Məhkəmə qərarları › İş №2-1(103)-1644/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1644/2023

09.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1644/2023 09.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasinin Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(82)- 1891/2018 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək 28 May NQÇİ-də, xx.xx.1998-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətində, xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək «BP Exploration» şirkətində xüsusi zərərli iş şəraiti olan müxtəlif vəzifələrdə işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli xx.xx.1993-cü il tarixli Qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin İ siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, xx.xx.2008-ci il tarixdən (52 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının, həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə, yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh şöbənin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1891/2018 saylı, 17 aprel 2018-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, iddiaçıya xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək 28 May NQÇİ-də, xx.xx.1998-ci il tarixdən xx.xx.1999- cu il tarixədək Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətində, xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək «BP Exploration» şirkətində xüsusi zərərli iş şəraiti olan müxtəlif vəzifələrdə işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli xx.xx.1993-cü il tarixli Qərarı ilə müəyyənləşdirilmiş Güzəştli pensiya hüququ olan vəzifələrin İ siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, xx.xx.2008-ci il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının, həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə, yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh şöbəyə həvalə edilməsi qərara alınmışdır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 may 2018-ci il tarixli, 2-1(103)- 1395/2018 saylı qərarı ilə cavabdeh şöbə tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 aprel 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərardan cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 avqust 2018-ci il tarixli, 2-1(102)-1672/2018 saylı qərarı ilə cavabdehin kassasiya şikayətinin təmin edilməsi; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 may 2018-ci il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli, 2-1(103)-2443/2018 saylı qərarı ilə cavabdeh şöbənin apellyasiya şikayətinin təmin edilməməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 aprel 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərardan cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 yanvar 2019-cü il tarixli, 2-1(102)-142/2019 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinin kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1891/2018 saylı, 17 aprel 2018-ci il tarixli qərarı icra edilməsi üçün xx.xx.2019-cu il tarixdə cavabdehə göndərilmişdir. Qərarın icrası ilə bağlı məlumat daxil olmadığından və iddiaçının müraciətlərinə əsasən məhkəmə tərəfindən cavabdeh inzibati orqana məktublar ünvanlanmış, qərarın icrasının təmin olunmadığı təqdirdə İPM-nin 120-ci maddəsinə əsasən cərimə tətbiq olunmasının mümkünlüyündən xəbərdar etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1891/2018 saylı, 17 aprel 2018-ci il tarixli qərarı icrası ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə məktub ünvanlanmış, məktubda qeyd edilmişdir ki, Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən aparılan xidməti araşdırma nəticəsində İddiaçı güzəştli şərtlərlə yaşa görə təyin olunmuş pensiya ödənişi dayandırılmış, adıçəkilən şəxsin sonradan qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatması səbəbindən xx.xx.2021-ci il tarixindən 3034.76 manat məbləğində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin olunmuş, artıq ödənilmiş 292.768, 83 manat pul vəsaiti isə adıçəkilən şəxsin əmək pensiyasından hər ay 606,95 manat çıxılmaqla tutularaq büdcəyə bərpa edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1891/2018 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 300 manat miqdarında cərimə edilmiş və həminqurumdan tutulan cərimənin dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Qərardaddan cavabdeh apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və 300 manat cərimənin götürülməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanuni qüvvəsini aldıqdan sonra Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən qərar icra edilərək əmək haqqı əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yenidən hesablanmışdır.İşin hallarından görünür ki , qərar artıq icra olunmuşdur. Sonradan pensiyanın dayandırılmasına əsas olan şübhələrin yaranması və bunun nəticəsində pensiyanın dayandırılması qərarın icra olunmaması kimi başa düşülməməlidir. İşin hazırkı apellyasiya icraatı zamanı tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İPM-nin 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 116.1. Bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. 116.2. Məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. 117.1. İcra aşağıdakı sənədlər əsasında həyata keçirilir: 117.1.1. qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında; 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 nömrəli 19 noyabr 2021-ci il tarixli Qərarının:

6. İPM-in 3.1 və 3.2-ci maddələrinə görə inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır, Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XİX fəsillərində nəzərdə tutulmuş mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Həmin Məcəllənin 116.2 və 118.2-ci maddələrində isə təsbit edilmişdir ki, məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. İcranın “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirildiyi hallarda, birinci instansiya məhkəməsində mübahisə ilə bağlı işə baxan hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim icra orqanı sayılır. Sözügedən normaların mənasına əsasən məhkəmə qərarlarının icrası məhz birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmələr tərəfindən təmin edilməlidir. Odur ki, apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən birinci instansiya məhkəməsi qismində baxılmış işlər üzrə məhkəmə qərarının icrası həmin məhkəmələr tərəfindən təmin olunmalıdır. İnzibati məhkəmələrdə birinci instansiya məhkəməsi qismində baxılmış işlər üzrə isə inzibati məhkəmənin hakimi icra orqanı sayılır və məhkəmə qərarının icrasını təmin etməyə dair hərəkətlər də onun tərəfindən yerinə yetirilməlidir. Birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmənin qərarının daha sonra yuxarı instansiya (apellyasiya və ya kassasiya) məhkəmələri tərəfindən dəyişdirilməsinə və ya ləğv edilərək yeni qərar çıxarılmasına baxmayaraq, hər bir halda məhkəmənin yekun aktının icrası ilə bağlı hərəkətlər birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmə tərəfindən həyata keçirilməlidir. Müvafiq olaraq məhkəmə aktının qanuni qüvvəyə mindiyi və ya icraat materiallarının (apellyasiya və kassasiya şikayəti verilmiş işlər üzrə) məhkəməyə daxil olduğu gündən sonra birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmələr təxirə salınmadan məhkəmə qərarının icrasını təmin etməyə yönəlmiş vəzifələrini həyata keçirməlidirlər. Bu, həmin məhkəmələrin xidməti vəzifəsinə görə (ex officio) yerinə yetirməli olduğu borcunu təşkil edir.

7. Qanunvericilikdə müəyyənləşdirilmiş ümumi prinsipə görə məhkəmə aktları qanuni qüvvəyə mindikdən sonra icra edilməlidir. Ona görə də, məhkəmələr icranı təmin etməyə yönəlmiş hərəkətlərə başlamadan əvvəl məhkəmə aktının formal-hüquqi baxımdan qanuni qüvvəyə mindiyini dəqiq müəyyən etməlidir. Qanuni qüvvəyə minməmiş məhkəmə aktlarının icrasına yalnız qanunda məhkəmə aktının dərhal (təxirə salınmadan) icrasının nəzərdə tutulduğu hallarda yol verilir.

25. İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim, əvvəlcə həmin məhkəmə aktını icranı həyata keçirməli olan inzibati orqana göndərməklə icra üçün müddət müəyyən etməli və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidir. İPM- in 120.1-ci maddəsində icra üçün müəyyən edilməli olan konkret müddətin göstərilməməsinin səbəbi inzibati orqan tərəfindən icra edilməli olan öhdəliyin (vəzifənin) hər bir konkret mübahisənin xarakterindən, icra üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmindən və buna görə tələb olunan vaxtdan asılı olaraq dəyişkən olması ilə bağlıdır. Odur ki, icra üçün müddətlər hər bir iş üzrə müxtəlif ola bilər. Lakin məhkəmə, mübahisənin xarakterini, icra təmin etmək üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmini və sərf ediləcək ehtimal olunan vaxtı, eləcə də tərəflərin bütün diqqətəlayiq digər maraqlarını nəzərə almaqla inzibati orqan üçün ağlabatan müddətlər müəyyən etməlidir. İcra üçün müəyyən edilmiş ilkin müddət bitdikdən sonra proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, işin hallarını və tərəflərin təqdim etdiyi dəlilləri nəzərə almaqla müvafiq əsasların mövcudluğu qənaətinə gəldikdə, məhkəmə icra üçün yeni müddət də müəyyən edə bilər. Lakin hər bir halda, bu müddətlər “İnzibati icraat haqqında” Qanunun 52.5-ci maddəsində inzibati icraatın müddəti üçün müəyyən edilmiş maksimal müddət olan 90 (doxsan) günü keçməməlidir.

26. İPM-in 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadtqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmiq liıəbləğdə cərimə edə bilər.

27. İPM-in 120.3 və 120.4-cü maddələrinə görə cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Bu normaların mənasına əsasən təkrar cərimə əvvəlki məcburi icra tədbirinin davamı kimi deyil, yeni müstəqil məcburi icra tədbiri kimi qiymətləndirilməlidir. İnzibati prosessı qanunvericilikdə isə borclu inzibati orqanın məhkəmə aktının icra edilməməsinə görə hərəkətsizliyinin davam etdirilməsi və onun tələbkar qarşısında öhdəliklərini yerinə yetirməkdən yayınması ilə müşayiət olunan hüquq pozuntusuna görə tətbiq edilən məcburi icra tədbirlərinin nə ümumi sayına, nə də təyin edilən cərimələrin ümumi məbləğinə hər hansı məhdudiyyət qoyulmamış, əksinə, əvvəl seçilmiş məcburi icra tədbiri heç bir nəticə vermədiyi halda, daha ciddi və ya başqa məcburi icra tədbirinin tətbiqi imkanı nəzəri tutulmuşdur. Bu mənada, məhkəmələr nəzərə almalıdırlar ki, qanunvericilikdə təyin edilən cərimə və təkrar cərimələrin birlikdə toplam ümumi məbləğinin 50.000 manatı aşmayacağına dair məhdudiyyət yoxdur. Yeganə məhdudiyyət bir dəfə tətbiq ediləcək cərimənin (və ya təkrar cərimənin) maksimal məbləğinin 50.000 manatdan çox o bilməyəcəyi ilə bağlıdır. Məhkəmələr cərimənin məbləğini müəyyən edərkən ilk növbədə hər bir işin xüsusi hallarını, tərəflərin bütün diqqətəlayiq maraqlarını, icranın baş tutmamasının səbəblərini və mütənasiblik prinsipinin tələblərini nəzərə almalıdır. Məhkəmələrə həmçinin tövsiyə olunur ki, məcburi icra tədbiri qismində cərimə ilkin olaraq tətbiq edilərkən bir qayda olaraq, maksimal həddə cərimə seçilməməli, ilkin tədbir müsbət nəticə vermədiyi halda getdikcə maksimal həddə yaxınlaşan daha yüksək məbləğdə təkrar cərimələrin tətbiq edilməsi və bununla da, məcburi icra tədbirlərinin ardıcıl sərtləşdirilməsi vasitəsilə məhkəmə qərarının icrasına nail olunmalıdır. Təyin edilmiş cərimə və təkrar cərimə məbləğlərin məcburi qaydada tutulması isə İPM-in 119-cu maddəsi ilə müəyyən olunmuş qaydada icra olunmalıdır.

28. Cərimənin və ya təkrar cərimənin tətbiqi məcburi icra tədbiri hesab olunur, məhkəmə bu barədə məsələyə proses iştirakçılarının dinlənilmə hüquqlarını təmin etmək məhkəmə iclasında baxaraq müvafiq qərardad çıxarmalıdır. İnzibati orqan üçün müəyyən edilmiş müddət bitdikdən sonra icra yenə də təmin edilməmiş qalarsa, məhkəmənin məcburi icra tədbiri kimi cərimənin tətbiqi ilə bağlı məsələni müzakirə etmək borcu yaranır. Məhkəmə bu məsələyə həm xidməti vəzifəsinə görə, həm də tərəflərin vəsatəti əsasında baxmalıdır. Məhkəmənin cərimənin təyin edilməsi, cərimənin təkrar təyin edilməsi və ya cərimənin (təkrar cərimənin) təyin edilməsindən imtina barədə qərardadlarından maraqlarına toxuna şəxslər şikayət verə bilərlər.

29. Məhkəmə cərimənin və ya təkrar cərimənin təyin edilməsinə baxmayaraq inzibati orqan tərəfindən yenə də icranın təmin olunmasına yönəlik real hərəkətlər edilməsi qənaətinə gəldikdə, bu barədə müvafiq qərardad çıxarmaqla “icra haqqında” Qanund nəzərdə tutulan məcburi icra tədbirlərinin tətbiqi üçün icra vərəqəsi verməklə onu icraya yönəltməlidir. Öz növbəsində icra vərəqəsini icraatına qəbul etmiş icra qurumu icranı təmi etmək üçün “icra haqqında” Qanunun müəyyən etdiyi hərəkətləri etməli, xüsusən həmi Qanunun 70 və 82-ci maddələrində nəzərdə tutulmuş tədbirləri görməli və məhkəmələr görülmüş işlər barədə məlumatlandırmalıdır. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburilik onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərini yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə 17 aprel 2018-ci il tarixli məhkəmə qərarı qanuni qüvvəyə mindiyindən İddiaçı həmin qərar qanuni qüvvəyə mindikdən sonra müvafiq məbləğdə pensiya təyin edilməli, həm də onun 52 yaşı tamam olduğu xx.xx.2008- cı il tarixdən pensiya təyin olunanadək ödənilməli fərq məbləği verilməlidir. İşdə olan sənəndlərdən də göründüyü kimi iddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)-1891 /2018 saylı, 17 aprel 2018-ci il tarixli qərarının icrasının təmin edilməsini arzulayır ki, həmin qərar 11 oktyabr 2018-ci il tarixdə (Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarının tarixi) qanuni qüvvəsini almışdır. Cavabdeh inzibati orqan məhkəmə qərarından sonra iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin etmiş, lakin sonradan pensiya ödənişinin dayandırılmasını həyata keçirmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə görə əmək pensiyasının dayandırılmasına əsas Nazirliyinin Aparatının Daxili Nəzarət və Audit Şöbəsi tərəfindən yoxlamanın aparılmasıdır. Halbuki, bu halın mövcudluğu hazırki mərhələdə məhkəmə qərarının icrasının, yəni pensiya ödənişlərinin verilməsinin dayandırılmasına yönələ bilməz. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə pensiyanın dayandırılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Bu səbəbdən cavabdehin hərəkətləri və apellyasiya şikayətinin dəlili əsassız olmuşdur. Məhkəmə qərarlarının icrasının məcburiliyi «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxsləri tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Göründüyü kimi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)-1891/2018 saylı, 17 aprel 2018-ci il tarixli qərarı onun icrası üçün müddət müəyyənləşdirilməklə müvafiq xəbərdarlıq olunmasına baxmayaraq, inzibati orqan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən tam icra olunmamışdır. Bu səbəbdən də məhkəmə qərarı icra olunmadığından, inzibati orqanın cərimə edilməsi məqsədəmüvafiqdir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : Cavabdeh Azərbaycan Respublikasinin Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1891/2018 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar