Məhkəmə qərarları › İş №2-1(103)-1647/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1647/2024

04.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1647/2024 04.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sisial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik təyinatının bərpa olunmasının cavabdehə həvalə edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli 2-1(112)-1738/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sisial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçıya müstəqil tibbi komissiyanın təyin olunması və komissiyanın rəyinə əsaslanaraq təqdim edilmiş tibbi sənədlər əsasında əlillik təyinatının bərpa olunmasının cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1992-1995-ci ilərdə Qarabağda gedən döyüşlərində iştirak etmiş və bir neçə dəfə zədə almışdır. Ayağından aldığı zədə isə onu daim narahat edib. Bu səbəbdən əvvəlcə Sərhəd Xidməti Hərbi Hospitalında xx.xx.2007-ci il tarixlərdə müalicə olunmuş, son nəticədə ona cərrahiyyə əməliyyatının vacib olduğu bildirilərək adı çəkilən hospitalda xx.xx.2008-xx.xx.2008-ci il tarixlərdə yenidən yatmaqla “sağ diz oynağının medial meniskinin köhnə cırılması” diaqnozu ilə cərrahiyyə əməliyyatına məruz qalmışdır. Daha sonra, yəni xx.xx.2008-ci ildə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda müayinə olunmuş və xəstəlik kağızında ona “sağ diz oynağının travmadan sonra medial meniskinin qırılması, iç yan bağların zədələnməsi. Diz oynağının meniskoektomiya cərrahi əməliyyatından sonrakı vəziyyət. Sağ diz oynağının artrozu, oynağın bükücü kontrakturası. Funksiyanın nəzərə çarpaq dərəcədə pozulması. Diz oynağının sinoviti” diaqnozu qoyulmuş və əlavə olaraq qeyd edilmişdir ki, “xəstəlik hərbi xidmət dövründə alınmışdır”. Sonradan dizində ağrılar olanda bir neçə dəfə Səhiyyə Nazirliyi yanında Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda müayinə və müalicə olunmuşdur. xx.xx.2016-ci ildə ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hərbi xidmət dövrü ilə əlaqədar 2-ci qrup əlillik təyin edilmişdir. 5 il keçdikdən sonra, yəni 2021-ci ildə yenidən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda tibbi müayinədən keçməklə əvvəlki diaqnozu təsdiq olumuşdur. Sənədləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaninda Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə təqdim etmiş və bir müddətdən sonra əyani müayinədən keçmək üçün Agentliyə getmişdir. Həkimlər ayağını zorla qatlamağa çalışdılar və daha sonra bildirdilər ki, “gedə bilərsən, sənə məktub göndəriləcək”. Agentlikdən ünvanlanmış xx.xx.2022-ci il tarixli ********** saylı məktubda bildirilir ki, “sizin hazırki vəziyyətinizin obyektiv müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. Sağ diz oynağının iç meniskin meniskektomiyasindan sonrakı vəziyyət. Oynaqların kontrakturası. Sağ diz oynağının açıcı kontrakturası ağrı sindromu ilə fəaliyyətin pozulması” diaqnozu anamnestik məlumatlarda və obyektiv müayinələrdə öz əksini tapmamışdır”. Bu səbəbdən də ona “diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. Agentliyin bu qərarı həqiqəti əks etdirmir, belə ki, onda yuxarıda qeyd edilən diaqnoz olmamışdırsa, nə üçün cərrahiyyə əməliyyatına məruz qalmışdır? Bundan başqa, Səhiyyə Nazirliyi yanında Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda dəfələrlə müalicə olunmuş və hər dəfə də onlar diaqnozu təsdiqləyərək ona yaşlandıqca daha ağır fəsadların olacağı, bəlkə də ayağının kəsiləcəyi barədə xəbərdarlıq etmişlər. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqanın etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə 9 saylı Birləşmiş şəhər Xəstəxanasının xx.xx.2008-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Xİİİ Sinif - Sümükəzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95-M99 - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları => M95 - Birləşdirici toxumanın və sümük-ə.,.; Diaqnozun mətni: Sağ diz oynağının menitektomiya.cərrahi əməliyyatdan sonrakı vəziyyəti.Sağ diz oynağının artrozu və kontrakturası. Ağrı sindromu ilə.Hərəkət funksiyasının pozulması; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sağ diz oynağının menisektomiyası cərrahi əməliyyatdan sonrakı vəziyyəti” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 9 saylı Birləşmiş şəhər Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar; X1 Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95- M99 - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları => M95 - Birləşdirici toxumanın və sümük-ə...; Diaqnozun mətni: Sağ diz oynağının menisektomiya cərrahi əməliyyatdan sonrakı vəziyyət.Sağ diz oynağının artrozu və kontrakturası ağrı sindromu ilə.Hərəkət funksiyasının pozğunluğu; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sağ diz oynağının menistektomiya” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 9 nömrəli Birləşmiş şəhər Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95-M99 - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları => M95 - Birləşdirici toxumanın və sümük-ə...; Diaqnozun mətni: Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər.Sağ diz oynağının iç meniskin meniskektomiyasından sonrakı vəziyyət.Oynaqların kontrakturası.Sağ diz oynağının açıcı kontrakturası ağrı sindromu ilə fəaliyyətin pozulması.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sağ diz oynağının iç meniskin meniskektomiyasından sonrakı vəziyyət.Oynaqların kontrakturası” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Xİİİ Sinif - Sümük- əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95- M99 - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları => M95 - Birləşdirici toxumanın və sümük-ə...; Diaqnozun mətni Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər.Sağ diz oynağının iç meniskin meniskektomiyasından sonrakı vəziyyət.Oynaqların kontrakturası.Sağ diz oynağının açıcı kontrakturası ağrı sindromu ilə fəaliyyətin pozulması; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sağ diz oynağının iç meniskin meniskektomiyasından sonrakı vəziyyət.Oynaqların kontrakturası” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 9 nömrəli Birləşmiş şəhər Xəstəxanasının xx.xx.2021 -ci il tarixli göndəriş: əsasında baxılmış və “X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M20-M25 - Oynaqların digər zədələnmələri => M23 - Dizin oynaqdaxili zədələnməsi => M23.3 - M...; Diaqnozun mətni: Meniskin digər zədələnmələri, Hər iki diz oynağının menisk yırtığı,sağ diz oynağının əməliyyatından sonrakı vəziyyət; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” səbəbi ilə imtina verilmişdir. Qeyd edirlər ki, əlilliyin qiymətləndirilməsi barədə qərarlardan verilmiş şikayətlərə 28 aprel 2022-ci il tarixdə Agentlikdə baxılmışdır. Aparılan araşdırmalar çərçivəsində, 14 nəfər Agentlikdə əyani müayinə olunmuş, hazırkı vəziyyətlərini əks etdirən tibbi sənədlər araşdırılmış və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyası tərəfindən xx.xx.2022-ci il tarixi: **********1 nömrəli qərar qəbul edilmişdir. Bakı şəhər sakini xx.xx.1967-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılarkən İddiaçı xəstəliyin səbəb əlaqəsini müəyyən etmək üçün şəhadətnamə və ya qərar təqdim etməmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı şikayətləri diz oynağında ağrılardan, hərəkət məhdudluğundan ibarətdir. Müayinə zamanı sağ diz oynağında hərəkət ağrılıdır, şişkinlik yoxdur. Sağ aşağı ətrafda atrofiya müşahidə olunmadı. Təqdim etdiyi xx.xx.2021-ci il tarixli **********\8622 saylı ETTOİ-nin rəyində qeyd olunan (Diaqnoz: sağ diz oynağının medial meninskoektamivadan sonrakı kəskin açıcı kontrakturası (bükmə 10 dərəcə, açma 170 dərəcə, hərəkətin həcmi 10) diz oynağın/ xroniki sinaviti və deqenerativ dəyişiklikləri, ətrafın kəskin funksiya pozğunluğu. Sol diz oynağının xroniki sinaviti, dizalqı bevker vistası və kontrakturası (bükmə 90. açma 180} damanlı ağrı sindromu verişin mühim pozuntusu) diaqnozun ağırlaşması əyani müayinədə öz təstiqni tapmadı və İ.Mikayılovun hal-hazırki vəziyyəti əlillik təyininə əsas vermir. Bakı İnzibati Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli 2-1(112)-1738/2023 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddia tələbi rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarında bildirilir ki, “Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılarkən İddiaçı xəstəliyin səbəb-əlaqəsini müəyyən etmək üçün şəhadətnamə və ya qərar təqdim etmədi” (səh.5/11; 4-cü abzas). Sual yaranır: xəstəliyin səbəb-əlaqəsini müəyyən etmək üçün şəhadətnamə və ya qərar təqdim edilməsi barədə ona xəbərdarlıq edilmişdimi? Və ya xəstəliyin səbəb-əlaqəsini müəyyən etmək üçün hansı şəhadətnamə və ya qərar təqdim edilməlidir və bu sənədlər hansı təşkilatdan alınmalıdır? Onu biri qadın və biri kişi olmaqla 2 çox cavan həkim M.Nağıyev adına xəstəxanada əyani müayinədən keçirmişlər. Həmin həkimlərin bacarıq, səriştə və savadları xeyli sual doğurur. Necə ola bilər ki, heç bir xüsusi elmi biliyi və təcrübəsi olmayan, lakin hansısa yollarla ekspert qismində işə düzələ bilmiş 2 çox cavan həkim sümük xəstəlikləri və travmaları sahəsində ixtisaslaşmış tibb müəssisəsi olan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda hər gün onlarla xəstənin müayinəsi və müalicəsi ilə bilavasitə məşğul olan yaşlı professorun diaqnozunu və qiymətləndirməsini inkar edir və Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sifarişini yerinə yetirir? Necə ola bilər ki, 2 il dalbadal Elmi-Tədqiqat Travmatologiya və Ortopediya institutunda müalicə alsın, orada ona xəstəliyini təsdiq edən xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli arayışlar təqdim edilsin və sonda hansısa “ekspertlər” həmin institutun arayışlarının üzərindən xətt çəksinlər? X3 yalan rəy veribsə, nə üçün həmin arayışları verən həkimlərdən belə rəy vedikləri barədə soruşulmur? Hesab edir ki, məhkəmə tərəfindən təkrar ekspertizanın keçirilməsinə dair qərardad çıxarılmalı və travmatologiya sahəsində xüsusi biliklərə malik olan ixtisaslı həkimlər cəlb edilməklə yenidən ekspertiza keçirilməli idi. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, əlillik təyinatının həyata keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Ərizə icraata qəbul edildi. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və dəqiqləşdirilmiş iddia tələbinə uyğun izahat verərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə əlilliyin təyin edilməsi barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin qoyulmasını xahiş edir. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İşdən görünür ki, növbəti dəfə əlilliyin müəyyən edilməsindən imtina barədə qərar 07 iyun 2022-ci il tarixdə qəbul edilmiş, 24 iyun 2022-ci il tarixli məktubla iddiaçıya “Diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə qərarın verilməsi barədə məlumat verilmiş, iddiaçı tərəfindən iddia ərizəsi xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə məhkəməyə təqdim edilmişdir. Beləliklə, iddiaçı tərəfindən iddia tələbinin irəli sürülməsinə dair qanunvericilikdə müəyyən edilmiş 30 günlük müddət ötürülməmişdir. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslı olmuşdur. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.2-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.3-cü maddəsinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. - 3.4-cü maddəsinə uyğun olaraq, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydalarına əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 2.1-ci bəndinə əsasən Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. - 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. - 2.9-cu bəndinə görə Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. - 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. - 4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Sadalanan normalardan müəyyən olunur ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-cü bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3-cü bənd. Əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4-cü bənd. Peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5-ci bənd. Əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3-cü bənd. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4-cü bənd. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Hazırki işdən görünür ki, iddiaçının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbi əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsindən ibarətdir. İş materiallarında olan AZE seriyalı 16123253 nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1967-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. M/V 020768 nömrəli vəsiqənin surətinə əsasən İddiaçı müharibə veteranıdır. Fövqəladə Hallar Nazirliyi Tibb Xİdmətinin 25/35 nömrəli, xx.xx.2008-ci il tarixli “Xəstəlik haqqında Şəhadətnamə”yə əsasən, diaqnoz və yaralanmanın (travmanın, xəsarətin, kontuziyanın), xəstəliyin səbəbi ilə əlaqəsi haqqında XHEK-nın qərarı: Diaqnoz: “Sağ diz oynağının travması ilə əlaqdəar, iç yan baldırının və medial meniskinin zədələnməsi-cırılması ilə əlaqədar, sağ tərəfli meniskoektomniya əməliyyatından sonrakı vəziyyət. Sağ diz oynağının artrozu, sinoviti, bükücü kontrakturası. Funksiyanın mülayim dərəcədə pozulması”. Xəstəlik hərbi xidmət dövründə alınmışdır. XHEK-nın xidmətə yararlılıq haqqında qərarı: “Xəstəlik cədvəlinin” 65 b C maddəsinin İİ qrafasına və ƏTC-ə əsasən sülh dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xxxxxxx0004 nömrəli, xx.xx.2016-cı il tarixli məlumatına əsasən, İddiaçı xx.xx.2016-cı il tarixdə ikinci dərəcə əlillik təyin edilmiş, növbəti müayinə tarixi xx.xx.2021-ci il qeyd edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İddiaçı ünvanladığı **********2 nömrəli, xx.xx.2022ci il tarixli məktubuna əsasən bildirilmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Agentlikdə nəzarət qaydasında əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, iddiaçının hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşma kimi qeyd edilmiş “Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. Sağ diz oynağının iç meniskin meniskektomiyasından sonrakı vəziyyət. Oynaqların konstrakturası. Sağ diz oynağının açıcı kontrakturası ağrı sindromu ilə fəaliyyətin pozulması” diaqnozu anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. İddiaçı əlavə olaraq məhkəməyə Səhiyyə Nazirliyi “Xəstəlik tarixindən çıxarış”, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu”nun **********/8622 saylı, 03 iyun 2022-ci il tarixli və **********/8622 saylı, 02 sentyabr 2021-ci il tarixli arayışlarının surətlərini məhkəməyə təqdim etmişdir. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə iddiaçı barəsində tibbi-sosial ekspertiza sənədləri və altsistemdən çıxarışlar təqdim edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2022ci il tarixli, **********1 nömrəli Qərarına əsasən, Bakı şəhər sakini xx.xx.1967-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılarkən İddiaçı xəstəliyin səbəb əlaqəsini müəyyən etmək üçün şəhadətnamə və ya qərar təqdim etmədi. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı şikayətləri diz oynağında ağrılardan, hərəkət məhtudluğundan ibarətdir. Müayinə zamanı sağ diz oynağında hərəkət ağrılıdır, şişkinlik yoxdur. Sağ aşağı ətrafda atrofıya müşahidə olunmadı. Təqdim etdiyi xx.xx.2021-ci il tarixli **********\8622 saylı ETTOİ-nin rəyində qeyd olunan (Diaqnoz; saq diz oynağının medial meninskoektamiyadan sonrakı kəskin acıcı kontrakturası (bükmə 10 dərəcə, acma 170 dərəcə, hərəkətin həcmi 10) diz oynağını xroniki sinaviti və deqenerativ dəyişiklikləri, ətrafın kəskin funksiya pozğunluğu. Sol diz oynağının xroniki sinaviti, dizalqı bevker vistası və kontrakturası (bükmə 90, acma 180) damanlı ağrı sindromu verişin mühim pozuntusu) diaqnozun ağırlaşması əyani müayinədə öz təstiqni tapmadı və İddiaçı hal-hazırki vəziyyəti əlillik təyininə əsas vermir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun nüəyyən olunması meyarlarına dair Əsasnamə” yə uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: xx.xx.1967-ci il təvəllüdlü İddiaçı orqanizminin həyat fəaliyyətinin məhdudlaşdırılmasına səbəb olan hansı xəstəlik, travma və qüsurlar müayinə zamanı onda aşkar olunur? İddiaçı aşkar olunan xəstəlik, travma və ya qüsurlar əlillik (birinci, ikinci və ya üçüncü dərəcə) müəyyən edilməsi meyyarlara uyğundurmu? Bu xəstəliyin (travma və ya qüsurların) səbəb əlaqəsi nədir? Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 T 228/2023 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyində göstərilmişdir: İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibbi müəssisəsində tərtib edilib göndərilmiş Forma 088 göndərişində qeyd edilmiş “Diaqnozun mətni” Meniskin digər zədələnmələri hər iki diz oynağının menisk yırtığı. Sağ diz oynağının əməliyyatından sonrakı vəziyyət” diaqnozda olan xəstəliklərdən əziyyət çəkir. Həmin diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsində aşkar olunan patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyi üçün ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “ Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, istərsə də xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na dair “Əlavə”də müəyyən olunan maddələrin hər hansı birinə aid etmək mümkün olmadı. Diaqnozda olan xəstəliklərdən əziyyət çəkir və xəstəlik hərbi xidmət dövründə alınmışdır. (35№-li xəstəlik haqqında şəhadətnamə) Apellyasiya instansiya məhkəməsində icraat zamanı yuxarıda qeyd edilənlərlə bağlı xx.xx.2021-ci il tarixli, 2778003AAB5M nömrəli göndərişdə qeyd edilənlər nəzərə alınmaqla əlillik dərəcəsinin təyin edilməsi məqsədilə həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na uyğun olaraq müəyyən edilməsi məqsədilə cavabdeh tərəfindən yenidən araşdırma aparılaraq müvafiq qərar qəbul edilməsi üçün cavabdeh inzibati orqana 1 (bir) ay müddət təyin edilmişdir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə 9 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 2778003AAB5M nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Beləliklə, işin mübahisəsiz halıdır ki, 9 saylı Birləşmiş şəhər Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında iddiaçıya bir il müddətinə, həmin xəstəxananın xx.xx.2015-ci il tarixli göndərişi əsasında bir müddətinə, həmin xəstəxanının xx.xx.2016-cı il tarixli göndərişi əsasında beş il müddətinə əlillik təyin edilmişdir. Daha sonra iddiaçıya təyin edilmiş əlilliyin müddəti bitəndən sonra 9 saylı Birləşmiş şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında iddiaçıya əliliyin təyin edilməsindən cavabdeh inzibati orqan tərəfindən imtina edilmişdir. Cavabdehin növbəti dəfə əlillik təyinatından imtinasının əsasında diaqnoz və əlilliyin təyininə əsas verməməsi durur. Birinci instansiya məhkəməsi cavabdeh inzibati orqanın imtinasını əsaslı hesab etmiş və iddia tələbinin rədd edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçının əlilliyinin müəyyən edilməsindən imtinanın əsaslı olması iş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının rəyi ilə təsdiqlənir, belə olan halda iddiaçının əlilliyinin müəyyən edilməsindən imtina edilməsi ilə əlaqədar cavabdeh Azərbaycan Respublikasının Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətlərində qanun pozuntusuna yol verilməsi məhkəmə araşdırılması zamanı müəyyən edilmədiyi üçün iddia tələbi əsassızdır. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtinasını və birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edir. Belə ki, iddiaçıya ilkin olaraq 9 saylı Birləşdirilmiş Şəhər Xəstəxanasının xx.xx.2008ci il tarixli göndərişi əsasında 1 il müddətinə sağ diz oynağının menitektomiya.cərrahi əməliyyatdan sonraki vəziyyət. Sağ diz oynağının artrozu və kontrakturası. Ağrı sindromu ilə. Hərəkət funksiyasının pozulması diaqnozu ilə, iş materiallarında olan sənədlərə əsasən daha sonra xx.xx.2014-cü il tarixli göndəriş əsasında bir il müddətinə, sağ diz oynağının menisektomiya cərrahi əməliyyatından soonrakı vəziyyət. Sağ diz oynağının artrozu və kontrakturası ağrı sindromu ilə. Hərəkət funksiyasının pozğunluğu diaqnozu ilə, xx.xx.2015-ci il tarixli göndəriş əsasında bir il müddətinə, digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. Sağ diz oynağının iç meniskin meniskektomiyasından sonrakı vəziyyət. Oynaqların kontrakturası. Sağ diz oynağının açıcı kontrakturası ağrı sindromu ilə fəaliyyətin pozulması diaqnozu ilə, xx.xx.2016-cı il tarixli göndəriş əsasında beş il müddətinə digər dəqiq cərrahi müdaxilədən sonrakı vəziyyətlər. sağ diz oynağının iç meniskin meniskektomiyasından sonrakı vəziyyət. Oynaqların kontrakturası. Sağ diz oynağının açıcı kontrakturası ağrı sindromu ilə fəaliyyətin pozulması diaqnozu ilə ikinci dərəcə əlilllik təyin olunmuşdur. İş materiallarında olan sənədlərdən də aydın olur ki, iddiaçıda hazırda da qeyd edilən diaqnoz mövcuddur. Beləliklə, iddiyaçıya əvvəlki əlilliklərin təyini zamanı onda olan diaqnoz, sonrakı göndərişdə də mövcuddur. Həmçinin, hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"nda da M17-Qonartroz (diz oynağının artrozu), ağırlaşması 13.4.36 diz oynağının funksional əlverişsiz vəziyyətdə ankilozu (qiymətləndirməsi) qeyd edilmişdir. İddiaçıda mövcud xəstəliyin olması cavabdeh orqan tərəfindən, həmçinin ekspert rəyi ilə də inkar edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 T 228/2023 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibbi müəssisəsində tərtib edilib göndərilmiş Forma 088 göndərişində qeyd edilmiş “Diaqnozun mətni” Meniskin digər zədələnmələri hər iki diz oynağının menisk yırtığı. Sağ diz oynağının əməliyyatından sonrakı vəziyyət” diaqnozda olan xəstəliklərdən əziyyət çəkir. Beləliklə, göründüyü kimi iddiaçıda hazırda mövcud olan xəstəliklərlə, 2008-ci il tarixdən əlilliyin təyinatına mövcud olan xəstəliklər eyniyyət təşkil etmişdir. İş materiallarından əvvəlki tarixdən təyin edilmiş əlilliklərin səhv olması, ləğv edilməsi barədə hər hansı hal müəyyən edilmir. Beləliklə də iddiaçının ona təyin edilmiş əlilliklə bağlı qərarlara etimad hüququ mövcud olmuşdur. Nəzərə alınmalıdır ki, əlilliyin müddətli təyin edilməsinin mahiyyəti həmin xəstəliklərin reabilitasiyası ilə bağlıdır ki, iddiaçının 2008-ci il tarixdən mövcud olmuş xəstəliklərinin sağalmadığı, iş materialları ilə müəyyən edilir. Cavabdeh də həmin xəstəliklərin sağalması istiqamətində mövqe nümayiş etdirməmiş, xəstəliyin hazırki qüvvədə olan Meyarlara əsasəm əlilliyin təyinatına əsas olmamasına istinad etmişdir. Halbuki, əlilliyin müəyyən müddət üçün təyinatı əsası həmin müddət çatdıqda onun sağalıb-sağalmamasının yoxlanılmasıdır ki, iddiaçının adıçəkilən xəstəliklərdən əziyyət çəkməsi, hətta təqdim etdiyi digər tibbi sənədlərə əsasən xəstəliyinin ağırlaşdığı müşahidə edilir. Hətta yeni meyarlarda göndərişdə qeyd edilən xəstəliklər mövcud olmasa belə, aydındır ki, iddiaçıya vaxtilə əlillik təyinatı aparılan dövrlərdə(2008,2015 və 2016-cı illərdə) qüvvədə olan qanunvericilik normalarında sözügedən xəstəlik birbaşa əlillik təyinatına əsas verirdi. Lakin bununla belə bir daha diqqətə çatdırılmalıdır ki, iddiaçıda olan xəstəliklər artıq daha da ağırlaşmış və son olaraq təqdim edilən tibbi sənədlərdə göstərilən xəstəliklər yuxarıda qeyd edildiyi kimi Əlilliyin müəyyən olunması ilə bağlı hazırda qüvvədə olan Meyarlarda öz əksini tapmışdır. İşin araşdırılmış hallarından aydın olur ki, əlillik dərəcəsinin təyin edilməsindən imtina edildiyi zaman müəyyən edilən diaqnoz əvvəllər əlillik dərəcəsi təyin edildiyi zaman müəyyən edilən diaqnozla eynilik təşkil etdiyindən, həmçinin əlilliyin təyin olunmasına əsas olan diaqnoz (M17) müvafiq normativ hüquqi aktlarda (əlilliyin müəyyən olunması meyarlarında) göstərildiyindən hazırkı iddia tələbi əsaslıdır. Həmçinin, Ali Məhkəmənin oxşar işlər üzrə qərarlarında da mövqe bu cür əsaslandırılmışdır ki, iddiaçıda olan xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququ qorunmalıdır. Əks halda, həmin xəstəliklərdən əziyyət çəkən, əlilliyi təyin edilən şəxslərlə iddiaçının vəziyyətində olan şəxslər arasında qeyri-bərabər münasibət yaranacaqdır ki, nə qədər ki, iddiaçıya təyin edilmiş əlilliyin ləğvinə dair hər hansı inzibati icraat aparılmamışdır ki, həmin əlilliyin təyinatına uyğun olaraq aparılan inzibati praktikaya, inzibati orqanın hərəkətinə iddiaçının etimad hüququnun qorunması həyata keçirilməli, 2008-ci il tarixdən eyni xəstəliklərdən əlilliyi olan şəxsin reabitilasiyası üçün müəyyən edilmiş müddət ərzində sağalmaması nəzərə alınmalıdır(Ali Məhkəmənin İnzibati Kollegiyasının 2- 1(102)1012/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2-1(102)-144/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarı, 2-1(102)-1169/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il qərarı). Beləliklə, kollegiya hesab edir ki, iddiaçının Bakı 9 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında qeydiyyatda olması, müvafiq stasionar və ambulator müalicə alması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, eyni diaqnozla iddiaçıya əvvəllər də əlillik dərəcəsi təyin edildiyindən, həmçinin əlilliyin təyin olunmasına əsas olan diaqnoz müvafiq normativ hüquqi aktlarda (əlilliyin müəyyən olunması meyarlarında) göstərildiyindən hazırkı iddia tələbi əsaslı olmuşdur. Məhkəmə kollegiyası həmçinin, nəzərə çatdırır ki, iddiaçı ona konkret neçənci dərəcə əlilliyin təyin edilməsini iddia tələbində, məhkəmə araşdırmaları zamanı qeyd etməmiş, belə olan halda inzibati orqan diskresion səlahiyyətləri çərçivəsində iddiaçıda mövcud olan xəstəliklərə uyğun əlillik dərəcəsi təyinatını həyata keçirməlidir. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməli, iddiaçıya əlilliyin müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli 2-1(112)-1738/2023 nömrəli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. İddiaçı əlilliyin (Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti) müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar