Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1644/2024 05.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Aytən Nadir qızı Kərimovanın katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, e-2-1(112)-11602/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı Şəhər İcra Hakimiyyəti və Cavabdeh1 xx.xx.2022-ci il tarixindən başlayaraq bu günə qədər borclu olan mənzil kirayə pulunu müştərək olaraq ödəməsi və yeni tikilən binada mənzil verilənə qədər ödəmələrini davam etdirilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsilə birgə yaşadığı Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, ev 2, mənzil 19-dan zorla çıxarılaraq məhkəmə qərarı əsasında, təcili təminat tədbiri kimi, binanın qəzalı vəziyyətdə olduğu üçün, xx.xx.2022- ci il tarixli, iş № e-16(009)-49/2022 üzrə və sonra xx.xx.2023-cü il tarixli №16(009)- 83/2022 iş üzrə qərardadlar əsasında bina sökülmüşdür, baxmayaraq ki, məhkəmə tərəfindən sökülmə işlərinə qadağa qoyulmuşdu. Sökülmə işlərinə rəhbərliyi Bakı Şəhər İcra Hakimiyyəti və Cavabdeh1 nümayəndələri etmişlər. Məhkəmə qərarında göstərilmişdi ki, Mənzil Məcəlləsinin 28.7, 85 və 88.1-ci maddələrindən görünür ki, qəzalı vəziyyətdə olan və sökülməli olan evdən (binadan) çıxarılmalı olan vətəndaşlara qabaqcadan digər abadlaşdırlmış yaşayış sahəsi verilir. Yaşayış sahəsinin verilməsi evin (binanın) sökülməsi barədə qərar qəbul edən subyekt tərəfindən təmin edilməlidir.” İddiaçıya nə yaşayış sahəsi nə də kirayə ev tutmaq üçün vəsait verilməyib. Baxmayaraq ki, məhkəmə qərarında deyilir ki, "yaşayış sahəsi müvafiq yaşayışməntəqəsinin mövcud olan şəraitinə uyğun olaraq abadlaşdırılmış olmalı, ümumi sahəsi vətəndaşın əvvəl yaşadığı yaşayış sahəsinin ümumi sahəsindən az olmamalı, müəyyən edilmiş tələblərə cavab verməli və həmin yaşayış məntəqəsinin hüdudlarında yerləşməlidir.” Bakı Şəhər İcra Hakimiyyəti və Cavabdeh1 xx.xx.2022- ci il tarixindən başlayaraq, o tarixə qədər ki, iddiaçı və ailəsini yeni tikilən binada mənzillə təmin edərək və ya MTK tərəfindən layiqli mənzilimizin yerinə kompensasiyanı ödəməsinə qədər kirayə pulu ayırmalıdırlar. Cavabdehlərə xx.xx.2023-cü il tarixində tələblə əlaqədar məktublar göndərilmiş, lakin cavab alınmamışdır. Bakı İnzibati Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, e-2-1(112)-11602/2023 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavadehlərin nümayəndələrinə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və gəlməmə səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavadehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və iddiaçını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, kollegiya qeyd edir ki, İddiaçı tərəfindən cavabdeh Bakı Şəhəri İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli elektron məktubun surətindən görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmişdir. -Cavabdeh1 tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli elektron müraciəti aidiyyəti üzrə cavablandırılmış və qeyd olunan məsələ ilə bağlı işin hazırda şifahi icraat qaydasında Səbail Rayon Məhkəməsində baxıldığı qeyd edilmişdir. -Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 173 №-li Sərəncamının surətindən görünür ki, “X9 Kompleksi” MMC-nin xx.xx.2014-cü il tarixli, 1 saylı müraciəti nəzərə alınaraq Səbail rayonu, Xanlar və Q.Abbasov küçələrinin arasındakı, 58-59 saylı məhəllədə yerləşən istismar müddəti bitmiş yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin icarə əsasında həmin cəmiyyətin istifadəsinə verilmişdir. Sərəncamın 1.1-ci bəndindən görünür ki, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsinin qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən “X9 Kompleksi” MMC tərəfindən həll edilməsi qeyd edilmişdir. -Torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2015-ci il tarixli, 1040 №-li müqavilənin surətindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 173 saylı, xx.xx.2014-cü il tarixli sərəncamı, xx.xx.2015-ci il tarixli, 13035 saylı inşaat pasportu əsasında Səbail rayonu, Xanlar və Q.Abbasov küçələrinin arasındakı, 58-59 saylı məhəllədə ayrılmış torpaq sahəsini icarəyəverən Bakı Şəhər İcra Hakimiyyəti “X9 Kompleksi” MMC-yə 49 (qırx doqquz) il müddətinə istifadəyə vermişdir. -Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadının surətindən görünür ki, məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixli, e-16(009)83/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayəti qismən təmin edilərək, sözügedən qərardadın dəyişdirilməsi, Cavabdeh1 müvəqqəti təminat tədbiri haqqında ərizəsinin təmin edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olan 2(009)-2515/2022 saylı mülki iş üzrə yekun məhkəmə qətnaməsi qanuni qüvvəsini alanadək ünvan 2 ünvanında yaşayan Cəlilov X4 və onun ailə üzvlərinin həmin qəzalı binaya giriş-çıxışı və binadan istifadəsi qadağan edilmiş, cavabdeh Cəlilov X4 və onun ailə üzvlərinin müvəqqəti olaraq müvafiq şəraiti olan yaşayış sahələri ilə təmin edilməsi Bakı şəhəri Cavabdeh1nə həvalə edilməsi qərara alınmışdır. -Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadının surətindən görünür ki, məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixli, e-16(009)83/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayəti qismən təmin edilərək, sözügedən qərardadın dəyişdirilməsi, Cavabdeh1 müvəqqəti təminat tədbiri haqqında ərizəsinin təmin edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olan 2(009)-2515/2022 saylı mülki iş üzrə yekun məhkəmə qətnaməsi qanuni qüvvəsini alanadək ünvan 2 ünvanında yaşayan Cəlilov X4 və onun ailə üzvlərinin həmin qəzalı binaya giriş-çıxışı və binadan istifadəsi qadağan edilmiş, cavabdeh Cəlilov X4 və onun ailə üzvlərinin müvəqqəti olaraq müvafiq şəraiti olan yaşayış sahələri ilə təmin edilməsi Bakı şəhəri Cavabdeh1nə həvalə edilməsi qərara alınmışdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt– inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. Məhkəmə yuxarıda göstərilən normalara istinadən qeyd edir ki, inzibati hüquq mübahisələrinin əsas subyekti qismində inzibati (publik funksiyaları həyata keçirən) orqan çıxış edir. İnzibati prosessual qaydada baxılan mübahisənin tərəflərindən biri mütləq qaydada inzibati orqandır. Məhkəmə iddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsində "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş hüquqi mövqeyin nəzərə alınmasını zəruri hesab edir. Qeyd olunan Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır” (1.1- 2.1-ci bəndlər). Göründüyü kimi, tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İstinad olunan Plenum Qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Hazırkı iddia üzrə işin faktiki hallarından müəyyən edilir ki, iddiaçının məqsədi ona yaşadığı binanın sökülməsi və mənzilindən çıxarılması ilə əlaqədar xx.xx.2022-ci il tarixdən başlayaraq mənzil kirayə pulunun ödənilməsi və bu ödənişin yeni inşa olunan binada ona mənzil verilənə qədər davam etdirilməsindən ibarətdir. İddiaçı tələbilə bağlı cavabdehlər- Bakı Şəhər İcra Hakimiyyəti və Bakı şəhəri Cavabdeh1nə müraciətlər ünvanlamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tələb düzgün cavabdehlərə qarşı yönəldilməmişdir. Belə ki, iddia tələbi üzrə cavabdeh qismində Bakı Şəhər İcra Hakimiyyəti və Cavabdeh1 göstərilmişdir. Halbuki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014cü il tarixli, 173 №-li Sərəncamının 1.1-ci bəndinin ərazidə yerləşən yaşayış və qeyriyaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi “X9 Kompleksi” MMC-yə həvalə edilmiş, müvafiq müqavilə əsasında binanın yerləşdiyi torpaq sahəsi adıçəkilən Cəmiyyətə icarəyə verilmişdir. Belə olan halda hazırkı iş üzrə iddiaya cavab verməli olan “X9 Kompleksi” MMC inzibati akt, yəni inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri barədə akt qəbul etmək səlahiyyəti olmayan hüquqi şəxs olduğundan ona yönələcək iddia tələbi də hazırkı qaydada, yəni inzibati məhkəmə icraatı qaydasında baxıla bilən tələb hesab edilə bilməz. Belə olan halda, iddiaçı ehtimal etdiyi pozulmuş hüquqlarının müdafiəsi üçün sözügedən hüquqi şəxsə qarşı müvafiq tələblə mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəməyə müraciət etmək imkanı vardır. Beləliklə, aparılmış araşdırma ilə məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia tələbi iddiaya cavab verməli olmayan cavabdehlərə qarşı yönəldildiyindən, habelə mübahisə mülki xarakterli olduğundan iddianın mümkünlük şərtləri təmin olunmur. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə Kollegiyası qeyd edir ki, belə xarakterli iddialar üzrə birinci instansiya məhkəməsinin mövqeyi düzgün hesab olunur. Məhkəmə Kollegiyası apellyasiya baxışı zamanı işdə olan məhkəmə aktlarının əsasında “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsilə əldə etdiyi Azərbaycan Respublikası Mülki Kollegiyasının 2(103)-227/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarına əsasən həmçinin iddiaçının hazırkı mübahisəni qaldırmaqda subyektiv hüququ olmadığı qənaətinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Kollegiyasının 2(103)-227/2024 saylı, xx.xx.2024cü il tarixli Qərarına əsasən: “ 52. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçıya müvafiq instansiya məhkəmələrində məhz tələb üzrə hüquq sahibi olmadığı və mülkiyyətçinin iddiaya etibarnamə verməsinin onun öz adından tələb irəli sürməyə imkan vermədiyinin izah edilməsinə baxmayaraq iddiaçı məhz əsl olmayan iddiaçının əvəz edilməsinə razılıq verməmişdir. Məhz məhkəmələr irəli sürülmüş tələblər həddində işin baxılmasını davam etdirmişdir.53. "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. 54. Bu baxımdan kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı Bakı şəhəri, Q.Abbasov küçəsi, 2 saylı evin 19 saylı mənzilinin mülkiyyətçisi olmadığından, həmin mənzilin sökülməsi ilə bağlı yeni mənzillə təmin edilməsi, mənzillə təmin edilənədək kirayə haqqının alınması, əmlakların saxlanılması üçün əlverişli sahə ilə təmin edilməsi barədə tələblə çıxış edə bilməz.” Beləliklə, Azərbaycan Respublikası Mülki Kollegiyasının 2(103)-227/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarına əsasən iddiaçı Bakı şəhəri, Q.Abbasov küçəsi, 2 saylı evin 19 saylı mənzilinin mülkiyyətçisi olmadığından, həmin mənzilin sökülməsi ilə bağlı hazırkı iddia tələbi ilə çıxış edə bilməz. Məhkəmə Kollegiyası qeyd edir ki, Bakı şəhəri, Q.Abbasov küçəsi, 2 saylı evin 19 saylı mənzilinə subyektiv hüquqa dair hüquqmüəyyənedici sənədlərə malik olduqda iddiaçıya ümumi məhkəməyə müraciət hüququ izah olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, e-2-1(112)-11602/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1644/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1644/2024
05.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver