Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-165/2023 15.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı «qərarların ləğv edilməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1116/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə qaydasında, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-yə hesablanmış 2018-ci üzrə 79000 (yetmiş doqquz min) manat məbləğində, 2019-cu il üzrə 79000 (yetmiş doqquz min) manat məbləğində, 2020-ci il üzrə 79000 (yetmiş doqquz min) manat məbləğində torpaq vergisinin və həmin torpaq vergisinə görə hesablanmış 76186,82 (yetmiş altı min yüz səksən altı manat səksən iki qəpik) manat məbləğində gecikmə faiz borcunun İddiaçı MMC-nin şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X4 üzrə Baş İdarəsinin İddiaçı MMC barəsində 2018-ci il üzrə torpaq vergisinə dair qəbul etdiyi **********061500 saylı, 2019-cu il üzrə torpaq vergisinə dair qəbul etdiyi **********063900 saylı və 2020-ci il üzrə torpaq vergisinə dair qəbul etdiyi **********128300 saylı xx.xx.2021ci il tarixli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6976/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş müddətin bərpası barədə ərizə təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X4 üzrə Baş İdarəsinin İddiaçı MMC barəsində 2018-ci il üzrə torpaq vergisinə dair qəbul etdiyi **********061500 saylı, 2019-cu il üzrə torpaq vergisinə dair qəbul etdiyi **********063900 saylı və 2020-ci il üzrə torpaq vergisinə dair qəbul etdiyi **********128300 saylı xx.xx.2021-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarlarının ləğv edilməsi tələbi ilə bağlı məhkəməyə müraciət edilməsi üçün hazırki iş üzrə İddiaçı MMC tərəfindən ötürülmüş prosessual müddət üzürlü hesab edilərək bərpa edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1116/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********061500 nömrəli, xx.xx.2022-ci il tarixli, **********063900 nömrəli və xx.xx.2022-ci il tarixli, **********128300 nömrəli qərarları ləğv edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1116/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cəmiyyətin mülkiyyətində (və ya istifadəsində) 400000 kv.m torpaq sahəsinin olmasına, eyni zamanda həmin torpaq sahəsinin üzərində sahəsi 27800 kv.m olan təsərrüfat subyektinin vergi orqanında qeydiyyata alınmasına baxmayaraq, 2018-2020-ci illər üzrə torpaq vergisi bəyannamələri təqdim edilməmiş və bu da vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmaların yaranmasına səbəb olmuşdur. Qeyd olunanlar ilə əlaqədar vergi ödəyicisınə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında" xx.xx.2021-ci il tarixli **********116200 nömrəli məktub göndərilmiş, müvafiq təsdiqedici sənədlər və müvafiq dövr üzrə bəyannamənin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşmalar barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubları, cari bəyannamə və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2018-ci, 2019-cu və 2020-ci illər üçün torpaq vergisi üzrə Cəmiyyətə illər üzrə 79000 manat olmaqla, ümumilikdə 237000,00 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********061500 nömrəli, xx.xx.2021-ci il tarixli **********063900 nömrəli, xx.xx.2021-ci il tarixli **********128300 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarlar göndərilmişdir. İddiaçı ərizəsində icarə müqaviləsinə xitam verildiyini və həmin torpaq sahəsini istifadə etmədiyinə görə torpaq vergisinin əsassız hesablandığını bildirmişdir. Belə ki, iddiaçı həmin torpaq sahəsinin nə istifadəsində, nə mülkiyyətində olduğunu bildirsə də, xx.xx.2021-ci il tarixli məktubla vergi orqanına müraciət edərək Qaradağ rayonu, Lökbatan dairəsində yerləşən ərazinin əksər hissəsinin qrunt sularından yaranmış gölməçədən ibarət olduğundan onun bir hissəsinin qurudularaq üzərində tikinti işləri aparılmaqla müxtəlif ölçülərə malik tikililər inşa edildiyini, lakin tikinti işlərinin aparılması müvafiq sənədləşmələr aparılmadan həyata keçirildiyindən tikilmiş obyektlərdən təyinatı üzrə istifadə etmək, icarəyə vermək və ya digər fəaliyyətlər üzrə məşğul olmağın mümkün olmadığını bildirərək müvafiq rəsmiləşmə aparılmadan tikilmiş obyektlərin vergi qeydiyyatından keçirilməsi və təyinatı üzrə istifadəsinin mümkün olmasının təmin edilməsi məqsədilə göstərilən ünvan üzrə 10000 kv.m sahəyə malik təsərrüfat subyektinin (obyektinin) uçota alınması üçün əlavə obyekt kodu verilməsini xahiş etmişdir. İddiaçı obyekti vergi uçotuna qoymaq üçün təqdim etdiyi sənədlərin siyahısına “Torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında” xx.xx.2010-cu il tarixli Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti başçısının Sərəncamını da əlavə etmişdir. Nəticədə təsərrüfat subyekti uçota alınmış və xx.xx.2020-ci il tarixində vergi orqanı tərəfindən **********168900 nömrəli “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında” arayış təqdim olunmuşdur. Hazırda həmin obyektin müxtəlif sahələri İddiaçı MMC tərəfindən bir neçə vergi ödəyicisi ilə icarə müqaviləsi bağlanaraq onlara icarəyə verilmişdir. Torpaq sahəsi vergi ödəyicisinin nə mülkiyyətində, nə icarəsində, istifadəsində olduğu halda həmin torpaq üzərində obyekt tikməsi və daha sonra onu başqa bir şəxslərə icarəyə verməsi mümkünsüzdür. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə **********321600 nömrəli məktubla müraciət olunaraq "Bakı Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2010-cu il tarixli sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyəti ilə “Karvansaray 2010" MMC arasında bağlanmış xx.xx.2010-cu il tarixli 0901 saylı icarə müqaviləsinə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsindən "Sədərək” ticarət mərkəzinə gedən yolun şimal-qərb hissəsində yerləşən 400000 kv.m torpaq sahəsində "Karansaray 2010” MMC-nin müraciəti əsasında vergi uçotuna qoyulmuş təsərrüfat subyektinin olduğunu da nəzərə alaraq həmin torpaq sahəsinin hal-hazırda kimin mülkiyyətində və istifadəsində olması, habelə həmin torpaq sahəsinin hər hansı fiziki və ya hüquqi şəxsə icarəyə verilməsi, o cümlədən göstərilən torpaq üzərində olan tikilinin kimin mülkiyyətində və ya istifadəsində olması barədə” məlumatın təqdim olunması istənilsə də, həmin məlumatlar Baş İdarəyə təqdim olunmamışdır və sadəcə "Bakı Şəhər İcra Hakimiyyəti başçısının 76 nömrəli nömrəli xx.xx.2010-cu il tarixli sərəncamı ilə müasir tipli ticarət kompleksinin tikintisi üçün icarəyə ayrılan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsindən "Sədərək” ticarət mərkəzinə gedən yolun şimal-qərb hissəsində yerləşən 40 ha torpaq sahəsi xx.xx.2011-ci il tarixdə "Karvansaray 2010” MMC-nin adına icarə hüququna əsasən qeydiyyatdan keçdiyi, lakin Bakı Şəhər İcra Hakimiyyəti başçısının 7-3079/17 saylı xx.xx.2012-ci il tarixli məktubuna əsasən hüquqlarına xitam verildiyi" bildirmişdir. Məhkəmə qərarında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı MMC-nin adına hazırda Azərbaycan Respublikasının ərazisində mülkiyyət hüququna əsasən qeydiyyatdan keçmiş daşınmaz əmlakın aşkar edilməməsi barədə məktuba da əsaslanılmışdır ki, bu isə tamamilə yanlışdır. Birinci instansiya məhkəməsi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsindən “Sədərək” ticarət mərkəzinə gedən yolun şimal-qərb hissəsində yerləşən 40 ha torpaq sahəsinin hal-hazırda kimin istifadəsində olması, habelə həmin torpaq sahəsinin hər hansı fiziki və ya hüquqi şəxsə icarəyə verilməsi, o cümlədən göstərilən torpaq üzərində olan tikilinin kimin mülkiyyətində və ya istifadəsində olması hissəsində kifayət qədər araşdırma aparmamışdır. Eyni zamanda məhkəmə prosesində cavabdeh orqanın etibarnamə üzərində səlahiyyətli nümayəndəsi tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsindən “Sədərək” ticarət mərkəzinə gedən yolun şimal-qərb hissəsində yerləşən torpaq sahəsi üzərində İddiaçı MMC-nin obyektinin olduğu, torpaqdan istifadə hüququ olmadan həmin ərazidə obyekt tikib, onda istifadə etmənin mümkünsüzlüyü məhkəmənin diqqətinə çatdırılsa da, bu hallara məhkəmə tərəfindən hüquqi qiymət verilməmiş və qeyd olunan halların qanuniliyi araşdırılmamışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, İddiaçı MMC xx.xx.2010-cu il tarixdə dövlət qeydiyyatına alınaraq, ********** qeydiyyat nömrəsi (VÖEN) verilmişdir. Hüquqi ünvanı: AZ1102, ünvan 1i rayonu, 20 Yanvar küçəsi, ev 35, mənzil 9 ünvanıdır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti başısının 76 nömrəli, xx.xx.2010cu il tarixli “Torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında” sərəncamının surətindən görünür ki, sərəncamın 1-ci bəndinə əsasən İddiaçı MMC-nin xx.xx.2010-cu il tarixli, A/02-01 saylı müraciətini nəzərə alaraq, Qaradağ rayonu, Lökbatan dairəsindən “Sədərək” ticarət mərkəzinə gedən yolun şimal-qərb hissəsində müasir tipli ticarət kompleksinin tikintisinin layihələndirilməsi üçün 40.0 ha torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmişdir. İş materiallarında olan İcarəyə verən Bakı şəhər İcra Hakimiyyəti ilə İcarəçi İddiaçı MMC arasında imzalanmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 30 aprel 2010cu il tarixli, 0901 nömrəli müqavilənin surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti başısının 76 saylı, xx.xx.2010-cu il tarixli sərəncamı və xx.xx.2010-cu il tarixli, 12394 saylı inşaat pasportu əsasında Qaradağ rayonu, Lökbatan dairəsindən “Sədərək” ticarət mərkəzinə gedən yolun şimal-qərb hissəsində ayrılmış torpaq sahəsi (400000 kv.m) İcarəçinin istifadəsinə verilmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti başçısı tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 7-3079/17 nömrəli, xx.xx.2012-ci il tarixli “Ləğvetməyə dair bildiriş”in surətindən görünür ki, “Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və sərəncamlarına dəyişikliklər və əlavələr edilməsi və “Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin bəzi məsələləri haqqında” 26 oktyabr 2005ci il tarixli, 1065 nömrəli Sərəncamının qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 02 iyul 2010-cu il tarixli, 291 nömrəli Fərmanı və İddiaçı MMC-nin 03 saylı, xx.xx.2012-ci il tarixli müraciət məktubunu əsas tutaraq, Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında 76 saylı, xx.xx.2010-cu il tarixli sərəncamı ilə Qaradağ rayonu, Lökbatan dairəsindən Sədərək ticarət mərkəzinə gedən yolun şimalşərq hissəsində, 400 000 kv.m torpaq sahəsinə bağlanmış 0901 saylı, xx.xx.2010-cu il tarixli torpaq icarə müqaviləsinə xx.xx.2012-ci il tarixində xitam verilir. İş materiallarında olan İddiaçı MMC tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X4 üzrə Baş İdarəsinə ərizə ilə müraciət edilərək, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsindən Sədərək ticarət mərkəzinə gedən yolun Şimal-Qərb hissəsində yerləşən qeyri-yaşayış obyektinin sənədləri tam olmadığından obyektin operativ qaydada uçota alınmasında köməklik göstərilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə tərtib edilmiş AA seriyalı, 034050 nömrəli torpaq sahəsinin planı və ölçü sənədinin surətindən görünür ki, torpaq sahəsinin mülkiyyət növü “dövlət”, sənəd üzrə sahəsi: 40 ha. Plan-ölçü sənədinin verilməsinə əsas olmuş sənədlər qismində – Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər Şöbəsi, xx.xx.2011-ci il tarixli, AN 279570, 279571 nömrəli Torpaq sahəsinin təsdiq edilmiş plan-cizgisi; Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2010-cu il tarixli, 76 nömrəli Sərəncamı göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsindən “Sədərək” ticarət mərkəzinə gedən yolun şimal-qərb hissəsi 40.0 ha torpaq sahəsinə dair icarə hüquqları 49 (qırx doqquz) il müddətinə İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 329 nömrəli reyestr kitabının 31038 nömrəli vərəqində, xx.xx.2011-ci il qeydiyyat tarixi, **********11 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Əsas öhdəliyin təsviri - Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli 76 saylı sərəncamı ilə müasir tipli ticarət kompleksinin tikintisi üçün icarəyə ayrılmışdır. İş materiallarında olan İddiaçı MMC ilə müxtəlif hüquqi şəxslər arasında imzalanmış “İcarə müqavilələri”nə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsi yaxınlığında yerləşən anbar binaları icarəyə verilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktubdan görünür ki, İddiaçı MMC-yə bildirilmişdir ki, aparılan araşdırma zamanı tərəfindən 2018-ci il, 2019-cu il, 2020-ci illər ərzində Cəmiyyətin mülkiyyətində (və ya istifadəsində), sahəsi 400000 kv.m olan torpaq sahəsinin olmasına baxmayaraq, müvafiq dövrlər üzrə torpaq vergisi bəyannamələrin təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmaların yaranmasına səbəb olmuşdur. Yuxarıda qeyd olunanlarla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün müvafiq hesabat dövrü üzrə cari torpaq vergisi bəyannamələri; qeyd olunanlarla bağlı təsdiqedici sənədlər əlavə edilməklə müvafiq izahat məktubu; araşdırmaya təqdim edilməsi üçün zəruri hesab etdiyi digər sənədlərin təqdim edilməsi tələb edilmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********061500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarının surətindən görünür ki, 2018-ci il torpaq vergisi üzrə İddiaçı MMC-yə 79000 manat vergi məbləği hesablanmışdır. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********063900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarının surətindən görünür ki, 2019-cu il torpaq vergisi üzrə İddiaçı MMC-yə 79000 manat vergi məbləği hesablanmışdır. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********128300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarının surətindən görünür ki, 2020-ci il torpaq vergisi üzrə İddiaçı MMC-yə 79000 manat vergi məbləği hesablanmışdır. İş materiallarında olan ərizələrdən görünür ki, iddiaçı mübahisəli qərarlarla razı olmaması ilə bağlı ərizə və məktublarla cavabdehə müraciət etmişdir. İddiaçının müraciətləri əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində inzibati icraat başlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 05 iyul 2021-ci il tarixli, **********323000 nömrəli “İnzibati şikayət üzrə icraata xitam verilməsi haqqında” Qərarından görünür ki, aparılmış araşdırma zamanı Cəmiyyətin eyni predmet üzrə xx.xx.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə (iş № 2-1(112)-6976/2021) müraciət etdiyi və hal-hazırda məhkəmə çəkişməsinin davam etdiyi müəyyən edilmişdir. Qeyd edilənlər nəzərə alınaraq və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.2-ci maddəsi rəhbər tutularaq, İddiaçı MMC-nin kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğlərinin azaldılması barədə xx.xx.2021-ci il tarixli inzibati şikayət üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış **********53 nömrəli, xx.xx.2021-ci il tarixli məktubla verilmiş “Hüquqi şəxsin adına daşınmaz əmlakın olub-olmaması barədə” məlumatdan görünür ki, Azərbaycan Respublikası ərazisində İddiaçı MMC-nin mülkiyyətində daşınmaz əmlakın olub-olmaması ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində baxılaraq bildirilmişdir ki, İddiaçı MMC-nin adına hazırda Azərbaycan Respublikası ərazisində mülkiyyət hüququna əsasən qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan məhkəmənin İddiaçı MMC-nin adına milli qeydiyat sistemində Azərbaycan Respublikası ərazisində əvvəllər və hazırda daşınmaz əmlakın qeydiyyatdan keçib-keçməməsi barədə” sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********54 nömrəli, xx.xx.2021-ci il tarixli məktubla verilmiş cavabdan müəyyən edilir ki, İddiaçı MMC-nin adına respublika ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.2010-cu il tarixdən vergi ödəyicisi kimi uçota alınmışdır. Bakı şəhər İcra Hakimiyyəti başısının 76 nömrəli, xx.xx.2010-cu il tarixli “Torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında” sərəncamına əsasən İddiaçı MMC-nin xx.xx.2010-cu il tarixli, A/02-01 saylı müraciətini nəzərə alaraq, Qaradağ rayonu, Lökbatan dairəsindən “Sədərək” ticarət mərkəzinə gedən yolun şimal-qərb hissəsində müasir tipli ticarət kompleksinin tikintisinin layihələndirilməsi üçün 40.0 ha torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmiş, həmin sərəncamın icrası ilə əlaqədar olaraq Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 30 aprel 2010-cu il tarixli, 0901 nömrəli müqavilə imzalanmışdır. Həmin sənədlər əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsindən “Sədərək” ticarət mərkəzinə gedən yolun şimal-qərb hissəsi 40.0 ha torpaq sahəsinə dair icarə hüquqları 49 (qırx doqquz) il müddətinə İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 329 nömrəli reyestr kitabının 31038 nömrəli vərəqində, xx.xx.2011-ci il qeydiyyat tarixi, **********11 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və torpaq sahəsinin plan-ölçü sənədi də verilmişdir. Sonradan “Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və sərəncamlarına dəyişikliklər və əlavələr edilməsi və “Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin bəzi məsələləri haqqında” 26 oktyabr 2005-ci il tarixli, 1065 nömrəli Sərəncamının qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 02 iyul 2010-cu il tarixli, 291 nömrəli Fərmanı və İddiaçı MMC-nin 03 saylı, xx.xx.2012-ci il tarixli müraciət məktubu əsas tutularaq, Bakı şəhər İcra Hakimiyyəti başçısı tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 7-3079/17 nömrəli, xx.xx.2012-ci il tarixli “Ləğvetməyə dair bildiriş”-ə əsasən Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında 76 saylı, xx.xx.2010-cu il tarixli sərəncamı ilə Qaradağ rayonu, Lökbatan dairəsindən Sədərək ticarət mərkəzinə gedən yolun şimalşərq hissəsində, 400 000 kv.m torpaq sahəsinə bağlanmış 0901 saylı, xx.xx.2010-cu il tarixli torpaq icarə müqaviləsinə xx.xx.2012-ci il tarixində xitam veriləcəyi bildirilmişdir. Hazırda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş məlumata əsasən İddiaçı MMC-nin adına respublika ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli, **********061500 nömrəli, xx.xx.2021-ci il tarixli, **********063900 nömrəli və xx.xx.2021-ci il tarixli, **********128300 nömrəli qərarları ilə iddiaçıya 2018-ci, 2019-cu və 2020-ci illər üzrə hər il üçün 79000 manat olmaqla torpaq vergisi hesablanmışdır. Cavabdeh sözügedən qərarların qəbul edilməsini zəruri edən hal kimi, Cəmiyyətin mülkiyyətində 400000 kv.m torpaq sahəsinin olmasına, eyni zamanda həmin torpaq sahəsinin üzərində sahəsi 27800 kv.m olan təsərrüfat subyektinin vergi orqanında qeydiyyata alınmasına baxmayaraq, 2017-2020-ci illər üzrə əmlak vergisi bəyannamələrinin təqdim edilmədiyinə və bu halın vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmaya səbəb olmasına istinad etmişdir. İddiaçı isə mülkiyyətində və ya istifadəsində heç bir daşınmaz əmlakın olmamasına istinad edərək sözügedən qərarların ləğv edilməsinə dair ilkin olaraq cavabdeh orqana müraciət etmiş, daha sonra məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli, **********323000 nömrəli qərarı ilə inzibati şikayət üzrə icraata, iddiaçının eyni predmet üzrə iddiasına Bakı İnzibati Məhkəməsində baxılması əsası ilə xitam verilmişdir. Hazırki iddiasında iddiaçı Bakı şəhəri X4 üzrə Baş İdarəsinin onun barəsində qəbul etdiyi xx.xx.2021-ci il tarixli, **********061500 nömrəli, xx.xx.2021-ci il tarixli, **********063900 nömrəli və xx.xx.2021-ci il tarixli, **********128300 nömrəli qərarlarının ləğvini inzibati məhkəmə icraatında mübahisələndirir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüquqları vardır. 24.1.1-ci və 24.1.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. 203.1-ci maddəsinə əsasən torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. 204-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. Göründüyü kimi, iddiaçının mübahisəli torpaq sahəsinə dair icarə hüquqlarına xx.xx.2012-ci il tarixdən etibarən xitam verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş müvafiq məktublara əsasən də iddiaçının adına Azərbcayan Respublikası ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Belə olan halda, iddiaçının mülkiyyətində, icarəsində və istifadəsində olmayan daşınmaz əmlaka (torpaq sahəsin) görə vergi məsuliyyətinə cəlb edilməsi qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərarlar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1116/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının təsviri, əsaslandırma və nəticəvi hissələrində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********061500 nömrəli, **********063900 nömrəli və **********128300 nömrəli qərarlarının tarixi texniki yanlışlıq olaraq «xx.xx.2021ci il» əvəzinə «xx.xx.2022-ci il» kimi qeyd olunmuşdur. Bu səbəbdən də həmin texniki yanlışlıq aradan qaldırılmaqla qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1116/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı, həmin qərarda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********061500 nömrəli, **********063900 nömrəli və **********128300 nömrəli qərarlarının tarixi - «xx.xx.2022-ci il» sözləri «xx.xx.2021-ci il» sözləri ilə əvəz edilməklə, dəyişdirilmədən saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-165/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-165/2023
15.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver