Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1647/2021 25.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, Üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı (xx.xx.1959-cu il tarixdə Rusiya Federasiyasının Rostov-Don şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Bakı şəhəri 13 saylı Notariat Ofisi , X3, X4, X5) “bağışlama müqaviləsinin və çıxarışın ləğv olunması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2-1(112)-989/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Yusupova Yelena Talqatovna 17.12.2019-cu il tarixində cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və Bakı şəhəri 13 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 19.01.2017-ci il tarixində rəsmiləşdirilmiş bağışlanma müqaviləsinin və RX seriyalı 64853 saylı çıxarışın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında 0,3823 ha torpaq sahəsində yerləşən 13 nömrəli 1 mərtəbəli binada yerləşən 59,0 kv metr ümumi, 40,5 kv metr yaşayış sahəsindən ibarət olan 3 otaqlı mənzil paylı mülkiyyət hüququ ilə Yusupova Yelena Talqatovnanın adına 1 otaq y/s – 10.0 kv metr, Rəhimov Suriddin Cəlil oğlunun adına 2 otaq y/s – 30,5 kv metr daşınmaz əmlakın dövlət reyestrində 710 nömrəli reyestr kitabının 66629 nömrəli vərəqində qeydiyyata alınmışdır. Rəhimov Suriddin Cəlil oğlu və oğlu Rəhimov Alim Suriddin oğlu arasında Bakı şəhəri 13 saylı notariat ofisində 19.01.2017-ci il tarixində rəsmiləşdirilmiş bağışlama müqaviləsinə əsasən iddiaçının razılığı olmadan birinci payını ikinciyə bağışlamışdır. Habelə iddiaçının razılığı olmadan ümumi istifadədə olan yardımçı sahə də onun oğluna keçmişdir.Bununla bağlı RX seriyalı, 64853 nömrəli yeni çıxarış verilmişdir.Sonradan həmin müqavilə, müqavilə tərəflərinin bağladıqları saziş əsasında ləğv edilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 28.01.2020-ci il tarixində Bakı İnzibati Məhkəməsi tərəfindən iddiaçıya Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinə əsasən hüquqi yardım haqqında məktub ünvanlanmışdır. 19.02.2020-ci il tarixində iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlanmış, ərizədə 19.01.2017-ci il tarixində rəsmiləşdirilmiş bağışlanma müqaviləsinin və RX seriyalı, 64853 saylı çıxarışın ləğv edilməsi xahiş olunmuşdur. 02.03.2020-ci il tarixində Bakı İnzibati Məhkəməsi tərəfindən iddiaçıya yenidən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinə əsasən hüquqi yardım haqqında məktub ünvanlanmışdır. Bakı İnzibati Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 2-1(112)-989/2020 nömrəli qərardadı ilə Rəhimov Suriddin Cəlil oğlu və X4 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2-1(112)-989/2020 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddiaçı Yusupova Yelena Talqatovnanın cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı RX seriyalı 64853 saylı çıxarışın ləğv olunması barədə iddiası təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 22.09.2020-ci il tarixli, 2-1(112)-989/2020 saylı qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri 13 saylı Notariat Ofisinə qarşı 19.01.2017-ci il tarixində rəsmiləşdirilmiş bağışlama müqaviləsinin ləğv edilməsi barədə iddiası mümkün sayılmamışdır. İddiaçı 18.06.2020-ci il tarixdə qərardan və qərardaddan apellyasiya şikayətləri vermişdir. Apellyasiya şikayətləri iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1941/2020 saylı, 10.11.2020-ci il tarixli qərardadı ilə (hakimlər V.Ağayev, A.Nuriyeva, A.Hüseyn) İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmamış, Bakı İnzibati Məhkəməsinin 22.09.2020-ci il tarixli, 