Məhkəmə qərarları › İş №2-1(103)-1653/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1653/2020

12.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1653/2020 12.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, İddiaçı nümayəndəsi Nümayəndə, cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin tabeliyində Dövlət X4 publik hüquqi şəxsin Bakı şəhəri Nəsimi rayon nümayəndəliyinin nümayəndəsi X1 iştirakı ilə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4168/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ona 1949-1988-ci illərdə Ermənistan SSR Masis rayonunun Zəngilan kənd sovxozunda işlədiyi dövr üzrə 39 il iş stajı nəzərə alınmaqla “Əmək pensiyaları haqqında” AR Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 27.2-ci maddəsinə əsasən, yəni sığorta stajının hər ili üçün 1,94 manat sığorta hissəsi müəyyən edilməklə pensiyasının xx.xx.2011-ci il tarixdən xx.xx.2018-ci il tarixədək yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə iddiaçının həmin müəssisədə işləməsini araşdırmadan qərar qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsi İK-nın 2-1(103)-573/2020 nömrəli iş üzrə xx.xx.2020ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarla razılaşmayan cavabdeh ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İK-nın 2-1(102)-1308/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi İK-nın xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat vermiş, iddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) tələblərinə müvafiq qaydada araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Şikayət qərarın ləğvi tələbinə dair hissədə əsaslıdır. Ali Məhkəmənin iş üzrə qərarında göstərilmişdir ki, “... iddia tələbinin hüquqi əsasını təşkil edən “Əmək pensiyaları haqqında” Qanunun 27.2-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına görə 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək olan dövrdə pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, 2006-cı il yanvarın 1-dək nəzərə alınmış sığorta stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixindən yenidən hesablanır. Bu normanın dispozisiya şərtlərindən göründüyü kimi 27.2-ci maddəsinə əsasən pensiyanın yenidən hesablanması üçün şərtlərdən biri - pensiyaçının məhz 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək olan dövrdə pensiyaya çıxmış olmasıdır. Lakin işin faktik hallarından görünür ki, iddiaçıya 2006-cı ildən əvvəl, yəni 1988-ci ildə pensiya təyin olunmuşdur. Məhkəmələr bu dispozisyia şərtinin mövcud olmadığı təqdirdə iddiaçıya münasibətdə onun tətbiqinin mümkünlüyünü əsaslandırmamışdır. Bundan başqa, iş materiallarından görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçının 1949-cu ildən 1988-ci ilədək sovxozda işləməsi faktı müəyyən edilmişdir. Bundan sonra sosial təminatı həyata keçirən inzibati orqan tərəfindən iddiaçının pensiyası yenidən hesablanmışdır. İddiaçının nümayəndəsi sonradan inzibati orqana müraciət edərək (səh. 18, 44) Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş əlavə iş stajına əsasən pensiyanın xx.xx.2006-cı il tarixdən hesablanmasını tələb etmişdir. Lakin bu ərizələrin heç birində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 27.2-ci maddəsinə əsasən, yəni hər il iş stajı üçün 1,94 manat olmaqla pensiyasının xx.xx.2011-ci il tarixdən xx.xx.2018-ci il tarixədək yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi tələb olunmamışdır. Halbuki, bu hal iddianın mümkün sayılması üçün vacib olan şərtlərdən biridir.” İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında əks olunan göstərişlərin icrası ilə bağlı ilk olaraq bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarına əsasən, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunubolunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır. Belə bir yoxlamadan hərəkətlə, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin sübuta yetirilməsi yükü iddiaçının üzərindədir. Bu baxımdan, məcburetmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi iddiaçının hüquqi mövqeyini genişləndirən əlverişli inzibati aktın qəbul edilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 5. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.2, 33.1, 35.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsinə dair sübutetmə yükü iddiaçının üzərindədir. Lakin, məcburetmə haqqında hazırkı iddianın mümkün sayılması üçün iddia qaldırılmazdan əvvəl inzibati orqana eyni tələblə rəsmi müraciət edilməsi şərtinə iş üzrə əməl olunmur. Belə ki, iddiaçının tələbi “1949-1988-ci illərdə Ermənistan SSR Masis rayonunun Zəngilan kənd sovxozunda işlədiyi dövr üzrə 39 il iş stajı nəzərə alınmaqla “Əmək pensiyaları haqqında” AR Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 27.2-ci maddəsinə əsasən, yəni sığorta stajının hər ili üçün 1,94 manat sığorta hissəsi müəyyən edilməklə pensiyasının xx.xx.2011-ci il tarixdən xx.xx.2018-ci il tarixədək yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi” ilə bağlı olsa da, onun cavabadehə xx.xx.2019-cu il tarixdə təqdim olunan ərizəsi (iş vərəqi-44) “... Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsini icra edərək, yaşa görə əmək pensiyasını yenidən hesablayaraq, pensiya ödənişinin yeni məbləğdə ödənilməsi”, xx.xx.2019-cu il tarixdə təqdim olunan ərizəsi (iş vərəqi-18) isə “... pensiyanın məbləğini xx.xx.2006-cı il tarixdən yenidən hesablayaraq, yaranacaq məbləğin birdəfəlik ödənilməsi” barədə olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, iddiaçı mübahisə predmeti ilə bağlı rəsmi qaydada əvvəlcə cavabdehə müraciət etmədiyindən, onun indiki tələbə dair iddiası mümkün sayılmamalıdır. Şikayət verilən qərardan isə görünür ki, birinci instansiya məhkəməsi işin müzakirə olunan hallarına düzgün hüquqi qiymət verməmiş, mümkün sayılmayan iddiaya mahiyyəti üzrə baxıb, prosessual hüquq normalarını pozmaqla, nəticədə səhv qərar qəbul etmişdir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayəti ilə, onun mübahisənin bilavasitə mahiyyəti ilə bağlı olan dəlillərinin müzakirəsinə lüzum görmədən, qərarın ləğvi hissədə qismən razılaşır. Yekunda, inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli (İPM-87.6), iddia mümkün sayılmamalı (İPM-35.1), apellyasiya şikayəti qismən təmin olunmalıdır. Göstərilənlərə əsasən və İPM-in 35, 68, 80, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4168/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin tabeliyində Dövlət X4 publik hüquqi şəxsin Bakı şəhəri Nəsimi rayon nümayəndəliyinə qarşı ona 1949-1988-ci illərdə Ermənistan SSR Masis rayonunun Zəngilan kənd sovxozunda işlədiyi dövr üzrə 39 il iş stajı nəzərə alınmaqla “Əmək pensiyaları haqqında” AR Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 27.2-ci maddəsinə əsasən, yəni sığorta stajının hər ili üçün 1,94 manat sığorta hissəsi müəyyən edilməklə pensiyasının xx.xx.2011-ci il tarixdən xx.xx.2018-ci il tarixədək yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar