Məhkəmə qərarları › İş №2-1(103)-1650/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1650/2023

26.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1650/2023 26.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2-1(112)-8745/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsindəki 39 saylı evin ümumi sahəsi 59.3 kv.m ölçüdə olan 63 nömrəli mənzil üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8745/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8745/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, apellyasiya şikayətinin təmin edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə 196 saylı Mənzil Tikinti Kooperativi arasında bağlanmış 07 mart 2008-ci il tarixli, 63 saylı müqaviləyə əsasən həmin Kooperativ, Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsindəki 39 saylı evin ümumi sahəsi 59.3 kv.m ölçüdə olan 63 saylı mənzili inşa edildikdən sonra iddiaçıya verməyi, iddiaçı isə mənzil üzrə pay haqqının ödənilməsi barədə öhdəlik götürmüşdür. Bundan başqa, 196 saylı Mənzil Tikinti Kooperativinin payçılarının ümumi yığıncağının 08 oktyabr 2021-ci il tarixli 3 nömrəli qərarına əsasən iddiaçının payı müəyyən edilməklə, o, kooperativin üzvü sıralarına qəbul edilmişdir. Həmin qərara əsasən 196 saylı MKT tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsindəki 39 saylı evin ümumi sahəsi 59.3 kv.m ölçüdə olan 63 saylı mənzil iddiaçıya təhvil verilmişdir. Göstərilən mənzilin planı və dəyərinin tam ödənilməsi barədə 196 saylı MTK tərəfindən maliyyə arayışı verilmişdir. Sonradan iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsindəki 39 saylı evin ümumi sahəsi 59.3 kv.m ölçüdə olan 63 saylı mənzili üzərində mülkiyyət hüququmun qeydiyyata alınması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh isə müxtəlif bəhanələr gətirərək, həmin yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina etmişdir. Cavabdehin hərəkətləri qanunsuzdur və göstərdiyi hərəkətsizliyi iddiaçının qanuni hüquqlarını məhdudlaşdırır. Bakı İnzibati Məhkəməsi qərar qəbul edərkən iş üzrə düzgün nəticəyə gəlməmiş, prosessual hüquq normalarını pozmuş və qərarda göstərilmiş nəticələr işin hallarına uyğun deyildir, ona görə də apellyasiya şikayəti təmin edilməklə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8745/2022 nömrəli 16 noyabr 2022-cı il tarixli qərarı ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmalıdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 196 saylı Mənzil Tikinti Kooperativi ilə Payçı İddiaçı arasında imzalanmış 63 nömrəli, 07 mart 2008-ci il tarixli müqavilənin surətindən görünür ki, payçı qismində İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa edilmiş 12 mərtəbəli yaşayış binasının ümumi sahəsi 59.3 kv.m olan 1 otaqlı 63 saylı mənzil təqdim edilmişdir. İş materiallarında olan 196 saylı Mənzil Tikinti Kooperativi üzvlərinin ümumi iclasının 3 nömrəli xx.xx.2021-ci il tarixli protokolundan çıxarışın surətindən görünür ki, İddiaçı Ağazalı qızı kooperativin üzvü qəbul olunmaqla MTK–nın Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə 39 ünvanında inşa edilmiş 12 mərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində ümumi sahəsi 59.3 kv.m olan 1 otaqlı 63 saylı mənzil verilmişdir. İş materiallarında olan 196 saylı Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş 26 dekabr 2008-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı Ağazalı qızı tərəfindən həqiqətən Yasamal rayonu, Bünyadzadə küçəsi, 39 ünvanında 196 saylı MTK tərəfindən inşa edilmiş 12 mərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində 1 otaqlı 63 saylı mənzilin dəyəri tam ödənilmiş və 196 saylı MTK-ya borcu yoxdur. İş materiallarında cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli, **********93 nömrəli imtina məktubundan görünür ki, ünvan 2 ünvanında inşa edilmiş yaşayış binasının 63 saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının müraciətinə baxılmış, aparılan araşdırma zamanı qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, MİHO/2.1- 2-2022-6415 nömrəli məktubdan görünür ki, ünvan 3 ünvanında yerləşən yaşayış binasının istismara qəbul aktının qəbul edilib-edilməməsinə dair məlumatın, edilmişdirsə istismara qəbul aktının təsdiq edilmiş surətinin verilməsinə dair məhkəmənin müraciətinə baxılmış, sözügedən ünvanda yerləşən tikinti obyektinə dair məlumatların Tikintilərin Dövlət reyestrinə daxil edilməsi üçün Komitəyə təqdim edilməməsi bildirilmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçı ünvan 2 ünvanında inşa edilmiş yaşayış binasının 63 saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədi 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi üçün cavabdeh inzibati orqan tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı. 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə. 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Göründüyü kimi, qanunvericilikdə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasların dairəsi konkret olaraq müəyyən edilmişdir və həmin əsaslardan biri də çoxmənzilli binalara münasibətdə istismara qəbul aktıdır. Lakin qeyd olunan mənzilin yerləşdiyi çoxmənzilli yaşayış binasının istismarına icazə sənədi təqdim edilməmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, MİHO/2.1-2-2022-6415 nömrəli məktubdan da görünür ki, həmin ünvanda yerləşən tikinti obyektinə dair məlumatlar Tikintilərin Dövlət reyestrinə daxil edilməsi üçün Komitəyə təqdim edilməmişdir. Beləliklə, işin faktiki halları ilə qeyd olunan ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının istismara qəbul aktının olmaması öz təsdiqini tapır. Məhkəmə kollegiyası sadalananlara məcmu halda qiymət verərək bu nəticəyə gəlir ki, qanunvericiliyin məcburi göstərişlərinə uyğun olaraq iddiaçının üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etdiyi mənzilin yerləşdiyi çoxmənzilli binanın istismara icazə aktı olmadığından cavabdeh orqanın mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, apellyasiya şikayəti iddia ərizəsini təkrarlamaqla formal xarakter daşıyır və apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8745/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar