Məhkəmə qərarları › İş №2-1(103)-1653/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1653/2021

22.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1653/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Hüseynin sədrliyi və məruzəsi ilə, Afaq Bayram qızı Nuriyeva və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçının nümayəndəsi X3 və cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2-1(112)-2092/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir Bakı İnzibati Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2-1(112)-2092/2021 saylı qərardadı ilə iddia geri götürülmüş sayılmış və inzibati iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və inzibati işin Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilmiş ********** nömrəli mobil nömrə İddiaçı MMC-nin Hüquq Departamentinin direktoru X1 məxsus olmuş və hal-hazırda onun istifadəsindədir. Ayazbəy Əhmədov 12.02.2021-ci il tarixdən Covid-19 koronavirus xəstəliyinə tutulmuş və 26.03.2021-ci il tarixədək müalicə almışdır. Daha sonra isə 30.03.2021-ci il tarixli, 522/K nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Qeyd olunan məhkəmə iclaslarının vaxtı barədə İddiaçı MMC-yə heç bir məlumat verilməmişdir. Göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi yalnız iddia ərizəsinə qeyd olunan 055 2113031 mobil nömrəsinə 22.04.2021-ci il tarixli məhkəmə iclasının vaxtı barədə “SMS xəbərdarlığın AZEMİS” vasitəsilə (elektron məhkəmə sistemi) məlumat vermişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə iddia geri götürülmüş sayılmış və inzibati iş üzrə icraata xitam verilmiş, ona istinad olunmuşdur ki, İddia ərizəsi məhkəmənin icraatına qəbul olunmuş və iş üzrə məhkəmə iclasları 17.12.2020-ci il, 16.03.2021-ci il, və 22.04.2021-ci il tarixlərə təyin edilmişdir. İş materiallarından görünür ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi ********** mobil nömrəsinə 22.04.2021-ci tarixli məhkəmə iclasının vaxtı barədə iddiaçıya “SMS xəbərdarlığın AZEMİS” vasitəsi ilə (elektron məhkəmət sistemi) məlumat verilmişdir. Lakin, iş materiallarından göründüyü kimi, iddiaçı iş üzrə təyin edilmiş məhkəmə iclaslarına gəlməmiş və səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Göründüyü kimi, iddiaçı 16.03.2021-ci il və 22.04.2021-ci tarixli məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Hazırki vəziyyətdə iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmışdır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, işin materiallarını və iddiaçının apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası İPM-nin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair» 29 aprel 2014-cü il tarixli qərarında göstərilmişdir ki, «İddiaçının ciddi nəticələrlə üzləşə biləcəyini, habelə məhkəməyə müraciət etmək hüququnun demokratik cəmiyyətdə vacibliyini nəzərə alaraq, məhkəmə bu tələbi iddiaçıya onun davranışı haqqında tutarlı və mötəbər dəlillərə malik olduğu təqdirdə irəli sürə bilər. Bundan əlavə, öz məqsədlərinə nail olmaq üçün tələb aşağıdakı şərtlərə cavab verməlidir: - məhkəmənin iddiaçıdan konket olaraq nə gözlədiyi göstərilməlidir (məsələn, müvafiq sənədləri və digər sübutları təqdim etmək və ya iddianı əsaslandırmaq və s.); - tələbin məhz məhkəmə (müvafiq hakim) tərəfindən irəli sürüldüyü aşkar bilinməlidir və buna görə o, hakimin imzası ilə təsdiq olunmalıdır; - tələb iddiaçıya sübut oluna biləcək qaydada çatdırılmalıdır (təqdim olunmalıdır); - tələbin iddiaçı tərəfindən yerinə yetirilməməsinin hüquqi nəticələri (iddianın geri götürülmüş sayılması və prosessual xərclərin ödənilməsi vəzifəsi) qanunun müvafiq maddələrinə istinad edilməklə aydın şəkildə ifadə olunmalıdır. Məhkəmənin bu meyarlara cavab verən tələbinin irəli sürülməsinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia məhkəmə tərəfindən geri götürülmüş sayılır. Yuxarıda göstərilən qaydaların məhkəmələr tərəfindən pozulması məhkəməyə müraciət etmək hüququnun qeyri-mütənasib şəkildə məhdudlaşdırılmasına gətirib çıxara bilər. Beləliklə, İPM-in 55.3-cü maddəsi Konstitusiya Məhkəməsi Plenumunun müəyyən etdiyi qaydada düzgün və dürüst tətbiq olunduqda, Konstitusiyanın 60-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnu pozmur. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında Azərbaycan Respublikası İPM-nin 55.3-cü maddəsinin məhkəmə təcrübəsində düzgün tətbiqinin şərtlərini müəyyən etmişdir. İstinad olunan normanın tələbinə görə iddianın geri götürülmüş sayılması üçün əsas şərt şəxsin 30 gündən artıq müddətə məhkəmə icraatından yayınmasıdır. İşin materiallarından görünür ki, 17.12.2020-ci il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı barədə tərəflərə məhkəmə bildirişi göndərilmiş, lakin məhkəmə bildirişinin iddiaçıya çatdırılmasına dair hər hansı sənəd iş materiallarında mövcud deyildir. 17.12.2020-ci il tarixli məhkəmə iclası koronovirus infeksiyasına (COVİD-19) qarşı mübarizənin təşkil edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun müvafiq qərarlarında olan tövsiyyələri nəzərə alınaraq işə baxılması 16.03.2021-ci il tarixə təxirə salınmış, 16.03.2021-ci il tarixli məhkəmə iclasının vaxtı barədə məhkəmə bildirişi tərəflərə göndərilsə də, bildirişin iddiaçıya çatdırılmasına dair hər hansı sənəd iş materiallarında mövcud olmamış, 22.04.2021-ci il tarixə təyin edilmiş sonuncu məhkəmə iclası barədə isə iddiaçıya iddia ərizəsində qeyd olunan 055 2113031 mobil nömrəsinə sadəcə sms bildiriş göndərilmiş, məhkəmə bildirişi isə göndərilməmiş, tələbin iddiaçı tərəfindən yerinə yetirilməməsinin hüquqi nəticələri (iddianın geri götürülmüş sayılması və prosessual xərclərin ödənilməsi vəzifəsi) qanunun müvafiq maddələrinə istinad edilməklə aydın şəkildə ifadə olunmamışdır. Apellyasiya şikayətinə əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı MMC-nin Hüquq Departamentinin direktoru olmuş X2 12.02.2021-ci il tarixdən Covid-19 koronavirus xəstəliyinə tutulmuş və 26.03.2021-ci il tarixədək müalicə almışdır. Daha sonra isə 30.03.2021-ci il tarixli, 522/K nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının məhkəmə icraatından yayınması işin materiallarından müəyyən edilmədiyindən, hazırki iddianın geri götürülmüş sayılması üçün Azərbaycan Respublikası İPM-in 55.3-cü maddəsində nəzərdə tutulmuş prosessual əsaslar olmamışdır. Odur ki, iddiaçı tərəfindən verilmiş şikayət təmin olunmalı, birinci instansiya məhkəməsinin iş üzrə qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 87, 89-90, 94-cü maddələrini rəhbər tutaraq, Kollegiya qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2-1(112)-2092/2021 saylı qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Sədrlik edən Aida Hüseyn Hakimlər Səadət Bəktaşi Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar