Məhkəmə qərarları › İş №2-1(103)-1653/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1653/2022

05.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1653/2022 05.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati-Məhkəməsinin e-2-1(112)- 1308/2022 saylı 07.02.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı "xxxx" ASC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı Vergilər Departamentinin 23.05.2016-cı il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında №**********016686 qərarın ləğv edilməsi və 01.01.09.2012-01.09.2015-ci illər üzrə dövrü əhatə edən yoxlama nəticəsində "xxxx" ASC şəxsi hesabından əsassız silinmiş 111325,46 manat məbləğində mənfəət vergisinin və 47069,92 manat sanksiya məbləğlərinin cəmiyyətin 01.01.2021-ci il tarixinə qədər olan cari borcları ilə əvəzləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi kimi dəyişdirilməsi qəbul edilmişdir. Bakı İnzibati-Məhkəməsinin e-2-1(112)-1308/2022 saylı 07.02.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, «qərardad qanunsuz və əsassızdır. Belə ki, Qaradağ rayon Məhkəməsinin 12 iyul 2019-cu il tarixli 1(002)-02.2019 saylı qərarı ilə "xxxx" ASC-nin səyyar vergi yoxlamasının əhatə etiyi dövrdə aparılmış əməliyyatlara görə 111325,46 manat məbləğində mənfəət vergisinin yaranmadğı və dövlət büdcəsinə ödənilməli olan vergilərin ümumilikdə ƏDV üzrə 60.823,35 manat məbləğində az hesablandğı və həmin borcun ödənildiyi müəyyən edilmişdir. Həmin qərardan 2021-ci ilin fevral ayında şikayət verilmiş amma müddət buraxılması səbəbindən şikayət geri qaytarılmışdır. Bakı Vergilər Departamenti tərəfindən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********016686 №-li 23.05.2016-cı il tarixdə qəbul edilsə də həmin qərarın qanunsuz olması barədə onlara cinayət işinin araşdırılması zamanı məhkəmə-mühasibat ekspertizasının 19 dekabr 2017-ci il tarixli 9082 nömrəli və 28 yanvar 2019-cu il tarixli 28404 saylı rəyləri ilə məlum olmuş və həmin hal Qaradağ rayon Məhkəməsinin 12 iyul 2019-cu il tarixli 1(002)-02.2019 saylı qərarı ilə öz təsdiqini tapmışdır…» Məhkəmə kollegiyası iclasının vaxtı və yeri, habelə, məhkəməyə gəlmədiyi təqdirdə iştirakı olmadan işə baxılacağı barədə xəbərdar edilmiş iddiaçı (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi L.Əhmədova Bakı Vergilər Departamentinin 23.05.2016-cı il tarixli qərarının iddiaçının nümayəndəsinə təqdim olunduğu və bu barədə qərarda imzası olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərardadını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 32.1-ci maddəsinə asasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məcəllənin qeyd olunan normasının tələbi baxımından iddiaçı Bakı Vergilər Departamentinin vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********016686 №-li 23.05.2016-cı il tarixli qərarı ona təqdim olunduğu (elan) olunduğu vaxtdan 30 gün ərzində mübahisələndirə bilərdi. Lakin həmin qərarın işə əlavə olunmuş surətinə əsasən (i.v.57-58) müəyyən olunur ki, iddiaçının nümayəndəsinə (direktoru Asif Bədələva) 24.05.2016-cı il tarixində təqdim olunmuş və o, həmin qərarla tanış olub onu imzalamışdır. Hətta iddiaçı tərəfindən həmin qərarın nümayəndəsinə təqdim olunmasını danılsa belə, hazırkı apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, qərar barədə onlara cinayət işinin araşdırılması zamanı məhkəmə-mühasibat ekspertizasının 19 dekabr 2017-ci il tarixli 9082 nömrəli və 28 yanvar 2019-cu il tarixli 28404 saylı rəylərindən də məlum olmuşdur. Müəssisə tərəfindən məhkəmədə isə həmin qərarın ləğvi tələbinə dair iddia 18.016.2021-ci il tarixində irəli sürülmüşdür. Başqa sözlə, iddiaçı Bakı Vergilər Departamentinin **********016686 №-li 23.05.2016-cı il tarixli qərarı ona məlum olduğu vaxtdan nəinki 30 gün müddətində, hətta bir ildən də qat-qat çox olan müddət ötürülməklə mübahisələndirilmişdir. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.12-ci maddəsinə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin Məcəllənin 68.4-cü maddəsinə əsasən, qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Digər tərəfdən İPM-in 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz Qanunverciliyin qeyd olunan tələblərindən göründüyü kimi, bir müddəti keçdikdən sonra nəinki, qərarın ləğv olunması tələb oluna bilməz, hətta həmin qərarı mübahisələndirmək üçün buraxılmış müddətin bərpası barədə ərizə belə verilə bilməz. Belə olan halda iddiaçının hazırkı Bakı Vergilər Departamentinin 23.05.2016-cı il tarixli qərarının ləğv olunması tələbinə dair iddia ərizəsi prosessual qaydalara uyğun əsaslandırılmış iddia kimi qiymətləndirilə bilməz. İPM-in 35.1-ci maddəsinin mənasından da görünür ki, bu Məcəllənin tələblərinə uyğun qaydada verilməsi əsaslandırıldığı halda, mübahisələndirmə haqqında iddia mümkün sayıla bilər. Əks halda, məhkəmə, həmin Mcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmamasını düzgün nəticə kimi qiymətləndirir. Ona görə də iddiaçının apellyasiya şikayətinin Bakı İnzibati-Məhkəməsinin 2-1(112)-1308/2022 saylı 07.02.2022-ci tarixli qərardadının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, həmin qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati-Məhkəməsinin 2-1(112)-1308/2022 saylı 07.02.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Cahangir Yusifov Hakimlər Həmid Həmidov Vidadi Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar