Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1643/2023 05.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı3 və qeyrilərinin Cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə qarşı “qərarın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X13 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X7 və X6 ibarət tərkibdə, X11-Yusiflinin katibliyi ilə, İddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı3, Cavabdehin nümayəndəsi X8, 3-cü şəxsin nümayəndəsi və vəkili X10 iştirakı ilə, İddiaçı3 və qeyrilərinin cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə qarşı “qərarın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6118/2022 saylı 15 noyabr 2022-ci il tarixli qərarından 3-cü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə 05 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı3 və qeyriləri cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 532 saylı 29 dekabr 2006cı il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil ərazisində 1983 "Ç” ünvanda yerləşən 0,12 ha bağ sahəsi Bakı şəhər İcra Hakimiyyəti başçısının 12 oktyabr 2005-ci il tarixli, 266 saylı sərəncamı ilə ataları X3 verilmiş, müvafiq olaraq Azərbaycan Respublikası BŞİHB Aparatının Abadlaşdırma və X4 Departamenti ilə 24 sentyabr 2005-ci il tarixli, 36153 saylı müqavilə bağlanmış və bağ sahəsi istifadəyə verilmişdir. Bağ sahəsi ataları tərəfindən onların iştirakları ilə abadlaşdırılmışdır. Xeyli miqdarda - ümumilikdə səksəndən artıq üzüm tənəkləri və s. meyvə ağacları əkilmişdir. Onlar hər il yay-bağ mövsümü zamanı ailəlikcə bu bağda dincəlmişlər. Maddi imkansızlıqdan bağ sahəsinin ətrafını hasarlaya bilməmişlər. Ataları X5 21 sentyabr 2010cu il tarixdə vəfat etmişdir. Abşeron rayonu 2 saylı Notariat Ofisi tərəfindən müraciət əsasında xx.xx.2020-ci il tarixdə vəfat etmiş atalarından miras qalmış əmlakla bağlı vərəsəlik işi açılmışdır. 3-cü şəxs X19 heç bir qanuni əsas olmadan bağ sahəsini zəbt etmiş və orada ev tikmişdir. Belə ki, o, bağ sahəsinə getdikdə cavabdehin tikinti işlərinə başladığını görmüşdür. O, bu bağ sahəsinin onlara məxsus olduğunu və tikinti işlərini dayandırmasını, bağ sahəsindən çıxmasını tələb etmişdir. Onun bildirdiyinə görə dayısı Bakı şəhəri Binəqədi rayon bələdiyyəsinin sədri olmuş və guya bu torpaq sahəsini o bağışlamışdır. Onlar bir müddət öncə ona bildirmişlər ki, bu bağ sahəsi onların əmlaklarıdır və boşaldılmalıdır. Lakin 3-cü şəxsin təzyiqləri ilə üzləşmişlər. 3-cü şəxs əlavə olaraq 8 sot torpaq sahəsini də zəbt edərək bu torpaq sahəsinə birləşdirmişdir. Onlara məlum olmuşdur ki, Binəqədi rayonu Binəqədi bələdiyyəsinin 532 saylı 29 dekabr 2006-cı il tarixli qərarı ilə Goradil bağ massivində 1400 kv.m bağ torpaq sahəsi X14 ayrılması nəzərdə tutulmuşdur. Bu qərar tamamilə qeyri-qanuni və əsassızdır, qərar verilərkən bu torpaq sahəsinin istifadədə olub-olmaması müəyyən edilməmişdir, guya boş torpaq sahəsi verilmişdir. Bu cür qanunsuz qərarın verilməsi onlara məxsus torpaq sahəsinin zəbt edilməsi ilə nəticələnmişdir. Onlar əmlaklarından məhrum olmuşlar və xeyli maddi və mənəvi zərərə məruz qalmışlar. Uşaqlarının və nəvələrinin dincəlməyə yeri yoxdur. Qeyd olunmalıdır ki, bağ sahəsinin zəbt edilməsi və tikinti işləri aparılması, həmçinin qanunsuz qərar verilməsi səbəbindən bağ sahəsinin sənədləşdirilməsində problemlər yaranmışdır. Bağ sahəsinin mülkiyyət vəsiqəsi olmasa da, atalarından miras qalmış əmlakdır, ata-baba torpaq sahələridir və onların mülkiyyəti hesab edilməlidir. Bu torpaq sahəsinin yerləşdiyi ərazi dövlət mülkiyyəti olub yaşayış məntəqələri torpaqlarına aiddir. Onlar ərizə ilə cavabdehə müraciət edərək qərarın ləğv edilməsini xahiş etmişlər, lakin cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir və verilmiş cavabda əsas olmadığından ləğv edilməsinin mümkün olmadığı göstərilmişdir. Qərarın ləğv edilməsi üçün əsaslar olduğu halda ləğv edilməmiş və cavabdeh tərəfindən hərəkətsizliyə yol verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5550/2021 saylı 11 oktyabr 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)- 2965/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilərək, 11 oktyabr 2021-ci il tarixli qərardadın ləğv edilərək işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6118/2022 saylı 15 noyabr 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan 3-cü şəxs X19 tərəfindən müddətin bərpası barədə ərizə və apellyasiya şikayəti verilərək, müddətin bərpa edilməsi, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı Apelyasiya Məhkəmsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti verilməsi üçün prosessual müddət ötürülməmiş hesab edilərək, apellyasiya mümkün hesab edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar iddianın təmin edilməsi hissəsində əsassızdır, ləğv edilməli, iddia rədd edilməlidir. Məhkəmə iddiaçıların subyektiv hüquqa malik olub-olmadığını müəyyən etmədən, iddianı əsassız olaraq təmin etmişdir. Hazırkı işdə iddiaçıların daha əvvəl hüquqlarının qeydiyyatından həm də ona görə imtina olunub ki, onlara naturada torpaq sahəsinin ayrılması ilə bağlı ayrıc aktı, habelə həmin torpağın müvafiq koordinatlarının əks oldunduğu hər hansı plan-eskiz sənədi mövcud deyil. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********23 nömrəli, xx.xx.2022-ci il tarixli, **********89 nömrəli məktublardan da görünür ki, elektron kadastr məlumatlarına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ masivvi 1983Ç, həmçinin 1983-1984 saylı bağ sahələrinin indeksləri (törəmə bağ sahələri) sxematik xəritədə göstərilməmişdir. Məhkəmə mübahisəli torpaq sahəsi ilə iddiaçılara verilmiş sənədlərdəki torpaq sahəsinin eyni sahə olması ilə bağlı tam araşdırma aparmamışdır. Məhkəmə yalnız o faktla kifayətlənib ki, iddiaçılar müxtəlif vaxtlarda dövlət orqanlarına müraciət edərkən məhz bu sahəni həmin təşkilatlara göstəriblər. Əvvəla, məhz bu sahə uzun illərdir onun sahibliyində və istifadəsindədir və heç vaxt hər hansı təşkilat tərəfindən bu sahəyə baxış keçirilməyib. İkincisi, hətta belə olsa belə, bu məhkəməyə əsas vermir ki, həmin sahələrin üst-üstə düşdüyü qənaətinə gəlsin. Onlar həmin qərar barədə hələ 2000-ci illərin sonunda məlumatlı olublar. İddiaçılar Binəqədi Rayon Məhkəməsinə iddia təqdim etməzdən əvvəl onunla onun torpaq sahəsində görüşüblər. O, onlara həmin qərarı təqdim etmiş, həmin qərar məhkəmə araşdırmasının predmeti olmuşdur. Belə ki, Binəqədi rayon Məhkəməsinin “mütəxəssis rəyinin alınması” ilə bağlı 15 oktyabr 2020-ci il tarixli qərardadında hazırkı mübahisələndirilən qərarın iş materiallarında olması qeyd edilmiş, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRXnin mütəxəssisi öz rəyində həmin qərara istinad etmişdir. İddiaçılar iddia müddətini ötürməklə hazırki iddia ilə məhkəməyə müraciət etmişlər. Tərəflərin izahatları 3-cü şəxsin nümayəndəsi və vəkili X18 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın mümkün sayılmasını xahiş etmişdir. İddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X15 apellyasiya şikayətinin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki iş üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı1, İddiaçı4, İddiaçı5, İddiaçı6 21 sentyabr 2010-cu ildə ölmüş X2 uşaqlarıdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X4 X1 İnkişafı və İstismarı Birliyi ilə X5 arasında bağlanmış 36153 nömrəli, xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən Binəqədi rayonunun Goradil ərazisində 0,12 hektar torpaq sahəsi olan 1983ç nömrəli bağ sahəsi xx.xx.2015-ci ilədək X2 istifadəsinə verilmişdir. X5 həmin bağ sahəsi üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmadan ölmüşdür. Hazırda X2 ölümündən sonra uşaqları həmin bağ sahəsindən istifadə etməklərinə iş üzrə üçüncü şəxs X19 tərəfindən maneə yaradıldığına istinad edirlər. Buna görə də İddiaçı3 cavabdeh X14 qarşı Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh X12 Bakı şəhəri, Binəqədi rayonu, Göradil ərazisində 1983 Ç ünvanda yerləşən 0,12 ha bağ sahəsindən ailə üzvləri ilə birlikdə çıxarılması, bağ sahəsinin boşaldılmasına və cavabdeh tərəfindən bağ sahəsində inşa edilmiş fərdi yaşayış evinin cavabdehin hesabına sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin mülki işdə məhkəmə qərardadı əsasında verilmiş mütəxəssis rəyi ilə iddia edilən “1983ç” saylı bağ sahəsinin nömrəsi sxematik xəritədə öz əksini tapmadığından, həmçinin bu hissədə sxematik xəritədə bağ nömrəsi qeyd olunmadığından bağ sahəsinin üst-üstə düşüb-düşmədiyini və hansı bağ sahəsinə aid olub-olmadığını müəyyənləşdirməyin mümkün olmaması, İdarənin elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahənin ətraf qonşularının “bağ massivi” kimi qeydiyyatdan keçməsi, "xxxx" MMC-nin baza məlumatlarına əsasən mübahisəli ərazinin dövlət mülkiyyəti olub, yaşayış məntəqəli torpaqlarına aid edilməsi müəyyən edilmişdir. Bundan sonra iddiaçılar hazırki iş üzrə cavabdeh Binəqədi Bələdiyyəsinə xx.xx.2021-ci il tarixli məktubla müraciət edərək qərarın bə müqavilənin ləğv edilməsini xahiş etmiş, cavabdeh isə həmin müqavilənin qanunvericiliyin tələblərinə uyğun verildiyini və qüvvədə olduğunu, müqavilənin və ya qərarın ləğv edilməsinə əsas olmadığından qərarın və müqavilənin ləğv edilməsinin mümkün olmadığını bildirmişdir. Hazırda iddiaçılar mübahisəli torpaq sahəsi ilə bağlı cavabdeh tərəfindən qəbul edilmiş 532 saylı 29 dekabr 2006-cı il tarixli qərarı inzibati icraat qaydasında mübahisələndirirlər. İşə birinci instansiya qaydasında baxmış məhkəmə mübahisələndirilən qərar qəbul edilən zaman qanunvericiliyin tələblərinə əməl edilməməsi (torpağın bələdiyyənin mülkiyyətində olmasını təsdiq edən sənədin mövcud olmaması, müvafiq orqanların rəylərinin alınmaması, torpaq sahəsinin qanunla müəyyən edilmiş normadan artıq ayrılması), həmçinin mübahisəli torpaq sahəsinin Göradil bağ massivinin ərazisində yerləşməklə dövlət mülkiyyətində olan torpaq sahəsi olmasının müəyyən edilməsinə istinad edərək iddia tələbinin təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, Bakı şəhəri, ünvan 7 ünvanında yerləşən sahəsi 0,118907 ha torpaq sahəsi, Binəqədi rayonunun Goradil ərazisində 0,12 hektar torpaq sahəsi olan 1983z nömrəli bağ sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsi kimi vətəndaşların mülkiyyətinə verilmişdir. Qəbul edilmiş 29 dekabr 2006-cı il tarixli, 532 nömrəli qərar bələdiyyənin mülkiyyətində olmayan torpaq sahəsi ilə bağlı qəbul edildiyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 65.1.2-ci maddəsinə əsasən etibarsız inzibati aktdır. Ona görə də müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş mübahisələndirilən inzibati akt etibarsız sayılmalıdır. Məhkəmə kollegiyası iddianın təmn edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Əvvəla kollegiya qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İPMdən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları ilə müəyyən edilən məhkəməyə müracət etmə müddətində hazırki tələbi barədə məhkəmədə iddia qaldırmamışdır, ona görə də onun iddiası mümkün sayılmamalıdır. İşin araşdırılan hallarından görünür ki, iddiaçı inzibati orqanın bundan təxminən 17 il əvvəl həyata keçirdiyi hərəkətlərin qanunsuz sayılmasını tələb edir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. «İnzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). Nəzərə alınmalıdır ki, inzibati orqanın mübahisələndirilən hərəkətləri 2006-cı ildə baş vermişdir. Həmin dövrdə inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları isə 1964-cü il 11 sentyabr tarixli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası MPM-nin 24-cü fəslinin müddəaları əsasında həll olunurdu. Həmin normalar da inzibati orqanın qərar, hərəkət və hərəkətsizliyinin mübahisələndirilməsini müddətlə məhdudlaşdırırdı və bu müddət qərarın təqdim olunduğu gündən 10 gün təşkil edirdi. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyristabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzürlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Hazırki işdə də iddiaçı irəli sürdüyü iddia üzrə iddia müddətini buraxmışdır. Doğrudur ki, müəyyən dövrdə qanunvericilik iddia müddətinin şəxsin hüquq və azadlığının pozulduğu barədə ona «məlum olan gündən» hesablanması qaydasını müəyyən etmişdi. Məsələn, Azərbaycan Respublikası MPM-nin 298-ci maddəsinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik idi (Həmin norma 10 iyun 2011-ci il tarixli 143- İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-dən çıxarılmışdır və bu cür mübahisələndirmə qaydaları Azərbaycan Respublikası İPM-lə tənzimlənməyə başlamışdır). Lakin bu hal da iddianın mümkün sayılmasına əsas vermir. Əvvəla ona görə ki, yuxarıda qeyd olunduğu kimi, həmin qərar barədə iddiaçılar hələ 2000-ci illərin sonunda məlumatlı olublar. İddiaçılar Binəqədi Rayon Məhkəməsinə iddia təqdim etməzdən əvvəl 3-cü şəxs Tofiq Abışlı ilə onun torpaq sahəsində görüşmüş, qərar onlara təqdim edilmiş və həmin qərar mülki məhkəmə araşdırmasının predmeti olmuşdur. Belə ki, Binəqədi rayon Məhkəməsinin “mütəxəssis rəyinin alınması” ilə bağlı 15 oktyabr 2020-ci il tarixli qərardadında hazırkı mübahisələndirilən qərarın iş materiallarında olduğu qeyd edilmiş, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin mütəxəssisi öz rəyində həmin qərara istinad etmişdir. Qeyd olunmalıdır ki, inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cur mübahisələndirmə üçün qısaldılmış 10 gün iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə «məlum olan gündən» hesablanması qaydası müəyyən olunmamışdı. İddiaçı qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktda müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, yeni qanuna istinadla inzibati iddianı qaldıra bilməz. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Konstitusiya Məhkəməsi Plenumunun adı çəkilən qərarına görə iddiaçı tələbində inzibati aktın etibarsızlığını mübahisələndirsə də, əslində iddia mübahisələndirmə haqqında iddia növü olduğuna görə iddianın mümkünlük şərtlərindən biri olan iddia müddəti yoxlanılmalıdır. İddiaçının mübahisə açdığı qərar 2006-cı ildə qəbul edilmişdir. Onun cavabdehin qəbul etdiyi qərarı mübahisələndirməyə dair subyektiv hüququ yaranmasına baxmayaraq məhkəmə müdafiəsi hüququndan yararlanmamışdır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir. Həmçinin apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak etmiş iddiaçı və digər iddiaçıların nümayəndəsi mübahisələndirilən qərardan 2006-cı ildə əraziyə baxış keçirilərkən Tofiq Abışlı tərəfindən tikinti işlərinin aparılması zamanı məlumatlı olduğunu bildirmişdir. Lakin hazırki işdə iddia ərizəsi ilə məhkəməyə 2021-ci il tarixdə müraciət etdiyi müəyyən olunur ki, bu da bir daha iddiaçılar tərəfindən qanunla müəyyən edilmiş müddətin ötürülməsi deməkdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Kollegiya həmçinin vurğulayır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 2021). Deryan Türkiyəyə qarşı iş üzrə 21 iyun 2015-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri adekvat göstərməlidir. Səbəbləri göstərmək öhdəliyinin tətbiqi dairəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bu səbəbdən, Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyinə nə üçün məhkəmə tərəfindən riayət olunub-olunmaması yalnız işin halları baxımından müəyyən edilə bilər. Lakin qanunla müəyyən olunmuş müddət məhdudiyyətinə dair ərizənin tərəfin dəlili kimi araşdırılması sözügedən iş üçün həlledici əhəmiyyət kəsb etdikdə, ona spesifik və aydın cavabın verilməsi tələb olunur (§ 30-33). Qeyd olunan halları işə birinci instansiya qaydasında baxmış məhkəmə araşdırmadan, iddianın mümkünlük şərtlərinin ödənilib-ödənilmədiyini yoxlamadan verilmiş tələbə inzibati məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, 3-cü şəxs X19 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6118/2022 saylı 15 noyabr 2022-ci il tarixli qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: 3-cü şəxs X19 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6118/2022 saylı 15 noyabr 2022-ci il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Rəşid Səmədov Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-1643/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1643/2023
05.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver