Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1648/2023 11.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X2 və üçüncü şəxs X10 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi, X6 və X13) “mülkiyyət hüququnun düzgün qeydiyyata alınmaqla dövlət reyestrindən yeni çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, e-2- 1(112)-1341/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı QSC cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi, X6 və X13) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi ünvanında 0.005343 ha torpaq sahəsində yerləşən 28 kv.m yaşayış, 37.8 kv.m qeyri-yaşayış, 43.2 kv.m köməkçi, 109 kv.m ümumi sahədən ibarət olan 1 mərtəbəli, 1 otaqlı 19/17 nömrəli fərdi yaşayış evinə İddiaçı QSC-nin mülkiyyət hüququnun düzgün qeydiyyata alınması, bununla bağlı dövlət reyestrindən yeni çıxarışın və və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Abdullayeva) e-2-1(112)-1341/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmiş, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pulun İddiaçı QSC-dən Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************4, SFİFTBİK CTREAZ22) xeyrinə tutulması qərara alınmışdır. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassız olduğuna görə ləğv edilməli və iddiaçının tələblərinin təmin edilməsinə dair yeni qərar çıxarılmalıdır. Məhkəmə iddianın təmin edilməməsinin əsasları kimi Qərarda iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin texniki pasportunun mövcud olmamasını, həmçinin fərdi yaşayış evinin dəqiqliklə harada yerləşməsini və fərdi yaşayış evinin əvvəlki ölçüləri olan 28 kv.m yaşayış, 37.8 kv.m qeyri-yaşayış, 43.2 kv.m köməkçi sahənin olubolmamasının müəyyən edilməsinin mümkün olmamasını, bununla da fərdi yaşayış evinin əvvəlki və indiki ölçüləri arasında fərqin dəqiq hansı səbəblərdən yaranmasının da müəyyən edilə bilmədiyini göstərmişdir. Bu mövqeyə gəlməklə məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsi ilə müəyyən edilmiş inzibati məhkəmə icraatının əsas prinsiplərindən olan işin hallarının araşdırılması prinsipini pozmuşdur. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Qərarda isə məhkəmə yalnız sözügedən fərdi yaşayış evinin dəqiqliklə harda yerləşməsini müəyyən etməyin mümkün olmadığını göstərən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 oktyabr 2022-ci il tarixli, 10/4946 nömrəli ekspert rəyi ilə kifayətlənərək iddianı təmin etməmişdir. Həmin ekspert rəyi məhkəmənin 22 dekabr 2021-ci il tarixli 2-1(112)- 7773/2021 saylı qərardadı ilə verilmiş sualların heç birinə aydın və tam şəkildə cavab verməmişdir. Həmin suallara aydınlıq gətirilməsi məqsədilə iddiaçı tərəfindən iş üzrə əlavə ekspertizanın təyin edilməsi barədə vəsatətin verilməsinə baxmayaraq, məhkəmə bu vəsatətidə təmin etməmişdir. Halbuki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 102.1-ci maddəsinə əsasən ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. MPM-in 102.2-ci maddəsinə əsasən isə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il 07-78/22 saylı mütəxəssis rəyi ilə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 oktyabr 2022-ci il tarixli, 10/4946 nömrəli ekspert rəyi arasında ziddiyyətlər mövcuddur. Beləliklə, məhkəmə inzibati məhkəmə icraatının əsas prinsiplərindən olan işin hallarının araşdırılması prinsipinə riayət edilməsinin təmin edilməsi üçün əlavə və ya təkrar ekspertiza təyin etmək məcburiyyətində olduğu halda, bundan imtina etmişdir. Eyni zamanda, məhkəmə qərarda iş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il 07-78/22 saylı mütəxəssis rəyinin sübut qismində əsas götürülməməsinin səbəbini göstərməmişdir. Halbuki sözügedən mütəxəssis rəyində yekun nəticənin dəlillərinin təsdiq edən fotoşəkillər, yerləşmə xəritəsi və tədqiqat prosesinin təsviri öz əksini tapmışdır. Qeyd edilən mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsində yerləşən 19/17 saylı fərdi yaşayış evinə dair X3 adına verilmiş ******* nömrəli çıxarışda fərdi yaşayış evinin ölçülərinin 28 kv.m yaşayış, 37.8 kv.m qeyri-yaşayış, 43.2 kv.m. köməkçi sahə göstərilməsinə baxmayaraq, 37.8 kv.m qeyri-yaşayış sahəsi iddiaçının adına Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən mülkiyyət hüquqları qeydə alınan zaman nəzərə alınmamışdır. Həmçinin rəydə göstərilən digər cavaba əsasən isə X10 adına qeydiyyata alınmış fərdi yaşayış evi ilə iddiaçının adına qeydiyyata alınmış fərdi yaşayış evinin yerləşmə vəziyyətləri nəzərə alındıqda, həmin sahələrin bir-birindən təcrid edilmiş şəkildə bir dam altında həm iddiaçı tərəfdən, həm də X13 tərəfdən müstəqil ayrı-ayrı giriş-çıxışlardan istifadə etməklə istifadəsi mümkündür və bununla bağlı bölgü planı əlavə edilmişdir. Göründüyü kimi, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il 07-78/22 saylı mütəxəssis rəyi iddiaçının mövqeyini tamamilə təsdiq edir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 oktyabr 2022-ci il tarixli, 10/4946 nömrəli ekspert rəyinin aydın və tam olmadığını nəzərə alaraq, məhkəmə "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il 07-78/22 saylı mütəxəssis rəyini əsas götürməklə yekun nəticəyə gəlməli və ya əlavə və ya təkrar rekspertiza təyin etməli idi. Bundan başqa, məhkəmə iddiaçının iddia tələblərinin iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi ünvanında yerləşən 19/17 nömrəli fərdi yaşayış evinə texniki passportun verilməsi hissəsində təmin edilməməsinin səbəbini göstərməmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı cavabdehə xx.xx.2021-ci il tarixli ZC- 02/234 saylı məktubla müraciət edərək sözügedən fərdi yaşayış evinə texniki pasportun verilməsini xahiş etmiş, cavabdeh isə texniki passportun verilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 4.1-ci bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir. Bənddən göründüyü kimi, fərdi yaşayış evinin mülkiyyətçisi tərəfindən verilən ərizəyə əsasən texniki passportun verilməsi cavabdehin vəzifəsidir. Bu vəzifənin icra edilməsi üçün ekspert rəyinə və ya digər sübutların araşdırılmasına hər hansı bir zərurət olmadığı halda, məhkəmə iddiaçının bu tələbini də təmin etməmiş və təmin etməməsinin əsasının qərarda göstərməmişdir. Göstərilənlərə əsasən qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxs X10 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli imtina məktubunda bildirilmişdir: İdarənin mütəxəssisləri tərəfindən təkrar baxış keçirilərkən məlum olmuşdur ki, fərdi yaşayış evinin İİİ və Vİİ həyət tikililəri sökülmüşdür. Faktiki sahənin 119.3 kv.m-i (tikilinin isə 1-ci mərtəbədə 2,4,5,6, zirzəminin isə 2,4,5 saylı otaqları) ərizəçinin istifadəsindədir. Fərdi yaşayış evi **********84-10301 reyestr nömrəsi ilə digər fiziki şəxsin adına qeydiyyatdan keçmişdir. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli bildirişi daxil olmuşdur. Bu səbəblərdən texniki pasportun tərtib olunması tərəfimizdən mümkün olmadı. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X9 daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi, 19/17 nömrəli fərdi yaşayış evi üzərində xüsusi mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı QSC-nin adına qeydə alınmışdır. Daşınmaz əmlakın ümumi sahəsi 71.20 kv.m-dir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X9 daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi, 19/17 nömrəli fərdi yaşayış evi üzərində xüsusi mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X10 adına qeydə alınmışdır. Daşınmaz əmlakın ümumi sahəsi 185.10 kv.m-dr. İş materiallarında olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi, ev 19/17 nömrəli fərdi yaşayış evi ilə bağlı hüquq subyekti X13 və başqalarının adına xx.xx.2020-ci il tarixdə tərtib edilmiş **********84-10301 reyestr nömrəli texniki pasporta əsasən torpaq sahəsi haqqında məlumat - faktiki sahə 0.05813 ha, tikinti altı sahə 0.01688 ha, digər sahələr 0.04125 ha, “A” literli yaşayış evi, “İ”, “İİ”, “İİİ”, “İV”, “V”, literli yardımçı tikililər və “Vİ” literli hasar tikilisi yerləşir. “A” literli, yaşayış evi yarımzirzəmi mərtəbəsi və birinci mərtəbədən ibarət olmaqla yarımzirzəmi mərtəbəsi 1, 3 və 4 saylı təsərrüfat otağı, 2 saylı qaraj, 5 saylı giriş-dəhliz hissədən, 1-ci mərtəbəsi 1, 2 və 4 saylı yaşayış otağı, 3 və 5 saylı mətbəx, 6 saylı giriş-pilləkən hissəsindən ibarət olmuşdur. “A” liter tikilisinin tikildiyi il 1959-cu il, mərtəbəliyi 1, ümumi sahə 185.1 kv.m, yaşayış sahəsi 70.7 kv.m, köməkçi sahə 24.1 kv.m, yarımzirzəmi 90.3 kv.m, tikinti altı sahə 118.4 kv.m göstərilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X9 daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsində istifadədə olan 0.005343 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 28 kv.m yaşayış, 37.8 kv.m qeyri-yaşayış, 43.2 kv.m köməkçi sahədən ibarət 19/17 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabına 142 nömrəli vərəqində ********* qeydiyyat nömrəsi ilə xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 13649/2018 nömrəli, 24 dekabr 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı QSC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı QSC-nin iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh “T.E.K.O” firmasından 57722.47 manat əsas borc və 5800 manat cərimə borcu ümumilikdə 63522,47 manat məbləğində debitor borcun və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi, tutmanın ipoteka qoyan X5 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi ünvanda yerləşən 1 mərtəbəli, 1 otaqlı 19/17 saylı fərdi yaşayış evinə yönəldilməsi və həmin ev ilkin olaraq 150.000 manat qiyməti ilə açıq hərracdan satılaraq satışdan əldə olunmuş pul vəsaiti hesabına “T.E.K.O” firmasının İddiaçı QSC-yə olan 63522,47 manat borcun ödənilməsi, “T.E.K.O” firmasının İddiaçı QSC-yə qarşı İddiaçı QSC-dən “T.E.K.O” firmasının xeyrinə 71547 manat məbləğində pulun tutulması, tərəflər arasında bağlanmış 140053 saylı 11 fevral 2014-cü il tarixli kommersiya subkonsessiyası müqaviləsinin 4-cü maddəsinin 4.1 bəndinin 5-ci yarımbəndində qeyd olunan “bir ton avans alınmış neft məhsulu üçün 11,80 manat məbləğində (ƏDV daxil olmaqla) komissiya haqqını Subfrançayz verənin hesablaşma hesabına ödənilməsini öz öhdəsinə götürür. Komissiya haqqına Subfrançayz verənin bu Müqavilənin icrası ilə əlaqədar bütün çəkdiyi xərclər daxil edilir. İpoteka rəsmiləşdirilənə qədər ödəniş avans olaraq neft məhsulları təchiz edilən tarixdən etibarən 3 (üç) gün ərzində həyata keçirilir” hissəsinin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi, birinci instansiya məhkəməsi baxışı zamanı aparılmış ekspertiza tədqiqatının 200 manat dəyərinin cavabdeh “T.E.K.O” firmasına aid edilməsi və həmin məbləğin ondan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 3854/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, cavabdehlər X6, “T.E.K.O” firması və onların vəkili X8 oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-13649/2018 nömrəli iş üzrə 24 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli, Y-16 nömrəli protokolunun surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13649/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən Binəqədi rayon İcra və Probasiya şöbəsinin xx/xx-116266-15 saylı xx.xx.2019-cu il tarixli sifariş məktubu ilə X5 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulazadə qəsəbəsi, İ.Cümşüdov küçəsi, 19/17 nömrəli fərdi yaşayış evi hərraca çıxarılmış, keçirilən iki hərrac baş tutmadığına görə “İpoteka haqqında” Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan İddiaçı QSC əmlakı 95625 manata almışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 oktyabr 2022-ci il tarixli, 10/4946 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsində yerləşən 19/17 saylı fərdi yaşayış evinə dair X3 adına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X9 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışda fərdi yaşayış evinin ölçülərinin 28 kv.metr yaşayış, 37.8 kv.metr qeyri-yaşayış, 43.2 kv.metr köməkçi sahə göstərilməsinə baxmayaraq, həmin fərdi yaşayış evinin "Lukoyl-Azərbaycan” QSC-nin adına rəsmiləşdirilməsi zamanı ümumi sahənin azaldılaraq 71.20 kv.metr qeyd edilməsinin səbəblərinin müəyyən edilməsi məhkəmə tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyildir. Rəyin tədqiqat hissəsində göstərilənlərə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Orxan Səmədzadənin tərtib etdiyi mütəxəssis rəyinə əsasən: Mülki iş materiallarına İddiaçı QSC-nin mülkiyyətinə verilmiş, Dövlət reyestrindən **********18-10301 reyestr nömrəli Çıxarış sənədinə əsasən, ünvan 2 ünvanda istifadədə olan 0/005343 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 71,2 kv.m olan fərdi yaşayış evinə dair texniki pasport sənədi əlavə edilmədiyindən, əvvəllər X3, hazırda isə İddiaçı QSC-nin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsində yerləşən 19/17 saylı fərdi yaşayış evinin dəqiqliklə harada yerləşməsini müəyyən etmək mümkün deyil. Bu səbəbdən də, İddiaçı QSC–nin mülkiyyətində olan fərdi yaşayış evi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X9 daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən X10 mülkiyyətində olan fərdi yaşayış evinin hər hansı bir hissəsinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün deyildir. **********84-10301 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli Texniki Pasportda göstərilən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi ünvanında yerləşən 19/17 nömrəli, ümumi sahəsi 185,1 kv.m olan fərdi yaşayış evinin 119,3 kv.m hissəsinin və istifadədə olan torpaq sahəsinin 122 kv.m hissəsinin İddiaçı QSC tərəfindən istifadə edildiyi müəyyən olunur. İddiaçı QSC tərəfindən istifadə olunan fərdi yaşayış evinin və torpaq sahəsinin gediş-gəliş yolu yaşayış evinin yarım zirzəmisindədir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol. 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi»nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə daxildir. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13649/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən Binəqədi rayon İcra və Probasiya şöbəsinin xx/xx-116266-15 saylı xx.xx.2019-cu il tarixli sifariş məktubu ilə X5 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulazadə qəsəbəsi, İ.Cümşüdov küçəsi, 19/17 nömrəli fərdi yaşayış evi hərraca çıxarılmış və İddiaçı QSC həmin evi almışdır. Qeyd olunan fərdi yaşayış evi üzərində iddiaçının xüsusi mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə qeydə alınmışdır və daşınmaz əmlakın ümumi sahəsi 71.20 kv.m-dir. Hazırda iddiaçı qeyd olunan fərdi yaşayış evinin X3 adına verilmiş çıxarışda 28 kv.metr yaşayış, 37.8 kv.metr qeyri-yaşayış, 43.2 kv.metr köməkçi sahə göstərilməsinə baxmayaraq, "Lukoyl-Azərbaycan” QSC-nin adına rəsmiləşdirilməsi zamanı ümumi sahənin azaldılaraq 71.20 kv.metr qeyd edilməsini göstərməklə, həmin fərdi yaşayış evinə İddiaçı QSC-nin mülkiyyət hüququnun düzgün qeydiyyata alınması, bununla bağlı dövlət reyestrindən yeni çıxarışın və texniki pasportun verilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, həmin fərdi yaşayış evinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən təkrar baxış keçirilmiş və məlum olmuşdur ki, fərdi yaşayış evinin İİİ və Vİİ həyət tikililəri sökülmüşdür. Bundan başqa, X1, sonra isə İddiaçı QSC-nin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi, 19/17 nömrəli fərdi yaşayış evinin texniki pasportu mövcud deyildir. İş üzrə keçirilmiş ekspert rəyindən də görünür ki, İddiaçı QSC-nin mülkiyyətinə verilmiş, Dövlət reyestrindən **********18-10301 reyestr nömrəli Çıxarış sənədinə əsasən, ünvan 2 ünvanda istifadədə olan 0/005343 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 71,2 kv.m olan fərdi yaşayış evinə dair texniki pasport sənədi əlavə edilmədiyindən, əvvəllər X3, hazırda isə İddiaçı QSC-nin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsində yerləşən 19/17 saylı fərdi yaşayış evinin dəqiqliklə harada yerləşməsini müəyyən etmək mümkün deyil. Bu səbəbdən də, İddiaçı QSC–nin mülkiyyətində olan fərdi yaşayış evi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X9 daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən X10 mülkiyyətində olan fərdi yaşayış evinin hər hansı bir hissəsinin üst-üstə düşübdüşməməsini müəyyən etmək mümkün deyildir. Göründüyü kimi, iş materillarında olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi, ev 19/17 nömrəli fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportda ümumi sahə 185,1 kv.m göstərilmişdir, həmin ünvana dair X10 adına verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X9 daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda da daşınmaz əmlakın ümumi sahəsi 185.10 kv.m göstərilmişdir. İddiaçının tələb etdiyi tikilinin isə mövcud olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmır. X1, sonra isə İddiaçı QSC-nin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi, 19/17 nömrəli fərdi yaşayış evinə dair İddiaçı QSC-nin adına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X9 daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda faktiki olaraq mövcud olmuş 71,20 kv.m göstərilmişdir. İddiaçının tələb etdiyi əlavə 37.8 kv.m tikilinin mövcudluğu müəyyən edilmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın imtinası qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1341/2022 nömrəli 21 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1648/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1648/2023
11.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver