Məhkəmə qərarları › İş №2-1(103)-1650/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1650/2021

23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1650/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 qızının katibliyi, iddiaçının hüquqi varisi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2nə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi və dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iş üzrə icraata xitam verilməsi barədə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-972/2021 saylı, 13 aprel 2021-ci il tarixli qərardadından iddiaçının hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2nə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 13.11.2019-cu il tarixli xxxxxxx0003 müayinəsi əsasında ona münasibətdə birinci dərəcə əlillik qrupunun müəyyən edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması; 13.11.2019-cu il tarixindən ona birinci dərəcə əlillik qrupunun müəyyən edilməsinə və həmin qrup üzrə sosial müavinətlərın tam həcmdə ödənilməsinə başlanılacağı tarixədək hər ay itirdiyi 170 manat ( 20 manat 1-ci və 2-ci qrup əlillik üçün müəyyən edilən müavinat məbləğləri arasında fərqə görə, 100 manat 1-ci qrup əlillər üçün Prezident təqaüdünə və 50 manat- həmin əlillərə baxan şəxslər üçün müəyyən edilən prezident təqaüdünə görə) zərərin əvəzinin cavabdehlərdən tutularaq ona ödənilməsi; cavabdeh qurumların qanunsuz əməlləri sayəsində keçirdiyi çox ciddi mənəvi sarsıntıların kompensasiya kimi 2.000 manat məbləğində vəsaitin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, təxminən 2018-ci ilin iyun ayında belində və kürəyində yaranan və uzun sürən ağrılardan sonra həkim müayinəsindən keçəndən sonra ona süd vəzisində bədxassəli şişin sonuncu İV mərhələdə olması diaqnozu qoyulmuşdur. Uzun müddət Azərbaycan və Türkiyədə kimyaterapiya, radioterapiya və digər müalicələr alsa da, artıq xəstəlik baş beyninə, sümüklərinə və ağciyərinə metastazlar verərək yayılmışdır. Onun üzləşdiyi xəstəlik üzrə müvafiq əlillik dərəcəsinin verilməsi məqsədilə qeydiyyatda olduğu poliklinika vasitəsilə Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Xidmətinə (TSEK) müraciət etmişdir. Xəstəliyilə bağlı təqdim etdiyi bütün sənədlərə əsasən ona 13.11.2019- cu il tarixində TSEK tərəfindən 2-ci dərəcəli əlillik müəyyən olunmuşdur. TSEK tərəfindən qəbul edilmiş bu qərar tamamilə əsassızdır və bir neçə dəfə həm poliklinikaya, həm də Xidmətin özünə şifahi qaydada şikayət etsə də, buna heç bir məhəl qoyulmamışdır. TSEK-in xxxxxxx0003 saylı müayinəsindən çıxarışdan aydın olur ki, ona “Süd vəzisinin yuxarı-bayır kvadrantının bədxassəli yeni törəməsi T4 N2 M1 İV mərhələ G3. Ağciyərlərə MTS. Baş beyinə MTS. Sümüklərə MTS” diaqnozu qoyulmuş, əlilliyin müəyyən edilməsi meyarı kimi isə “İkinci dərəcə əlillik => lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər - (C00-C97) qeyd edilmişdir. Həmin çıxarışa görə ona görə ona ümumi xəstəlik səbəbindən 13.11.2019-cu il tarixindən ikinci dərəcəli əlillik müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin (Əsasnamə) 1 5-ci bəndinə görə tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə təqdim etdiyi iddiaya dair 16.06.2020-ci il tarixli **********9 №li yazılı etirazında göstərmişdir ki, iddiaçı tərəfindən irəli sürülən tələblər qanunsuz və əsassız olduğundan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə uyğun olaraq qeyd olunan iddia ərizəsinə etirazlarını nəzərinizə çatdırırlar. Müəyyən olunmuşdur ki, İddiaçı əlillik vəziyyəti dövlət səhiyyə müəssisəsinin 0069003AACM1 saylı göndərişi əsasında 13.11 2019-cu il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 0069003AACM1 saylı göndərişdə qeyd edilmiş “Sol süd vəzisinin yuxarı bayır kvadratının bədxassəli yenitörəməsi T4N2M1 İV mərhələ G3. Ağciyərlərə Mts. Bədxassəli yenitörəmənin kimyəvi terapiyasından sonra müayinə. Baş beyinə Mts. Bədxassəli yenitörəmənin radioterapiyasından sonra müayinə Sümüklərə Mts. Arterial hipertenziya İİ mərhələ. Nevrosteniya” diaanozları Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş 'Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.1. bölməsinə müvafiq olaraq birinci dərəcə əlilliyin təyininə əsas vermir. Belə ki qeyd edilən Əsasnamənin 2.1.7. bəndinə görə “İkurabel onkoloji xəstəliklər" birinci dərəcə əlilliyin təyininə əsas verir. Səhiyyə müəssisəsi tərəfindən iddiaçıya rəsmiləşdirilmiş göndərişdə xəstəliyin İV mərhələsində olduğu, kimyəvi və radioterapiya müalicələri aparıldığı qeyd edilmişdir ki, bu da xəstəliyin inkurabel olmadığını göstərir. Əsasnamənin 2.2.14. bəndinə görə isə “Lokalizasiyasından asılı olmayaraq lll-İV mərhələ bədxassəli şişlər” ikinci dərəcə əlilliyin təyininə əsas verir. Buna görə də əsaslı olaraq ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-cı ıl tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə Əlillik altsistemi üzərindən qiymətləndirilməklə müəyyən edilir, qərar elektron imza ilə imzalanmaqla rəsmiləşdirilir. İddiaçı səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş 0069003AACM1 saylı göndərişdə qeyd edilmiş məlumatlara əsasən ikinci dərəcə əlillik düzgün təyin edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-972/2021 saylı, 13 aprel 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2nə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlllik dərəcəsinin təyin edilməsi və dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə icraata iddiaçının 25.11.2020-ci il tarixdə ölməsi və bu növ iddialarda prosessual hüquq varisliyinə yol verilməməsi əsası ilə xitam verilmişdir. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək məhkəmənin qərardadının əsassız hesab olunaraq ləğv edilməsi və işin baxılması üçün digər hakiminin icraatına verilməklə Bakı İnzibati Məhkəməsinin göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, hazırki iddia mərhum iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi ilə deyil, təyin edilmiş əlillik dərəcəsinin mübahisələndirilməsi və səhv təyin edilmiş əlillik dərəcəsi ilə bağlı məhrum olunmuş gəlirlər ilə bağlı olmuşdur. Ona görə də maddi hüquq varisliyinə yol verilməməsi barədə məhkəmənin gəldiyi nəticə əsaslı olmamışdır. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar öz nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bu barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının hüquqi varisi X2 apellyasiya şikayətini müdafiə edərək məhkəmədən apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyası iddiaçının hüquqi varisinin izahatını dinləyərək və apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərardadı ləğv edilməli, iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İşin araşdırılan hallarından müəyyən edilir ki, mərhum İddiaçı xx.xx.1960-cı ildə Yevlax şəhərində anadan olmuş, 13.11.2019-cu ildə Tibbi-Sosial Ekspertiza müayinəsindən keçmiş və ona 13.11.2024-cü il tarixinədək “süd vəzisinin yuxarı-bayır kvadrantının bədxassəli yenitörəməsi T4N2M1 İV mərhələ, G3. Ağciyərlərə MTS. Baş beyinə MTS. Sümüklərə MTS” diaqnozu ilə İİ dərəcəli əlillik təyin edilmiş, 19.11.2020-ci ildə Bakı şəhəri, Binəqədi rayonunda “süd vəzifəsinin yuxarı-bayır kvadrantının xərçəngi” diaqnozu ilə vəfat etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 36.6-cı maddəsinə əsasən, inzibati icraatda maddi hüququn hüquqi varisliklə bağlı müddəaları tətbiq edilir. İştirakçının şəxsiyyəti ilə birbaşa bağlı olan hüquqların hüquqi varislik qaydasında keçməsinə yol verilmir. Maddənin tələbindən göründüyü kimi, inzibati icraatda hüquq varisliyi qaydasında şəxs yalnız o halda cəlb oluna bilərlər ki, əgər maddi hüquq belə varisliyin müəyyən edilməsinə imkan verir. Məhkəmə kollegiyası hesab edir ki, TSEK-in qəbul etdiyi qərarlar inzibati akt sayıldığından həmin qərarlardan məhkəməyə şikayət hüququ nəzərdə tutulmuşdur. Hazırki iş üzrə iddiaçı tərəfindən onun barəsində qəbul edilmiş 13 noyabr 2019-cu il tarixli İİ qrup əlilliyin təyin edilməsi barədə qərar mübahisələndirməklə, həm də ona təyin olunmuş müavinət və təqaüdlər tələb edildiyindən hazırki iş üzrə maddi hüquq varisliyi mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1153-cü maddəsinə əsasən şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Qanunun qeyd edilən normasına görə, əmlak hüquqları barədə varisliyin yolverilməzliyi yalnız şəxsin vəfatından sonra yarana biləcək hüquqlara şamil edilir. (məsələn, şəxsin vəfatından sonra ona təyin edilmiş müavinət kəsildiyindən vəfat etmiş şəxsə təyin edilmiş müavinətin sonradan onun varislərinə mütəmadi olaraq ödənilməsi ilə bağlı hüquqlar və s.). Lakin hazırki iddia şəxsin vəfatından sonrakı müavinat məbləğinin də ödənilməsi ilə bağlı deyil, sağlığından ona təyin edilmiş düzgün olmayan əlillik dərəcəsi ucbatından onun məhrum olduğu gəlirlərindən ibarət olmuşdur. Xüsusi olaraq qeyd edilməlidir ki, Avropa Məhkəməsi bir neçə qərarlarında bu hüququ maddi dəyəri olar hüquq kimi tanımışdır ki, bu da öz növbəsində tələbin hüquq varisliyinə yol verildiyinə dəlalət etmiş olur. Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Van Marle və başqaları Niderlanda qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, maddi dəyəri olan hər hansı hüquq 1 saylı protokolun 1-ci maddəsində ifadə olunmuş “əmlak” anlayışı ilə əhatə olunur. Pensiya, təqaüd və müavinət almaq hüququ şəxsə verilmiş maddi dəyər ilə bağlı hüquqlardır ki, həmin hüquqların pozulması Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin təsiri altına düşür. Həmçinin “Salezi İtaliyaya qarşı» (26 fevral 1993), “Lombardo İtaliyaya qarşı» (26 noyabr 1992) məhkəmə qərarlarında Məhkəmə bildirmişdir ki, müavinətlər və pensiyaların ödənilməsi ilə bağlı hüquqlar Konvensiyanın qoruduğu “mülki hüquq və vəzifələrə” aid edilir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsindən də göründüyü kimi mərhum iddiaçının hazırki tələbi ona əllillik dərəcəsinin təyin edilməsi deyil, təyin edilmiş İİ dərəcə əlillik dərəcəsinin İ dərəcə əlillik dərəcəsi ilə əvəz olunması, əlillik dərəcələri arasında fərq məbləğin-hər ay 170 manat olmaqla ödənilməsi və 2000 manat mənəvi zərər tələbi olmuşdur. Belə olan halda qeyd edilən tələb maddi vəsaitin ödənilməsi ilə bağlı olmuşdur ki, bu da hüquqi varislik qaydasında keçən tələblərə aiddir. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan bu halları nəzərə alınaraq iddianın mümkünlük şərtləri araşdırılmamış, əsassız olaraq iş üzrə icraata xitam verilməsi qənaətinə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər.

1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda;

2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-972/2021 saylı, 13 aprel 2021-ci il tarixli qərardadı ləğv olunaraq iş müvafiq prosessual hərəkətlərin aparılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və İPM-in 68, 69, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı:

Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-972/2021 saylı, 13 aprel 2021ci il tarixli qərardadı ləğv edilsin. İş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardadın təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar