Məhkəmə qərarları › İş №2-1(103)-1644/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1644/2025

03.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1644/2025 03.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Əkbərov Kamran Hüseyn oğlu və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-11325/2024 nömrəli, 13 dekabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 04 mart 2024-cü il tarixli **********258800 nömrəli, 06 may 2024-cü il tarixli **********352700 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 04 mart 2024-cü il tarixli **********258800 nömrəli, 06 may 2024-cü il tarixli **********352700 nömrəli Qərarlara əsasən "xxxx" MMC-yə ümumilikdə ƏDV üzrə 15152,09 manat əlavə vergi məbləği hesablanmışdır. Mübahisələndirilən qərarlarda hesablamaya səbəb olaraq göstərilmişdir ki, vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən vergi ödəyicilərindən əldə etdiyi e-qaimə fakturaların müvafiq dövrlər üzrə ƏDV bəyannamələrində əvəzləşdirildiyi və həmin dövrlərdən sonrakı dövr ƏDV bəyannamələrinin 324-cü ("Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği") sətrində bu növ e-qaimə fakturalar üzrə əvəzləşməsi bərpa edilən ƏDV məbləği nəzərə alınmaqla, 15152,09 manat ƏDV məbləğinin büdcəyə bərpa edilmədiyi müəyyən edilmişdir. Müəssisə tərəfindən öz sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə 2023-cü il ərzində hər hansı riskli vergi ödəyicisi hesab edilən vergi ödəyicisi kimi qeydiyyata alınmış təşkilatla əməliyyat aparılmamışdır. "xxxx" MMC xx.xx.2023 tarixli 04/10 saylı Müqavilə və xx.xx.2023-cü il tarixli e-qaimə (Seriya: EBDP, №: 814971) əsasında "xxxx" MMC-dən 10 adda elektrik malları almış və həmin elektrik malları Paka Group Limited şirkəti ilə bağlanmış Müqavilə əsasında işlərin aparıldığı Bakı limanı gübrə terminalında quraşdırılmışdır. Aparılmış quraşdırma işləri yekunlaşmışdır və baxış keçirilərək həqiqiliyi təsdiq edilə bilər. Göstərilən qaydada da "xxxx" MMC ilə əməkdaşlıq edilmişdir. "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixli e-qaimə (Seriya: EBDS, №: 76351) əsasında elektrik malları almış və həmin elektrik malları Paka Group Limited şirkəti ilə bağlanmış Müqavilə əsasında işlərin aparıldığı Bakı limanı gübrə terminalında quraşdırılmışdır. Aparılmış quraşdırma işləri yekunlaşmışdır və baxış keçirilərək həqiqiliyi təsdiq edilə bilər. Vergi orqanı iddiaçının 2023-cü ildə əməliyyat apardığı şirkətlərdən "xxxx" MMC ilə bağlı xx.xx.2024-cü il tarixdə, "xxxx" MMC ilə bağlı xx.xx.2024-cü il tarixdə riskli vergi ödəyicisi hesab edilmələri barədə qərarlar qəbul etmiş və həmin tarixlərdən həmin şirkətlərii riskli vergi ödəyicisi kimi qeydə almışdır. Vergi orqanının qərarında qeyd edilmiş təşkilatların adının riskli vergi ödəyicisi siyahısına daxil edilməsi iddiaçının müqavilə üzrə aparılmış əməliyyatlarından sonrakı dövrə təsadüf edir. Vergi ödəyicisi müqavilə üzrə əməkdaşlıq etdiyi təşkilatın riskli vergi ödəyicisi olub-olmadığını vergi orqanı tərəfindən X3 müvafiq məlumatlar daxil edildiyi andan görür. Göründüyü kimi, qanunla müəyyən edilmiş qaydada xidmət aldığı və həmin subpodrat əməliyyatını qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirdiyi halda, vergi orqanı quraşdırılma işləri görən şəxslərin riskli vergi ödəyicisi hesab edildiyiini əsas götürərək xidmət alışı ilə bağlı apardığı əməliyyatı qəbul etməmiş və həmin əməliyyat üzrə həyata keçirdiyi ƏDV əvəzləşdirmələrini etibarsız hesab etmişdir. Halbuki, iddiaçı hər hansı əməliyyat apardığı vergi ödəyicisinin gələcəkdə riskli vergi ödəyicisi ola biləcəyini əvvəlcədən müəyyən edə bilməzdir. İddiaçı qanunla müəyyən edilmiş qaydada xidmət almış və həmin subpodrat əməliyyatını qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirmişdir. Bundan başqa, 2023-cü ilin oktyabr və noyabr aylarında baş tutmuş əvəzləşdirmələrə görə 2023-cü ilin dekabr və 2024-cü ilin mart ayları üzrə təqdim edilmiş ƏDV bəyannaməsinə münasibətdə kameral vergi yoxlaması həyata keçirilmişdir ki, bu da Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələblərinə zidd olmuşdur. Belə ki, kameral vergi yoxlaması yalnız ƏDV bəyannaməsi təqdim edildiyi tarixdən 30 iş günü müddətində həyata keçirilə bilərdi. Göstərilənlərə əsasən hesab edir ki, "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 04 mart 2024-cü il tarixli **********258800 nömrəli, 06 may 2024-cü il tarixli **********352700 nömrəli qərarlar qanunvericiliyin tələblərinin kobud pozuntusu nəticəsində qəbul edildiyindən ləğv edilməlidir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 3-21-2-3/2-66181/2024 saylı xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-66182/2024 saylı xx.xx.2024-cü il tarixli qərarların və **********998300 saylı xx.xx.2024-cü il tarixli qərarın 2023-cü il mənfəət vergisi üzrə 16835,65 manat əlavə vergi məbləğinin hesablanması hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Aysev Almazova) e-2-1(112)-11325/2024 nömrəli, 13 dekabr 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş **********998300 saylı xx.xx.2024-cü il tarixli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərar qismən - 16835,65 manat vergi borcunun müəyyən edilməsi hissəsində və "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 3-21-2-3/2-66181/2024 saylı xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-66182/2024 saylı xx.xx.2024-cü il tarixli qərarlar ləğv edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2023-cü il mənfəət bəyannaməsi üzrə aparılmış araşdırma zamanı təqdim edilmiş bəyannamənin “Xammal və materiallar”, “Malın dəyəri”, "Hüquqi şəxslər üzrə icarə", “Enerji xərcləri”, “Qaz xərcləri”, “Yanacaq xərcləri”, “Su və kanalizasiya xərcləri”, “Rabitə xərcləri”, “Mühafizə xərcləri”, “Reklam xərcləri”, “Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər”, “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” , "Nəqliyyat xərcləri", “Digər xərclər”, "Royalti xərcləri", "Siğorta xərcləri", bəyannamənin 1 №-li Əlavəsində “Əsas vəsaitlər”in dövr ərzində daxil olması (Kapitallaşdırma üçün aktivlərin silgisi nəzərə alınmaqla), “Kapitallaşdırma üçün aktivlər”in dövr ərzində daxil olması məbləğlərin cəmi ilə hesabat dövrünün əvvəlinə "Ehtiyatlar"ın qalıq dəyərinin, cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların (riskli e-qaimə-fakturaların məbləği istisna olmaqla), alış aktlarının, YGB məlumatlarına əsasən alınmış malmaterialların məbləğinin, bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər), 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri), 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr), 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər), 1607.1.2-ci (Fiziki şəxslər üzrə gəlirlər) sətirlərinin cəmindən “Hesabat dövrünün sonuna” ehtiyatların qalıq dəyərinin çıxılması ilə yaranan məbləğin müqayisəsi nəticəsində 95944,6 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Qeyd olunan uyğunsuzluqla əlaqədar, xx.xx.2024-cü il tarixli **********769000 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2023-cü il mənfəət bəyannaməsi üzrə 19188,93 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********998300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Həmçinin aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar çərçivəsində 2023-cü il ərzində əldə edilmiş əvəzləşmə üçün təqdim edilmiş elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas verməmiş, qeyd edilən elektron qaimə-faktura üzrə 8402.08 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq 2023-cü ilin dekabr ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində əlavə dəyər vergisi bəyannaməsində 8402.08 manat kənarlaşma yaranmışdır. Qeyd edilənlərə əsasən vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********557100 nömrəli uyğunsuzluq məktubu göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən yaranmış kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2023-cü ilin dekabr ayı üzrə əlavə dəyər vergi bəyannaməsi üzrə 8402.08 manat əlavə vergi məbləği hesablanaraq, bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********196800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Bundan başqa iddiaçı tərəfindən əmtəəsiz əməliyyatlar çərçivəsində 2024cü il ərzində əldə edilmiş əvəzləşmə üçün təqdim edilmiş elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas verməmiş, qeyd edilən elektron qaimə-faktura üzrə 6750 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq 2024-cü ilin mart ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində əlavə dəyər vergisi bəyannaməsində 6750 manat kənarlaşma yaranmışdır. Qeyd edilənlərə əsasən vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********219600 nömrəli uyğunsuzluq məktubu göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən yaranmış kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2024-cü ilin mart ayı üzrə əlavə dəyər vergi bəyannaməsi üzrə 6750 manat əlavə vergi məbləği hesablanaraq, bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********195100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Əlavə olaraq cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü tarixli akta iddiaçının əməliyyat apardığı "xxxx" MMC rəhbəri cəmiyyətin fəaliyyətindən məlumatının olmadığını bildirmişdir. Həmçinin, “Ə.H.Aslanov Kəndli-fermer Təsərrüfatı”-nın Abşeron rayonunda 4670 kv.m olan təsərrüfat subyektinin 100 kv.m "xxxx" MMC -yə icarəyə verdiyi, lakin vergi orqanın həmin ərazidə apardığı müşahidə zamanı yalnız quşçuluq təsərrüfatı ilə məşğul olunduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.2-ci yarımbəndlərinə əsasən vergi nəzarəti çərçivəsində vergi ödəyicilərinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə qeyd edilən hal riskli əməliyyat olaraq qiymətləndirilir. “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların “Meyarlar”ının müddəalarına əsasən "Prometey Group” MMC-nin fəaliyyəti təhlil olunmuşdur. Təhlil zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixlərdə 37500 manat dəyərində və 814971 manat əldə edilmiş elektron qaimə-fakturalar üzrə aparılmış əməliyyatların əmtəəsiz olaraq qiymətləndirildiyi müəyyən edilmişdir. Qeyd edilən elektron qaimə-fakturalar "xxxx"MMC (VÖEN **********) və "xxxx" MMC (VÖEN **********) tərəfindən təqdim edilmişdir. Qanunvericiliyin tələbi əmtəəsiz əməliyyatın qarşısını almaq üçün nəzərdə tutulduğunu nəzərə alaraq iş üzrə işdə olan materiallarla kifayətlənməyərək, mübahisənin ədalətli həlli üçün əlavə araşdırılma aparılması zəruridir. Məhkəmə qərarını onunla əsaslandırır ki, iddiaçı yuxarıda sadalanan şəxslərlə müqavilə bağlayan zaman onlar riskli vergi ödəyicisi olmamışlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.2-ci yarımbəndlərinə əsasən vergi nəzarəti çərçivəsində vergi ödəyicilərinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə qeyd edilən hal riskli əməliyyat olaraq qiymətləndirilir. Yəni vergi orqanı tərəfindən aparılan araşdırma zamanı müvafiq sənədlər toplanaraq qərar qəbul edilmiş, lakin məhkəmə qeyd ediləni nəzərə almamışdır. Həmçinin, mübahisənin həllinə bilavasitə təsir edən yuxarıda qeyd olunan şəxslər tərəfindən idxal etmədiyi və almadığı malların iddiaçıya hansı formada satılması, iddiaçıya satılan malların fəaliyyətinə uyğunluğun olub-olmaması (misal üçün mütəxəssis cəlb etməklə) məsələlərini ümumiyyətlə araşdırmamışdır. Qeyd olunmalıdır ki, məhkəmənin tərəflərin təqdim etdikləri dəlilləri, arqumentləri və sübutları düzgün şəkildə araşdırmaq öhdəliyi vardır. Məhkəmə işin mahiyyəti üzrə bütün arqumentləri detallı şəkildə dəqiq səbəblər təqdim edilməklə araşdırmalıdır. Birmənalı olaraq, maddi və prosessual hüquq normalarının pozulması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsasdır. Məhkəmə mübahisənin düzgün həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, iddia tələbi üzrə qanuni və əsaslı olmayan qərar qəbul etmişdir. Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-1(112)-11325/2024 nömrəli qərarı qanuni və əsaslı deyildir. Odur ki, qərar ləğv edilməli və iddia təmin edilməməlidir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 10 iyul 2024-cü il tarixli, **********998300 nömrəli qərarından görünür ki, İddiaçı MMC-yə kameral yoxlama nəticəsində 2023-cü il üçün mənfəət vergisi üzrə 19.188,93 manat əlavə vergi məbləği hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 19 avqust 2024-cü il tarixli, 3-21-2-3/2- 66182/2024 nömrəli qərarından görünür ki, İddiaçı MMC-yə kameral yoxlama nəticəsində 2023-cü il dekabr ayı üçün əlavə dəyər vergisi üzrə 8.402,08 manat əlavə vergi məbləği hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 19 avqust 2024-cü il tarixli, 3-21-2-3/2- 66181/2024 nömrəli qərarından görünür ki, İddiaçı MMC-yə kameral yoxlama nəticəsində 2024-cü il mart ayı üçün əlavə dəyər vergisi üzrə 6.750,01 manat əlavə vergi məbləği hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ünvanlanmış “Əldə edilmiş riskli elektron-qaimə fakturalar barədə” Xəbərdarlıqda qeyd edilir: - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) xx.xx.2024 tarixli **********373800 nömrəli Qərara əsasən riskli vergi ödəyicisi hesab edildiyindən, həmin vergi ödəyicisindən əldə edilmiş (xx.xx.2023 tarixli EBDP seriyalı 814971 nömrəli) elektron qaimə-faktura(lar) əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab olunduğundan, Vergi Məcəlləsinin 175.11-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) xx.xx.2024 tarixli **********370900 nömrəli Qərara əsasən riskli vergi ödəyicisi hesab edildiyindən, həmin vergi ödəyicisindən əldə edilmiş (xx.xx.2023 tarixli EBDS seriyalı 076351 nömrəli) elektron qaimə-faktura(lar) əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab olunduğundan, Vergi Məcəlləsinin 175.11-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüquqları vardır. 24.1.1-ci və 24.1.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri”: 1.3. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qəbul edilmiş qərarlar həmin qərarların qəbul edildiyi gün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra - Dövlət Vergi Xidməti) rəsmi internet saytında yerləşdirilir. 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi və (və ya) əlavə dəyər vergisinin depozit hesabı vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. təqdim edilməsi müvafiq iqtisadi resurs tələb edən (təsərrüfat obyekti, işçi qüvvəsi, əsas vəsaitlər, xammal-material ehtiyatları və fəaliyyət növünün xüsusiyyətləri nəzərə alınmaqla digər iqtisadi resurslar) iş və xidmətləri bu növ resurslar mövcud olmadan və ya mövcud resursları yetərli olmadan, yaxud subpodratçı cəlb etmədən təqdim edən şəxs; 2.1.2. qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş elektron qaimə-faktura, malların alış aktı və yük gömrük bəyannamələri (idxal olunan mallara münasibətdə) əsasında əldə edilməyən malları (əvvəllər keçirilmiş operativ vergi nəzarəti və ya səyyar vergi yoxlaması zamanı sənədsiz mal kimi rəsmiləşdirilən mallar, notarial qaydada təsdiq edilmiş müqavilələr əsasında əldə edilmiş rəsmi reyestrdə qeydiyyata alınmış əmlaklar, istehsal zamanı əldə edilən (söküntüdən, hasilatdan) mallar və əsas vəsaitlər, o cümlədən nizamnamə kapitalına qoyulmuş əsas vəsaitlər istisna olmaqla) təqdim edən şəxs; 2.1.3.Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyatlar aparan şəxs. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İnternet vergi məlumatlarına əsasən "xxxx" MMC Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli, "xxxx" MMC xx.xx.2024-cü il tarixli qərarları ilə riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişlər. Göründüyü kimi, iddiaçının həmin vergi ödəyiciləri ilə əməliyyatlar apardığı vaxt onlar riskli vergi ödəyiciləri olmamışlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri”nin tələblərindən göründüyü kimi, vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qəbul edilmiş qərarlar həmin qərarların qəbul edildiyi gün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında yerləşdirilir, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi və (və ya) əlavə dəyər vergisinin depozit hesabı vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. İddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq əməliyyatların aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı MMC-lərin riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilmədiyindən bu barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. İddiaçı vergisini hesablayarkən həmin əməliyyatlara görə ödədiyi məbləği xərcinə aid etmiş və bu hal vergi qanunvericiliyin tələbinə uyğun olmuşdur. İddiaçının, əməliyyat apardığı vergi ödəyicilərindən aldığı və ya idxal etdiyi malların həcmindən məlumatlı olması, əməliyyat zamanı ona satılan malla alınan və ya idxal edilən malın həcminin yoxlanılması kimi səlahiyyətləri mövcud deyil. Həmçinin əməliyyat apardığı vergi ödəyicilərindən ona təqdim olunan malların müəssisələrin idxal zamanı və ya eqaimə üzrə alışlarında olub-olmadığını yoxlamaq iddiaçının məsuliyyət sferasına aid deyil və bu hal onun apardığı mal alışı ilə bağlı əməliyyatlarının şübhə altına alınmasına və ya bununla bağlı hər hansı məhdudlaşmaya məruz qalmasına əsas vermir. Vergi orqanı iddiaçının apardığı əməliyyatları əmtəəsiz əməliyyat olduğunu iddia edirsə, bu halda həmin əməliyyatların əmtəəsiz əməliyyat olduğunu sübut etmək yenə də vergi orqanının üzərinə düşür. Vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz olması halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir. Belə ki, malın satıcısının idxalında və eqaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz olması kimi qiymətləndirilməməlidir. Başqa sözlə, elektron qaimə-fakturanın əmtəəsiz əməliyyat hesab edilməsi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Bir sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. Belə ki, vergi qanunvericiliyində mal alan vergi ödəyicisinin satıcının sərəncamında olan malların alışına dair təsdiqedici sənədin mövcud olub-olmadığını müəyyən etmək öhdəliyi təsbit edilməmişdir. İddiaçının əmtəəsiz dövriyyəsi kimi riskli vergi ödəyiciləri ilə aparılmış qarşılıqlı əməliyyatları (həmin riskli vergi ödəyicilərinin konkret olaraq iddiaçı ilə aparılmış qarşılıqlı əməliyyatlarının əmtəəsiz olduğu müəyyənləşdirilmədən) qiymətləndirilmişdir. Lakin nəzərə alınmalıdır ki, qeyd edilən riskli vergi ödəyiciləri ilə iddiaçı arasında qarşılıqlı əməliyyatlar vergi orqanı tərəfindən həmin vergi ödəyicilərinin riskli vergi ödəyicisi olması barədə müvafiq qərar qəbul edilməmişdən və həmin məlumat açıqlanmamışdan əvvəl aparılmışdır. Qeyd edilən vergi ödəyicilərinin digər şəxslərlə riskli əməliyyatlar aparmış olmaları və ya gələcəkdə riskli vergi ödəyicisi hesab olunmaları iddiaçının məsuliyyət riski ilə əhatə olunmur və yalnız sonradan riskli vergi ödəyicisi hesab olunması əsası ilə müvafiq qərar qəbul edilməmişdən və bu barədə məlumat açıqlanmamışdan əvvəl iddiaçı ilə aparılmış əməliyyatların əmtəəsiz kimi qiymətləndirilməsi ehtimallara əsaslanmış, cavabdeh vergi ödəyicisinin təqsirini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-11325/2024 nömrəli, 13 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar