Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1644/2022 07.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Aida Hüseyn Əli qızından ibarət tərkibdə, Aslanova Gülnar Faiq qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-504/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli 147 saylı sərəncamının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-504/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-504/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestrində Cavabdeh istifadəsində olan torpaq sahəsi kimi göstərildiyindən X5 Birliyinin verdiyi order əsasında həmin ərazidə torpaq sahəsini sənədləşdirə bilmirdi. İddiaçının xahişi nəzərə alınaraq Cavabdeh başçısının sərəncam ilə ona Kürdəxanı qəsəbəsinin şimal hissəsində həmin torpaq sahəsinin əvəzinə 0.06 ha torpaq sahəsi ayrılmışdır. X3 orderi ilə əvvəlki torpaq sahəsini sənədləşdirərək rayon İcra Hakimiyyətinin 305 saylı, 2018 -ci il tarixli sərəncam ilə ona verdiyi 0.06 ha torpaq sahəsindən imtina edərək toraq sahəsini geri qaytararaq icra Hakimiyyəinin nümayəndəsinə xx.xx.2019-cu ildə etibarnamə ilə vermişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı kollegiya iclasında iştirak etmir və gəlməmə səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Cavabdeh məhkəmənin sorğusuna cavab olaraq 1/1200 nömrəli xx.xx.2021-ci il tarixli məktubla inzibati icraat materiallarını (mübahisələndirilən sərəncamın və həmin sərəncamın qəbul edilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətini) məhkəməyə təqdim etmişdir. İş materiallarından görünür ki, Cavabdeh başçısının “Fərdi yaşayış evinin tikintisi məqsədi ilə İddiaçı Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin şimal hissəsində torpaq sahəsinin ayrılması haqqında” 146 nömrəli xx.xx.2017-ci il tarixli Sərəncamına əsasən İddiaçı Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin şimal hissəsində fərdi yaşayış evinin tikintisi məqsədilə 0,06 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019cu il qeydiyyat tarixli Çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni yaşayış sahəsi, sahə 12 üzərində istifadə hüququ (müddətsiz) İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarından görünür ki, Cavabdeh başçısının “İddiaçı Kürdəxanı qəsəbəsində torpaq sahəsi verilməsinə dair Cavabdeh başçısının 305 saylı, 16 avqust 2018-ci il tarixli sərəncamının ləğv edilməsi barədə” 147 nömrəli xx.xx.2020-ci il tarixli Sərəncamına əsasən İddiaçı Kürdəxanı qəsəbəsinin şimal hissəsində 0.06 ha torpaq sahəsinin ayrılması barədə Cavabdeh başçısının 305 saylı 16 avqust 2018-ci il tarixli sərəncamı ləğv edilmişdir. İş materiallarından görünür ki, Cavabdeh 147 nömrəli xx.xx.2020-ci il tarixli Sərəncamı onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdehnə təqdim etdiyi sənədlər ona aid deyil və qeyd olunan torpaq sahəsi digər fiziki şəxsə məxsus torpaq sahəsidir. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanlanan **********12 nömrəli, xx.xx.2018-ci il tarixli məktubunda bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən qeyd olunan torpaq sahəsi digər fiziki şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşür. Bakı Ərazi İdarəsinin və Cavabdeh 147 nömrəli xx.xx.2020-ci il tarixli Sərəncamında göstərilən digər fiziki şəxsin kim olmasını araşdırılması məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müvafiq sorğu göndərmişdir. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2021-ci il tarixli məktubla bildirmişdir: “elektron kadastr baza məlumatlarına əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə **********12 nömrəli, xx.xx.2018-ci il tarixli bildirişdə vətəndaş tərəfindən göstərilən ərazi **********71-11301 reyestr nömrəsi ilə Ləhiş bağ sahəsi, 680 saylı bağ sahəsi kimi xx.xx.2018-ci il tarixdə X1 adına daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyata alınmışdır. Həmçinin bildiririk ki, 245 nömrəli BTK nəzdində Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 0.12 ha torpaq sahəsi olan 600 saylı bağ sahəsi 36 nömrəli order əsasında İddiaçı adına xx.xx.2021-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmış, 4Ə-281 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında xx.xx.2021-ci il tarixdə özgəninkiləşdirilmişdir.” Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanladığı məktubunda qeyd edilən digər fiziki şəxsin X4 olduğu bildirilmişdir. Lakin, məktubdan da göründüyü kimi, İddiaçı müvafiq torpaq sahəsi Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində ayrıldığı halda, X2 müvafiq torpaq sahəsi Ləhiş bağ sahəsi ərazisində ayrılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq təqdim edilmiş inzibati icraat materiallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən inzibati icraat aparılarkən digər fiziki şəxsin kim olması, həmin fiziki şəxsə məxsus olan torpaq sahəsinin hansı ərazidə yerləşməsi araşdırılmamışdır. Həmçinin, məhkəmə qeyd edir ki, İddiaçı barəsində qəbul edilmiş əlverişli inzibati aktın ləğv edilməsinə dair aparılan inzibati icraat zamanı İddiaçı maraqlı şəxs qismində inzibati icraata cəlb edilməmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən İddiaçı inzibati icraata nəinki cəlb olunmadığı, hətta mübahisələndirilən sərəncamla bağlı inzibati icraatın tam aparılmadığı, sərəncamda inzibati orqanın gəldiyi nəticənin əsası kimi hər hansı maddi hüquq normasına istinad olunmadığı, buradan, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının pozulması nəticəsində qəbul edilmiş sərəncamın qanunsuz olduğu və iddiaçının hüquqlarını pozduğu aşkardır (İPM-in 70.1-ci maddəsi). İİQ-nin 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. İİQ-nin 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. İİQ-nin 51.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. İİQ-nin 67.1-ci maddəsinin məzmununa görə, inzibati aktın qanunsuz sayılması üçün inzibati orqan tərəfindən, istər inzibati icraat haqqında hüquq normalarının, istərsə də maddi hüquq normalarının, - onlardan hər hansı birinin ayrılıqda pozulması yetərlidir. İnzibati orqan, xüsusilə inzibati icraatda iştirak edən şəxsləri inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə (İİQ-nin 51.1-ci maddəsi) və onların dinlənilmə hüququnu təmin etməyə (İİQ-nin 21.2-ci maddəsi) borcludur. Həmin normaların tələbləri cavabdeh inzibati orqan tərəfindən təmin olunmayıb. Buradan, iddiaçının barəsində qəbul edilmiş sərəncam İİQ-nin 67.1-ci maddəsinə əsasən, artıq formal-hüquqi baxımdan qanunsuz sayılmalıdır. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda inzibati aktın ləğvinin mümkünlüyü ilə bağlı tələbə gəldikdə, nəzərə alınmalı idi ki, inzibati icraat qaydalarının yuxarıda qeyd olunan tərzdə pozulduğu, qanunla məcburi hesab olunan formal-hüquqi tələblərin inzibati orqan tərəfindən təmin olunmaması iddiaçını öz hüquqlarını müdafiə etmək imkanından qeyd-şərtsiz məhrum etmişdir. Digər tərəfdən, inzibati icraat zamanı araşdırılması ilə də fərqli qərarın qəbulu imkanı istisna deyildi. Başqa sözlə, inzibati icraat qaydalarının tələblərinin təmin olunduğu halda da mütləq hazırkı məzmunda sərəncamın qəbul olunacağı barədə qənaətlə qeydşərtsiz razılaşmaq mümkün deyil. Bundan başqa, hətta mübahisələndirilən 147 nömrəli xx.xx.2020-ci il tarixli sərəncamla ləğv edilən 305 saylı, 16 avqust 2018-ci il tarixli sərəncamın qanunsuz olduğu qəbul edildikdə belə, cavabdeh inzibati orqan həmin sərəncamı (iddiaçı üçün əlverişli inzibati aktı) yalnız İİQ-nin 67-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv edə bilərdi (İİQ-nin 67.4-67.8-ci maddələri). İİQ-nin 67.5-ci maddəsinin tələbinə görə, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. İİQ-nin 67.6-cı maddəsinin tələbinə görə, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. İİQ-nin 67.7-ci maddəsinə görə, bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. 67.6-cı maddədə qeyd olunan və etimadın qorunması hüququna istinadı istisna edən hallardan hər hansı biri hazırkı işdə mövcud deyil. Əksinə, 2017-ci il 13 mart tarixli, 112 saylı sərəncamın bilavasitə icra hakimiyyəti orqanının təklifinə əsasən bağlanmış barışıq sazişi üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası qaydasında qəbul edildiyi nəzərə alındıqda, iddiaçı həmin sərəncamın məzmununun qanuniliyinə etimad göstərməkdə haqlı olmuşdur. Çünki bu etimadın əsasında hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq onun ən azından iki qolunun – icra və məhkəmə hakimiyyətinin iradəsi aşkar olaraq var idi. İİQ-nin 67.8-ci maddəsinə görə, başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Kollegiya apellyasiya şikayətinə münasibətdə bildirir ki, iş materialları və qanunvericiliyin müddəaları baxımından şikayət düzgün əsaslandırılmamışdır və formal mülahizələrə əsaslanmışdır. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, belə nəticəyə gəlir ki, mübahisələndirilən sərəncam qəbul edilərkən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının pozulması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, mübahisələndirilən sərəncam qanunsuz sayılmalı və ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin olunmasına dair qərar qəbul etmişdir. Odur ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-504/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-1644/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1644/2022
07.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver