Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1648/2022 29.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin (PHŞ) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq daşınmaz dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6007/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında araşdırıb m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (indiki: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsində yerləşən 81 saylı evin 3 və 4 mənzillərinin yerində tikilmiş fərdi yaşayış evinin üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsində yerləşən 81 saylı evin 3 və 4 saylı mənzilləri Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəindən verilmiş ÖM 125892 saylı və ÖM 138840 saylı qeydiyyat vəsiqələri əsasında iddiaçının mülkiyyətindədir. Mənzillər qəzalı olduğundan sökülüb yenidən tikilməsinə icazə verilməsi üçün Bakı şəhəri İcra Hakimiyyətinə müraciət etmiş, Bakı şəhər İcra Hakimiyyəti Başçısının müavininin xx.xx.2003-cü il tarixli, 7-790/7 saylı məktubuna əsasən Bakı Şəhər İcra Hakimiyyəti, Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli, A-23 saylı razılıq məktubunu, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin ÖM 125892 saylı və ÖM 138840 saylı qeydiyyat vəsiqələrini, qonşuluqda yaşayan sakinlərin razılıqlarını nəzərə alaraq, iddiaçıya məxsus fərdi mənzillərin sökülüb yenidən tikintisinə dair eskiz layihəsinin razılaşdırılaraq mövcud qanunvericilik əsasında sənədləşmə işlərinin aparılmasına etiraz etməmişdir. Yasamal rayonu İcra Hakimiyyəti başçısının 18 mart 2003-cü il tarixli, 131 saylı sərəncamına əsasən mənzillərin sökülərək yerində yaşayış evinin tikilməsinə iddiaçıya icazə verilmiş, həmçinin Bakı şəhər İcra Hakimiyyətinin “Bakı Şəhər Ekspertiza Mərkəzi” tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, 80-E/6 saylı rəyə əsasən, mənzillərin sökülərək yerində 2 mərtəbəli (zirzəmili və mansardlı) fərdi yaşayış evinin tikintisi layihəsinin ekspertizanın verdiyi iradların nəzərə alınması şərtilə razılaşdırmaq və tikinti üçün tövsiyə etmək olmuşdur. Azərbaycan Respublikası DİN BDUTİ-nin Yasamal rayonu X1 xidməti tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, 940 saylı məktuba əsasən mənzillərin sökülüb yenidən tikilməsinə, yanğın təhlükəsizliyi norma və standartlarına riayət etməklə etiraz olunmamışdır. İddiaçı qeyd edilən əlavə edilməklə ərizə ilə cavabdehə müraciət etmiş, lakin sonuncu iddiaçının ərizəsinə əlavə etdiyi, həmin sənədləri hüquqmüəyyənedici sənəd kimi qiymətləndirməmiş və təmin etməkdən imtina etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, qeydiyyatdan keçmiş mənzilin torpaq sahəsi ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun sənədlər təqdim edilməmişdir. Həmçinin bildirilmişdir ki, həmin sahə binanın birdən artıq sahəyə xidmət emək üçün nəzərdə tutulmuş ümumi paylı mülkiyyət hüquqi ilə mülkiyyətçilərə aid sahədə yerləşir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6007/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılaraq, eyni zamanda qeyd olunmuşdur ki, ona məxsus fərdi mənzillər sökülərək yerində fərdi yaşayış evi tikilmişdir. Tikilmış evin paylı mülkiyyətə heç bir aidiyyatı olmadığına baxmayaraq, məhkəmə bu halı nəzərə almamışdır. Məhkəmə göstərdiyi məqamları ümumiyyətlə, araşdırmamışdır, mənzillərə münasibətdə Mülki Məcəllənin ümumi paylı mülkiyyətdə olan əmlaka dair normalarını tətbiq etməkdə haqlı olmayaraq, işin hallarına uyğun olmayan qərar qəbul etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5, 10.2.1, Mülki Məcəllənin 154.1, 157.1, 178.8-ci maddələrinə istinadən iddiaçı hesab edir ki, məhkəmə tərəfindən sübutlara düzgün qiymət verilməyib və qanunvericiliyə uyğun olmayan qərar qəbul etmişdir. Məhkəmə kollegiyasının 26 may 2022-ci il tarixli iclasında iştirak edən iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Hazırkı məhkəmə iclası barədə xəbərdar edilsə də məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının 30 iyun və 29 sentyabr 2022-ci il tarixli iclaslarında iştirak edən cavabdehin nümayəndəsi Ə.Abbaslı iddiaçının apellyasiya şikayəti ilə razılaşmamış, eyni zamanda, qeyd etmişdir ki, bina “fin” tipli bina olub, bir-iki mənzil olub, bütövlükdə sökülüb yerində iddiaçı yeni fərdi yaşayış evi tikib, torpağa sənədi yoxdur. Ali Məhkəmə bu cür işlərdə mövqeyi belə olub ki, evin altında yerləşən torpaq sahəsi mülkiyyətçiyə verilməlidir. İİ. Məhkəmə kollegiyası, iş materiallarını araşıdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddiaçının apellyasiya şikayəti təmin edilməli, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmalıdır. İPM-in 34-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşin qeyd olunan faktiki hallarından göründüyü kimi, iddiaçı məhkəmədə öhdəliyin icrası haqqında iddia qaldıraraq onun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsində yerləşən 81 saylı evin 3 və 4 mənzillərinin yerində tikilmiş fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. İş materiallarına əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsində yerləşən 81 saylı evin 3 saylı mənzili Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 138840 saylı qeydiyyat vəsiqəsinə əsasən xx.xx.2003-cü il tarixində; 4 saylı mənzili isə həmin İdarə tərəfindən verilmiş ÖM seriyalı 125892 saylı qeydiyyat vəsiqəsinə əsasən xx.xx.2002-ci il tarixində reyestr kitabında dövlət qeydiyyatına alınmışdır. İddia ərizəsində qeyd olunan əsaslarına, eyni zamanda, tərəflərin məhkəməyə verdiyi izahatlarına əsasən müəyyən olunur ki, iddiaçının mülkiyyətində olan həmin mənzillərin yerləşdiyi bina bütövlükdə sökülümüş onun yerində iki fərdi yaşayış evi: o cümlədən, binanın 3 və 4 saylı mənzillərinin mülkiyyətçisi İddiaçı tərəfindən yeni fərdi yaşayış evi tikilmişdir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Başçısının 131 saylı xx.xx.2003-cü il tarixli sərəncamının surətindən görünür ki, S.Dadaşov küçəsi 81 saylı evin 3 və 4-cü mənzillərin mülkiyyətçisi olan İddiaçı həmin mənzilləri sökərək yerində yaşayış evin tikilməsinə icazə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti “Bakı Şəhər Ekspertiza Mərkəzi”nin xx.xx.2006-cı il tarixli 80-E/6 saylı rəyindən isə görünür ki, iddiaçıya məxsus 3 və 4 saylı mənzillərin sökülərək yerində 2 mərtəbəli (zirzəmili və mansardlı) fərdi yaşayış evinin tikintisi” layihəsini ekspertizanın verdiyi iradların nəzərə alınması şərtilə razılaşdırfması mümkün hesab olunmaqla tikinti işləri Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi və obyekt layihədə nəzərdə tutulmuş təyinatı üzrə istifadə edilməsi tövsiyə olunmuşdur. Eyni zamanda, işə əlavə olunmuş Bakı şəhər İcra Hakimiyyətinin 7-790/7 saylı xx.xx.2003-cü il tarixli məktubundan və Arxin-M LTD” MMM tərəfindən verilmiş Yasamal rayonu S.Dadaşov küçəsi 81 saylı evin 3 və 4 nömrəli mənzillərin eskiz layihəsindən görünür ki, iddiaçıya məxsus fərdi mənzillərin sökülüb yenidən tikintisinə dair təqdim edilmiş eskiz layihəsinin razılaşdırılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.2-ci maddəsinin tələbindən isə görünür ki, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.1.1-ci maddəsinə əsasən : 2013-cü il tarixinədə inşa edilmiş tikililərə münaasibətdə icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsas sayılır. Qanunun qeyd olunan normasının 1-ci şərtindən göründüyü kimi, torpaq sahəsi üzərində iddiaçının istifadə hüququnu təsdiq edən sənədin mövcudluğu tələb olunur. Qüvvədə olan, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsi nəzərdə tutur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Məcəllənin qeyd olunan tələbindən göründüyü kimi binanın yerləşdiyi torpaq sahəsi, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə məxsusdur. Belə olan halda, Qanunun bu tələbi baxımından iddiaçının mübahisəli ünvanda yerləşən binada 3 və 4 saylı mənzillərinin mülkiyyətçisi olmasını təsdiq edən qeydiyyat vəsiqələri həm də onu ehtiva edir ki, o, həmin mənzillərin yerləşdiyi, sökülmüş yaşayış binasının altında yerləşən torpaq sahəsinin də mülkiyyətçisidir. Göründüyü kimi, Qanunun 8.0.9.1.1-ci maddəsinin 1-ci şərti iddiaçıya münasibətdə yetirilmiş hesab olunmalıdır. Həmin normada təsbit olunan 2-ci şərti olan müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihəyə gəldikdə, iş materiallarından görünür ki. bu sənəd də iddiaçıda mövcuddur. Belə ki, tədqiq olunan sübutlardan göründüyü kimi, iddiaçıya Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Başçısının 131 saylı xx.xx.2003-cü il tarixli sərəncamı ilə iddiaçıya məxsus S.Dadaşov küçəsi 81 saylı evin 3 və 4-cü mənzillərin sökülərək yerində yaşayış evin tikilməsinə icazə verilmiş, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 7-790/7 saylı xx.xx.2003-cü il tarixli məktubu ilə həmin fərdi yaşayış evinin eskiz layihəsi razılaşdırılmışdır. Göründüyü kimi, iddiaçıının yeni inşa etdiyi fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində onun adına qeyd alınmasını zəruri edən bütün faktiki şərtlər mövcuddur. İş materiallarından (cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli məktublarından) isə görünür ki, qeyd olunanlara baxmayaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun sənədlər təqdim edilmədiyi binanda birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulmuş ümumi paylı mülkiyyət hüquqi ilə mülkiyyətçilərə aid sahədə yerləşməsi adı altında əsassız və formal xarakterli səbəblərlə qeydiyyatdan imtina etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin Nizamnaməsinin: 1.3-cü bəndinə əsasən DƏDKR bu Nizamnamədə nəzərdə tutulan vəzifələrini və hüquqlarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və tabeliyində olan qurumları vasitəsilə həyata keçirir. 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; 2.0.2. daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək; 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək...; 3.1.16-ci bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh isə qanunvericiliklə üzərinə düşən vəzifələrin icrasından əsassız olaraq boyun qaçırmış, iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb iddiaçıya çıxarış və texniki pasport tərtib olunub verilməsindən imtina etməklə, sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Belə olan halda, İPM-in 73.1-ci maddəsinin tələbində isə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, məhkəmənin gəldiyi nəticə işdə olan sübutlara uyğun olmamış, sübutlara qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verilməmiş, iddianın rədd edilməsi barədə maddi və prosessual qərar qəbul olunmuşdur. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin məhkəmənin gəldiyi nəticə işin hallarına və qanunvericiliyə uyğun olmadığını mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6007/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilməli və iddianın təmin olunması, iddiaçının Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsində yerləşən 81 saylı evin 3 və 4 mənzillərinin yerində tikilmiş fərdi yaşayış evinin üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə ona dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə yeni qərar çıxarılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6007/2021 saylı, xx.xx.2021-ci qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia təmin edilsin. İddiaçı - Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsində yerləşən 81 saylı evin 3 və 4 mənzillərin yerində tikdiyi fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə ona dövlət reyestrindən çıxarış və texniki pasport tərtib olunub verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov İlham Kərimli
Məhkəmə qərarları › İş №2-1(103)-1648/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1648/2022
29.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver