Məhkəmə qərarları › İş №2-1(103)-1643/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1643/2022

29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1643/2022 29.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsinə qarşı “onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsinə qarşı “onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3611/2022 saylı 14 fevral 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 29 iyun 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********547900 saylı çıxarışdan müəyyən olunur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin (VÖEN: **********) qanuni təmsilçisi X6r. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən müəyyən olunur ki, X9 xx.xx.2021-ci il tarixdən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsini icra edir. "xxxx" MMC-nin Təsisçilərinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, MMC-nin direktoru X9 təyin edilmişdir. Bakı Komersiya Məhkəməsinin e-2-2(113)-2249/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı barəsində (Doğulduğu tarix-xx xxxxx 1957-ci il, Doğulduğu yer- Azərbaycan, Naxçıvan MR, Şərr, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi-xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququ, "xxxx" MMC-nin (VÖEN: **********) 384.747,14 manat məbləğində (o cümlədən, vergilər üzrə 250519,13 manat, faizlər üzrə 134228,01 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat) vergi borcu tam ödənilənədək məhdudlaşdırılması qət edilmişdir. Eyni zamanda Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)3666/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 3 ünvanında qeydiyyatda olan X4 (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi-4ZRSXP, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA0636971) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət edilmişdir. Bakı şəhəri LGBİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli müraciətə baxılması barədə "xxxx" MMC-yə ünvanlanmış cavab məktubunda qeyd olunmuşdur ki, borc barədə müraciətə Bakı şəhəri LGBİ-də baxılmışdır. Şəxsi hesab vərəqəsinə əsasən vergi ödəyicisinin xx.xx.2021-ci il tarixə ödənişləri nəzərə alınmaqla əsas vergi üzrə 0,00 manat, maliyyə sanksiyası üzrə 100,00 manat, əsas vergi borcuna hesablanmış faizlər üzrə 168106,25 manat olmaqla, ümumilkdə vergilər üzrə 168206,25 manat ödənilməmiş vergi borcu vardır. İddiaçı ünvanlanmış müraciətlərə baxılması haqqında məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur. Bununla əlaqədar, sabiq rəhbəri olduğu "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2020-ci il tarixə dövlət büdcəsinə yaranmış ümumilikdə 384.747,14 manat məbləğində vergi borcu ilə bağlı vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xx.xx.2020-ci il tarixli ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək,“ Bakı Komersiya Məhkəməsinin e-2-2(113)-2249/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə qoyulmuş onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri LGBİ maraqlı şəxs İddiaçı qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizə ilə Bakı Komersiya Məhkəməsinə müraciət edərək, vergi ödəyicisi olan "xxxx" MMC-nin (VÖEN: **********) 384.747,14 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün İddiaçı (həmin dövrdə şirkətin direktoru olmuşdu) barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmiş və ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2020-ci il tarixə dövlət büdcəsinə vergi ödəyicisi olan "xxxx" MMC-nin (VÖEN: **********) 384747,14 manat məbləğində (o cümlədən, vergilər üzrə 250519,13 manat, faizlər üzrə 134228,01 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat) vergi borcu vardır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(113)-2249/2020 saylı qətnaməsi ilə Bakı şəhəri LGBİ-nin ərizəsi təmin edilmiş, İddiaçı barəsində ölkədən getmək hüququ, "xxxx" MMC-nin (VÖEN: **********) 384747,14 manat məbləğində vergi borcunun tam ödənilərək məhdudlaşdırılması qət edilmişdir. O, "xxxx" MMC-nin direktoru olarkən barəsində məhkəmə qərarına əsasən ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Sonradan işdən azad olunmuş və "xxxx" MMC-nin direktoru xx.xx.2021-ci il tarixdə