Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1652/2021 08.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “onun əmək kitabçasında müvafiq qeydlərin aparılmasının cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədan və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “onun əmək kitabçasında müvafiq qeydlərin aparılmasının cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-509/2021 saylı 13 aprel 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 08 sentyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı ilə “SANAS” hüquq bürosu arasında bağlanmış 15.06.2017-ci il tarixli əmək müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 01 iyul 2017-ci il tarixdə hüquq əməkdaşı kimi həmin büroda fəaliyyətə başlamışdır. Tərəflər arasında bağlanmış 15.11.2017-ci il tarixli əmək müqaviləsinin Azərbaycan dilinə tərcümə edilərək notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 01 dekabr 2017-ci il tarixdə işçi kimi həmin büroda fəaliyyətə başlamışdır. Ona məxsus sosial sığorta üzrə qeydiyyat şəhadətnaməsinin təsdiq olunmuş surətlərindən görünür ki, o, Almaniya Federativ Respublikasında 21.07.2017-ci il, 10.08.2017-ci il, 19.12.2017-ci il, 10.08.2017-ci il tarixdən sosial sığorta ödəyicisi kimi qeydiyyata alınmışdır. Almaniya Federativ Respublikasında yerləşən “SANAS” hüquq bürosu tərəfindən verilmiş 2017-ci ilin iyul-dekabr aylarını əhatə edən dövr üçün, 2018-ci ilin yanvar – noyabr aylarını əhatə edən dövr üçün, 2019-cü ilin yanvar və fevral ayları üçün ümumi/xalis ödənişlərin göndərilməsi barədə məlumatların Azərbaycan dilinə tərcümə edilərək notariat qaydada təsdiq olunmuş surətlərindən görünür ki, iddiaçı Həsənov X5 Federativ Respublikasında 14050890H031 sosial sığorta nömrəsi ilə sosial sığorta ödəyicisi kimi qeydiyyata alınmış və onun adına sosial sığorta haqları Almaniya Federativ Respublikasında ödənilmişdir. Almaniya Federativ Respublikasında yerləşən “SANAS” hüquq bürosu tərəfindən 2017-ci il üçün işəgötürən tərəfindən işçiyə verilmiş fərdi gəlir vergisinin ödənilməsi haqqında arayışa əsasən İddiaçı HSNVMNİE90H05Z saylı VÖEN-lə Almaniya Federativ Respublikasında qeydiyyata alınmışdır. Almaniya Federativ Respublikasında yerləşən “SANAS” hüquq bürosu tərəfindən verilmiş 29.11.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı 01.07.2017-ci il tarixindən 01.03.2019-cu il tarixinə kimi əmək müqaviləsi əsasında hüquq üzrə əməkdaş kimi fəaliyyət göstərmişdir. Əmək müqaviləsi pozulmamış və müddətsiz olmuşdur. İddiaçı əmək fəaliyyətinin onun əmək kitabçasında qeyd edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********8 saylı 04 dekabr 2019-cu il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.2.b bəndinə əsasən xarici ölkədə işləmiş Azərbaycan Respublikası vətəndaşının əmək kitabçasında onun xarici ölkədəki əmək fəaliyyəti ilə bağlı qeydlər xarici işəgötürənlə bağladığı əmək müqaviləsi və məcburi dövlət sığortasının həyata keçirildiyini təsdiq edən sənəd əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılır və təsdiq edilir. İddiaçının əmək müqaviləsi əsasında işləməsi və məcburi dövlət sığorta ödənişlərinin ölkə hüdudlarından kənarda keçirildiyi üçün əmək kitabçasında qeydlərin aparılması qeyri-mümkündür. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, onun əmək kitabçasında 01.07.2017-ci il tarixdən 01.03.2019-cu il tarixədək Almaniya Federativ Respublikasında yerləşən “SANAS” hüquq börosunda hüquqşünas vəzifəsində işləməsi barədə qeydlərin aparılmasının və təsdiq edilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2014-2016-cı illərdə Almaniya Federativ Respublikasında Münhen Ludviq-Maksimilians Universitetində hüquq üzrə magistr təhsili almış, təhsil aldıqdan sonra 01.07.2017-ci il tarixdən 01.03.2019-cu il tarixədək “SANAS” hüquq bürosunda hüquqşünas kimi fəaliyyət göstərmişdir. O, hazırki tələblə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, onun tələbinin təmin olunmasından imtina edilmişdir ki, o da cavabdehin imtinasını tamamilə qanunsuz və əsassız hesab edir. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, İddiaçı iddia ərizəsində əsaslandırdığı iddia tələbi təmin edilməməlidir. Başqa dövlətin ərazisində əmək fəaliyyəti dövrü: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Eynilə, Qanunun 23-cü maddəsinə görə vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə) məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Hər üç normanın məzmunundan da göründüyü kimi, şəxsin işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt işlədiyi həmin dövr üçün müvafiq icra hakimiyyəti orqanına dövlət sosial sığorta haqlarının ödənilməsidir. İddiaçı vəziyyətində isə əmək fəaliyyəti dövründə sığortaedən tərəfindən sosial sığorta haqları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ödənilmədiyindən həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi qanunun tələblərinə uyğun deyil. Bununla yanaşı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 6-cı bəndinə əsasən xarici ölkədə işləmiş Azərbaycan Respublikası vətəndaşının əmək kitabçasında onun xarici ölkədəki əmək fəaliyyəti ilə bağlı qeydlər xarici işəgötürənlə bağladığı əmək müqaviləsi və məcburi dövlət sığortasının həyata keçirildiyini təsdiq edən sənəd əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır və təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.2.b bəndinə əsasən xarici ölkədə işləmiş Azərbaycan Respublikası vətəndaşlarının əmək kitabçasında onun xarici ölkədəki məcburi dövlət sığortasının həyata keçirilməsini təsdiq edən sənəd əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Xarici dövlətin ərazisində Azərbaycan Respublikası vətəndaşları əmək fəaliyyəti ilə məşğul olmağa başladıqda həyata keçirilən hərəkətlər: Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 58-ci maddəsinə müvafiq olaraq 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul ola bilərlər. Azərbaycan Respublikasının vətəndaşları xarici hüquqi və ya fiziki şəxslərin birbaşa dəvəti, Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş hüquqi şəxslərin vasitəçiliyi ilə və ya fərdi qaydada xarici ölkələrdə işə düzələ bilərlər. Azərbaycan Respublikasının vətəndaşları xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduqda, hüquqlarının dövlət tərəfindən müdafiəsinin tam şəkildə təmin edilməsi məqsədi ilə təyinat ölkələrinə gəldikdən sonra 1 ay müddətində Azərbaycan Respublikasının həmin ölkədəki diplomatik nümayəndəliyində və ya konsulluğunda qeydiyyatdan keçməli və həmin ölkədə işləmələri barədə rəsmi sənəd təqdim etməlidirlər. Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları qeydiyyatdan keçən Azərbaycan Respublikasının vətəndaşları haqqında məlumatı 1 ay müddətində müvafiq icra hakimiyyəti orqanına verirlər. Müvafiq icra hakimiyyəti orqanı bu barədə müntəzəm olaraq müvafiq icra hakimiyyəti orqanlarını xəbərdar etməlidir. Xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının işlədikləri ölkədə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və va konsulluğu olmadıqda, onlar 1 ay müddətində işləmələri barədə rəsmi sənədi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına göndərməlidirlər. Cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-509/2021 saylı 13 aprel 2021-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə qərarını qanunsuz və əsassız hesab edir. Tərəflərin izahatları: İddiaçı oğlu iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək bildirmişdi ki, onun müraciəti hüquqlarının dövlət tərəfindən müdafiəsinin təmin edilməsi ilə əlaqədar olmamışdır, bu səbəbdən də konsulluğa 1 ay müddətində müraciət etməmişdir. Onun Almaniya Respublikasında əmək fəaliyyəti ilə məşğul olub, sosial ödənişləri Azərbaycan Respublikasına etməsi mümkünsüzdür. Bununla bağlı iddiaçı apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı onun əmək kitabçasında 01.07.2017-ci il tarixdən 01.03.2019-cu il tarixədək Almaniya Federativ Respublikasında yerləşən “SANAS” hüquq bürosunda hüquqşünas vəzifəsində işləməsi barədə qeydlərin aparılmasının və təsdiq edilməsinin cavabdehə həvalə edilməsi ilə bağlıdır. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tələbinin təmin edilməsindən imtina etmiş, o da hazırki tələblə məhkəməyə müraciət etmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddianın təmin edilməməsi qənaətinə gələrkən iddiaçının 01.07.2017-ci il tarixdən 01.03.2019-cu il tarixədək Almaniya Federativ Respublikasında fəaliyyət göstərən “SANAS” hüquq bürosunda hüquqşünas kimi fəaliyyət göstərməsi ilə əlaqədar vergilərin, həmçinin, sığortaedən tərəfindən sosial sığorta haqqının Almaniya Federativ Respublikasının müvafiq orqanlarına ödənilməsinə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına isə heç bir sosial sığorta haqqının ödənilməməsinə, eləcə də iddiaçı tərəfindən məcburi dövlət sosial sığortanın Azərbaycan Respublikasında həyata keçirdiyini təsdiq edən sübutun təqdim edilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.6-cı maddəsinə əsasən xarici ölkədə işləmiş Azərbaycan Respublikası vətəndaşının əmək kitabçasında onun xarici ölkədəki əmək fəaliyyəti ilə bağlı qeydlər xarici işəgötürənlə bağladığı əmək müqaviləsi və məcburi dövlət sığortasının həyata keçirildiyini təsdiq edən sənəd əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır və təsdiq edilir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 15 aprel 1999cu il tarixli 122 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 186 nömrəli 1996-cı il 26 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 3.2.b bəndinə əsasən xarici ölkədə işləmiş Azərbaycan Respublikası vətəndaşının əmək kitabçasında onun xarici ölkədəki əmək fəaliyyəti ilə bağlı qeydlər xarici işəgötürənlə bağladığı əmək müqaviləsi və məcburi dövlət sığortasının həyata keçirildiyini təsdiq edən sənəd əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılır və təsdiq edilir. Göründüyü kimi, iddiaçının tələb etdiyi qeydlərin aparılması səlahiyyəti qanunla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aid edildiyi üçün iddiaçının həmin orqana qarşı qaldırdığı iddia mümkündür. İddianın əsaslılığı ilə bağlı qeyd olunur ki, iddiaçı iddiasının əsası kimi onun xarici ölkədəki əmək fəaliyyətini təsdiq edən işəgötürənlə, yəni “SANAS” hüquq bürosu ilə onun arasında bağlanmış əmək müqaviləsini və işlədiyi müddətdə adına sosial sığorta haqlarının Almaniya Federativ Respublikasında ödənilməsi ilə bağlı sənədləri təqdim etmişdir. Qeyd olunan əmək müqaviləsindən həqiqətən də iddiaçının Almaniya Federativ Respublikasında yerləşən “SANAS” hüquq bürosunda hüquq əməkdaşı kimi çalışması müəyyən olunur. İddiaçının işlədiyi dövrdə məcburi dövlət sığorta haqlarının ödənilməsi ilə bağlı təqdim etdiyi arayış və məlumatlardan isə adına sosial sığorta haqlarının Almaniya Federativ Respublikasında ödənildiyi aydın olur. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində sosial sığortanın 2 forması- məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta müəyyən olunmuşdur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. Həmin Qanunun “Məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər” adlanan 12-ci maddəsində əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları məcburi dövlət sosial sığortası ilə əhatə olunan şəxslər sırasına daxil edilmişdir. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən sığortaedənlərin məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. Həmin Qanunun 8-ci maddəsinə əsasən sığortaçı — Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslərdir. ““Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 7 aprel 1997-ci il tarixli 568 saylı Fərmanının 2.1-1-ci bəndinə görə “Sosial sığorta haqqında” Qanunun 8-ci maddəsinin ikinci hissəsində, 13.4-cü maddəsində (birinci halda) və 28-ci maddəsinin birinci hissəsində “orqan” dedikdə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli 377 saylı Fərmanının 2.3-cü bəndində göstərilmişdi ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci, 11.1-ci, 18.6-cı, 21.2.2-ci, 21.2.4-cü, 23.1-ci, 25ci, 29.3-cü, 30.1-ci (birinci və ikinci cümlələrində), 30.1-1-ci, 31.1-ci, 31.1-1-ci, 31.2-ci və 32.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Həmin Qanunun 25-ci maddəsinə əsasən sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur. Həmin Qanunun “Yekun müddəalar” adlanan V fəslinə aid olan 31-ci maddəsində göstərilmişdi ki, Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq müqavilələrdə bu Qanundan fərqli qaydalar müəyyən edildikdə beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir. Beləliklə, qeyd olunan maddi hüquq normalarının tələblərinə görə iş üzrə iddiaçının Azərbaycan Respublikasının vətəndaşı olaraq xarici dövlətin ərazisində yerləşən iş yerində işləməsi ilə bağlı sosial sığorta ödəmələrinin sığortaçı olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müəyyən etdiyi orqana ödənilməsi tələb olunur. Lakin işdən görünür ki, iddiaçı üçün xaricdə işlədiyi müəssisə tərəfindən dövlət sosial sığorta Almaniya Federativ Respublikası üçün həyata keçirilmişdir. Odur ki, bu barədə iddiaçının təqdim etdiyi sənəd onun Azərbaycan Respublikasının vətəndaşı kimi məcburi dövlət sığortasının aparıldığını təsdiq edən sənəd kimi qəbul edilə bilməz. Belə olan halda iddiaçının tələb etdiyi qeydin onun əmək kitabçasında aparılması üçün əsas olan qanunvericilikdə müəyyən edilmiş ikinci şərt- məcburi dövlət sığortasının həyata keçirildiyini təsdiq edən sənədin təqdim edilməsi şərti ödənilmir. Digər tərəfdən, iddiaçının işlədiyi müəssisənin yerləşdiyi xarici dövlət- Almaniya Federativ Respublikası ilə Azərbaycan Respublikası arasında sözügedən münasibəti tənzimləyən saziş də mövcud deyildir. Bundan başqa, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 58.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduqda, hüquqlarının dövlət tərəfindən müdafiəsinin tam şəkildə təmin edilməsi məqsədi ilə təyinat ölkələrinə gəldikdən sonra 1 ay müddətində Azərbaycan Respublikasının həmin ölkədəki diplomatik nümayəndəliyində və ya konsulluğunda qeydiyyatdan keçməli və həmin ölkədə işləmələri barədə rəsmi sənəd təqdim etməlidirlər. Həmin Məcəllənin 58.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları qeydiyyatdan keçən Azərbaycan Respublikasının vətəndaşları haqqında məlumatı 1 ay müddətində müvafiq icra hakimiyyəti orqanına verirlər. Müvafiq icra hakimiyyəti orqanı bu barədə müntəzəm olaraq müvafiq icra hakimiyyəti orqanlarını xəbərdar etməlidir. “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2013-cü il tarixli 938 saylı Fərmanının 5.6-cı və 5.15-ci bəndlərinə əsasən Miqrasiya Məcəlləsinin 58.4-cü maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həyata keçirir, 58.4-cü maddəsinin ikinci cümləsində “müvafiq icra hakimiyyəti orqanları” dedikdə isə, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur. Hazırki işdə isə iddiaçının xarici ölkədəki əmək fəaliyyəti ilə bağlı rəsmi sənədi Azərbaycan Respublikasının həmin ölkədəki diplomatik nümayəndəliyində və ya konsulluğuna təqdim etməsi, sonuncunun isə bu məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ötürməsi müəyyən olunmur. Bu halları təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Halbuki inzibati prosessual qanunvericiliyin tələbinə görə iddiaçı inzibati orqandan inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsini tələb etdikdə belə hərəkətlərin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır. Beləliklə, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. İddiaçının apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, məhkəmə kollegiyası həmin dəlilləri bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı qəbul etmir və hesab edir ki, həmin dəlillər qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi və iddia tələbinin təmin olunması üçün əsas yaratmır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin iddianın rədd olunması barədə qəbul etdiyi qərar dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-509/2021 saylı 13 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-1652/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1652/2021
08.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver