Məhkəmə qərarları › İş №2-1(103)-1644/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1644/2020

18.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1644/2020 18.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X9 oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı sosial sığorta stajının nəzərə alınaraq, ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020ci il tarixli, 2-1(112)-1884/2020 saylı qərarından cavabdehin nümayəndəsi M.Cabbarlı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-1884/2020 saylı qərarı ilə iddia tələbi təmin edilərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsi tərəfindən verilmiş arayışa əsasən X7 xx.xx.1995-ci il tarixdən xx.xx.1999cu il tarixdək daxili işlər orqanlarında xidmət edərək, təqvimi hesablama ilə 06 il 06 ay 10 gün (hərbi xidməti daxil olmaqla), imtiyazlı hesablama ilə 08 il 06 ay 12 gün sosial sığorta stajına malik olması nəzərə alınmaqla, İddiaçı xx.xx.2019-cu il tarixdən ailə başçısını itirməyə görə əmək pensiya təyin edilərək hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır (hakim F.Mədətli). Həmin qərardan cavabdehin nümayəndəsi M.Cabbarlı apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu - əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona pensiya təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsi tərəfindən verilmiş arayışa əsasən X7 xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixdək daxili işlər orqanlarında xidmət edərək, təqvimi hesablama ilə 06 il 06 ay 10 gün (hərbi xidməti daxil olmaqla), imtiyazlı hesablama ilə 08 il 06 ay 12 gün sosial sığorta stajına malik olması nəzərə alınmaqla, İddiaçı xx.xx.2019-cu il tarixdən ailə başçısını itirməyə görə əmək pensiya təyin edilərək hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum X7 qızıdır. Hazırda əyani əsaslarla təhsil alır. İddiaçı ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən xx xxxxxx 2019-cu il tarixli, **********3 saylı məktubla pensiya təyin edilməsindən imtina edilmişdir. İmtinaya əsas olaraq mərhum X7 xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Daxili işlər orqanında olan iş stajının əmək kitabçasında olmadığı göstərilmişdir. X2 həmin dövrlərdə daxili işlər orqanlarında xidmət etməsi və bu barədə arayış cavabdehə təqdim edilmişdir. Həmin arayış əsasında X7 iş stajı təqvimi hesablama ilə 06 il 06 ay 10 gün, imtiyazlı hesablama ilə 08 il 06 ay 12 gün təşkil edir. X1 bundan əlavə iş stajına malik olması təqdim olunmuş əmək kitabçası əsasında öz təsdiqini tapmışdır. Belə olan halda iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsindən imtina edilməsi barədə cavabdehin imtinası əsassız olmuşdur. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxsin izahatı: Cavabdehin nümayəndəsi X4 verdiyi apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, iddiaçının atası X13 AR DİN Baş Kadrlar İdarəsi tərəfindən verilmiş arayış əsasında xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək daxili işlər orqanlarında xidmət edərək, təqvimi hesablama ilə 06 il, 06 ay, 10 gün (hərbi xidmət daxil olmaqla), imtiyazlı hesablama ilə 08 il, 06 ay, 12 gün sosial sığorta stajına malikdir. Birinci instansiyası hesab etmişdir ki, iddiaçının atasının tələb olunan staja malik olduğuna görə ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməli və ödənilməlidir. Bu səbəblə də məhkəmə iddianı təmin etmişdir. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, iş üçün əhəmiyyətli halların tam, hərtərəfli, obyektiv araşdırılmaması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması şəraitində çıxarılmışdır. Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasında iştirak edə bilməyəcəyindən işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçıya verilmiş xx.xx.2019-cu il tarixli, **********3 saylı imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1-ci maddəsinə istinad olunaraq, xx.xx.1995-xx.xx.1999-cu illər Daxili işlər orqanında olan iş stajı əmək kitabçası olmadığından həmin illərin sosial sığorta stajına daxil edilməsinin mümkün olmadığı bildirilmişdir. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsi tərəfindən verilmiş daxili işlər orqanlarında xidmət dövrü barədə arayışından görünür ki, X13 xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Bakı şəhəri Nərimanov RPİ-nin nəzdində mühafizə şöbəsində polis nəfəri, xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək DİN-in Mühafizə İdarəsinin sərəncamında olmuş, xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək DİN-in X6 binasının və ərazisinin mühafizəsi üzrə mühafizə bölməsində polis nəfəri, xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək DİN-in X6 binasının və ərazisinin mühafizəsi üzrə mühafizə bölməsində polis nəfəri, xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək DİN-in Baş Mühafizə İdarəsinin sərəncamında olmuş, xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Bakı şəhəri Yasamal RMİ-də polis nəfəri vəzifəsində işləmiş, xx.xx.1999-cu il tarixdə Müvəqqəti Təlimatın 4-cü maddəsinin “E” bəndinə əsasən (öz xahişi ilə) əsasən daxili işlər orqanlarından xaric olunmuşdur. X7 daxili işlər orqanlarında xidmət müddəti xx.xx.1999-cu il tarixə təqvimi hesablama ilə 06 il 06 ay 10 gün (hərbi xidməti daxil olmaqla), imtiyazlı hesablama ilə 08 il 06 ay 12 gün təşkil edir. Əsas: A.Hüseynovun arxiv şəxsi işi. Pensiya işində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin əmək Pensiya təyin edən komissiyasının xx.xx.2019-cu il tarixli, **********9 saylı qərarından görünür ki, İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən tələb olunan sosial sığorta stajı olmadığına görə imtina edilmişdir. Pensiya işinə əlavə edilmiş Naxçıvan şəhər VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 257623 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X8 arasında xx xxxxxx 1999-cu il tarixdə Naxçıvan şəhər VVADQ şöbəsində nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx xxxxxx 1999-cu il tarixdə 151 saylı nömrə ilə qeyd edilmişdir. Pensiya işinə əlavə edilmiş Naxçıvan şəhər VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 178801 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxx 2001-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuşdur. Atası qrafasında X7, anası qrfasında X5 adı yazılmışdır. Pensiya işinə əlavə edilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2001-ci il tarixdə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. Pensiya işinə əlavə edilmiş 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 018294 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx xxx 2019-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir. Pensiya işinə əlavə edilmiş X10 məxsus ******* saylı əmək kitabçasının surətindən görünür ki, X13 xx.xx.2009-cu il tarixdən- xx.xx.2019-cu il tarixədək müxtəlif vəzifələrdə işləmişdir. Pensiya işinə əlavə edilmiş Naxçıvan MR Təhsil Nazirliyi Naxçıvan Dövlət Texniki Kolleci tərəfindən verilmiş 555 saylı, xx xxxx 2019-cu il tarixli arayışdan görünür ki, Hüseynli X12 Dövlət Texniki Kollecinin əyani İV kurs Baytarlıq ixtisasında ödənişli əsaslarla təhsil alır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 14.1, 14.1.1 və 14.1.1.3-cü maddələrinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) vəfat etmiş və ya həlak olmuş şəxslərin təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan, lakin ən çoxu 23 yaşına çatanadək övladlarının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı xx.xx.2001-ci il təvəllüdlü olmaqla, hazırda Naxçıvan Dövlət Texniki Kollecinin əyani İV kurs Baytarlıq ixtisasında ödənişli əsaslarla təhsil alır. Belə olan halda iddiaçının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Beləliklə işin araşdırılan halları ilə müəyyən olundu ki, İddiaçı hazırda pensiyaçı deyildir. Onun atası X13 xx xxx 2019-cu il tarixdə vəfat etmişdir. İddiaçı vəfat etmiş şəxsin təhsil müəssisəsinin əyani şöbəsində təhsil alan övladı kimi ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdeh DSMF Suraxanı rayon şöbəsinə müraciət etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2019-cu il tarixli məktubla iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan sosial sığorta stajının olması öz təsdiqini tapmadığına görə ona pensiya təyin edilməsindən imtina etmişdir. İmtinaya əsas olaraq iddiaçının atasının xx.xx.1995-xx.xx.1999-cu il tarixlərdə Daxili işlər orqanlarında işlədiyi dövrün əmək kitabçasında olmadığını göstərmişdir. Halbuki işdə olan pensiya işinə əlavə olunmuş sənədlərdən görünür ki, X7 həmin dövr üzrə sosial sığorta stajına malik olması Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsi tərəfindən verilmiş arayışla öz təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsi tərəfindən verilmiş arayışlar əsasında X7 xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixdək daxili işlər orqanlarında xidmət etdiyi, xidmət müddətinin xx.xx.1999-cu il tarixə təqvimi hesablama ilə 06 il 06 ay 10 gün (hərbi xidməti daxil olmaqla), imtiyazlı hesablama ilə 08 il 06 ay 12 gün təşkil etdiyi müəyyən edilmişdir. Həmin dövr üzrə X7 daxili işlər orqanlarında xidmət edərək, sosial sığorta stajına malik olması iş materiallarına əlavə edilmiş arayışla təsdiq edildiyindən, birinci instansiya məhkəməsi hesab etmiş dir ki, qeyd olunan dövrlər pensiya təyin edilməsi üçün sosial sığorta stajı olaraq əsas götürülməlidir. Həmçinin iş materiallarına əlavə edilmiş X10 məxsus olmuş əmək kitabçası əsasında onun xx.xx.2009-cu il tarixdən - xx.xx.2019-cu il tarixədək müxtəlif vəzifələrdə işləyərək, sosial sığorta stajına malik olması müəyyən edilmişdir. Əmək kitabçası üzrə X7 ümumi iş stajı 09 il 05 ay 06 gün təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmişdir “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 4.4.1-ci bəndinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olmuş və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi olmuş kömək alan) Qanunun 14-cü maddəsində göstərilən ailə üzvlərinin Qanunun 17-ci maddəsində nəzərdə tutulan şərtlərlə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Həmin Qaydaların 4.4.2-ci bəndinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ailə başçısının ölüm gününədək bu Qaydaların 4.3.2-ci yarımbəndinə uyğun olaraq əlillər üçün müəyyənləşdirilmiş sığorta stajı olduqda təyin edilir. Təyin edilmiş pensiyanın ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən az olduqda həmin məbləğə çatdırılmaqla ödənilir. Qanunvericliyin tələblərinə əsasən vəfat edən şəxsin ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmaqla hesablanır. İddiaçının atasının 51 yaşında vəfat etməsini, onun əmək qabiliyyətli yaş dövrünün 36 il təşkil etməsini nəzərə aldıqdan, hazırki halda iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin edilməsi üçün ümumilikdə 12 il sığorta stajının olması tələb olunur. (51 yaş -15 yaş= 36)x4ay=144 ay=12 il sığorta stajı. İddiaçının atası X7 xx.xx.1995-ci il tarixdən xx.xx.1999- cu il tarixdək daxili işlər orqanlarında xidmət edərək, təqvimi hesablama ilə 06 il 06 ay 10 gün (hərbi xidməti daxil olmaqla), imtiyazlı hesablama ilə 08 il 06 ay 12 gün sosial sığorta stajına malik olması arayışla, xx.xx.2009-cu il tarixdən - xx.xx.2019-cu il tarixədək sosial sığorta stajına malik olması əmək kitabçası ilə təsdiq edildiyindən, ümumilikdə sosial sığorta stajının 12 ildən çox olması öz təsdiqini tapdığından birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin edilməsindən imtina edilməsi əsassız olmuşdur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabehin imtinası iddiaçının hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilə olmaqla, belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübut edilə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdehin nümayəndəsi M.Cabbarlı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-1884/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar