Məhkəmə qərarları › İş №2-1(103)-1648/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1648/2024

14.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1648/2024 14.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Milli Məclisinə qarşı “sərəncamın ləğv edilməsi, işə bərpa olunma və məcburi işburaxma üçün əmək haqqının ödənilməsi tələbinə dair” inzibati mübahisə üzrə iddiaçı tərəfindən verilmiş iş üzrə icraatın təzələnməsi barədə ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1777/2020 saylı xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Milli Məclisinə qarşı iddiaçının işdən azad olunmağı barədə cavabdehin 25 dekabr 2018-ci il tarixli, 228-V nömrəli sərəncamının ləğv edilməsi, iddiaçının işə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1777/2020 saylı 30 yanvar 2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının iddiaçının şikayəti üzrə 2- 1(103)-1038/2020 saylı xx.xx.2020-ci il tarixli Qərardadı ilə, iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı həmin qərardaddan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1750/2020 saylı 23 sentyabr 2020-ci il tarixli Qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 10 iyun 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə yeni əsaslarla bağlı iş üzrə icraatın təzələnməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Milli Məcclisinin sədri tərəfindən imzanamış sektor müdiri vəzifəsindən azad olunması barədə 228 “xx.xx.2018-ci il tarixli 228V nömrəli sərəncamın (inzibati aktın) aldatma və digər qanunsuz hərəkətlər nəticəsində qəbul edilməsini nəzərə alaraq, İPM-nin 100, 103.1, 106.2.,107.1-ci maddəsinə uyğun olaraq məhkəmə icraatının təzələnməsi üçün yeni əsaslar mövcud olduğundan icraatın təzələnməsini və ilkin ərizəyə mahiyyəti üzrə baxılaraq yeni qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə aşağıdakılarla əsaslandırılmışdır. xx.xx.2018-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinin o zamankı sədri Oqtay Əsədov tərəfdən ərizəçinin Milli Məclis Aparatında tutduğu Beynəlxalq parlament təşkilatları üzrə sektor müdiri vəzifəsindən azad olunmağı barədə 228-V nömrəli sərəncam (inzibati akt) qəbul edilmişdir. Milli Məclisə qarşı “həmin sərəncamın ləğv edilməsi işə bərpa olunma və məcburi işburaxma üçün əmək haqqının ödənilməsi tələbinə dair” iddia ərizəsi Bakı şəhəri 2 saylı İnzibati-İqtisad Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisələndirmə haqqında iddianın qaldırılması üçün müddət məhdudiyyətləri mövcuddur və iddiaçı iddia vermək üçün müddəti ötürdüyünə görə iddia mümkün sayılmamalıdır. Nəticədə həmin qərardad onu əlverişsiz vəziyyətə salmışdır. Halbuki, inzibati qaydada verdiyi şikaytlərində və məhkəməyə təqdim edilən iddia ərizəsində sözügedən inzibati aktın hədə-qorxu və digər qanunsuz hərəkətlər nəticəsində qəbul edilməsi barədə kifayət qədər dəlillər gətirilmişdir. Lakin əvvəlki iddia ərizəsində sözügedən inzibati aktın aldatma yolu ilə qəbul edilməsi barədə heç bir mülahizə yoxdur. Ona görə də icraatın təzələnməsi barədə ərizəsi ilə müraciət edir. Belə ki, cari il avqustun 2-ci həftəsindən sonra, xx.xx.2023-cü il tarixində ona aldadılması bəlli olmuşdur ki, Milli Məclisin o zamankı üzvləri - Beynəlxalq münasibətlər şöbəsinin o zamankı müdiri Rəşid İbrahimov və Kadrlar şöbəsinin o zamankı müdiri İlqar Fərzəliyev onu Oqtay Əsədovun tapşırığı ilə təhdid edərək işdən çıxmaq üçün könüllü ərizə yazmağa məcbur edəndə özünü pis hiss edib xəstələnmiş, işə gedə bilməmiş və 2-3 həftə müalicə almışdır. Bu arada Kadrlar şöbəsindən İlqar Fərzəliyev və Beynəlxalq münasibətlər şöbəsindən Rəşid İbrahimov və şöbənin digər rəhbər şəxsləri ona zənglər edirdi və deyirdilər ki, sağalıb işə qaydıdanda ona köməklik edəcəklər, onun məşğulluq məsələsi həll olunacaq, onu başqa dövlət müəssisəsinə keçirmək üçün təkliflər hazırlanıb və bu barədə Milli Məclisin o zamankı Aparat rəhbəri Səfa Mirzəyevlə müzakirələr aparıblar. Onu aldadaraq deyirdilər ki, əgər işdən könüllü çıxmaq barədə ərizəni imzalasa, Səfa Mirzəyev başqa bir dövlət qurumuna zəng edəcək və həmin təşkilatdakı müvafiq işə keçirilməyinə kömək edəcək. İddiaçı özünü yaxşı hiss edib işə qayıdanda ikinci dəfə Milli Məclis Aparatının o zamankı rəhbəri Səfa Mirzəyevin xidməti otağına gedib Rəşid İbrahimovun, İlqar Fərzəliyevin və şöbənin digər vəzifəli şəxsinin başqa bir dövlət müəssisəsinə işə keçirilməyi barədə ona dedikləri sözlərini onun diqqətinə çatdırıb və ondan xahiş etmişdir ki, başqa bir müəssisədə işə düzəlməyi üçün ona köməklik etsin və təklif etdi ki, Respublika Baş Prokurorluğuna zəng etsin ki, orada Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinə keçirilməyini Baş Prokurorluğun rəhbərliyindən xahiş etsin. Səfa Mirzəyev də ona dedi ki, Baş Prokurorluğa zəng edəcək və bu barədə ona bildirəcəkdir. Eyni zamanda Səfa Mirzəyev dedi ki, arxayın olun. O, Baş prokurorluğa zəng edəcək və orada işlə təmin olunmağına kömək edəcəkdir. Buna görə də dedi ki, işdən çıxma barədə ərizəni yazıb kadrlar şöbəsinə təhvil verim ki, Oqtay Əsədov onları daha narahat etməsin. O da inanıb, başqa müəssisədə işə keçirilməyi ümidi ilə ərizəni yazıb imzaladı və 24 dekabr 2018-ci ildə saat 14:00 radələrindən sonra təqdim etdi. Paralel olaraq Baş Prokurorluqda işlə təmin olunmağı məsələsini həll edəcəkdir. Bu yaxınlarda iddiaçıya məlum oldu ki, İlqar Fərzəliyev, Rəşid İbrahimov və Səfa Mirzəyev onu aldadaraq işdən çıxma barədə ərizəni başqa müəssisəyə keçirilməyi adı altında imzalatdırıblarmış. Belə ki, bu fakt həm də onunla təsdiq olunur ki, xx.xx.2023-cü il tarixində Səfa müəllim Mirzəyevin mobil telefon nömrəsinə sms göndərib xahişinin nəticəsi barədə bir daha öyrənmək istədi. Lakin ona yazdığı son SMS mesajına heç bir cavab verilmədi və iqnor edildi. Bununla da cari il avqustun 2-ci həftəsindən sonra, yəni xx.xx.2023-cü il tarixində aldadılmağı ona bəlli oldu. Milli Məclisin sabiq Aparat rəhbəri və digər vəzifəli şəxslər tərəfindən barəsində Baş Prokurorluğa edilmiş zənglə bağlı Baş Prokurora xx.xx.2023-cü ildə məktub yazdı və Baş Prokurorluqda işlə təmin edilməyi barədə Səfa Mirzəyev tərəfdən onlara zəng edildiyini Baş Prokurorun diqqətinə çatdırdı. Baş Prokurorluqdan ünvanlanmış 2-2- 10/4/2-1057/2023 nömrəli xx.xx.2023-cü il tarixli cavab məktubundan bir daha bəlli oldu ki, Milli Məclisdən həqiqətən də aldatma yolu ilə işdən azad edilmişdir. Yəni avqustun 2-ci həftəsindən sonra bəlli olan aldatma barədə məlumat Baş Prokurorluğun Kadrlar İdarəsindən gələn cavab məktubla da təsdiqlənmiş oldu. Belə ki, həmin məktubunda Səfa Mirzəyevin zəngi barədə heç bir mülahizə yoxdur. Bu o deməkdir ki, belə bir zəng və xahiş edilməmişdir. Aldatma barədə bu məlumatı əldə edənə qədər inanırdı ki, Baş Prokurorluqda onu işə götürəcəklər, çünki bu barədə xahiş olunub. Lakin bu aldatma halı barədə şikayət ərizəsi ilə inzibati icraatın təzələnməsi üçün əvvəlcə Milli Məclisə xx.xx.2023-cü ildə müraciət etmiş. Milli Məclisin ünvanladığı 1- 6/04-1/2-228/2023 nömrəli, xx.xx.2023-cü il tarixli cavab məktubunda şikayətdə qaldırdığı aldatma halı barədə yeni əsasa münasibət bildirilməmiş, sadəcə iddianın mümkün sayılmaması barədə əvvəlki məhkəmə qərarına toxunulmuş və bununla da işlərini bitmiş hesab etmişlər. Azərbaycanın Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarında dövlətin vəzifələri, eləcə də Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə üzərinə götürdüyü beynəlxalq öhdəliklər tələb edir ki, Milli Məclis hüquqlarının pozulmasını iddia edən və yeni hallar ortaya qoyan Milli Məclisin sabiq işçisi olmuş vətəndaşın şikayətlərinə qərəzsiz və ağlabatan müddətdə baxsın. Bu, tərəflərin izahatları alınmaqla xüsusi araşdırma tələb edən məsələdir. Milli Məclis isə cavab məktubunda sadəcə əvvəlki məhkəmə qərarına istinad etməklə İnzibati icraat haqqında qanunun tələblərini yenə də pozmuş oldu. Çünki Milli Məclis inzibati qaydada yazdığı xx.xx.2023-cü il tarixli şikayətindəki əsaslandırdığı yeni hala və faktlara heç bir münasibət bildirməmişdir. Qanunvericilik hakimiyyəti Konstitusiyada və özünün qəbul etidiyi qanunlarda təsbit edilmiş normaları inkar edə bilməz. Milli Məclisin bu cür cavab yazması ilə Konstitusiyannı 60-cı maddəsinin 1,11 və İİİ hissələrində təsbit edilmiş hüquq və azadlıqlarımın inzibati təminat hüququ, işimə qərəzsiz yanaşma hüququ və dinlənilmək hüququm pozulmuşdur. Yenə də təkrar edirəm ki, Milli Məclis İnzibati İcraat haqqında qanunun tələblərinə görə məsələni ya araşdırıb qərar qəbul etməli, ya da inzibati şikayətinin baxılmamış saxlanılması haqqında qərar qəbul etməli idi. Milli Məclis isə bunların heç birini etmədi və beləliklə də İİHQ-nun 35.2 və 35.5 maddələrinin tələblərini pozmuş oldu. Milli Məclis əvvəlki illərdə olduğu kimi, yenə də ona münasibətdə özünün qəbul etdiyi və Prezidentin imzaladığı qanunları pozmuş, qanunvericilik hakimiyyəti olmasına baxmayaraq, vətəndaşın haqlı şikayətinə etinadsız yanaşmış, İnzibati İcraat haqqında Qanunun tələblərinə əməl etməmiş və bir növ “özfəaliyyətlə” məşğul olmuşdur. Milli Məclisin bu cür hərəkəti və ya hərəkətsizliyi ölkədə qanunlara, vətəndaşın hüquqlarına və qanunla qorunan mənafelərinə, qanunçuluğa hörmətsizlik nümayiş etdirilməsi kimi başa düşülür… Beləliklə, iddiaçının işdən azad olunması ilə nəticələnmiş xx.xx.2018-ci il tarixli 228- V nömrəli Sərancamın (inzibati aktın) aldatma və digər qanunsuz hərəkətlər nəticəsində qəbul edilməsi məhz cari il avqustun 2-ci həftəsindən sonra yeni hallar kimi məlum olmuşdur.” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1777/2020 saylı xx.xx.2023-cü il qərardadı ilə ərizə mümkün hesab edilməmişdir. Ərizəçi həmin qərardaddan apellyasiya şikayəti verərək ləğv edilməsini, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apelyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: Məhkəmə düzgün olaraq qeyd etmişdir iddaçının iddia ərizəsi barəsində qəbul edilmiş inzibati aktın (sərəncamın) mübahisələndirilməsinə dair iddia ərizəsidir. Lakin, bununla bərəbər məhkəmə kobut qanun pozuntusuna yol verərək əmək kitabçasının mənə təqdim edilməsini inzibati aktın təqdim edilməsi kimi qiymətləndirmiş və belə qənaətə gəlmişdir ki iddiaçı inzibati aktı aldıqdan sonra AR İPM nin 38.1-ci maddəsində nəzərdə tuitulmuş 30 gün iddia müddətini ötürmüşdür, ona görə iddia mümkünsüz sayılmalıdır. Məhkəmənin çıxardığı bu nəticələrə etiraz edərək, apellyasiya məhkəməsinin nəzərinə çatdırıram ki, qanunda inzibati aktın (sərəncamın) bir sənəd kimi rəsmi qaydada təqdim edilməsindən bəhs edilir. Əmək kitabaçası inzibati aktı əvəz edən sənəd deyil və onun təqdim edilməsi inzibati aktın təqdim edilməsi kimi qiymətləndirilə bilməz. Bundan əlavə, nəzərə alınmalıdır ki inzibati aktın rəsmi təqdim edilməsindən 30 gün sonra verilmiş iddianın mümkünsüz sayılması, həmin inzibati aktın yenidən mübahisələndirilməsinə mane olmur. Məhkəmənin digər dəlilləri ondan ibarətdir ki, güya ki həmin inzibati aktla (sərəncamın) mənim hər hansı subyektiv hüquqlarım pozulmamışdr - işdən azad olma haqqında ərizəni “könüllü” yazmışdır. Bunula bağlı bildirir ki, işdən çıxarmaq üçün mənə qarşı həqiqətən möhkəm təzyiqlər olmuşdur, Milli Məclisin rəsmi nümayəndələri dəfələrlə məndən tələb etmişlər ki, könülül ərizə yazıb işdən çıxsın. O, öz hüquqularımı müdafiə etmək üçüm ərizəni kadrlar şəbəsinə təqdim etməkdən bir müddət əvvəl Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyeva müraciət edib mənə qarşı təzyiqlər olduğunu bildirmiş, hüquqlarının müdafiə olunmasını xahiş etmişdir. Məyəər bu konkret sübüt deyilmi? Bundan əlavə ona qarşı hansı təzyiqlərin olması və kimlər tərəfindən edildiyi məsələsi bilavasitə məhkəmə araşdırmasının predmetidir. Lakin, mahkəmə tərəfindən mahiyyəti üzrə heç bir araşdırma aparılmamış, dərhal iddianın mümkün olmaması barədə qanunsuz qərardad qəbul edilmişdir.” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə ərizəçinin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin («İPM») 100-cü madəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Konkret halda, Məcəllənin qeyd olunan tələbləri baxımından ərizəçinin hallar yeni açılmış hallarla bağlı icraatın təzələnməsi üçün mümkünlük şərtləri yerinə yetirilmir. Belə ki, iddiaçı tərəfindən yeni açılmış hallar kimi irəli sürülür ki, 2024-cü ilin avqust ayında ona məlum olmuşdur, ki, Milli Məclisin Aparatı üzrə qəbul olunmuş onun sektor müdiri vəzifəsindən azad olunması barədə xx.xx.2018-ci il tarixli 228-V nömrəli Sərancam aldatma və digər qanunsuz hərəkətlər nəticəsində qəbul edilmişdir. Birincisi, iddiaçının istinad etdiyi həmin hallar o zaman yeni açılmış hallar kimi məhkəmə araşdırmasının predmetini təşkil edə bilərdi ki, onun tərəfindən qaldırılan iddianın məhkəmə icraatı mümkün sayılıb işə baxılıb mahiyyəti üzrə qərar qəbul olunsun. İşin qeyd olunan hallarından isə görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1777/2020 saylı 30 yanvar 2020-ci il tarixli qərardadı ilə onun mübahisələndirilən sərəncamın ləğv edilməsi tələbinə dair iddia tələbinin məhkəmə icraatı, iddia müddəti ötürüldüyünə görə mümkün sayılmamışdır. Başqa sözlə, burada, iddiaçının “aldatma yolu ilə və ya başqa formada işdən azad olunması” ilə bağlı hallar iddianın mükünsüzlüyənə hər hansı təsirini göstərmir. Belə ki, istənilən halda, iddiaçı tərəfindən cavabdehin sərəncamını mübahisələndirmək üçün iddia müddətinin ötürüldüyü qərardadla sübuta yetirilən bir faktdır. Belə ki, həmin qərardadın 3cü vərəqində təsbit olunur ki, iddiaçı cavabdehin 25.12.2-18-ci il tarixli sərəncamı barədə xx.xx.2018-ci ildə məlumatlı olmuş, məhkəməyə isə xx.xx.2019-cu ildə müraciət etmişdir. Hətta həmin iş üzrə Ali Məhkəmə də öz qərarında onu da vurğulamışdır ki, kassatorun digər dəlilləri işin mahiyyəti üzrə həllinə aid olduğa və araşdırlan hüquqi məsələnin predmeti olmadığına görə məhkəmə tərəfindən həmin dəlillər araşdırılmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Y.Cümşüdovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair 5 dekabr 2019-cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2020-ci il tarixli qərarında Plenum tərəfindən bir sıra qərarlarına istinadən qeyd olunmuşdur ki, məhkəmə təcrübəsində res judicata (artıq həll olunmuş iş) prinsipi qorunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı yenidən mübahisələndirilməməlidir. Konkret halda da məhz, qanuni qüvvəsini almış məhkəmə qərardadı ilə müddətin buraxıldığı müəyyən edilməklə, iddia mümkün sayılmamışdır. Belə olan təqdirdə, iddiaçının konkret halda, istinad etdiyi «aldatma və digər qanunsuz hərəkətlər» yeni açılmış hallar kimi işin mahiyyətinə dəlalət edən hallardır. Həmin hallar prosesual qanunvericiliklə müəyyən olunan iddia müddətini ötürülməsinə, yuxarıda qeyd edildiyi kimi heç bir təsir göstərmədiyindən, prosessual müddətin dəyişməsinə əsas olması mümkünsüzdür. Belə ki, İPM-in 38.1-ci maddəsi ilə imperativ olaraq müəyyən olunmuşdur ki, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Digər tərəfdən, onu da qeyd etmək lazımdır ki, iddiaçının istinad etdiyi həmin hallar, yeni açılmış hallar kimi qəbul edilsə belə, İPM-in 103.2-ci maddəsi nəzərədə tutur ki, mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə verilə bilməz (Belə ərizə yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiaham hökmü ləğv olunduğu hallarda verilə bilər) Həmin Məcəllənin 103.3-cü maddəsi isə nəzərdə tutur ki, Məcəllənin 103.2-ci maddəsrində nəzərdə tutulmuş müddətrin buraxıldığı hallarda, həmin müddətin bərpasına yol verilmir. Konkret halda da məhz, cavabdehin birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə qərardadı Ali Məhkəmənin 23 sentyabr 2020-ci il tarixli Qərarı dəyişdirilmədən qüvvədə saxlanıldığı andan qanuni qüvvəsini almış, iddiaçı isə həmin tarixdən də üç il müddət keçdikdən sonra (25 senyabr 2023-cü il tarixdə) yeni açılmış hallarla bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. Beləliklə də, ərizəçinin yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsinin məhkəmə icraatının mümkün sayılması üçün əsasların mövcudluğu müəyyən edilmir. Bu baxımdan məhkəmə kollegiyası Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1777/2020 saylı xx.xx.2024-cü il qərardadı ilə iddiaçının ərizəsi üzrə icraatın mümkün sayılmaması barədə gəldiyi nəticəni işin hallarına və prosessual qanunvericilyin tələblərinə uyğun nəticə kimi qiymətləndirir. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, ərizəçinin apellyasiya şikayətinin - həmin qərardadın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1777/2020 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənləri və İPM-in 80, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1777/2020 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar