən bağ sahəsinin arxiv cizgiləri arxiv materiallarında yoxdur" səbəbi ilə xx.xx.2010-cu il tarixli 04/29894 saylı məktubla imtina edildiyi bildirilmişdir. Lakin bağ sahəsinin bağların bölgüsünə dair sxematik planda öz əksini tapmaması və arxiv cizgilərinin arxiv materiallarında saxlanılmaması iddiaçının hüquq və vəzifələrinə aid deyil. Bağ sahəsi iddiaçının adına Bakı şəhəri Binəqədi rayon Binəqədi bələdiyyəsində müvafiq qaydada "Yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnaməyə (YVÖK 10011VMH269L)" ilə qeydiyyata alınaraq 2000-ci ildən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə müvafiq torpaq vergisi borcunu tam ödəmişdir. Həmin sahənin iddiaçının istifadəsində olması və vergi borcunun tam ödənilməsi barədə Bakı şəhəri Binəqədi rayon Binəqədi bələdiyyəsinin xx.xx.2021-ci il tarixli BRB/840 saylı arayışı ilə bir daha təsdiq olunmuşdur. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır.
17. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin əsaslarında saxlanılmış məktub daxil olma tarixindən 5 ildən artıq vaxt keçdiyi və saxlanma müddəti başa çatdığı üçün qanunvericiliyin tələblərinə uyğun olaraq məhv edilmişdir. Bu səbəbdən iddiaçının müraciətini araşdırmaq mümkün olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibatiakt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 və 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin mümkün sayılmamasını xahiş edilmişdir.
18. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4596/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbinin rədd edilməsi qərara alınmışdır.
19. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, hazırki işdə eyni bag sahəsinə qüvvədə olan iki bərabər hüquqlu hüquqmüəyyənedici sənəd olduğu üçün iddiaçının iddia tələbinin təmin edilməsi və icra edilməsi mümkün deyil. Belə ki, həmin sənəd üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçüncü şəxsin hüquqlarının məhdudlaşdırılmasına və gələcəkdə onun hüquqlarının pozulmasına səbəb ola bilər. Çünki həmin sərəncam səlahiyyətli dövlət orqanı tərəfindən verilmişdir və hal-hazıradək qüvvədədir. Həmin sərəncamın ləğv edilməsi və ya dəyişdirilməsi barədə, yəni onun qüvvədə olmasını şübhə altına alan hər hansı sübut yoxdur. Daşınmaz əmlakın dövlət qeydiyyatın nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir. Odur ki, iddiaçı ona order əsasında ayrılmış bağ sahəsinin nömrəsindəki uyğunsuzluğu aradan qaldırdıqdan, yaxud da üçüncü şəxsin hüquqmüəyyənedici sənədlərini mübahisələndirdikdən sonra yeni əsaslı tələblə məhkəməyə müraciət edə bilər.
20. Birinci instansiya məhkəməsi «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci, 2.2-ci, 8.0.8-ci, 12.1-ci maddəsinə, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndinə istinad etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
21. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4596/2022 saylı, xx.xx.2022-ci il qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
a) Apellyasiya şikayətinin dəlilləri
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz təqdim edərək, etirazı onunla əsaslandırmışdır ki, sənədlərlə və vətəndaşların müracitləri ilə şöbəsinin əsasında saxlanılmış məktub daxil olma müddətindən 5 ildən artıq vaxt keçdiyi və saxlanma müddəti başa çatdığı üçün qanunvericiiyin tələbinə uyğun olaraq məhv edilmiş və bu əsaslada iddiaçının müraciətini araşdırmaq mümkün olmamışdır. Məhkəmə cavabdehin imtinasını əsassız hesab etsə də iddia tələbini təmin etməməklə onun mülkiyyət hüququnu pozmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23 və 3.0.29cu bəndlərinə əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifələrinə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli, 171 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na, “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən, mərzçəkmə işləri kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən, torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda; torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə mərzçəkmə işləri aparılır. İstifadəsindəki bağın yerləşdiyi torpağın mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasında müəyyən etmək cavabdehin vəzifəsidir.İddiaçı cavabdeh Daşınmaz Əmlakı Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcrayyə Komitəsinin xx.xx.1992-ci il tarxli 898 nömrəli qərarına əsasən Goradil bağlar sahəsində yaradılmış 89 №-li BTK nəzdində 65 nömrəli order ilə iddiaçının istifadəsinə verilmuş 0.12 ha torpaq sahəsi olan 269L nömrəli bağ sahəsinin sxematik xəritəyə yerləşdiyi yer üzrə uyğunlaşdırılmaqla plan və ölçünün, eləcə də həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsini istəmiş və cavabdeh bu məsələnin həllində kömək edmədiyi üçün məhkəməyə bununla bağı müraciət ünvanlanmışdır. Məhkəmə iddiaçının heç bir əsas irəli sürmədən iddiasını rədd etməklə Konstitusiyon hüququnu və mülkiyyət hüququnu pozmuşdur b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
c) Prosses iştirakçılarının izahatları
24. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir.Əlavə olaraq verilən suallara cavabında bildirmişdir ki, iddia olunan torpaq sahəsi 3-cü şəxslərin torpaq sahələri ilə üst-üstə düşmür, yəni eyni torpaq sahəsi deyil, lakin sxematik xəritədə mövcud deyildir.
Tətbiq edilən hüquq
26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış hesab olunur. 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir.
27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir.
28. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin:
68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir.
29. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
30. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
31. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu:
13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
32. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
33. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
34. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35.Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. 36.İddia tələbinin mahiyyəti və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası aşağıdakıları qeyd edir: 37.İşin sadalanan faktiki hallarından müəyyən olunur ki, Bakı şəhər İcra hakimiyyəti başçısının (orderdə Bakı şəhər İcraiyyə Komitəsinin 06 iyun 1992-ci il tarixli, 898 saylı qərarı yazılmışdır) 06 iyun 1992-ci il tarixli, 898 saylı sərəncamına əsasən X1 və İstismarı Birliyinin verdiyi 65 nömrəli orderə əsasən iddiaçıya Goradil bağlar sahəsindəki 89 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 269 “л” nömrəli bağ sahəsi ayrılmışdır. 38.İşdə olan sənədlərə görə iddiaçının adı Goradil bağlar sahəsindəki 89 nömrəli xx.xx.1989-cu il tarixli BTK-nın üzvlərinin siyahısında öz əksini tapmamışdır. 39.Eyni zamanda 269 “L” nömrəli bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritədə yoxdur.Bu fakt iş üzrə alınmış mütəxəssis rəyi ilə öz təsdiqini tapmışdır. 40.Birinci instansiya məhkəməsi iddianı əsassız sayarkən mövqeyini onunla əsaslandırmışdır ki, digər tərəfdən isə Bakı şəhər İcra Hakimiyyətinin 3.09.1993-cü il tarixli 1609 №-li qərarına (orderdə qeyd edildiyi kimi) Bağlar Təsərrüfatı İdarəsinin verdiyi 145 nömrəli orderə əsasən X7 Goradil bağlar sahəsindəki 89 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan eyni nömrəli 269L nömrəli bağ sahəsi ayrılmışdır.Daha sonra isə Azərbaycan Respublikası Bakı şəhər icra Hakimiyyəti Başçısının Aparatının X1 və İstismarı Birliyi ilə aralarında bağlanmış xx.xx.2005-ci il tarixli, 34372 nömrəli müqaviləyə görə həmin bağ sahəsi X5 istifadəsinə verilmişdir.Həmin sənədlər iddiaçı tərəfindən mübahisələndirilməmişdir.
41. Birinci instansiya məhkəməsi daha sonra hüquqi mövqe olaraq qeyd etmişdir ki, iddiaçı ona order əsasında ayrılmış bağ sahəsinin nömrəsindəki uyğunsuzluğu aradan qaldırdıqdan, yaxud da üçüncü şəxsin hüquqmüəyyənedici sənədlərini mübahisələndirdikdən sonra yeni əsaslı tələblə məhkəməyə müraciət edə bilər. 42.Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4596/2022 saylı, xx.xx.2022-ci il qərardadı ilə X9 və X10 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.Həmçinin, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4596/2022 saylı, xx.xx.2022-ci il qərardadı ilə X5 üçüncü şəxs qismində məhkəmə icraatında iştirakına xitam verilmişdir. 43.Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda istinad olunan mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən həmin torpaq sahəsinin başqa fiziki və ya hüquqi şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir.
44. Apellyasiya baxışı zamanı Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir:Göstərilən bağ sahəsi hasar daxilindədir, darvazası yoxdur, sahədə tikili yoxdur, bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmayıb, faktiki sahəsi 1192,0 kv.m. təşkil edir, qonşu özəl bağ nömrəsi 321”o”, 269 “M”, göstərilən sahənin koordinatları əlavə olundu.
45. Məhkəmə Kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin olunmaması üçün üç əsas gətirir:
46. 1. Bağ sahəsinə dair cizginin arxivdə aşkar edilməməsi;
47. 2. Bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi (sxematik xəritədə göstərilməməsi);
48. 3. İddia olunan torpaq (bağ) sahəsinə 3-cü şəxsin hüquqverici sənədi olması.
49. İddiaçının müraciətinin təmin olunmamasının əsası kimi yuxarıda göstərilmiş halın əmlakın özəlləşdirilməsinə dair maneənin yaradıb-yaratmamasına qiymət verilməsi üçün əmlaka dair hüquqmüəyyənedici sənədlərin əhatə dairəsi müəyyən edilməlidir. Daşınmaz əmlaka, o cümlədən torpaq sahəsinə dövlət reyestrində hüququn qeydə alınması, ondan imtina edilməsi və digər hallar aşağıdaki qanunvericiliyin müddəaları ilə tənzimlənir.
50. Sadalanan normaların birgə təhlilindən görünür ki, ümumiyyətlə, bağ sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının yaranması əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər - hüquqmüəyyənedici sənədlər hesab olunur. Əgər şəxs əmlak ilə bağlı bu sənədlərdən hər hansı birinə malik olarsa, onun həmin əmlak üzərində mülkiyyət hüquqları yaranmış olur və o, həmin əmlakın özəlləşdirilməsini tələb etmək hüququna malik olur.
51. Məhkəmə ilk öncə cavabdehin imtina əsası kimi göstərdiyi birinci hala münasibət bildirir. Belə ki, Məhkəmə tərəfindən cavabdehin imtinasının qanuni olub-olmamasının müəyyən edilməsi məqsədi ilə aidiyyəti üzrə müvafiq orqanlara sorğular verilmişdir.
52. Həmçinin, məhkəmə icraatı zamanı sorğular əsasında və tərəflərin təqdim etdiyi (hazırkı işin 1-12 bəndləri) sənədlər içərisində cizginin arxivdə aşkar olunmaması imtina əsası qismində çıxış edə bilməz.
53. Məhkəmə cavabdehin imtina əsası kimi göstərdiyi hala (sxematik xəritə ilə uyğunsuzluğun mövcud olması) münasibət bildirir.
54. Bununla bağlı məhkəmə Kollegiyası qeyd edir ki, inzibati məhkəmə təcrübəsində bağ sahəsi üzərində vətəndaşın mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı mübahisələr üzrə “bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi” əsası cavabdeh inzibati orqanın tez-tez rastlanan imtina əsaslardan biridir.
55. Əlbəttə mövcud məhkəmə təcrübəsi bu qəbildə olan mübahisələrdə bağ sahələrinin “sxematik xəritə ilə uyğunsuzluq təşkil etmə” əsasının vətəndaşların ziyanına şərh edilməməsi kimi qiymətləndirir.
56. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi.
57. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.0.20-ci maddəsində isə təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-in vəzifəsidir. Bəhs edilən maddələrin normalarından aydın olur ki, hətta sxematik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir.
58. Məhkəmə araşdırılması zamanı təqdim olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri, Goradil bağlar sahəsindəki 269 “л” nömrəli torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmamışdır. Buna baxmayaraq məhkəmə Kollegiyası hesab edir ki, bu halın mövcudlluğu hazırkı iddia ilə iddiaçının reallaşdırmaq istədiyi mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönələ bilməz. Belə ki, bir daha qeyd olunur ki, torpaq sahəsinin mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla torpaq istifadəçilərin mülkiyyətlərinə verilməsi DƏDKR-in vəzifələrindən biridir.
59. Cavabdehin iddianın təmin olunmasından imtina üçün gətirdiyi 3-cü dəlilə, yəni mübahisəli torppaq sahəsinə 3-cü şəxslərin hüquqmüəyyənedici sənədləri olması barədə dəlilinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, bağ sahəsinin digər fiziki şəxsin adına qeydiyyata alınmış bağ sahəsi ilə üst-üstə düşməsi və ya iddiaçının bağ sahəsinə münasibətdə hüquqmüəyyənedici sənədlərə malik olmaması müəyyən olunmadığından (hər iki hal cavabdeh tərəfindən mübahisələndirilməmişdir), həmçinin hüquqmüəyyənedici sənəd qismində çıxış edən qərar ləğv olunmadığından və hazırda qüvvədə olduğundan, o cümlədən də torpaq sahəsinin mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla torpaq istifadəçinin mülkiyyətinə verilməsi cavabdehin vəzifəsinə aid olduğundan, cavabdehin sxematik xəritə ilə uyğunsuzluğun olmasına dair əsası imtina əsası kimi qiymətləndirilə bilməz. 60.Beləliklə, məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda istinad olunan mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən həmin torpaq sahəsinin başqa fiziki və ya hüquqi şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir.
61. Formalaşmış məhkəmə təcrübəsinə əsasən də, bu qəbildən olan işlərdə cavabdeh inzibati orqan tərəfindən imtina əsası kimi “bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi” göstərilsə də, bu istiqamətdə cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. 62.Cavabdeh tərəfindən iddianın əsassızlığına dair gətirdiyi dəlillər sübuta yetirilməmişdir, iddiaçının təqdim etdiyi hüquqmüəyyənedici sənədlər ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, eləcə də Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. 63.Yuxarıda qeyd edilənlərə əsasən və işin faktiki hallarına tətbiq edilmiş hüquq normalarından çıxış edərək məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti mübahisəli torpaq sahəsinin ölçüsünün 0,12 ha deyil, faktiki 1192,0 kv.m olması halı istisna olmaqla əsaslıdır. 64.Belə ki, apellyasiya baxışı zamanı məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktından və tərəflərin izahatından müəyyən olunmuşdur ki, bağ sahəsinin faktiki sahəsi 1192,0 kv.m. təşkil edir, 65.Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4596/2022 saylı, xx.xx.2022-ci il qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməlidir. 66.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4596/2022 saylı, xx.xx.2022-ci il qərarı ləğv olunsun. İddia qismən təmin edilsin. İddiaçının istifadəsində olan Goradil bağlar sahəsindəki 269 “л” nömrəli 1192,0 kv.m bag sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.