X9 təyin olunmuşdur. Bundan sonra Bakı şəhəri LGBİ-yə eyni qaydada X7 qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizə ilə məhkəməyə müraciət etmiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2- 2(113)-3666/2021 saylı qətnaməsi ilə Bakı şəhəri LGBİ-nin ərizəsinin təmin edilməsi, X9 barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, xx.xx.2021-ci il tarixə "xxxx" MMC-nin vergi üzrə 40.519,12 manat, faiz üzrə 168 210,14 manat borcu olduğu müəyyən edilmişdir. Bakı Komersiya Məhkəmələrinin iki qətnaməsindən görünür ki, onun direktoru olduğu dövrdə olan vergi üzrə 250.519,13 manatdan hazırda 40.519,12 manat borc qalmışdır, yəni 80% ödənilmişdir. İndi isə bir borca görə əvvəlki və hazırki direktorun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Yaşlı bir insandır, xəstədir, müalicə almaq üçün Türkiyə Respublikasına getmək istəyir, lakin ölkədən getmək hüququ məhdudlaşdırıldığından gedə bilmir. Sözügedən məsələ ilə bağlı Bakı şəhəri LGBİ-yə elektron ərizə ilə müraciət etmişdir. Cavabdeh (elektron qaydada) xx.xx.2021-ci il tarixə "xxxx" MMC-nin 168.106,25 manat borcu və 100 manat maliyyə sanksiyası olmaqla, ümumilikdə 168.206,25 manat faiz borcu olmasına istinad etməklə ərizəsini təmin etməmişdir. Hesab edir ki, onun ölkədən getmək hüququnun məhdudlaşdırılmasının hazırki vaxtadək üzərindən götürülməməsi tamamilə əsassızdır. Cavabdehin etirazları: İşə birinci instansiya qaydasında baxılarkən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, Bakı şəhəri LGBİ maraqlı şəxs İddiaçı qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək vergi ödəyicisi "xxxx" MMC-nin (VÖEN **********) 384.747,14 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün İddiaçı barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)- 2249/2020 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, "xxxx" MMC-nin (VÖEN **********) vergi borcu tam ödənilənədək İddiaçı ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər, iddiaçı tərəfindən 2-2(113)-2249/2020 saylı iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməmiş, qətnamə qanuni qüvvəsini almışdır. Bakı şəhəri LGBİ aşağıda qeyd olunan səbəblərə görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçı Bakı şəhəri LGBİ-yə qarşı Bakı Kommersiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2020-ci il tarixli e-2-2(113)- 2249/2020 saylı qətnaməsi üzrə qət edilmiş “ölkədən getmək hüququnun məhdudlaşdırılmasının ləğv olunması öhdəliyinin qoyulmasına dair” qərar qəbul edilməsi barədə iddiası inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia növlərinə aid edilmədiyindən, cavabdehin həmin iddiaya cavab verməli olmadığından iddia mümkün sayılmamalıdır Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3611/2022 saylı 14 fevral 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilərək, xx.xx.1957-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunda anadan olmuş İddiaçı ölkədən getmək hüququnun müvəqqəti götürülməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi barədə yekun məhkəmə aktının qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmış ki, məhkəmə icraatı zamanı cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli **********265400 saylı vəsatət təqdim edilərək bildirilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)- 2249/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verilmədiyindən qətnamə qanuni qüvvəsini almışdır. Həmçinin İddiaçı Bakı şəhəri LGBİ-yə qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının ləğv olunması öhdəliyinin qoyulmasına dair" qərar qəbul edilməsi barədə iddiası inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia növlərinə aid edilmədiyindən, cavabdehin həmin iddiaya cavab verməli olmadığından iddia mümkün sayılmamalıdır. Bakı İnzibati Məhkəməsi tərəfindən cavabdehin vəsatəti təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-3611/2022 saylı qərarında Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə istinad edilərək qeyd edilmişdir ki, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanının vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ var. Mülki Məcəllənin 52.2-ci maddəsinə əsasən bu Məcəllədə və hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin öhdəlikləri üçün cavabdeh deyildir. Belə ki, hüquqi şəxsin təsisçisi hüquqi şəxsin öhdəlikləri üçün təsisçi olaraq məsuliyyət daşımadığı üçün iddiaçının hüquqi şəxsin qanuni təmsilçiliyindən çıxması mövcud qanunvericiliyə əsasən cavabdeh tərəfindən onun ölkədən çıxmaq hüququnun məhdudlaşdırılmasına əsas olmuş halın aradan qalxdığına dəlalət edir və cavabdeh Vergi Məcəlləsinə əsasən bu məhdudlaşdırmanı götürməyə borcludur. Vergi Məcəlləsinin 24.0.2.1-ci maddəsinə əsasən vergi ödəyicisinin vəzifələrindən biri vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməkdir. Məhkəmə həmçinin qərarında qeyd etmişdir ki, vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcu olmalı, həmin borcun ödənilmə müddəti keçməli, hüquqi şəxsə münasibətdə ölkədən çıxmaq hüququna məhdudiyyət qoyulacaq şəxs həmin hüquqi şəxsin icra orqanının rəhbəri olmalıdır. Bildiririk ki, "xxxx" MMC-nin təsisçilərinin xx.xx.2021-ci il tarixli qərarına əsasən İddiaçı "xxxx" MMC-nin direktoru vəzifəsindən azad olunmuş, direktor vəzifəsinə X9 təyin olunmuşdur. "xxxx" MMC direktorun dəyişməsi lə əlaqədar olaraq xx.xx.2021-ci il tarixli **********304900 nömrəli hüquqi şəxsin məlumatını dəyişməsi ərizəsi ilə vergi orqanına müraciət etmişdir. İş materiallarına əlavə olunmuş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən müəyyən olunur ki, X9 xx.xx.2021-ci il tarixdən “Pilot Holdinq" MMC-nin direktoru vəzifəsini icra edir. Bakı İnzibati Məhkəməsi qərar qəbul edərkən cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını yoxlamamış, iddianın mümkünlüyü şərtlərinə əməl etməmiş, prosessual hüquq normalarını yanlış tətbiq etməklə yekun qərar qəbul etmişdir. Məhkəmə işin hərtərəfli araşdırılmasında üzərinə düşən vəzifələrini icra etmədiyindən hesab edirik ki, barəsində şikayət olunan Bakı İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Vergilər nazirinin 2019-cu il tarixli **********317100 nömrəli əmri ilə təsdiq edilmiş və hazırda qüvvədə olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Aparatının Vergi öhdəliklərinin icrasına nəzarət baş idarəsinin Əsasnaməsinin 3.0.14-cü bəndinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergi borclarının və sığorta haqları üzrə borcların ödənilməsinin təmin edilməsi üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı sənədlərin (o cümlədən müraciətin) hüquq strukturlarına göndərilməsi işinə nəzarət etmək, 3.0.15-ci bəndinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi ilə bağlı qərar hazırlamaq və məhdudlaşdırmanın götürülməsini təmin etmək Verqi öhdəliklərinin icrasına nəzarət bas idarəsinin vəzifələrinə daxil edilmişdir. Yəni, İddiaçı direktor vəzifəsindən azad olunduqdan sonra onun barəsində məhdudlaşdırmanın götürülməsi ilə bağlı qərar hazırlamaq və məhdudlaşdırmanın götürülməsini təmin etmək Vergi öhdəliklərinin icrasına nəzarət baş idarəsinin vəzifələrinə aid olmuşdur. Vergi öhdəliklərinin icrasına nəzarət baş idarəsi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatına daxil olduğundan, hazırkı iddia tələbi üzrə cavabdeh orqan Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi deyil, Dövlət Verqi Xidməti olmalıdır. İşə baxan birinci instansiya məhkəməsi mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, üzərinə düşən vəzifələri tam icra etməmiş, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, prosessual hüquq normalarını yanlış tətbiq etməklə iddia tələbinin təmin olunması üzrə qanuni və əsaslı olmayan qərar qəbul etmişdir. Apellyasiya şikayətinə yazılı etirazın dəlilləri: Apellyasiya şikayətinə yazılı etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətində göstərilən dəlilər əsassız olduğundan apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, apellyasiya şikayətində göstərilən dəlil (cavabdehin həmin iddiaya cavab verməli olmadığından) cavabdehin birinci instansiya məhkəməsinə təqdim etdiyi vəsatətdə ümumiyyətlə göstərilməyib, həmin vəsatət yalnız qanuni qüvvəyə minmiş qətnamənin icrası ilə bağlı olduğundan məhkəmədə baxılmalı olmadığı göstərilmiş, onu da məhkəmə haqlı olaraq təmin etməmişdir. Çünki, Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanının vəzifəsidir. Cavabdehin apellyasiya şikayətində digər dəlili isə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Aparatının Vergi öhdəliklərinə nazərat Baş İdarəsinin əsasnaməsinin 3.0.14-cü və 3.0.15-ci bəndinə istinad edərək göstərmişdir ki, ölkədən getmək hüququnun müvvəqəti məhdudlaşdırmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi ilə bağlı qərar hazırlamaq və məhdudlaşdırmanın götürülməsini təmin etmək vəzifəsi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi deyil, Dövlət Vergi Xidmətinin vəzifəsi olduğu göstərilmişdir. Hesab edir ki, həmin dəlil də əsassızdır. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 29 mart 2022-ci il tarixli F- 45 nömrəli Əmri ilə təsdiq edilmiş və hazırda qüvvədə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatının Vergi öhdəliklərinin icrasına nəzarət baş idarəsinin Əsasnaməsinin 3.0.18-ci bəndinə əsasən Vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergi borclarının, habelə sığorta haqları üzrə borcların ödənilməsinin təmin edilməsi üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı sənədlərin (o cümlədən müraciətin) hüquq strukturlarına göndərilməsi işinə nəzarət etmək; Həmin Əsasnamənin 3.0.19-ci bəndinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məhkəmə qərarları daxil olduqdan sonra həmin şəxslərin ölkədən çıxışına məhdudiyyətin tətbiq edilməsinə və buna səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi ilə bağlı qərarların hazırlanmasına və məhdudlaşdırmanın götürülməsi işinə nəzarət etmək vəzifəsi qoyulmuşdur. Göründüyü kimi, hər iki halda Dövlət Vergi Xidməti yalnız nəzarət funksiyasını yerinə yetirir. Cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayətində birincisi əsasnamənin bəndlərini düzgün göstərməmişdir, həmçinin 3.0.15-ci bəndinə istinad edərək guya məhdudlaşdırmanın götürülməsinin təmin etmiş kimi qeyd etmişdir, halbuku hazırda qüvvədə olan əsasnamədə Dövlət Vergi Xidməti yalnız nəzarət funksiyasını yerinə yetirir. Göründüyü kimi Əsasnaməyə görə Dövlət Vergi Xidməti vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına və buna səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi işinə nəzarət etmək vəzifəsi daşıyır. Bu əsaslada İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı Bakı Komersiya Məhkəməsinə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi müraciət etmişdir, Dövlət Vergi Xidməti müraciət etməmişdir. Bundan başqa, Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 13 yanvar 2022-ci il tarixli F-5 nömrəli əmri ilə təsdiq edilmiş və hazırda qüvvədə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Əsasnaməsinin 3.0-cı bəndinə əsasən Baş idarə bu Əsasnamənin 2-ci hissəsi ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir: Vergi borclarının və sığorta haqları üzrə borcların, habelə nəzarəti Dövlət Vergi Xidmətinə həvalə edilmiş dövlət torpaq icarə haqları üzrə borcların alınması ilə bağlı Baş idarənin iddiaçı, ərizəçi, mülki iddiaçı və zərərçəkmiş şəxs qismində iştirak etmiş olduğu işlərin nəticələri üzrə qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının, habelə tələbin icraya yönəldilməsi barədə qərarların icrası məsələləri ilə bağlı aidiyyəti üzrə müvafiq müraciətlərin edilməsini təmin etmək və qanunvericiliklə müəyyən edilmiş digər tədbirləri görmək(əsasnamənin 3.0.87-ci bəndi).; Vergi borclarının və sığorta haqları üzrə borcların, habelə nəzarəti Dövlət Vergi Xidmətinə həvalə edilmiş dövlət torpaq icarə haqları üzrə borcların alınması ilə bağlı olan məhkəmə qərarlarının icrası ilə əlaqədar vergi ödəyicilərindən, məhkəmə, icra orqanlarından və digər orqanlardan daxil olmuş sorğu, şikayət və digər müraciətlərə baxmaq və zəruri tədbirlər görmək(əsasnamənin 3.0.88-ci bəndi). Apellyasiya şikayətinə yazılı etiraza münasibətin dəlilləri: Apellyasiya şikayətinə yazılı etiraza münasibət onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətinə etirazda göstərilə dəlillər əsassız olduğundan təmin edilməməlidir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-3611/2022 saylı qərarı ilı iddia təmin edilmiş, İddiaçı ölkədən getmək hüququnu müvəqqəti məhdudlaşdırılmasının götürülməsi vəzifəsi cavabdeh Bakı şəhəri Lokal Gəlirle Baş İdarəsinə həvalə edilmişdir. Etirazda qeyd edilmişdir ki, cavabdeh apellyasiya şikayətinin dəlillərində guya birinci instansiya məhkəməsində cavabdehin həmin iddiaya cavab verməli olmadığından iddianın mümkünsüz sayılması barədə vəsatət vermişdir. Lakin iş materiallarında, həmçinin təqdim edilmiş vəsatətdən görünür ki, iddianın mümkünsüz sayılması barədə də göstərilmişdir. Bu dəlilə münasibətdə bildirilmişdir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qeyd edilmişdir: Məhkəmə icraatı zamanı cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli **********265400 saylı vəsatət təqdim edilərək bildirilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-2249/2020 saylı qətnaməsindən apellyasa şikayəti verilmədiyindən qətnamə qanuni qüvvəsini almışdır. Həmçinin İddiaçı Bakı şəhəri LGBİ-yə qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının ləğv olunması öhdəliyinin qoyulmasına dair” qərar qəbul edilməsi barədə iddiası inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia növlərinə aid edilmədiyindən, cavabdehin həmin iddiaya cavab verməli olmadığından iddia mümkün sayılmamalıdır (apellyasiya şikayətinin 3-cü səhifəsi). Bakı İnzibati Məhkəməsi qərar qəbul edərkən cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını yoxlamamış, iddianın mümkünlüyü şərtlərinə əməl etməmiş, prosessual hüquq normalarını yanlış tətbiq etməklə yekun qərar qəbul etmişdir. Məhkəmə işin araşdırılmasında üzərinə düşən vəzifələrini icra etmədiyindən hesab edir ki, barəsində şikayət olunan Bakı İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır (apellyasıya şikayətinin 5-ci səhifəsi). Göründüyü kimi, iddiaçı tərəfindən yuxarıda qeyd edilən dəlil əsassızdır, belə ki, cavabdeh apellyasiya şikayətində verdiyi vəsatətin nədən ibarət olduğunu vəsatətdə olduğu kimi qeyd etmiş, Bakı İnzibati Məhkəməsinin işin hərtərəfli araşdırılmasında üzərinə düşən vəzifələr icra etmədiyindən məhkəmə qərarının qanunsuz və əsassız olduğunu bildirmişdir. Buradan da aydın olur ki, iddiaçı nə cavabdehin iddianın mümkün sayılmaması barədə vəsatəti, nə də apellyasiya şikayəti ilə yaxından tanış olmadığından yanlış qənaətə gəlmişdir. Etirazda qeyd edilmişdir ki, cavabdeh apellyasiya şikayətində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatının Vergi öhdəliklərinin icrasına nəzarət baş idarəsinin əsasnaməsinin (bundan sonra Əsasnamə) 3.0.14 və 3.0.15-ci bəndlərinə istinad etmiş, borclu vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və buna səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırılmanın götürülməsi ilə bağlı qərar hazırlamaq və məhdudlaşdırmanın götürülməsini təmin etmək vəzifəsinin Lokal Gəlirlər Baş İdarəsinin deyil, Dövlət Vergi Xidmətinin vəzifəsi olduğunu göstərmişdir. Lakin hazırda qüvvədə olan əsasnaməyə görə Dövlət Vergi Xidməti vergi ödəyicisi olan fiziki şəxsin yaxud hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına və buna səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırılmanın götürülməsi işinə nəzarət etmək funksiyasını yerinə yetirir. Bu dəlilə münasibətdə bildirilmişdir ki, cavabdeh tərəfindən apellyasiya şikayəti xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə verilmiş, hazırda qüvvədə olan əsasnamə isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 29 mart 2022-ci il tarixli F-45 nömrəli əmri ilə təsdiq edilmişdir. Apellyasiya şikayəti verilən zaman qüvvədə olan 2019-cu il tarixli **********317100 nömrəli əmr ilə təsdiq edilmiş Əsasnamənin 3.0.15-ci bəndinə görə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi ilə bağlı qərar hazırlamaq və məhdudlaşdırmanın götürülməsini təmin etmək Baş İdarənin vəzifələrinə daxil edilmişdi (çıxarış əlavə olunur). Göründüyü kimi, hazırda qüvvədə olan əsasnamə 29 mart 2022-ci il tarixdən qüvvəyə minmişdir, cavabdeh apellyasiya şikayəti verdiyi tarixdə isə qüvvədə olan 2019-cu il tarixli əsasnaməyə istinad etmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 29 iyun 2022-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3611/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırki iş üzrə 3-cü şəxs qismində cəlb edilmiş "xxxx" MMC-nin statusunun ləğv edilməsi qərara alınmışdır. Həmçinin məhkəmənin 29 iyun 2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsi əsl cavabdeh kimi tanınmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia öhdəliyin icrası haqqında iddiadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Bu növ iddialar üzrə qanunvericilikdə iddia müddəti müəyyən edilməmişdir. Bu baxımdan iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı tələbi “onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsinin cavabdehə həvalə edilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbi təmin edilməmişdir. Sonradan o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. Həmin Məcəllənin 9.3.6-cı maddəsinə əsasən vətəndaşın ölkədən getmək hüququ yalnız vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcları və faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını dövlət büdcəsinə ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda - məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanları, vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Qeyd edilən maddi hüquq normalarından da göründüyü kimi, vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən çıxmaq hüququnun məhdudlaşdırılması üçün vergi ödəyicisinin dövlət büdcəsinə borcu olmalıdır, həmin borcun ödənilmə müddəti keçməlidir, hüquqi şəxsə münasibətdə ölkədən çıxmaq hüququna məhdudiyyət qoyulacaq şəxs həmin hüquqi şəxsin icra orqanının rəhbəri olmalıdır. Vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına əsas kimi icra orqanının rəhbərinin həmçinin hüquqi şəxsin təsisçisi olması halı hazırki işdə müəyyən edilməmişdir. Digər tərəfdən iş materiallarından görünür ki, vergi orqanı tərəfindən dövlət büdcəsinə vergi borcu olan hüquqi şəxsin nəinki əvvəlki direktoru olan iddiaçı, hazırki direktoru olan X9 barəsində də onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı iddia ilə məhkəməyə müraciət olunmuş və əvvəlki direktorun olduğu kimi, sonuncunun (yeni direktorun) da Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(113)-3666/2021 saylı qətnaməsi ilə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət edilmişdir. Beləliklə, hazırki vəziyyətdə bir hüquq şəxsin dövlət büdcəsinə olan vergi borcunun təmini məqsədilə onun həm əvvəlki, həm də hazırki direktorunun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Mülki Məcəllənin 52.2-ci maddəsinə əsasən bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Yəni hüquqi şəxsin təsisçisi hüquqi şəxsin öhdəlikləri üçün təsisçi olaraq məsuliyyət daşımadığı üçün iddiaçının hüquqi şəxsin qanuni təmsilçiliyindən çıxması mövcud qanunvericiliyə əsasən cavabdeh tərəfindən onun ölkədən çıxmaq hüququnun məhdudlaşdırılmasına əsas olmuş halın aradan qalxdığına dəlalət edir ki, belə halda cavabdeh Vergi Məcəlləsinə əsasən bu məhdudlaşdırmanı götürməyə borcludur. Vergi Məcəlləsinin yuxarıda istinad edilən 23.1.15-3-cü maddəsinin məzmunundan göründüyü kimi, qanunverici həmin normada təsbit olunan məhdudiyyət tədbirinin vergi ödəyicisi olan fiziki şəxsə və ya hüquqi şəxsin icra orqanının rəhbərinə münasibətdə tətbiqini nəzərdə tutur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsini tələb etməkdə haqlı olmuş və onun bu iddiası birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin olunmuşdur. O ki qaldı apelyantın cavabdeh kimi onun deyil, digər vergi qurumunun olması səbəbindən iddianın mümkün sayılmaması barədə dəlilinə, bu barədə məhkəmə kollegiyası qeyd edir ki, əvvəla vergi orqanının apellyasiya şikayətinə əlavə etdiyi Əsasnamə Vergi öhdəliklərinin icrasına nəzarət baş idarəsinə aid olub, bu qurumun hüquq və vəzifələrini müəyyənləşdirir. Apellyasiya baxışı zamanı müəyyən olundu ki, vergi orqanın strukturunda bir sıra dəyişikliklər aparılmış və Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 mart 2022-ci il tarixli əmri ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsinin Əsasnaməsi təsdiq edilmişdir. Həmin Əsasnamənin 1.1, 1.3 və 1.5-ci bəndlərinə görə adı çəkilən X13 Xidmətinin strukturuna daxil olan müstəqil qurumdur, o, müstəqil balansa, möhür, ştamp və blanklara malikdir, Baş İdarə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən müstəqil qaydada məhkəmədə tərəf qismində bilavasitə iştirak edir. Həmçinin Əsasnamənin 3.0.11-ci bəndinə əsasən borclu vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı vergi ödəyicisinə öncə xəbərdarlığın göndərilməsini, daha sonra məhdudlaşdırılmanın həyata keçirilməsi məqsədilə məhkəməyə ərizə ilə müraciət etmək üçün vergi ödəyicisinin uçotda olduğu vergi orqanına sifarişin verilməsini (Rayon Vergilər Şöbələrinə münasibətdə onların təhkim olunduğu müvafiq ərazi vergilər baş idarələrinə və ərazi vergilər idarələrinə), ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məhkəmə qərarları daxil olduqda həmin şəxsin ölkədən çıxışına məhdudiyyət tətbiq etmək üçün məlumatların müvafiq proqram təminatına daxil edilməsini, vergi ödəyicisinə məhdudiyyət barədə məlumatın göndərilməsini, məhdudiyyətə səbəb olmuş əsaslar aradan qalxdıqda həmin məhdudlaşdırılmanın götürülməsi ilə bağlı qərarların hazırlanmasını və müvafiq proqram təminatında məhdudlaşdırılmanın götürülməsini, vergi ödəyicisinə məhdudiyyətin götürülməsi barədə məlumatın və bu barədə qərarın göndərilməsi təmin etmək Baş İdarənin vəzifələrinə aid edilmişdir. Digər tərəfdən yuxarıda da qeyd olunduğu kimi, xx.xx.2022-ci il tarixdə vergi orqanın strukturunda aparılmış dəyişikliklərlə bağlı elə həmin tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Naziri tərəfindən qəbul edilmiş F-45 nömrəli əmrlə digər qurum olan- Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatının Vergi öhdəliklərinin icrasına nəzarət baş idarəsinin də Əsasnaməsi təsdiq olunmuşdur. Həmin Əsasnamənin 3.0.18 və 3.0.19-cu bəndlərinə görə vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergi borclarının, habelə sığorta haqları üzrə borcların ödənilməsinin təmin edilməsi üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı sənədlərin (o cümlədən müraciətin) hüquq strukturlarına göndərilməsi işinə nəzarət etmək; ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məhkəmə qərarları daxil olduqdan sonra həmin şəxslərin ölkədən çıxışına məhdudiyyətin tətbiq edilməsinə və buna səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi ilə bağlı qərarların hazırlanmasına və məhdudlaşdırmanın götürülməsi işinə nəzarət etmək məhz bu İdarənin vəzifələrinə aid edilmişdir. Göründüyü kimi, vergi orqanının strukturunda aparılmış bir sıra dəyişikliklərlə bağlı məhkəmə icraatı dövründə məlum olmuşdur ki, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məhkəmə qərarları daxil olduqda həmin şəxsin ölkədən çıxışına məhdudiyyət tətbiq etmək üçün məlumatların müvafiq proqram təminatına daxil edilməsi və məhdudiyyətə səbəb olmuş əsaslar aradan qalxdıqda həmin məhdudlaşdırılmanın götürülməsi ilə bağlı qərarların hazırlanmasını və müvafiq proqram təminatında məhdudlaşdırılmanın götürülməsini, bu barədə qərarın vergi ödəyicisinə göndərilməsini təmin etmək vəzifə olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsinə aid edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatının Vergi öhdəliklərinin icrasına nəzarət baş idarəsi isə yalnız şəxslərin ölkədən çıxışına məhdudiyyətin tətbiq edilməsinə və buna səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi ilə bağlı qərarların hazırlanmasına və məhdudlaşdırmanın götürülməsi işinə nəzarət etmək vəzifəsini daşıyır. Belə olan halda məhkəmə kollegiyası apelyantın sonradan apellyasiya şikayətinin davamı olaraq göstərdiyi dəlilləri əsassız sayır və hesab edir ki, həmin dəlillər vergi orqanının strukturunda aparılmış dəyişikliklərlə bağlı iddiaya cavab verməli orqanın dəyişməsi və s. bu kimi səbəblərdən cavabdehin düzgün seçilməməsi iddiaçının təqsiri olmadığı üçün məhkəmə qərarının məhz bu əsasla ləğv edilib iddianın mümkün sayılmaması üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsalandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəldiyi üçün vergi orqanı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3611/2022 saylı 14 fevral 2022-ci il tarixli qərarı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsi hesab olunmaqla dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3611/2022 saylı 14 fevral 2022-ci il tarixli qərarı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsi hesab olunmaqla dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar