Məhkəmə qərarları › İş №2-1(103)-1647/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1647/2020

28.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1647/2020 28.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseyn sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, 3-cü şəxs “xxx” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə, Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (3-cü şəxslər “xxx” MMC, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Binəqədi Rayon İcra Hakimiyyəti və “xxxxxxxx” ASC) “sərəncamların və icazənin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5766/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından 3-cü şəxs “xxx” MMC tərəfindən verilmiş apelyasiya şikayətinə xx xxxxxxxx 2020-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə, Bakı Şəhər İcra Hakimiyyətinə (3-cü şəxslər “xxx” MMC, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Binəqədi Rayon İcra Hakimiyyəti və “xxxxxxxx” ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixli, 53 saylı “Abadlıq və yaşıllaşdırma işlərinin aparılması üçün torpaq sahəsinin icarə əsasında “xxx” MMC-nin istifadəsinə verilməsi haqqında” Bakı şəhəri İcra Hakimiyyətinin Sərəncamının, xx.xx.2019-cu il tarixli, № 358 saylı “Abadlıq və yaşıllaşdırma işlərinin aparılması üçün torpaq sahəsinin icarə əsasında “xxx” MMC-nin istifadəsinə verilməsi haqqında” Bakı şəhəri İcra Hakimiyyətinin Sərəncamının, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 01 nömrəli Sərəncamının, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx xxx 2020-ci il tarixli 38 saylı “Obyektin tikintisinə icazənin” ona məxsus torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” ilə müəyyən edilmiş hüdudlarında olan hissədə qanunsuz hesab edilməklə ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı iş üzrə müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx xxx 2020-ci il tarixli 38 saylı “Obyektin tikintisinə icazənin” icrasının, xx.xx.2019-cu il tarixli, 358 saylı “Abadlıq və yaşıllaşdırma işlərinin aparılması üçün torpaq sahəsinin icarə əsasında “xxx” MMC-nin istifadəsinə verilməsi haqqında” Bakı şəhəri İcra Hakimiyyətinin sərəncamının icrasının dayandırılmasının, ərazidə tikinti və sair işlərin görülməsinin “xxx” MMC-yə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5766/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinin qismən təmin edilməsi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx xxx 2020-ci il tarixli 38 saylı “Obyektin tikintisinə icazə”nin icrasının Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində yerləşən İddiaçı mülkiyyətində olan torpaq sahəsində (torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş torpaq sahəsinin döngənöqtələrinin koordinatları: 1-X- 400097.52, Y-4474341, 2-X-400098.36, Y—4474332.17, 3-X-400089,03, Y-4474331.11, 4- X-400087.84, Y-4474341.89, 5 X-400085.46, Y4474341.69, 6 X-400085.0903, Y- 4474353.7436, 7 X-400096.4358, Y-4474354.5208) dayandırılması, həmin ərazidə tikinti və tikinti ilə əlaqədar hər hansı bir işlərin görülməsinin “xxx” MMC-yə qadağan olunması, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. 3-cü şəxs “xxx” MMC həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və müvvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birincisi, iddia tələbi üzrə tərəflərin iştirakı ilə çəkişmə prinsipinə riayət etmədən məhkəmə araşdırılması aparılmadan, inzibati aktın icrası dayandırılmış və qeyd olunan tikinti işlərinin dayandırılması barədə qərardad qəbul edilmişdir. Belə ki, məhkəmə prosesindən cavabdehlərin heç birinin, hətta icrası dayandırılan icazə sənədini verən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xəbəri olmamış, məhkəmə iclasının vaxtı və yeri barədə onlara bildiriş göndərilməmiş və onların iştirakı təmin olunmamış, bununla da prosessual hüquq normalarının pozulması ilə qərardad çıxarılmışdır. Sözügedən iş üzrə məhkəmə iclasına yarım saat qalmış xəbər tutmuşlar. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehlərə və digər 3-cü şəxslərə ünvanlanmış məhkəmə bildirişlərini almadıqlarına görə məhkəmə baxışında iştirak edib mübahisə predmetinə dair mövqelərini bildirmək imkanından məhrum olmuşlar. Məhkəmə tərəfindən Şirkətin qanuni mənafelərinə dair məsələləri onların iştirakı olmadan həll edilməsinin özü ədalətli məhkəmə mühakiməsi hüququnun pozulmasına dəlalət edir. Eyni zamanda iş üzrə müəyyən edilmiş xüsusatlar da reallığı əks etdirmir, müəyyən sənədləri məhkəməyə təqdim etmədiklərindən sözügedən faktlara hüquqiqiymət verilməyib. Məhkəmə ərizəçinin təqdim etdiyi sənədlərdə əks olunmuş subyektiv mövqe ilə kifayətlənib. “xxx” MMC-yə yaşayış binasının tikintisi üçün 2462 kv.m torpaq sahəsi və əlavə yaşıllıq və abadlaşdırma üçün 0.0895 ha torpaq sahəsi hüquqmüəyyənedici və texniki sənədlər əsasında ayrılmışdır. Hazırda qeyd edilən ünvanda yerləşən torpaq sahəsində qanunvericilikdə nəzərdə tutulan qaydada bina tikintisinin aparılması nəzərdə tutulmuşdur.Bundan başqa məhkəmə mübahisələndirilən qərardadında, inzibati aktın icrasının dayandırılması və tikinti və tikinti ilə əlaqədar işlərinin aparılmasını “xxx” MMC-yə qadağan etməklə, təkrarən onun üzərinə öhdəlik qoyub. Binəqədi Rayon Məhkəməsinin iddianın təmini tədbiri barədə qərardadına əsasən, Binəqədi rayon İcra Şöbəsi tərəfindən həmin ərazidə tikinti işləri dayandırılıb və hər hansı bir tikinti aparılmır, məhkəmə icra vərəqəsinin və Binəqədi rayon İcra Şöbəsinin qərarının ziddinə olaraq ərazidə həqiqətən də tikinti işlərinin aparılmasını müəyyən etməli idi. Məhkəmə bunu ərizəçi tərəfindən təqdim edilən fotoşəkillərə əsasən müəyyən edib. Həmin tikinti işlərinin həmin ərazidə aparılıbaparılmamasını müəyyən etmədən, işlərin aparılmasını yerində yoxlamadan və buna dair hər hansı bir mötəbər sübut təqdim edilmədən, ərazidə tikintinin dayandırılması barədə qərardad olmasına rəğmən, tikinti işlərinin və digər tikinti ilə əlaqədar işlərin aparılmasını “xxx” MMC-yə təkrarən qadağan edilməsi ilə bağlı qərardad qəbul edib. Həmçinin, məhkəmə tikinti aparılan ərazinin ərizəçinin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi və tikinti işlərinin ərizəçinin mülkiyyətində olan sahəni əhatə etməsini və onun hüquqlarına müdaxiləni mötəbər dəlillərlə sübuta yetirməyib. Məhkəmə belə qənaətə ərizəçinin təqdim etdiyi müstəqil mütəxəssis rəyinə və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin məktubuna istinad edib. Halbuki, bu sənədlərlə ərizəçinin hüquqlarına müdaxilə edilməsi təsdiq edilə bilməz. Çünki hakim həmin sahədə xüsusi biliklərə malik deyil ki, torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarına baxmaqla həmin sahəyə müdaxiləni müəyyən etsin. Ərizəçinin hüquqlarına müdaxilə edilmə halının müəyyən edilməsi üçün müvafiq məhkəmə tikinti-texniki ekspertizasının rəyinin olması vacib idi. Digər tərəfdən tədqiq olunan torpaq sahəsində “xxx” MMC tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binası ilə əlaqədar tikinti-quraşdırma işlərinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin maddələrinin və Dövlət Şəhərsalma Norma və Qaydalarının tələblərinə uyğun olub-olmaması və həmin maddələrin pozulması müəyyən edilməli idi. Məhkəmə iclasında 3-cü şəxs “xxx” MMC-nin nümayəndəsi X2 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə şikayətə etiraz edərək təmin edilməməsini xahiş etdi. Cavabdehlər və digər üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin materiallarından göründüyü kimi, iddiaçı iddia ərizəsi ilə məhkəməyə mübahisələndirilmə haqqında iddia tələbi ilə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli, 53 saylı və xx.xx.2019-cu il tarixli, 358 saylı sərəncamlarının, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 01 nömrəli Sərəncamının və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx xxx 2020-ci il tarixli 38 saylı “Obyektin tikintisinə icazənin” iddiaçıya məxsus torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” ilə müəyyən edilmiş hüdudlarında olan hissədə qanunsuz hesab edilməklə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bununla yanaşı, müvəqqəti xarakterli müdafiə tədbirləri barədə ərizə ilə müraciət edərək “obyektin tikintisinə icazə”nin icrasının, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2019cu il tarixli Sərəncamının icrasının dayandırılmasını, həmin ərazidə tikinti və sair işlərin görülməsinin “xxx” MMC-yə qadağan edilməsini xahiş etmişdir İnzibati Prosessual Məcəllənin 40.1-ci maddəsinə əsasən maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (ərizəçinin hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirləri barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən inzibati aktın icrası, müvəqqəti xarakterli müdafiə barədə müvafiq qərardad qəbul edildiyi hallarda, iddia ilə bağlı işə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılır. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: (maddə 43.1.1) mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin tənzimləmənin zəruri olması, (maddə 43.1.2) ilkin məhkəmə araşdırılması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. Ərizəçi xüsusi mülkiyyətində olan sahədə “xxx” MMC tərəfindən tikinti işlərinin həyata keçirildiyini iddia edir, buna sübut kimi, Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış və torpaq sahəsinin plan və ölçüsünü, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********09 saylı məktubunu, GEOİD MMC-nin xx xxxx 2020-ci il tarixli, 032/2020 saylı müqaviləyə uyğun araşdırma barədə mütəxəssis rəyini, həmçinin, tikinti sahəsinin fotoşəkillərini təqdim etmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, təqdim edilmiş fotoşəkillərdən göründüyü kimi, sözügedən ərazidə tikinti işinin bir qismi həyata keçirilibdir. Nə qədər ki, iddiaçı həmin tikintinin aparılmasına əsas olan sənədləri (sərəncam və icazə) mübahisələndirir və bunu öz mülkiyyət hüququnu təsdiq edən sənədi təqdim edərək, qeyd edilən sənədlərin icrası nəticəsində onun mülkiyyət hüquqlarına müdaxilə kimi əsaslandırır, belə olan halda müvəqqəti xarakter daşıyan tədbirin görülməsi işin hazırki mərhələsində zəruridir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, inzibati mübahisənin hazırkı mərhələsində iddiaçının “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizəsi qismən təmin olunmalı, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx xxx 2020-ci il tarixli 38 saylı “Obyektin tikintisinə icazə”nin icrası Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində yerləşən İddiaçı mülkiyyətində olan 0,024 sahədə dayandırılmalı, iddiaçının mülkiyyətində olan ərazidə tikinti və tikinti ilə əlaqədar hər hansı bir işlərin görülməsi “xxx” MMC-yə qadağan olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, prossessual qanunvericiliyin tələbinə görə müvəqqəti xarakterli müdafiə tədbirinin zəruriliyinə dair dəlillərə qiymət verilərkən bu dəlillərin ağlabatan olması və əsaslılığı, bu tədbirlər görülmədikdə işdə iştirak edən şəxsin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalı, işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməli olması və iddianı təmin etmə tədbirləri tətbiq edilərkən ümumi mənafelərin və ayrı-ayrı şəxslərin mənafelərinin pozulmasının qarşısının alınmalı olması nəzərə alınmalıdır. Apelyasiya şikayətinin dəlilləri qərardadın ləğvi üçün əsas təşkil etmir. İddiaçının işə mahiyyəti üzrə baxılıb qurtaranadək, cavabdehin mübahisəli qərarının icrasına yönələn hərəkətlərindən müdafiə olunmaq hüququ vardır və onun müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsinə dair ərizəsinin təmin edilməsi Azərbaycan Respublikası İPM-nin 40,41 və 43-cü maddələrinin tələblərinə uyğundur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının ərizəsinin təmin edilmiş hissəsində düzgün nəticəyə gəldiyindən, iş üzrə qəbul edilmiş qərardad mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalı və apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 40, 41 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5766/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar