Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1648/2021 15.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək kitabçasında və arxiv arayışında qeyd olunan illərin ümumi sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Həmid Üzeyir oğlu Həmidovdan ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək kitabçasında və arxiv arayışında qeyd olunan illərin ümumi sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2423/2019 saylı 22 oktyabr 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 15 sentyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı ona yaşa görə pensiyaya çıxmaq hüququnun olduğuna istinad edərək cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, iddiaçıya ünvanlanmış **********7 saylı 05 may 2020-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 64 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim edilmiş sənədlər əsasında iddiaçıya yaşa görə pensiyanın tələb edilməsi üçün tələb olunan pensiya kapitalı olmadığından onun pensiya hüququ yaranmamışdır. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “əmək kitabçasında və arxiv arayışında qeyd olunan illərin ümumi sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırmışdır ki, o, 25.09.1975-ci ildən 28.03.1982-ci ilə kimi Bərdə rayonlararası təsərrüfat X1 sürücü olaraq çalışmışdır. Daha sonra 13.06.1983-cü il tarixdən 27.09.2003-cü il tarixədək X12 Nəqliyyat ASC-də sürücü olaraq çalışmışdır. İşlədiyi bu yerlər haqqında əmək kitabçasında müvafiq qeydlər aparılmışdır. Ona yaşa görə əmək pensiyasının təyin edilməsilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən verilmiş iddiaya dair yazılı etirazın məzmunu iddiaçıya verilmiş imtinanın məzmununa uyğun əsaslandırılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2423/2019 saylı 22 oktyabr 2019-cu il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış əlavə olaraq göstərilmişdir ki, pensiya hüququnun yaranması üçün sosial sığorta stajı tələb olunsa da 2006-cı ilədək sığortaolunanların qazandıqları pensiya hüquqları iş stajına əsasən hesablanır. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-268/2020 saylı 16 yanvar 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2423/2019 saylı 22 oktyabr 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1597/2020 saylı 12 avqust 2020-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin olunması, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-268/2020 saylı 16 yanvar 2020-ci il tarixli qərarının ləğv edilərək, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1705/2020 saylı 17 noyabr 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2423/2019 saylı 22 oktyabr 2019-cu il tarixli qərarının ləğv edilərək iddia tələbinin təmin olunması qərara alınmışdır. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-542/2021 saylı 16 mart 2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 1705/2020 saylı 17 noyabr 2020-ci il tarixli qərarının ləğv edilərək, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları: İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı tələbi “onun əmək kitabçasında və arxiv arayışında qeyd olunan illərin ümumi sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədədir. Bununla bağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun pensiya kapitalının olmamasına istinad edərək tələbin təmin olunmasından imtina etmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin birinci instansiya məhkəməsi onun iddiasının təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci mddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə əmək kitabçasını və iş yerindən arayışları təqdim etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İddiaçıya məxsus ******* saylı 15 avqust 2018-ci il tarixli əmək kitabçasından görünür ki, 25.09.1975-ci il tarixdən 28.03.1980-cı il tarixədək Bərdə rayonlararası Təsərrüfat X1 sürücü vəzifəsində, 13.06.1983-cü il tarixdən 27.09.2003-cü il tarixədək X12 Nəqliyyat ASC-də sürücü vəzifəsində işləmişdir. Əmək kitabçasına görə iddiaçının fəaliyyət göstərdiyi dövr 1975-1980 və 1983- 2003-cü illəri əhatə edir. İddiaçının 1980-1992-ci illərdə işlədiyi dövrdə qüvvədə olmuş SSRİ Nazirlər Sovetinin 04.08.1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci bəndinin a) yarımbəndinə görə əmək kitabçası iş stajını təsdiq edən sübut kimi qəbul edilmişdir. İddiaçının 1992-ci ildən 2003-ci ilədək işlədiyi vaxt qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmin Qanunun 70-ci maddəsində qeyd edilir ki, pensiya təyin edilməsi üçün müəyyən stajın tələb olunduğu hallarda vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü həmin dövlətlərlə bağlanmış sazişlərdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta ayırmaları keçirildikdə iş stajına daxil edilir. Bu zaman 1992-ci ilin yanvarın 10-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış iş stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada iş stajına daxil edilir. Bu qayda “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsində də öz əksini tapmışdır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş və 2006-cı il 26 sentyabr tarixinədək qüvvədə olmuş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndində göstərilir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Belə olan halda iddiaçının təqdim etdiyi əmək kitabçası iş stajını təsdiq edən sənəd kimi qəbul edilə bilər. Lakin iddiaçıya məxsus əmək kitabçasındakı məlumatlara əsasən o, 2003-cü ilə qədər əmək fəaliyyəti ilə məşğul olsa da, əmək kitabçası 2018-ci ildə tərtib edilmişdir. Əmək kitabçasının hansı idarə, müəssisə tərəfindən tərtib edilməsi, tərtib edilərkən iddiaçının iş fəaliyyəti barədə məlumatların hansı sübutlar (əmrlər, arayış, əmək haqqı cədvəlləri və s.) əsasında qeydə alınması ilə bağlı kassasiya instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qərarlarında qoyulan göstərişləri nəzərə alaraq məhkəmə kollegiyası tərəfindən müvafiq araşdırma aparılmışdır. Həmin araşdırmalar zamanı müəyyən olunmuşdu ki, iddiaçının əmək kitabçasındakı qeydlərlə bağlı, həmçinin təqdim olunan arayışlara əsasən onun tələb olunan 25 il stajı tamamlanmamışdır. Belə ki, məhkəmə sorğularına Əmlak Məsələləri Dövlət Xidmətinin 29.10.2020-ci il tarixli məktubunda göstərilmişdi ki, Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqaramı”na uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin 649 saylı 20.04.1998-ci il tarixli sərəncamı ilə “Azəravtonəqliyyat” Dövlət Konserninin tabeliyində olmuş Yevlax yükünü özüboşaldan avtonəqliyyat müəssisəsinin bazasında “X8” ASC, 768 saylı 18.05.1998-ci il tarixli sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olmuş Bərdə “Rayaqrotexservis” İstehsalat Birliyinin bazasında "xxxx" ASC yaradılmışdır. “X8” ASC-nin səhmlərinin 70 faizi, "xxxx" ASC-nin isə tam özəlləşdirilərək mülkiyyətçiləri dəyişmişdir. "xxxx" ASC-nin 33 saylı 29.10.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı 25.09.1975-ci ildə 83 saylı əmrlə Bərdə Rayonlararası Təsərrüfat X3 sürücü peşəsinə təyin olunmuş, 28.03.1980-ci il tarixdə 311 saylı əmrlə öz ərizəsinə əsasən işdən azad edilmişdir. Qeyd olaraq göstərilmişdi ki, müəssisə Bərdə Aqrotexservis ASC-nin balansında olmuşdur, onların bazası Azərbaycan Respublikasının 1995-1998-ci illərdə Dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramına və Dövlət müəssisəsinin Səhmdar Cəmiyyətinə çevrilməsi qaydaları haqqında Əsasnaməyə uyğun olaraq dövlət müəssisəsinin Səhmdar Cəmiyyətinə çevrilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 18.05.1998-ci il tarixli 768 saylı sərəncamına əsasən Kənd Təsərrüfatı Nazirliyinin Bərdə şəhər Heydər Əliyev prospekti 1 ünvanında yerləşən Bərdə Aqrotexservis ASC yaradılmışdır. Eyni zamanda Bərdə Aqrotexservis ASC-nin 14 saylı 05.02.2020-ci il tarixli arayışına əsasən İddiaçı 25.09.1975-ci il tarixdə 83 saylı əmrlə Bərdə rayonlararası Təsərrüfat X3 sürücü peşəsinə təyin edildiyi, 28.03.1980-ci il tarixdə isə 311 saylı əmrlə işdən azad edildiyi aydın olur. X11 Avto Nəqliyyat ASC-nin 02 saylı 02.03.2020-ci il tarixli arayışında İddiaçı əmək kitabçasındakı qeydlərdən fərqli olaraq 13.06.1983-cü il tarixdən 27.02.2004-cü il tarixədək X12 Nəqliyyat ASC-də sürücü vəzifəsində işlədiyi qeyd olunmuşdur. Bu barədə yaranmış ziddiyyətli məqamın aradan qaldırılması üçün X12 Nəqliyyat ASC-yə sorğu verilərək iddiaçının həmin müəssisədə işə qəbul edilmə və işdən azad olunma barədə əmrlərinin, o cümlədən əmrlərin qeydiyyat jurnalının məhkəməyə təqdim olunması tələb edilmişdir. Həmin sorğu məktubuna cavab olaraq X12 Nəqliyyat ASC tərəfindən verilmiş 15 sentyabr 2021-ci il tarixli məktubda göstərilmişdi ki, İddiaçı 13.06.1983-cü ildən X12 Nəqliyyat ASC-yə sürücü təyin edilmiş (əmr No 35), 27.09.2003-cü ildə həmin vəzifəsindən azad edilmişdir (əmr No 71). Həmin əmrlərdən 13.06.1983-cü il tarixli əmrin təsdiq olunmuş surəti göndərilsə də, 27.09.2003-cü il tarixli əmri əmrlərin qeydiyyat jurnalında tapmaq mümkün olmadığı üçün onun təqdim edilməsinin də mümkün olmadığı bildirilmişdir. Eyni zamanda müəssisənin rəhbəri tərəfindən verilmiş məktubda 02.03.2020-ci il tarixli və 22.10.2020-ci il tarixli arayışlarda texniki səhvə yol verilərək İddiaçı 27.09.2003-cü il tarixli işdən azad olunmuş əmrinin tarixinin səhvən 27.02.2004cü il kimi qeyd olunduğu bildirilərək, bu texniki səhvin nəzərə alınması xahiş olunmuşdur. Sözügedən sorğuya cavab məktubuna İddiaçı 13.06.1983-cü ildə adı çəkilən müəssisəyə işə qəbul olunması barədə 35 saylı əmrin təsdiq olunmuş surəti də əlavə olunmuşdur. Beləliklə, 01.01.2006-cı il tarixədək iddiaçının sığorta stajının 24 il 9 ay 17 gün (25.09.1975-ci ildən 28.03.1980-ci ilədək- 4 il 6 ay 3 gün, 13.06.1983-cü ildən 27.09.2003-cü ilədək- 20 il 3 ay 14 gün) olmaqla tələb olunan 25 ildən az olduğu müəyyən olunur. Buna görə də iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan iki şərtdən biri- 25 ildən az olmayan ümumi sığorta stajı onun tərəfindən tam olaraq tamamlanmamışdır. İkinci şərt- pensiya kapitalı ilə bağlı qeyd olunur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, bir növünün başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının təsdiq edilməsi barədə 17 saylı Qərara əsasən yaşa görə pensiyanın təyin edilməsi üçün ilk növbədə müraciət edən şəxsin pensiya kapitalı hesablanır. Bu məqsədlə onun 01.01.2006-ci il tarixədək olan dövrə aid ümumi iş stajının hər ili üçün 306 manat pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesabının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Hazırki işdə iddiaçının pensiya kapitalının nə qədər təşkil etməsi ilə bağlı müvafiq sənədin təqdim olunması cavabdehə təklif edilmişdir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş 14.09.2021-ci il tarixli arayışdan və Pensiya təyinatı alt sistemindən çıxarışdan görünür ki, pensiya kapitalının 23040 manat olması tələb olunduğu halda, iddiaçının pensiya hüququ yaranan tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 17882.41 manat təşkil edir. 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bununla da iddiaçının pensiya kapitalının məbləği və ya topladığı 25 ildən az sığorta stajı ona yaşa görə əmək pensiyasının təyin olunması üçün imkan vermir. O ki qaldı apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etdiyindən və bu dəlillərə qərarın əsaslandırıcı hissəsində qiymət verildiyindən bu barədə əlavə apellyasiya araşdırılmasına zərurət yoxdur. Odur ki, məhkəmə kollegiyası iddia tələbinin rədd olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2423/2019 saylı 22 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2423/2019 saylı 22 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Həmid Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-1648/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1648/2021
15.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver