Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1642/2023 05.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı MMC-nin qanuni təmsilçisi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “məcburi sosial sığorta haqqı üzrə borcun silinməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-976/2022 saylı 12 may 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin xx.xx.2017-ci il tarixədək yaranmış, tələbetmə müddəti ötmüş və müəssisənin fəaliyyətsizliyi baxımından ümidsiz olan 45806,93 manat vergi öhdəliklərinə xitam verilməsi və cəmiyyətin hesabından silinməsi öhdəliyinin Azərbaycan Respublikasımn İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək olan dövr üçün Dövlət sosial sığorta haqqları üzrə cavabdehə yaranmış olan əsas borc 22037.07, faiz borcu 5942.16, yekun olaraq 27979.23 manat məbləğində borc öhdəliyinin müddətinin keçməsi əsası ilə xitam verilməsi və həmin borcun iddiaçının hesabından silinməsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 12 may 2022-ci il tarixli qərardadı ilə ərizəsi icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Azərbaycan Respublikasında Dövlət mülkiyyətinin özəlləşdirilməsi proqramları çərçivəsində özəlləşdirilmiş dövlət müəssisəsinin bazasında təşkil edilmişdir. Müəssisə 2013-cü ildən bəri fəaliyyət göstərmir və 2017-ci ildən bəri heç bir fəaliyyətə malik deyildir. Cəmiyyətə əvvəlki illərdə 45 806,93 manat vergi borcu hesablanmışdır. Qeyd edilən vergi borcu ilə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və Vergi Məcəlləsi ilə müəyyən edilən müddətlərin keçməsini nəzərə alaraq xx.xx.2021-ci il tarixdə cavabdeh orqana həmin vergi borcunun silinməsi ilə bağlı müraciət edilmişdir. Lakin cavabdeh orqan tərəfindən elektron vasitə ilə daxil olan məktubla borcun silinməsindən imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdeh təşkilatın bu imtinası qanunsuz, əsassızdır. Odur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qeyd edilən borcun cəmiyyətin hesabından silinməsi vəzifəsi qoyulmalıdır: Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85.1-ci maddəsinə əsasən, “Hər bir vergiyə dair ödənilmə müddətləri müəyyən edilir. Vergilərin müəyyən edilmiş ödənilmə müddətinin dəyişdirilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilə bilər”. Məcəllənin 85.4-cü maddəsinə əsasən, “Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalanmn hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər”. Vergi Məcəlləsinin 93.1-ci maddəsinin tələblərinə əsasən, bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda, bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə, vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə almması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən silinir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Məcəlləsində də öhdəliklərlə bağlı 5 illik tələbetmə müddəti müəyyən edilmişdir. İddiaçı MMC artıq uzun illərdir ki, fəaliyyətini iqtisadi çətinliklər səbəbindən dayandırmışdır. Hesab eedirik ki, cəmiyyətin vergi və digər dövlət ödənişləri üzrə beş illik tələbetmə müddəti keçmiş, yəni 01 aprel 2017-ci ildən əvvəl yaranmış borclarının Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun silinməsi qanuni və əsaslı olacaqdır. Cavabdeh iddia ərizəsinə dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, cavabdeh ilk öncə bildirir ki, şəxsi hesab vərəqəsinə əsasən cəmiyyətin xx.xx.2021-ci il tarixə məcburi dövlət sosial sığorta haqqı üzrə 45 777,97 manat ödənilməmiş borcu vardır. Vergi Məcəlləsinin 93.1-ci maddəsinə əsasən vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə; qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə; Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər. Göründüyü kimi məcburi dövlət sosial sığorta haqqının ümidsiz borc kimi silinməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. İddia tələbinin əsası kimi qeyd edilir ki, həm vergi Məcəlləsinə, həm də Mülki Məcəlləyə müvafiq olaraq öhdəliyin tələb edilməsi müddəti 5 il müəyyən edilmişdir. Bu əsasla da qeyd olunan məbləğ ümidsiz borc kimi silinməlidir. Cavabdeh bildirir ki, Vergi Məcəlləsi vergi və məcburi dövlət sosial sığortası üzrə xüsusi hüquq münasibətlərini tənzimlədiyindən Mülki Məcəllənin müddəaları hazırki mübahisəyə tətbiq edilə bilməz. Belə ki, Mülki Məcəllənin 2.5-ci maddəsinə əsasən əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilmir. Onu da vurğulayaq ki, Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh edilməsinə dair qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin tələbləri baxımından, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadığı halda, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlərə həmin Məcəllənin müddəaları tətbiq edilmir. Göründüyü üzrə, iddiaçı tərəfindən mübahisələndiirlən məsələ Vergi Məcəlləsi ilə tam əhatə olunur və məcburi dövlər sosial sığorta üzrə ödənilməmiş məbləğlərin tələbetmə müddətinin keçməsi əsası ilə ümidsiz borc olaraq silinməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə olan halda, iddia tələbinin əsassız və qanunsuz olması sadalanan normalarla öz təsdiqini tapır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-976/2022 saylı 12 may 2022-ci il tarixli qərarı (hakim: F.Mədətli) ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandılmışdır ki, məhkəmə qərar qəbul edərkən işin faktiki hallarını qanuna müvafiq şəkildə qiymətləndirməyərək maddi və prosessual hüquq normalarının tələblərini düzgün tövsif etməmişdir, bu səbəbdən də qərar ləğv olunmalı, iş üzrə hərtərəfli və obyektiv araşdırma aparılmaqla iddia tələbinin təmin edilməsi ilə bağlı qərar qəbul edilməlidir. Belə ki, İddiaçı MMC artıq uzun illərdir ki, fəaliyyətini iqtisadi çətinliklər səbəbindən dayandırmışdır. Cəmiyyətin vergi və digər dövlət ödənişləri üzrə beş illik tələbetmə müddəti keçmiş, yəni 01 aprel 2017-ci ildən əvvəl yaranmış borclarının AR Vergi Məcəlləsinin tələblərinə uyğun silinməsi qanuni və əsaslı olacaqdır. Hazırda qeyd olunan borclar vergi orqanı tərəfindən vergi qismində hüquqi və fiziki şəxslər tərəfindən tələb olunur. Bu səbəbdən həmin borc vergi borc kimi qəbul olunmalıdır. Apellyasiya icraatı zamanı iddiaçının direktoru Şaiq Bayramov tərəfindən apellyasiya şikayətinə əlavə təqdim olunmuşdur. Apellyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin dövlət ödənişləri üzrə yaranmış borclarının beş illik tələbetmə müddəti keçdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2019cu il tarixli qərarı qəbul olunduğundan həmin qərarın hazırki mübahisəyə münasibətdə tətbiq edilməsi düzgün olmamışdır. AR Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların geriyə qüvvəsi şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Nəzərə alınsa ki, qeyd olunan qərarın geriyə qüvvəsi şamil edildiyi halda İddiaçı MMC-nin vəziyyəti pisləşəcəkdir, onda Konstitusiyanın 149-cu maddəsinin Vİİ bəndinə əsasən həmin qərar hazırki mübahisəyə münasibətdə tətbiq edilməyərək qeyd olunan borclar vergi orqanı tərəfindən vergi qismində hüquqi və fiziki şəxslər tərəfindən tələb olunan vergi borcu kimi qəbul edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin qanuni təmsilçisi X5 apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmiş, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh edilməsinə dair” 2019-cu il 24 aprel tarixli Qərarına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2020-ci il tarixli Qərardadını təqdim edərək qeyd etmişdir ki, sözügedən Qərardadın məzmunundan da aydın olduğu kimi, 2019-cu il 24 aprel tarixli Qərarındakı hüquqi mövqelər həmin Qərarın qüvvəyə minməsindən sonra yaranan münasibətlərə tətbiq edilməlidir. Hazırki halda isə yaranmış borc məbləği həmin Qərarın qüvvəyə minməsindən əvvəl yaranan münasibətlərə aiddir. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinə dair yazılı etiraza əlavə təqdim edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətini və apellyasiya şikayətinə əlavənin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Hazırki iddia öhdəliyin icrasına dair iddiadır. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçı inzibati orqana müraciət etmiş, inzibati orqan müraciətini təmin etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassızdır. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur.; -93.1-ci maddəsinə əsasn vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə. 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. - 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. -85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir. -85.5-1-ci maddəsinə əsasən Bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta , işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına, habelə bu Məcəllənin 38.3.9-cu maddəsində nəzərdə tutulan hallara münasibətdə tətbiq edilmir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi kommersiya hüquqi şəxslərin dövlət reyestrindən Çıxarışın notarial qaydada təsdiq ediilmiş sürətindən görünür ki, "Bakmil'' MMC ********** nömrəli VÖEN ilə fəaliyyət göstərir, hüquqi şəxs Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Fərmanına əsasən “bir pəncərə” prinsipinə əsasən dövlət qeydiyatına alınmışdır, təşkilati-hüquqi forması məhdud məsuliyyətli cəmiyyət, hüquqi ünvanı AZ1029, ünvan 1ür ki, MMC-nin Nizamnamə kapitalı 888100.00 manat, qanuni təmsilçi X3r, dövlət qeydiyyatına alındığı tarix xx.xx.1988-ci ildir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanan 21 aprel 2021-ci il tarixli məktubundan görünür ki, Vergi borcunun silinməsi barədə iddiaçının müraciətinə baxılaraq bildirilmişdir ki, şəxsi hesab vərəqəsinə əsasən cəmiyyətin xx.xx.2021-ci il tarixə məcburi dövlət sosial sığorta haqqı üzrə 45 777,97 manat ödənilməmiş borcu vardır. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Vergi Məcəlləsinin 93.1 -ci maddəsinə əsasən vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə; qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə; digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada şilinə bilər. Məcburi dövlət sosial sığorta haqqının ümidsiz borc kimi silinməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Göründüyü kimi, müraciətdə qeyd edilən məsələ yuxarıda qeyd olunan hallara aid olmadığı üçün iddiaçıya borcunun aidiyyəti üzrə ödənilməsi tövsiyyə edilmişdir. İddiaçı MMC-nin şəxsi hesab vərəqəsinə əsasən cəmiyyətin xx.xx.2021-ci il tarixə məcburi dövlət sosial sığorta haqqı üzrə 45 777,97 manat ödənilməmiş borcu mövcuddur. İddiaçı hazırda xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək olan dövr üçün Dövlət sosial sığorta haqları üzrə cavabdehə yaranmış olan əsas borc 22037.07, faiz borcu 5942.16, yekun olaraq 27979.23 manat məbləğində borc öhdəliyinin müddətinin keçməsi əsası ilə xitam verilməsi və həmin borcun iddiaçının hesabından silinməsinin tələb edir. İddiaçı tələbini qeyd edilən vergi borcunun Azərbaycan Respublikasının Mülki Məcəlləsi və Vergi Məcəlləsinin müvafiq normalarına istinad edərək əsaslandırmağa çalışmışdır. O cümlədən iddiaçı anoloji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 yanvar 2-18-ci il tarixli, 2-1(102)-312/2018 saylı Qərarına istinad edərək borcun silinməsini məhkəmədən xahiş edir. Kollegiya qeyd edir ki, yuxarıda qeyd olunan qanunvericilik normalarından da göründüyü kimi, Vergi Məcəlləsinin 93.1, 93.1.1, 93.1.2-ci maddələri ilə vergilər, vergilərə hesablanmış faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borcların vergi orqanları tərəfindən silinməsi qaydaları müəyyənləşsə də, Vergi Məcəlləsinin 85.5-1-ci maddəsi məcburi dövlət sosial sığorta haqqına münasibətdə bu qaydaların tətbiq olunmasını istisna edir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinə Azərbaycan Respublikasının inzibati prosessual qanunvericiliyi baxımından şərh verilməsinə dair» 24 aprel 2019-cu il tarixli Qərarı ilə qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin tələbləri baxımından, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadığı halda, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlərə həmin Məcəllənin müddəaları tətbiq edilmir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarında həmçinin qeyd edilmişdir ki, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlər də sosial təminat hüququnun predmetini təşkil etməklə, tərəflərin iradələrinin sərbəstliyinə və bərabərliyinə deyil, digər ümumi (publik) hüquq münasibətləri kimi bir tərəfin digərinə tabeliyinə, münasibətlərin məcburiliyinə, tənzimlənmənin imperativliyinə əsaslanır. Bu sahədə qanunverici «Sosial sığorta haqqında» Azərbaycan Respublikasının Qanununda dövlət sosial sığortasının məcburiliyi prinsipini qəbul etmiş, sığortaedənin üzərinə uçota durmaqla, dövlət sosial sığorta haqqını ödəməklə, sığortaçıya müvafiq hesabatları, arayışları təqdim etməklə bağlı vəzifələr qoymuş, qarşı tərəfin (məcburi dövlət sosial sığortası sahəsində dövlət idarəetməsini həyata keçirən orqanın) isə bununla bağlı səlahiyyətlərini dəqiq şəkildə müəyyən etmişdir. O da qeyd olunmalıdır ki, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə dövlət vergi orqanlarının səlahiyyətləri Vergi Məcəlləsində göstərilmişdir. Beləliklə, məcburi dövlət sosial sığorta münasibətləri mahiyyət etibarilə ümumi (publik) hüquq münasibətləridir. Bu isə Mülki Məcəllənin 2.5-ci maddəsinin tələbləri baxımından, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrin inzibati məhkəmələr tərəfindən həmin Məcəllənin müddəalarına əsaslanmaqla həllini istisna edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarında həmçinin qeyd edilmişdir ki, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlər də sosial təminat hüququnun predmetini təşkil etməklə, tərəflərin iradələrinin sərbəstliyinə və bərabərliyinə deyil, digər ümumi (publik) hüquq münasibətləri kimi bir tərəfin digərinə tabeliyinə, münasibətlərin məcburiliyinə, tənzimlənmənin imperativliyinə əsaslanır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1424/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, “məcburi dövlət sosial sığorta münasibətləri mahiyyət etibarilə ümumi (publik) hüquq münasibətləridir. Bu isə Mülki Məcəllənin 2.5-ci maddəsinin tələbləri baxımından, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrin inzibati məhkəmələr tərəfindən həmin Məcəllənin müddəalarına əsaslanmaqla həllini istisna edir.” Göründüyü kimi məcburi dövlət sosial sığorta üzrə ödənilməmiş məbləğlərin tələbetmə müddətinin keçməsi əsası ilə ümidsiz borc olaraq silinməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Kollegiya iddiaçının apellyasiya şikayətinə əlavənin İddiaçı MMC-nin dövlət ödənişləri üzrə yaranmış borclarının beş illik tələbetmə müddəti keçdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2019-cu il tarixli qərarı qəbul olunduğundan həmin qərarın hazırki mübahisəyə münasibətdə tətbiq edilməsi düzgün olmamışdır” dəlilinə münasibətdə qeyd edir ki, AR Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2020-ci il tarixli qərardadında qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh edilməsinə dair» 24 aprel 2019-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelər həmin Qərarın qüvvəyə minməsindən sonra yaranan münasibətlərə və adıçəkilən Qərar qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə tətbiq olunur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh edilməsinə dair» 24 aprel 2019-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelər həmin Qərarın qüvvəyə minməsindən əvvəl qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həll olunmuş mübahisələrə şamil olunmur”. Göründüyü kimi, sözügedən Qərarda əks olunmuş hüquqi mövqe yalnız həmin Qərarın qüvvəyə minməsindən əvvəl qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həll olunmuş mübahisələrə şamil edilmir. Hazırki mübahisə isə Qərarın qəbul olunduğu tarixdən sonra başlamışdır. Belə olan halda, yaranmış borcların 5 illik tələbetmə müddəti keçdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2019-cu il tarixli qərarı qəbul olunduğundan həmin qərarın hazırki mübahisəyə münasibətdə tətbiq edilməsinin düzgün olmaması ilə bağlı iddiaçının dəlilili əsassızdır. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin əsaslandırması düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğundur. İddiaçının apellyasiya şikayətində irəli sürdüyü dəlillər formal xarakterli olmaqla hazırda iddia tələbinin təmini üçün əsas vermir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-976/2022 saylı 12 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1642/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1642/2023
05.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver