Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1651/2025 16.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X18 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X11 və X10 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X3, Üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "torpaq sahəsinə dair çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3038/2024 saylı 27 fevral 2024-cü il tarixli qərarından üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə 16 iyul 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Serebrovski adına NQÇİ-nin "xxxx" bağçılıq təsərrüfatından xx.xx.1995-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 152 saylı bağ sahəsi ayrılmışdır. Bununla əlaqədar olaraq iddiaçıya Serebrovski adına NQÇİ-nin "xxxx" bağçılıq yoldaşlığının 10 iyul 1995-ci il tarixli, 117 saylı üzvlük kitabçası verilmişdir. İddiaçı ərizə ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “152” nömrəli torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh 28 sentyabr 2023-cü il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, idarənin arxiv məlumatlarına əsasən "xxxx" bağçılıq yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında İddiaçı adı aşkar edilməmişdir. Bundan başqa torpaq sahəsi bağçılıq-yoldaşlıq təsərrüfatına ayrılmış ərazi hüdudlarından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Qeyd olunanlarla yanaşı torpaq sahəsinin ölçüsü təqdim olunan üzvlük kitabçasında əks olunmamışdır. Həmin imtinadan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1995-ci il tarixdə Şerebrovski adına NQÇİnin "xxxx" yaşayış sahəsindən ona ayrılmış 152 saylı sahədə tikib başa çatdırdığı evə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15068/2023 saylı, 20 oktyabr 2023-cü il tarixli protokol qərardadı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti məhkəmə icraatına zəruri olaraq 3-cü şəxs qismində cəlb edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Serebrovski adına NQÇİ-nin "xxxx" bağçılıq təsərrüfatından xx.xx.1995ci il tarixdə ayrılmış 152 saylı 0,05 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15068/2023 saylı 05 dekabr 2023-cü il tarixli protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, uzun illər neft sahəsində işlədiyinə görə iddiaçıya Serebrovski adına NQÇİ-nin "xxxx" bağçılıq təsərrüfatından xx.xx.1995-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 152 saylı bağ sahəsi ayrılmışdır. İddiaçı həmin bağ sahəsini abadlaşdırmış, ev tikib şəhid ailəsi olaraq orada yaşayırlar. İddiaçı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, lakin müraciətinə imtina cavabı verilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır, bu səbəbdən məhkəməyə müraciət etmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən verilmiş iddiaya dair yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil etməklə əlavə olaraq bildirilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və **********96 saylı xx.xx.2023-cü il tarixli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, göstərilən torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, İdarənin arxiv məlumatlarına əsasən "xxxx" bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Torpaq sahəsi bağçılıq-yoldaşlıq təsərrüfatına ayrılmış ərazi hüdudlarından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Qeyd olunanlarla yanaşı torpaq sahəsinin ölçüsü və bağ sahəsinin nömrəsi təqdim olunan üzvlük kitabçasında əks olunmamışdır. Birinci instansiya məhkəməsində icraat: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3038/2024 saylı 27 fevral 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı Serebrovski adına NQÇİ-nin "xxxx" bağçılıq təsərrüfatından xx.xx.1995-ci il tarixdə ona ayrılmış 152 saylı 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının mübahisəli daşınmaz əmlaka dair hüquqları 1995-ci ildən etibarən yarandığından və həmin dövrdə torpaq sahəsinin neft və qaz yataqlarının işlənməsi üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə verilməsini cavabdeh sübuta yetirə bilmədiyindən iddiaçının daşınmaz əmlak üzərində hüquqlarının yaranması təkzibolunmaz bir haldır. Eyni zamanda işin halları ilə tam müəyyən edilir ki, iddiaçı bağ sahəsinin onun qanuni istifadəsində olduğuna dair qanunvericiliklə nəzərdə tutulmuş müvafiq sənədləri cavabdeh inzibati orqana təqdim etsə də, cavabdehin imtinası əsassız olmuşdur. Üçüncü şəxs Dövlət Neft Şirkəti apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan sənədlərdən də görünür ki, iddiaçının adı üzvlərin siyahısında mövcud deyil və mütəxəssis rəyi və aidiyyəti digər sənədlər, o cümlədən xəritədən çıxarışdan da aydın olur ki, bağ sahəsi ayrıc aktına yaxın məsafədə yerləşsə də, faktiki olaraq ayrıc aktından kənarda yerləşir. Lakin birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarından səhv nəticə çıxararaq, düzgün olmayan qərar qəbul etmişdir. İddiaçının adı üzvlər siyahısında yoxdur, bağ sahəsi ayrıc aktından kənarda yerləşir, mübahisəli torpaq sahəsinin Dövlət mülkiyyətində olmaq, Dövlət Neft Şirkətinin daimi istifadəsinə verilmiş ərazilərdə yerləşməsi ilə bağlı müvafiq sənədlər təqdim edilsə də, məhkəmə qərarda həmin sənədlərə istinad etməmişdir. Məhkəmə yalnız X20 və Ekspertiza Mərkəzi MMC-nin natamam mütəxəssis rəyinə istinad etməklə iddia tələbini təmin etmişdir. Cavabdeh inzibati orqanın mübahisəli bağ sahəsinin qeydiyyata alınmaması ilə bağlı istinad etdiyi hallara qiymət verməmişdir. Birinci instansiya məhkəməsi yuxarıda istinad edilən imtinanın dəlillərinə münasibətdə hesab etmişdir ki, işin qeyd olunan faktiki halları, iddianın təminini istisna edən faktiki hallar qismində çıxış etmədiyindən, həmin halların mövcud olması, cavabdehin imtinasının əsaslı olması anlamına gəlmir. Əvvəla qeyd etmək istəyirlər ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji işlərlə bağlı ayrıc aktından kənarda olan torpaq sahələrinə dair iddia tələblərinin təmin edilməməsinə dair məhkəmə praktikası mövcuddur. Hesab edirlər ki, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun deyildir. Belə ki, hazırki işin materiallarından görünür ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətindən imtinasının əsaslarından biri mübahisəli torpaq sahəsinin Dövlət Neft Şirkətinin daimi istifadəsinə verilmiş ərazi daxilində yerləşməsi ilə əlaqələndirmiş və məhz buna görə Dövlət Neft Şirkəti həmin iş üzrə üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında verdikləri izahatda, həmçinin məhkəməyə təqdim edilən xəritələrdən çıxarışda torpaq sahəsinin Neft Şirkətinin daimi istifadəsinə verilmiş ərazilərə aid olmasını bidirsələr də, birinci instansiya məhkəməsi qəbul etdiyi qərarda ümumiyyətlə SOCAR tərəfindən təqdim edilmiş sübutlara qiymət verməmişdir. Mübahisəli torpaq sahəsi Dövlət mülkiyyətində olub,"xxxx" bağçılığa ayrılmış torpaq sahəsinin ayrıc aktından kənarda, Dövlət Neft Şirkətinin daimi istifadəsinə verilmiş ərazidə yerləşir. İş materiallarında olan mütəxəssis rəyi natamamdır, buna görə də, məhkəmə tərəfindən sübut qismində qəbul oluna bilməz. Birinci instansiya məhkəməsi araşdırmamışdır ki, “X20 və Ekspertiza Mərkəzi” MMC hansı kordinatlar əsasında belə nəticəyə gəlmişdir ki, mübahisəli torpaq sahəsi SOCAR-ın daimi istifadəsinə verilmiş ərazi hüdudları daxilində yerləşmir və təyinatı yaşayış məntəqələrinin torpağıdır? Mübahisəli torpaq sahəsi Dövlət Neft Şirkətinin daimi istifadəsinə verilmiş ərazilərdən geri qaytarılmışdırmı? MMC hansı sənədlər əsasında belə nəticəyə gəlmişdir? Çünki, işin içində olan sənədlərin hamısında eyni zamanda üçüncü şəxs və cavabdeh iddia edir və bu barədə məhkəməyə müvafiq sənədləri təqdim edərək göstərir ki, mübahisəli torpaq sahəsi Dövlət Neft Şirkətinin daimi istifadəsinə verilmiş ərazilərdə yerləşməklə, təyinatına görə sənaye təyinatlı torpaq sahəsidir. Lakin məhkəmə qərarda həmin rəylə bağlı üçüncü şəxsin arqumentlərini nəzərə almamış və buna qiymət verməmişdir, nəticədə düzgün qərar qəbul etməmişdir. İş materiallarında mübahisəli torpaq sahəsinin vahid elektron baza məlumatlarına, həm də SOCAR tərəfindən təqdim edilmiş xəritələrdə Dövlət Neft Şirkətinin daimi istifadəsinə verilmiş ərazilər daxilində yerləşməsi sübuta yetirilsə də, məhkəmə iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 avqust 2024-cü il tarixli, 2-1(103)-2222/2024 saylı qərarı ilə üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3038/2024 saylı, 27 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Üçüncü şəxs kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 316/2025 saylı 22 yanvar 2025-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 avqust 2024-cü il tarixli, 2-1(103)-2222/2024 saylı qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə qaytarılması və kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Tərəflərin izahatları: Üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə qız apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X6 mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi 28 sentyabr 2023-cü il tarixdir. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “ona Serebrovski adına NQÇİ-nin "xxxx" bağçılıq təsərrüfatından xx.xx.1995-ci il tarixdə ayrılmış 152 saylı 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi” ilə bağlıdır. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən "xxxx" bağçılıq yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında İddiaçı adının aşkar edilməməsi, torpaq sahəsinin bağçılıq-yoldaşlıq təsərrüfatına ayrılmış ərazi hüdudlarından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməsi və torpaq sahəsinin ölçüsünün təqdim olunan üzvlük kitabçasında əks olunmaması” əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşsa da, kassasiya instansiyası məhkəməsinin mövqeyi fərqli olmuşdur. Belə ki, Dövlət Neft Şirkətinin 3-cü şəxs qismində icraata cəlb edilməsinə münasibətdə kassasiya instansiya məhkəməsinin göstərişləri aşağıdakı kimi olmuşdur: a. mübahisəli torpaq sahəsinin Dövlət Neft Şirkətinin istifadəsinə verilibverilmədiyinin müəyyənləşdirilməsi; b. mübahisəli torpaq sahəsinin Dövlət Neft Şirkətinin istifadəsinə verilmə tarixi; c. torpaq sahəsi əldə edilən zaman (xx.xx.1995-ci il) üçüncü şəxsin istifadəsində olan torpaq sahəsində yerləşməsi. Yuxarıda qeyd edilən məsələlərin təhlilinin məqsədi Dövlət Neft Şirkətinin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməninin əsaslı olub-olmadığını müəyyən etməkdən ibarətdir. Odur ki, işin təkrar apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən yuxarıda qeyd olunan məsələlərin aydınlaşdıılması məqsədilə sorğular verilmişdir. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR)-ın xx.xx.2025-ci il tarixli 14- 2/2-2243/2025 saylı sorğuya cavab məktubunda bildirmişdir ki, “Qum adası” NQÇİ-nin (keçmiş Serebrovski adına NQÇİ) "xxxx" bağçılıq təsərrüfatından İddiaçı torpaq sahəsinin ayrılmasına dair SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində hər hansı bir sənəd aşkarlanmamışdır. Həmçinin araşdırma zamanı müəyyən olunmuşdur ki, iddia olunan torpaq sahəsi Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 256-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X16 Limited” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 11-ci maddəsinə əsasən torpaq sahələrindən məhdudiyyətli istifadə rejimi müəyyən edilmişdir ki, həmin rejim torpaq sahəsindən onun məqsədli təyinatı üzrə istifadəsini nəzərdə tutur. Həmin Məcəllənin 22-ci maddəsinin 1-ci hissəsinə əsasən “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlarda” sənaye, rabitə, nəqliyyat və digər bu kimi obyektlərin yerləşdirilməsinə icazə verilir. Həmin Məcəllənin 22-ci maddəsinin 5-ci hissəsinə əsasən, sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi” Qaydalarının 2-ci bəndinə əsasən sənaye obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada ayrılan və əldə edilən torpaq sahələri sənaye təyinatlı torpaqlar sayılır. Göründüyü kimi, sənaye təyinatlı torpaqlarda yalnız sənaye obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti nəzərdə tutulmuşdur. İddia edilən torpaq sahəsinin Kontrakt sahəsinin daxilində olduğunu təsdiq edən xəritədən çıxarış təqdim edilmiş, eləcə də yuxarıda qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd olunması xahiş edilmişdir. Bununla da işin təkrar aplyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən müəyyən olunmuşdu ki, iddia olunan torpaq sahəsi Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 256-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X16 Limited” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir. İddiaçı tərəfindən sözügedən torpaq sahəsi əldə edilən zaman (xx.xx.1995-ci il) həmin torpaq sahəsi üçüncü şəxsin istifadəsində olan torpaq sahəsində yerləşməsə də (iş materiallarından bu hal müəyyən olunmur), sonradan həmin torpaq sahəsinin yuxarıda adı çəkilən 06 mart 2007-ci il tarixli 256-İİİQ nömrəli Qanunla Kontrakt sahəsi daxilində Dövlət Neft Şirkətinin istifadəsinə verilməsi faktı sonuncunun qanunla qorunan hüquqlarına və maraqlarına toxunur. Odur ki, Dövlət Neft Şirkətinin işə 3-cü şəxs qismində cəlb olunması əsaslı olmuşdur. Bu baxımdan Dövlət Neft Şirkətinin verdiyi apellyasiya şikayəti də düzgün olaraq mümkün sayılmışdır. O ki qaldı işin mahiyyətinə, məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; .... Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:
1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir. Hazırki işdən müəyyən olunur ki, İddiaçı Serebrovski adına NQÇİ-nin "xxxx" bağçılıq təsərrüfatından xx.xx.1995-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 152 saylı bağ sahəsi ayrılmış və bununla əlaqədar olaraq iddiaçıya Serebrovski adına NQÇİ-nin "xxxx" bağçılıq yoldaşlığının 10 iyul 1995-ci il tarixli, 117 saylı üzvlük kitabçası verilmişdir. İddiaçının hüquqi marağı həmin bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq buna dair müvafiq reyestrdən çıxarışın verilməsindən ibarətdir. Hazırki işdə birinci instansiya məhkəməsinin qərarı cavabdeh qurum tərəfindən mübahisələndirilməmiş, yalnız 3-cü şəxs tərəfindən mübahisələndirilmişdir. 3-cü şəxsin şikayətinin dəlilləri aşağıdakılardan ibarətdir: - iddiaçının adının üzvlərin siyahısında olmaması, - bağ sahəsi ayrıc aktına yaxın məsafədə yerləşsə də, faktiki olaraq ayrıc aktından kənarda yerləşməsi, - mübahisəli torpaq sahəsinin Dövlət mülkiyyətində olması və Dövlət Neft Şirkətinin daimi istifadəsinə verilmiş ərazilərdə yerləşməsi, - təyinatına görə sənaye təyinatlı torpaq sahəsi olması. İlkin apellyasiya baxışında məhkəmə sorğusu əsasında cavabdeh inzibati orqan tərəfindən “Qum adası” NQÇİ-nin "xxxx" bağçılıq yoldaşlığın arxiv qovluğu təqdim edilmişdir. Həmin arxiv qovluğunda mövcud olan üzvlərinin siyahısı 15 dekabr 1985-ci il tarixlidir, halbuki iddiaçıya məxsus 117 nömrəli üzvlük biletindən görünür ki, o, “Qum adası” NQÇİ-nin "xxxx" bağçılıq yoldaşlığına 10 iyul 1995-ci il tarixdə üzv kimi qəbul edilmişdir. Üzvlük biletinin əsli apellyasiya instansiya məhkəməsində icraat zamanı məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan iddiaçının əmək kitabçasının surətindən görünür ki, o, həqiqətən də “Xəzərdənizneft” trestində uzun illər “sürücü” vəzifəsində işləmişdir. “X20 və Ekspertiza Mərkəzi” MMC tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 39 nömrəli, 20 fevral 2024-cü il tarixli məktubu ilə göndərilmiş mütəxəssis rəyində bildirilmişdir ki, Serebrovski adına NQÇİ-nin "xxxx" bağçlıq sahəsində yerləşən 152 saylı sahədə İddiaçı istifadəsinə ayrılmış bağ sahəsi dövlət mülkiyyətinə aid olmaqla yaşayış məntəqələrinin torpaqlarıdır, koordinatları rəyə əlavə olunmuş ortofoto görüntüsündə qeyd edilir, tikililərin mövqeyində hər hansı uyğunsuzluq yoxdur, sahəsi 0,550 hektardır, bağların sxematik xəritəsindən kənarda yerləşir. İddia olunan bağ sahəsinin digər bağ sahəsi ilə üst-üstə düşməsini müəyyən etmək mümkün olmadı. İddia olunan bağ sahəsinin neft kəmərlərinin mühafizə zonasında yerləşməməsini müəyyən etmək mümkün olmadı. Hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-316/2025 saylı 22 yanvar 2025-ci il tarixli qərarında göstərilmişdir ki, “mübahisəli torpaq sahəsi üzərində hüquqların qeydiyyatı üçün iddiaçı tərəfindən bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısı və onun adına tərtib edilmiş üzvlük kitabçası təqdim edilmişdir. Lakin təqdim edilmiş siyahıda iddiaçının adı mövcud deyildir. Növbəti apelyasiya baxışı zamanı üzvlük kitabçasının tərtib edilmə əsası müəyyən edilməli, bu kitabçanın verilməsinə əsas olmuş Siyahının əldə edilməsi istiqamətində araşdırma aparılmalıdır. Eyni zamanda apellyasiya instansiya məhkəməsi mübahisəli torpaq sahəsinin "xxxx" bağçılıq təsərrüfatının ərazisində olub-olmaması istiqamətində də araşdırma aparmalıdır.” İşin təkrar apellyasiya baxışı zamanı "xxxx" bağçılıq yoldaşlıq təsərrüfatının 1985-ci il tarixli siyahısından başqa siyahısının olub-olmaması məsələsi araşdırılmış və cavabdehə bu məzmunda sorğu ünvanlanmışdır. Cavabdeh inzibati orqan tərəfindən 15 iyul 2025-ci tarixli cavab məktubunda bildirilmişdir ki, Suraxanı rayonu, Zığ massivində yerləşən "xxxx" bağçılıq yoldaşlıq təsərrüfatının İdarənin arxivində mövcud olan qovluğunda 1985-ci il tarixli siyahısından başqa siyahı aşkar edilməmişdir. Məhkəmə kollegiyasının digər sorğusuna cavabdeh qurumun 3-21-3-30/2- 27231/2025 saylı 1 iyul 2025-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan ərazi heç bir bağçılıq-yoldaşlığın ayrıc aktı daxilinə düşmür. Sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşir. Sözügedən sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir. Sahədəki tikililərin dövlət qeydiyyatı barədə məlumat yoxdur. Göstərilən torpaq sahəsinin qonşuluğunda qeydiyyatdan keçmiş **********59 reyestr nömrəli sahə mövcuddur. Beləliklə, aparılan məhkəmə araşdırmaları onu deməyə əsas verir ki, iddiaçının iddia etdiyi bağ sahəsi ilə bağlı yalnız 1995-ci ildə ona verilmiş üzvlük kitabçası mövcuddur, adı çəkilən bağçılığın arxiv qovluğundakı siyahı 1985-ci ilə aiddir, həmin bağçılığın arxiv qovluğunda nə başqa siyahı mövcuddur, nə də həmin bağçılığın ayrıc aktı mövcuddur, iddia olunan bağ sahəsi başqa bağçılıq ərazisinə də aid deyil. Arxivdə 1995-ci ilə aid siyahının olmamasına görə məsuliyyət iddiaçının üzərinə qoyula bilməz. Belə ki, həmin siyahının vaxtilə tərtib olunmamaı və ya siyahıya əlavələrin olunmaması iddiaçının vəzifəsi olmamışdır. Həmçinin iddia olunan bağ sahəsi digər bağ sahəsi ilə üst-üstə düşmür, neft kəmərlərinin mühafizə zonasında da yerləşmir. Həmin bağ sahəsi Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 256-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X16 Limited” Şirkətinin istifadəsinə verilən torpaq sahəsi daxilində yerləşsə də, həmin bağ sahəsi iddiaçıya 1995-ci ildə, yəni Dövlət Neft Şirkətinin istifadəsinə 2007-ci ildə verilməmişdən daha öncə verilmişdir. Buna görə də oxşar işlər üzrə formalaşmış vahid məhkəmə təcrübəsinə görə iddiaçının həmin torpaq sahəsinə gözlənti hüququ olmuş və buna görə də həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Əvvəlki məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdu ki, eyni hüquqmüəyyənedici sənədlər əsasında iddiaçıya ayrılmış bağ sahəsinin qonşuluğunda yerləşən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, “Qum adası” NQÇİ-nin b/y-nın Bloq “V” 08 saylı bağ sahəsinə X7 adına (daşınmaz əmlakın reyestr nömrəsi **********59), Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ bağ massivi, “B” bloklu, 46 saylı bağ sahəsinə X4 adına (daşınmaz əmlakın reyestr nömrəsi **********19), Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, 44 saylı bağ sahəsinə X8 adına (daşınmaz əmlakın reyestr nömrəsi **********21), Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, "xxxx" b/y-nın 40 saylı bağ sahəsinə X12 adına (daşınmaz əmlakın reyestr nömrəsi **********55) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bununla bağlı qeyd olunan şəxslərə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinə baxmayaraq, iddiaçının həmin sənədlər əsasında bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi barədə müraciətinin təmin edilməsindən torpaq sahəsinin bağçılıq-yoldaşlıq təsərrüfatına ayrılmış ərazi hüdudlarından kənarda yerləşməsi əsası ilə imtina edilmiş, nəticədə etimad hüququnun qorunması və bərabərlik prinsipinin tələbləri pozulmuşdur. Belə ki, iş materiallarında olan “Qum adası” NQÇİ-nin rəhbərliyi və həmkarlar ittifaqı komitəsinin rəyasət heyətinin birgə iclasının xx.xx.1987-ci il tarixli protokolundan çıxarışdan görünür ki, X12 xahişi nəzərə alınmaqla ona 500 kv.m torpaq sahəsi olan 40 saylı bağ sahəsi daimi istifadə etmək üçün verilmişdir. İş materiallarında olan “Qum adası” NQÇİ-nin rəhbərliyi və həmkarlar ittifaqı komitəsinin rəyasət heyətinin birgə iclasının xx.xx.1997-ci il tarixli protokolundan çıxarışdan görünür ki, X8 xahişi nəzərə alınmaqla ona 500 kv.m torpaq sahəsi olan 44 saylı bağ sahəsi daimi istifadə etmək üçün verilmişdir. AR Dövlət Torpaq və Xəritəçəkmə komitəsi tərəfindən verilmiş Torpaq sahənin plan və ölçüsündən görünür ki, Bakı şəhər XDS İK-nin xx.xx.1987-ci il tarixli 20/396 saylı Qərarı və “Qum adası” NQÇİ-nin b/y-nın xx.xx.1989-cu il tarixli 02 saylı protokolu ilə 500 kv.m torpaq sahəsi X9 daimi istifadə etmək üçün verilmişdir. JN-26753D KOD 00600046 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Bakı şəhər XDS İK-nin xx.xx.1987-ci il tarixli 20/396 saylı Qərarı və “Qum adası” NQÇİ-nin b/y-nın xx.xx.1999-cu il tarixli 3 saylı protokolu ilə Zığ massivində yerləşən “B” bloku 46 saylı bağ sahəsi X13 mülkiyyətinə verilmiş, alqı-satqı müqaviləsi əsasında həmin torpaq sahəsinin 0,03 hektarını X19 X1, həmin müqavilə əsasında Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ bağ massivi, “B” bloklu, 46 saylı 0.03 ha bağ sahəsinə X4 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Odur ki, işə baxmış məhkəmələr hesab etmişlər ki, hazırki vəziyyətdə cavabdeh qurum eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydə alınmasından və çıxarışın verilməsindən imtina etməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Məhkəmə kollegiyası bu barədə əlavə olaraq qeyd edir ki, sadalanan imtina əsasları birmənalı qəbul edilməməli və işlərə məhkəmə qaydasında baxılarkən oxşar mübahisələr üzrə cavabdeh qurumun inzibati praktikası və mövcud məhkəmə təcrübəsi də nəzərə alınmalıdır. Hazırki işin apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan tərəfindən iddiaçının adına rəsmiləşdirilməsini tələb etdiyi torpaq sahəsinin qonşuluğunda olan, adı çəkilən eyni sənədlərlə ayrı-ayrı şəxslərin adına ayrılmış müvafiq torpaq sahələri üzərində ayrı-ayrı şəxslərin (iddiaçı ilə eyni hüquqi vəziyyətdə olan şəxslərin) eyni hüquqmüəyyənedici sənədlərə istinad etməklə mülkiyyət hüquqlarının qeydə alındığı müəyyən olunmuş və aydın olmuşdur ki, bu barədə inzibati orqanın inzibati praktikası mövcuddur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(102)- 1842/2023 saylı xx.xx.2023-cü il tarixli qərarında göstərilmişdi ki, “....hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. Belə ki, iddiaçıya münasibətdə bərabərlik prinsipinin pozuntusunun baş verdiyi qənaətinə gələ bilmək üçün məhkəmə, ilk növbədə aydınlaşdırmalıdır ki, iddiaçının təqdim etdikləri ilə eyni olan sənədlər əsasında digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina olunmuşdurmu, yoxsa iddiaçının halında hüququ qeydə alınmış şəxslərlə müqayisədə fərqli başqa hal və ya hallar vardır?” Hazırkı mübahisəyə baxılarkən oxşar iş üzrə kassasiya instansiyası məhkəməsinin qərarında formalaşdırdığı hüquqi mövqe əsas götürülərək cavabdeh quruma məhkəmə sorğusu verilmiş və sonuncunun təqdim etdiyi sənədlərdən məlum olmuşdu ki, iddiaçının adına rəsmiləşdirilməsini tələb etdiyi torpaq sahəsinin yerləşdiyi ünvanda iddiaçı ilə eyni hüquqi vəziyyətdə olub, eyni hüquqmüəyyənedici sənədə (üzvlük kitabçasına) malik olan və tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən ayrı-ayrı şəxslərin adına müxtəlif torpaq sahələri üzərində mülkiyyət hüquqları qeydə alınaraq müvafiq çıxarışlar verilmişdir. Belə olan halda cavabdeh qurumun iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtinası əsassız olmuşdur. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. İnzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir. Kollegiya qeyd edir ki, sözügedən halların araşdırılması və müəyyən olunması mübahisəyə dair iş üzrə əsaslı və obyektiv qanunauyğun qərarın qəbulu baxımından xüsusi əhəmiyyət daşıyır. Həmin hallar araşdırılmadan və onlara iş üzrə müəyyən olunmuş digər hallarla birlikdə qiymət verilmədən qəbul olunmuş məhkəmə qərarı əsaslı və obyektiv qərar hesab oluna bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı- seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin qərarları kontekstində mübahisəyə baxan məhkəmə tərkibi hesab edir ki, eyni statusda olan şəxslərə cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə, cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7 və 10.2.1-ci maddələrinə əsasən bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Nəzərə alınmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz; 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Bu baxımdan birinci instansiya məhkəməsi iddiaçının iddiasının təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 3-cü şəxsin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubu və iddiaya dair yazılı etirazla eyni məzmunlu olub, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, 3-cü şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3038/2024 saylı 27 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3038/2024 saylı 27 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Xəyalə Cəmilova X23 Orxan İsmayılov