2-1(112)-989/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qərardaddan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasınin 2-1(102)-543/2021 saylı, 16.03.2021-ci il tarixli qərarı ilə (hakimlər İ.Hüseynov,R.Nəbizadə,K.Bədəlov) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 10 noyabr tarixli, 2-1(103)-1941/2020 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin olunmamışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayətinə etiraz edərək,onun təmin edilməməsini xahiş etdi. Tərəflər və digər üçüncü şəxs məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Əlavə olaraq isə iş üzrə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* №li çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, İzzət Həmidov küçəsi, ev 13-un ümumi sahəsi 61.1 kv metr göstərilmişdir, hüquq sahibləri Rəhimov Suriddin Cəlil oğlu və Rəhimov Alim Suriddin oğlu (2 otaq y/s 31,7 kv metrdən hər birinə ½ hissə, Musayeva Ayan Ədalət qızı və Yusupova Yelena Talqatovna (1 otaq y/s 10,0 kv metr hər birinə ½ hissə) göstərilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* №li (64853) çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, İzzət Həmidov küçəsi, ev 13-un ümumi sahəsi 61.1 kv metr, hüquq sahibləri Rəhimov Suriddin Cəlil oğlu və Rəhimov Alim Suriddin oğlu (2 otaq y/s 31,7 kv metrdən hər birinə ½ hissə), Yusupova Yelena Talqatovna (1 otaq y/s 10,0 kv metr ) göstərilmişdir - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* №li çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, İzzət Həmidov(Sverdlov) küçəsində istifadə olan 0.3823 ha torpaq sahəsində 13 nömrəli, 1 mərtəbəli binada yerləşən 59,0 kv.m ümumi, 40.5 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı mənzil paylı mülkiyyət hüququ üzrə İddiaçı 1 otaq y/s 10.0 kv.m , X1 2 otaq y/s 30.5 kv.m , adlarına daşınmaz əmlakın dövlət reyestrində 710 nömrəli reyestr kitabının 66629 nömrəli vərəqində qeydiyyata alınmışdır, qeydiyyat nömrəsi 110802910, qeydiyyat tarixi 08.05.2008 –ci il. - Bakı şəhəri 13 saylı notariat ofisində təsdiq edilmiş 19.01.2017-ci il tarixli “Daşınmaz əmlakın bağışlanma müqaviləsi”nə əsasən Rəhimov Suriddin Cəlil oğlu ünvan 4 ünvanında yerləşən 3 otaqlı mənzildən paylı mülkiyyət hüququ ilə ona məxsus olan iki yaşayış otağından yaşayış sahəsi 9,3 kv metr, köməkçi sahəsi 4.2 kv metr olan 1 otağı X2 bağışlamışdır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 30.07.2019-cu il tarixli, 04.06.2019-cu il tarixli məktublarına əsasən 01.06.2019-cu ildə Bakı şəhəri 13 saylı notariat ofisində 19.01.2017-ci il tarixli “Daşınmaz əmlakın bağışlanma müqaviləsi”nin tərəfləri S.Rəhimov və A.Rəhimov qeyd edilən müqavilənin ləğv edilməsi haqqında 01.06.2019-cu il tarixli müqavilə bağlamışlar və 19.01.2017-ci il tarixli “Daşınmaz əmlakın bağışlanma müqaviləsi”nə xitam verilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 21.10.2019-cu il tarixli, 05/Y- 11/22-13 nömrəli məktubuna əsasən qeyd edilmişdir ki, xidməti vəzifələrinin icrası zamanı pozuntulara yol verildiyinə görə 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Kəmalə Hüseynzadə nazirlik üzrə 21.10.2019-cu il tarixli əmrlə intizam məsuliyyətinə cəlb edilmişdir. - AN-İ № ******* №li, 15.03.2008-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən Qocamanov Bəxtiyar Daştəmir oğlu Bakı şəhəri, 7-ci Sverdlov döngəsi, 13 saylı evdə özünə məxsus olan 1 otağı İddiaçı mülkiyyətinə vermişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 13 saylı Notariat ofisinin birinci instansiya məhkəməsinin sorğusuna verdiyi cavaba və “01.06.2019-cu il tarixli “Müqavilənin ləğvi barədə saziş”ə əsasən Rəhimov Suriddin Cəlil oğlu və Rəhimov Alim Suriddin oğlu arasında Bakı şəhəri 13 saylı notariat ofisi tərəfindən 19.01.2017-ci ildə 4- Ə-14 reyestr nömrəsi ilə təsdiq edilmiş mənzili bağışlama müqaviləsi üzrə vəzifə və öhdəliklərə xitam verilmişdir, bağışlama müqaviləsi ləğv edilmişdir. Bakı şəhəri 13 saylı Notariat Ofisinin notariusu İradə Hüseynovanın təqdim edilmiş məktubunda (izahat) göstərilmişdir ki, Yusupova Yelena Talqatovnanın 19 yanvar 2017-ci ildə Rəhimov Suriddin Cəlil oğlu İddiaçı ilə paylı mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 59,0 kv metr, yaşayış sahəsi 40,5 kv metr 3 (üç) otaqlı mənzildən özünə məxsus yaşayış sahəsi 30,5 kv metr olan 2 (iki) yaşayış otağının 9,3 kv metr olan 1 (bir) otağını və 4,2 kv metr olan köməkçi sahəni oğlu – Rəhimov Alim Suriddin oğluna bağışlanmasına dair 19 yanvar 2017-ci il tarixdə 4Ə/14 saylı reyestrdə qeydiyyata alınmış müqavilə rəsmiləşdirilmişdir.Həmin bağışlama müqaviləsi 01 iyun 2019-cu il tarixdə ləğv olunmuş və bu ləğv barədə saziş 3M-24 saylı reyestrdə qeydiyyata alınmışdır. - Cavabdehin iddiaçıya ünvanlanmış 29.11.2017-ci il tarixli məktubuna əsasən iddiaçının ünvan 6 ünvanında yerləşən mənzilin sahəsinin dəqiqləşdirilməsi və bölgü sxeminin tərtib edilməsi barədə ərizəsinin icrası ilə araşdırma aparılan zaman müəyyən olunmuşdur ki, paylı mülkiyyətdə olan mənzilin iddiaçıya məxsus sahəsindən əlavə qapı açılmışdır.Paylı mülkiyyətdə olan mənzil mübahisəli olduğundan texniki inventarlaşdırma işlərinin aparılması üçün digər payçı tərəfindən mütəxəssisə şərait yaradılmamış və bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. - Cavabdehin məhkəməyə ünvanlanmış 19.03.2020-ci il tarixli məktubuna və həmin məktuba əlavə edilmiş sənədlərə əsasən iddiaçının ləğv edilməsini tələb etdiyi RX1034512 (64853) nömrəli çıxarış 13 saylı Bakı notariat ofisində tərtib edilmiş 19.01.2017-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” əsasında verilmişdir. - Cavabdeh tərəfindən təqdim edilmiş məhkəmə tərəfindən ünvan 7 ünvanında yerləşən mənzilə yerində müayinə zamanı müəyyən edildi ki, ünvan 8 ünvanında yerləşən mənzilin hazırkı vəziyyəti iş materiallarında olan mənzilə aid sənədlərə uyğun deyildir. Ümumi istifadədə olan (2 dəhliz, mətbəx) köməkçi sahələrinin təyinatı dəyişdirilərək üçüncü şəxslər tərəfindən zəbt edilib öz məqsədləri üçün istifadə olunur.İddiaçıya məxsus otağa giriş ümumi istifadədə olan dəhlizdən deyil, üçüncü şəxsin öz məqsədləri üçün rekonstruksiya edilərək istifadə etdiyi otaqdandır. İddiaçının ümumi istifadə üçün nəzərdə tutulmuş sahələrdən faktiki istifadəsi qeyrimümkündür.Əvəzində iddiaçıya məxsus həmin bir otağa 70-80 sm enində küçəyə açılan taxta qapı qoyulmuşdur.Mənzilin yan və arxa tərəfdən baxış keçirilməsinə isə üçüncü şəxs Rəhimov Suriddin Cəlil oğlu tərəfindən şərait yaradılmadı. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol;8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı;8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndrilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən müəyyən edilir ki, Bakı şəhəri, İ.Həmidov küçəsi,13 ünvanda yerləşən mənzil paylı mülkiyyət hüququ ilə iddiaçı və üçüncü şəxslərin mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır, 2008-ci ildə verilmiş Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ümumi sahəsi 59,0 kv.m olan 3 otaqdan ibarət mənzilin sahəsi 10 kv.m olan 1 otaq iddiaçıya, sahəsi 30,5 kv.m olan 2 otaq isə 3-cü şəxslərə məxsus olması göstərilmişdir. Bakı şəhəri 13 saylı notariat ofisində təsdiq edilmiş 19.01.2017-ci il tarixli “Daşınmaz əmlakın bağışlanma müqaviləsi” əsasında daşınmaz əmlakın dövlət reyestrində müvafiq hüququn qeydiyyatı aparılmış və iddiaçının hazırda ləğv edilməsini tələb etdiyi RX1034512 (64853) nömrəli çıxarış verilmişdir. Sonradan 19.01.2017-ci il tarixli “Daşınmaz əmlakın bağışlanma müqaviləsi”nin tərəfləri S.Rəhimov və A.Rəhimov həmin müqavilənin ləğv edilməsi haqqında 01.06.2019-cu il tarixli müqavilə bağlamışlar və 19.01.2017-ci il tarixli “Daşınmaz əmlakın bağışlanma müqaviləsi”nə xitam verilmişdir. Lakin buna baxmayaraq 01.06.2019-cu il tarixli müqavilə ilə ləğv edilmiş 19.01.2017-ci il tarixli bağışlama müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat qüvvədə qalmışdır və iddiaçı hazırda həmin hüququn qeydiyyatı əsasında verilmiş 64853 saylı (RX seriyalı 1034512) çıxarışın ləğv edilməsini tələb edir. Göründüyü kimi, iddiaçının ləğv edilməsini tələb etdiyi RX1034512 (64853) nömrəli çıxarışın verilməsinə əsas Bakı şəhəri 13 saylı notariat ofisində təsdiq edilmiş 19.01.2017-ci il tarixli “Daşınmaz əmlakın bağışlanma müqaviləsi” çıxış edir. Lakin iş materiallarına əlavə edilmiş Bakı şəhəri 13 saylı Notariat Ofisinin notariusu İradə Hüseynovanın təqdim edilmiş məktubunda (izahat) göstərilmişdir ki, Yusupova Yelena Talqatovnanın 19 yanvar 2017-ci ildə Rəhimov Suriddin Cəlil oğlu İddiaçı ilə paylı mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 59,0 kv metr, yaşayış sahəsi 40,5 kv metr 3 (üç) otaqlı mənzildən özünə məxsus yaşayış sahəsi 30,5 kv metr olan 2 (iki) yaşayış otağının 9,3 kv metr olan 1 (bir) otağını və 4,2 kv metr olan köməkçi sahəni oğlu – Rəhimov Alim Suriddin oğluna bağışlanmasına dair 19 yanvar 2017-ci il tarixdə 4Ə/14 saylı reyestrdə qeydiyyata alınmış müqavilə rəsmiləşdirilmişdir.Həmin bağışlama müqaviləsi 01 iyun 2019-cu il tarixdə ləğv olunmuş və bu ləğv barədə saziş 3M-24 saylı reyestrdə qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri 13 saylı notariat ofisində təsdiq edilmiş 19.01.2017-ci il tarixli “Daşınmaz əmlakın bağışlanma müqaviləsi” 01 iyun 2019-cu il tarixdə ləğv olunduğundan sözügedən müqavilə əsasında verilmiş 64853 saylı (RX seriyalı 1034512) çıxarış öz hüquqi qüvvəsini itirmişdir. Belə olan halda iddiaçının 64853 saylı (RX seriyalı 1034512) çıxarışın ləğv olunması barədə tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi bu halları nəzərə almamış və iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlili olan birinci instansiya məhkəməsi tərəfindən onun əlavə iddiası olan maddi və mənəvi ziyanın ödənilməsi tələbinə baxılmaması ilə bağlı qeyd edir ki,işin birinci instansiya icraatı zamanı iddiaçı tərəfindən 03.03.2020-ci il tarixdə və 17.03.2020-ci il tarixdə iddia ərizəsinə əlavələr təqdim edilmiş, həmin əlavələrin xahiş hissəsi mövcud olmamış, iddia ərizəsinin xahiş hissəsində isə maddi və mənəvi tələb qeyd edilməmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq, iş materiallarına əsasən mövcud olmayan, iddiaçı tərəfindən yalnız apellyasiya şikayətinin dəlili kimi qeyd edilmiş “maddi və mənəvi” tələbə münasibət bildirməmişdir. Göründüyü kimi iddiaçının apellyasiya şikayətinin bu dəlili əsassızdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94, və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2-1(112)-989/2020 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı RX seriyalı 64853 saylı çıxarışın ləğv olunması barədə” iddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Rəhimov Alim Suriddin oğlunun adına verilmiş RX seriyalı 64853 saylı (1034512 №li) çıxarış ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-1647/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1647/2021
25.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver