Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1654/2020 23.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Emin Əlixan oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, İddiaçı və onun nümayəndəsi Nümayəndə Əsgər qızının, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Bakı şəhəri 1 saylı xidmət nümayəndəliyinin nümayəndəsi X1 iştirakı ilə əlilliyə görə əmək pensiyanın təyin edilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3070/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, əmək kitabçasında qeyd edilən və cavabdeh tərəfindən mübahisələndirilməyən iş stajının, həmçinin, onun xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək “xxxx” LTD firmasında, eləcə də xx.xx.1995-ci ildən xx.xx.2005-ci ilədək “Ozan” qəzetində müxbir vəzifəsində işlədiyi dövrün sosial sığorta stajı kimi nəzərə alınmaqla, ona 2-ci qrup əlilliyə görə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi İK-nın 2-1(103)-87/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərarla razılaşmayan cavabdeh ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İK-nın 2-1(102)-1462/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi İK-nın xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək “xxxx” LTD Firmasında, xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tarixədək “Ozan” qəzetində işlədiyi dövrü təsdiq etmək mümkün olmadığından, əmək pensiyası almaq hüququ yaranmır. Bu səbəbdən onun işlədiyi dövr sığorta stajına daxil edilə və pensiya hüququnun müəyyən edilməsi zamanı nəzərə alına bilməz. Apellyasiya şikayətinə əlavənin dəlillərinə görə, “Əmək pensiyaları haqqında” AR Qanununun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Bu normadan göründüyü kimi, İİ və İİİ qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün iki şərtin mövcud olması mütləqdir: 1) ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olması; 2) əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması. Bu şərtlərdən hər hansı birinin olmaması əlilliyə görə pensiya təyin edilməsini istisna edir. Ona görə də əlilliyə görə pensiya təyin edilməsi üçün bu şərtlərin hər ikisinin mövcudluğu araşdırılmalıdır. Adıçəkilən Qanunun 12.1-ci maddəsində göstərilən “əmək qabiliyyətli yaş dövrü” ifadəsi şəxsin qanunla əmək fəaliyyət qabiliyyətli yaşa çatdıqdan sonrakı dövrü əhatə edir ki, bu da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsinə əsasən 15 yaş müəyyən edilmişdir. Bu halda iddiaçının xx.xx.1957-ci il təvəllüdlü olması və ona xx.xx.2019-cu il tarixdə İİ dərəcə əlillik müəyyən edilməsi nəzərə alınmaqla, ona əlilliyə görə əmək pensiyası hüququ yaranması üçün 15 il 8 ay sığorta stajı ((əlillik dərəcəsi verilərkən tamam olan 62 yaş - əmək qabiliyyətli yaş dövrü 15 yaş = 47) x 4 ay = 188 ay = 15 il 8 ay) və fərdi hesabın sığorta hissəsində 22.560 manat pensiya kapitalı tələb olunur. İddiaçının təqdim etdiyi sənədlərə əsasən nə tələb olunan sığorta stajı, nə də ki, 22.560 manat manat pensiya kapitalı olmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 13.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. Qanunun 13.3-cü maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği düsturla müəyyən edilir. Qanunun 27.1-ci maddəsinə əsasən, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. İddiaçının fərdi hesabında 2006-cı il yanvar ayının 1-dən sonra pensiya kapitalı mövcud olmadığından və iş stajı 2006-cı ilə qədər mövcud olduğundan, ona münasibətdə pensiya kapitalı Qanunun 27.1-ci maddəsinə əsasən hesablanır. Qeyd edir ki, hətta iddiaçının cavabdeh tərəfindən sosial sığorta stajına daxil edilməkdən haqlı olaraq imtina edilən 13 ilə qədər müddət daxil edilsə və iddiaçının iddia etdiyi kimi 27 il 7 ay üçün pensiya kapitalı hesablansa belə, yenə də 19.929,57 manat pensiya kapitalı yaranır ki, bu da tələb olunan 22.560 manata çatmır. Lakin birinci instansiya məhkəməsi iddiaçının fərdi hesabının sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən kapitala malik olub-olmadığını ümumiyyətlə araşdırmamış, tələb olunan sığorta stajı müddətinə isə düzgün hüquqi qiymət verməmişdir, iddiaçının əmək kitabçasındakı qeydlərdən başqa iş materiallarında iddiaçının qeyd olunan illərdə “xxxx” LTD firmasında və “Ozan” qəzetində çalışmasını təsdiq edən mötəbər sübut (əmr kitablarında iddiaçının işləməsi barədə hər hansı qeyd, işə qəbul, işdən çıxma əmrləri, əmək haqqı cədvəllərində əmək haqqı hesablanması barədə məlumat və sair), ümumiyyətlə, həmin müəssisələrin, həqiqətən həmin illərdə mövcud olması, fəaliyyət göstərməsi barədə hər hansı məlumat yoxdur. Cavabdehin nümayəndəsinin yazılı izahatına görə, iddiaçının əlilliyə görə əmək pensiyası hüququ yaranması üçün 15 il 8 ay sığorta stajı (47 il (əlillik dərəcəsi verilərkən tamam olan 62 yaş əmək qabiliyyətli yaş dövrü 15 yaş = 47) x 4 ay = 188 ay = 15 il 8 ay) və fərdi hesabın sığorta hissəsində 22.560 manat pensiya kapitalı (141x160=22.560) tələb olunur (tələb olunan pensiya kapitalı barədə PAS-dan çıxarış əlavə edilir). Belə ki, əlilliyə görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən təyin edilir. Həmin Qanunun 6-1-ci maddəsinin xx.xx.2019-cu il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat məbləğində müəyyən olunur. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği düsturla müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Həmin Qanunun 29.1-1-ci maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan normaların tələblərinə əsasən, iddiaçının iş stajı 2006-cı ilə qədər mövcud olduğundan və fərdi hesabında 2006-cı il yanvar ayının 1-dən sonra pensiya kapitalı mövcud olmadığından, ona münasibətdə pensiya kapitalı Qanunun 27 və 29-cu maddələrinin tələblərinə əsasən hesablanır. İddiaçının isə əmək kitabçasına əsasən sığorta stajı 14 il 6 ay 18 gün və buna müvafiq olaraq sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləği 10.785,54 manat təşkil edir (bu DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məktubu əlavə edilir) Qeyd edir ki, hətta iddiaçının cavabdeh tərəfindən sosial sığorta stajına daxil edilməkdən haqlı olaraq imtina edilən xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək “xxxx” LTD firmasında, eləcə də xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tarixədək “Ozan” qəzetində işlədiyi dövr daxil edilsə belə, iddiaçının 27 il 5 ay 14 gün (stajın hesablanması barədə çıxarış əlavə edilir) iş stajı yaranmış olar ki, həmin dövr pensiya kapitalına çevrildikdə yenə də iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Belə ki, iddiaçının 27 il 5 ay 14 günlük stajı “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən hesablandıqda 8.401,24 manat (27 x 306 + 306/12 x 5 + 306/365 x 14 = 8.262 + 127,5+11,74 = 8.401,24 manat) pensiya kapitalı yaranır. Həmin məbləğ isə 29.1-ci maddənin tələblərinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə (Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” sərəncamlarına əsasən orta aylıq nominal əməkhaqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə) uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirildikdə 8.401,24 + 8.3% + 16.7% + 20.8% + 1.5% + 5.7% + 7.9% + 1.1% + 2.4% + 1.4% + 4% + 12.4% + 5.7% + 3% = 19.836,87 manat alınır ki, bu da iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb edilən 22.560 manatdan azdır (19.836,87 < 22.560). Buna görə də, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Bu isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.3-cü maddəsinin tələblərinə əsasən aşağıdakı qaydada müəyyən edilir: Tələb olunan sığorta stajı 192-ə bölünməklə sığorta davamiyyəti əmsalı tapılır: 188/192 = 0,9792. Sığortaolunanın sığorta davamiyyəti əmsalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına vurulur (0,9792 x 144 = 141) və pensiya sığorta kapitalı (PSK=19.836,87) alınmış rəqəmə bölünərək (19.836,87/141 = 140,69 manat) pensiyanın məbləği 140,69 manat məbləğində müəyyən edilir (140,69 < 160). Göründüyü kimi, bu məbləğ “Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsinin xx xxxxxxx 2019-cu il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 160 manat müəyyən edilən manat əmək pensiyasının minimum məbləğindən azdır. Yəni imtina edilən illər iddiaçının sığorta stajına daxil edilsə belə, onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (19.836,87 manat) əmək pensiyasının minimum məbləğindən (160 manat) az olmayan pensiya təminatına imkan vermir. Beləliklə, yuxarıda qeyd edilənlər iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsində İİ və İİİ qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün mütləq olan iki şərtdən biri - əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması şərtinin ödənilməməsini təsdiq edir ki, bu şərtlərdən hər hansı birinin olmaması əlilliyə görə pensiya təyin edilməsini istisna edir. Əlavə olaraq qeyd edir ki, əmək kitabçasına əsasən iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək “xxxx” LTD firmasında və xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tarixədək “Ozan” qəzetində işlədiyini iddia etdiyi dövr apellyasiya şikayəti və ona əlavədə qeyd edilmiş səbəblərdən sığorta stajına daxil edilə bilməz. Həmin müddət nəzərə alınmadıqda isə iddiaçının ümumilikdə 14 il 06 ay 18 gün sığorta stajı var ki, bu da ona münasibətdə İİ qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb edilən 15 il 8 ay stajdan azdır. Bu halda iddiaçının pensiya kapitalı da yuxarıda qeyd olunan qaydada hesablanaraq indeksləşdirildikdə 10.785,54 manat təşkil edir ki, bu da əmək pensiyasının minimum məbləğindən (160) az olmayan pensiya təminatına imkan vermir (10.785,54/141 = 76,49). Beləki, 76,49 < 160. İddiaçının yazılı izahatına görə, onun tələb olunan sosial sığorta stajının və pensiya kapitalının olub-olmamasına nəzər yetirdikdə, o, xx.xx.1957-ci il tarixdə anadan olmuşdur, xx.xx.2019-cu il tarixdə ona İİ dərəcəli əlillik təyin olunmuşdur. Əlilliyə görə əmək pensiyası təyin olunmasının şərtləri “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsində müəyyən edilmişdir. Həmin normaya görə, İİ qrup əlilə əlilliyə görə pensiya təyin olunması üçün iki şərt: ümumilikdə sığorta stajı 5 ildən az olmamaqla, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajının olması; əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması zəruridir. Bu şərtlərdən hər hansı birinin olmaması, əlilliyə görə pensiya təyin olunmasını istisna edir. Ona görə də əlilliyə görə pensiya təyin olunması üçün bu şərtlərin mövcudluğu araşdırılmalıdır. İddia ərizəsinə əlavə etdiyi sənədlərdən müəyyən edilir ki, xx.xx.1957-ci il təvəllüdlü olmaqla ona xx.xx.2019-cu il tarixdə İİ dərəcə əlillik müəyyən olunması nəzərə alınarsa, əlilliyə görə əmək pensiyası hüququmun yaranmasrüçün 15 il 8 ay sığorta stajı (əlillik dərəcəsi verilərkən olan 62 yaş - 15 yaş əmək qabiliyyətli olmayan yaş dövrü = 47 il) x 4 ay = 188 ay : 12 = 15 il 8 ay) olmalı, həmçinin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Onun təqdim etdiyi sənədlərdə iş stajı 27 il 7 ay təşkil edir. Hər bir halda bu staj dövrü tələb olunan 15 il 8 ay stajdan çoxdur. Ona məxsus əmək kitabçasında yazılan ümumi iş stajından əlavə başqa yerlərdə də işləmişdir. Həmin iş yerlərinin hazırda fəaliyyət göstərib-göstərməməsi barədə məlumatı yoxdur. Qeyd edilən stajı bəs etdiyinə görə həmin iş yerlərini araşdırmadı. Bundan başqa, əlilliyə görə pensiya təyin olunması üçün zəruri olan 2-ci şərt olan pensiya kapitalının məbləği ilə bağlı qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsinin xx xxxxxxx 2019-cu il tarixədək (yəni ona pensiya kapitalı çatmadığına görə pensiya təyin olunmasından imtina edildiyi xx.xx.2019-cu ildə) qüvvədə olmuş redaksiyasına əsasən, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat məbləğdə müəyyən olunur və sonradan həmin məbləğ bu Qanunun 29.1 -ci maddəsinə uyğun olaraq indeksləşdirilir. “Əmək pensiyaları haqqında” Qanunun 13.3-cü maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği düsturla müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1 -dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayma mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Bu normaya görə, onun işlədiyi dövr üçün pensiya kapitalı 8.440,5 manat müəyyən olunur ((27 il x 306) + (306 : 12 x 7 ay) = 8.440,5 manat). “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Onun xx.xx.2006-cı il tarixə olan pensiya kapitalının xx.xx.2020-ci il tarixə indeksləşdirilmiş məbləği 26.236,3 manat təşkil edir ki, bu da aşağıdakı qaydada müəyyənləşdirilir: 8.440,5 x 8,3% = 9.141,7 (2006), 9.141,7 x 16,7% = 10.668,3 (2007), 10.668,3 x 20,8% = 12.887,3 (2008), 12.887,3 x 1,5% = 13.080,7 (2009), 13.080,7 x 5,7% = 13.826,3 (2010), 13.826,3 x 7,9% = 14.918,6 (2011), 14.918,6 x 1,1% = 15.082,7 (2012), 15.082,7 x 2,4% = 15.444,7 (2013), 15.444,7 x 1,4% = 15.660,9 (2014), 15.660,9 x 4,0% = 16.287,3 (2015), 16.287,3 x 12,4% = 18.306,9 (2016), 18.306,9 7 x 12,9%.= 20.668,5 (2017), 20.668,5 x 5,7% = 21.846,6 (2018), 21.846,6 x 3,0% = 22.501,10 (2019), 22.501,10 x 16,6% = 26.236,3 manat. Sığorta davamiyyəti əmsalının tapılması üçün tələb olunan sığorta stajı 192-yə bölünməlidir: 188 ay/192= 0,979. Daha sonra sığortaolunanın sığorta davamiyyəti əmsalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına vurulur (0,979 x 144 = 141) və pensiya sığorta kapitalı (PSK = 26.236,3) alınmış rəqəmə bölünərək (26.236,3 : 141 = 186,8 manat) pensiyanın məbləği 186,8 manat məbləğində müəyyən edilir. Göründüyü kimi, bu məbləğ “Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsinin xx xxxxxxx 2019-cu il tarixədək qüvvədə olmuş redaksiyasında müəyyən olunmuş əmək pensiyasının minimum məbləğindən az deyildir. Onun əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmuşdur və ikinci qrup əlil olaraq, ona əlillik təyin olunduğu tarixdə əlilliyə görə pensiya almaq hüququ vardır. Buna görə də iddia tələbi əsaslıdır və təmin olunmalıdır. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə, apellyasiya şikayətinə əlavəyə və təqdim etdiyi yazılı izahata uyğun izahat vermiş, iddiaçı və onun nümayəndəsi yazılı izahata uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Şikayət mahiyyətcə əsaslıdır. İlk olaraq, Ali Məhkəmənin iş üzrə qərarında göstərilmişdir ki, “Bundan başqa, məhkəmə iddiaçının fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən kapitala malik olub-olmadığını araşdırmamış, bununla bağlı mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı stajı xx.xx.2006-cı ilədək topladığı üçün sosial sığorta stajı kimi deyil, ümumi iş stajı kimi nəzərə alınmalı olduğundan onun pensiya kapitalının olmaması pensiyanın təyin edilməsindən imtina üçün əsas ola bilməz. Məhkəmə kollegiyası apelyasiya instansiyasının bu mövqeyi ilə razılaşmır. xx.xx.2017-ci il tarixdən sonra İİ və ya İİİ qrup əlillik təyin olunmuş şəxslərə pensiya kapitalından asılı olmayaraq əlilliyə görə pensiya təyin olunmasına yol verən hüquq norması yoxdur. Həmin tarixdən sonra əlillik təyin olunmuş şəxslərə əlilliyə görə pensiya təyinatı zamanı, sosial sığorta stajının qazanıldığı müddətdən asılı olmayaraq, pensiya kapitalının olması mütləqdir. Apelyasiya instansiyası məhkəməsi iddiaçının iş stajına malik olması barədə qiymətləndirmə aparsa da, pensiya hüququnun yaranması üçün ikinci vacib şərt olan pensiya kapitalına malik olmasını müəyyən etməmiş, “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinin müddəasına uyğun araşdırma aparmamışdır. Həmçinin, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin qərarı cavabdeh DSMF-nin Yasamal rayon şöbəsinə qarşı çıxarılmış, həmin qərardan Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı ərazi şöbəsi tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyasiya instansiyası məhkəməsi onun şikayətinə baxıb qərar çıxarsa da, bu izibati orqanın prosessual statusunu müəyyən etməmişdir.” İPM-in 96.11-ci maddəsinə görə, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında şərh edilən göstərişlərin icrası ilə bağlı bildirir ki, xx.xx.1957-ci il təvəllüdlü iddiaçıya ikinci dərəcəli əlillik xx.xx.2019-cu il tarixdə təyin olunduğundan, onun bu əlilliklə bağlı pensiya hüququnun yaranıb-yaranmaması faktına həmin tarixdə qüvvədə olan maddi hüquq normalarının tələblərinə müvafiq qaydada hüquqi qiymət verilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyada 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Normanın təhlili göstərir ki, əlilliyə görə əmək pensiyasının təyin olunması üçün şəxs: 1) İ qrup əlil olmalı və ən azı 5 il sığorta stajına malik olmaqla, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajına malik olmalı; 2) İİ və İİİ qrup əlil olmalı, ən azı 5 il sığorta stajına malik olmaqla, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajına malik olmalı və fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan qeydə alınmış pensiya kapitalı olmalıdır. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli **********7 nömrəli imtina məktubunda qeyd etmişdir ki, iddiaçı qanunla tələb olunan sosial sığorta stajına malik deyil. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının İİ qrup əlil kimi qanunla tələb olunan sosial sığorta stajına və pensiya kapitalına malik olub-olmamasının müəyyən edilməsi üçün mübahisəyə “Əmək pensiyaları haqqında” Qanunun aşağıdakı müddəaları tətbiq olunmalıdır. Qanunun: 1.0.8-ci maddəsinə əsasən, fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; 6-1-ci maddəsinin xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyasına görə, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2017-ci il 1 iyul tarixindən 160 manat məbləğində müəyyən olunur və sonradan həmin məbləğ bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilir; 13.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir; 13.3-cü maddəsinə görə, əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta davamiyyəti əmsalıdır; 13.4. Əlilliyə görə əmək pensiyasının yığım hissəsi bu Qanunun 10.3-cü maddəsində göstərilən qaydada müəyyən edilir; 13.5. Əlilliyə görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P =SH+YH, burada: P - əlilliyə görə əmək pensiyasıdır; SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; YH - əlilliyə görə əmək pensiyasının yığım hissəsidir. 10.3-cü maddəsinə əsasən, yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq aşağıdakı düsturla müəyyən edilir: YH=PYK/T, burada: YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir; PYK- sığortaolunanın fərdi hesabının yığım hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə toplanmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; 27.1-ci maddəsinə görə, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 15-ci Misalına görə, Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək 27 il 6 ay ümumi iş stajı olan sığortaolunanın fərdi hesabının sığorta hissəsində həmin tarixədək qeydə alınmalı olan pensiya kapitalı aşağıdakı qaydada hesablanır: (27 il tam iş stajı x 306 manat) + (306 manat : 12 ay x 6 ay) =8415,0 manat. 4.2.3. x xxxx 2017-ci il tarixdən etibarən Qanuna edilmiş dəyişikliklərə əsasən, Qanunun 29.1-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, 2006-2016-cı illər üzrə isə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilir; 16-cı Misalına əsasən, 15-ci misaldakı sığortaolunanın xx.xx.2006-cı il tarixə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 8415,0 manat pensiya kapitalının xx.xx.2017-ci il tarixə indeksləşdirilmiş məbləği 18250,4 manat təşkil edir ki, bu da aşağıdakı qaydada müəyyənləşdirilir. İstehlak qiymətləri İndeksləşdirmə nəzərə alınmaqla ilin İllər indeksinin illik səviyyəsi əvvəlinə pensiya kapitalı 2006 8,3 8415,0 2007 16,7 9113,4 2008 20,8 10635,4 2009 1,5 12847,6 2010 5,7 13040,3 2011 7,9 13783,6 2012 1,1 14872,5 2013 2,4 15036,1 2014 1,4 15396,9 2015 4,0 15612,5 2016 12,4 16237,0 2017 5,7 18250,4 24-cü Misalına görə, “62 yaşı və 24 il sığorta stajı olan kişiyə xx xxxxxx 2017-ci il tarixdə İİ dərəcə əlillik müəyyən olunmuşdur. Qaydaların 4.3.3-cü yarımbəndinə əsasən, əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün onun 15 il 8 ay (62 yaş -15 yaş əmək qabiliyyətli olmayan yaş dövrü = 47) x 4 ay = 188 ay = 15 il 8 ay) sığorta stajı olduğu və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdiyi üçün əlilliyə görə əmək pensiyası hüququ yaranır.” Qeyd edilənlərə uyğun olaraq, 1957-ci il təvəllüdllü iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsi ilə tələb olunan sığorta stajı sonrakı qaydada hesablanır: ona əlillik təyin olunan 62 yaşı - 15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü = 47 yaş x 4 ay = 188 ay : 12 ay = 15 il 8 ay. Demək ki, iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin olunması üçün o, minimum 15 il 8 ay iş stajına malik olmalıdır. İddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək “xxxx” LTD firmasında, xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tarixədək “Ozan” qəzetində müxbir vəzifəsində işlədiyi dövrlər iş üzrə tərəflər arasında mübahisəlidir, iddiaçı bu illər də nəzərə alınmaqla cəmi sosial sığorta stajının 27 il 7 ay olduğunu irəli sürür, cavabdeh həmin müddətlərə etiraz edərək, iddiaçının cəmi iş stajının xx.xx.1992-ci il tarixədək cəmi 14 il 6 ay 17 gün, etiraz etdiyi müddətlər də daxil olmaqla isə bütün hallarda 27 il 5 ay 14 gün olduğunu bildirir. İddiaçının əmək kitabçalarında, iş üzrə mübahisəli dövrlər də daxil olmaqla, onun ən çoxu 27 il 6 ay staja malik olduğu göstərilmişdir. İddiaçının cəmi sosial sığorta stajının 27 il 6 ay olduğu fərz olunsa, o halda onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verib-verməməsi faktı sonrakı qaydada yoxlanılır. “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinin tələbinə görə, iddiaçının 2006-cı il yanvarın 1-dək qazanmış olduğu pensiya kapitalı həmin dövrə aid olan ümumi iş stajı, pensiya kapitalının ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq 2006-2018-ci illər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilməsi nəzərə alınmaqla, 27 x 306 + 306 : 12 x 7 = 8.441 + 8,3% + 16,7% + 20,8% + 1,5% + 5,7% + 7,9% + 1,1% + 2,4% + 1,4% + 4% + 12,4% + 5,7% + 3% = 19.869,4 manat təşkil edir ki, bu da, xx.xx.2019-cu il tarixə əmək pensiyasının minimum məbləğindən (160 manat) az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı (160 x 141 = 22.560 manat) məbləğindən azdır. Belə ki, 62 yaş - 15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü = 47 yaş x 4 ay = 188 ay tələb olunan sığorta stajı “Əmək pensiyaları haqqında” Qanunun 13.2-ci maddəsinə əsasən 192-yə bölünməklə, onun sığorta davamiyyəti əmsalı tapılır: 188 ay : 192 = 0,979. Bundan sonra, sığortaolunanın sığorta davamiyyəti əmsalı (0,979) gözlənilən pensiya ödənişi müddəti aylarının sayına (144 ay) vurulur (0,979 x 144 ay = 141) və pensiya kapitalının məbləği (19.869,4 manat) alınmış rəqəmə (141-ə) bölünərək pensiyanın məbləği (141 manat) müəyyən edilir. Alınan bu məbləğ (141 manat) “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyada 6-1-ci maddəsində nəzərdə tutulan məbləğdən (160 manatdan) azdır ki, bu da iddiaçının əlilliyə görə əmək pensiyası hüququ yaranmadığına dəlalət edir. Bu baxımdan, iddiaçının yazılı izahatında əks olunan hesablama da doğru olmamışdır. Belə ki, həmin hesablamada pensiya kapitalının ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq 2017-ci il üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsi səhvən 12,9% götürülmüş, habelə 2020-ci ilin 16,6%-i də hesaba əlavə olunmuşdur ki, o halda iddiaçının ehtimal etdiyi 26.236,3 manat məbləğdə pensiya kapitalı və pensiyanın aylıq məbləği 186,8 manat, xx.xx.2019-cu il tarixdən qüvvədə olan əmək pensiyasının minimum məbləği 200 manat və pensiya təminatına imkan verən pensiya kapitalı 28.200 (200 x 141) manat məbləğləri ilə müqayisə olunmalı idi. Göründüyü kimi, hətta iddiaçının güman etdiyi mübahisəli iş stajları mötəbər qəbul edildikdə belə, onun əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olmadığı müəyyən edilir və bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi iddiaçının əlilliyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur (İPM-in 14.3-cü maddəsi), “Əmək pensiyaları haqqında” Qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-in 73.1-ci maddəsi), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozuntusu ilə qəbul edilmişdir, apellyasiya şikayətinin dəlilləri işin faktiki halları və qanunvericiliklə təsdiq olunmaqla, qərarın ləğvinə əsas verir. Bununla əlaqədar olaraq, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin olunmamalı, şikayət təmin edilməlidir (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3070/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Bakı şəhəri 1 saylı xidmət nümayəndəliyinə qarşı əmək kitabçasında qeyd edilən və cavabdeh tərəfindən mübahisələndirilməyən iş stajının, həmçinin, onun xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək “xxxx” LTD firmasında, eləcə də xx.xx.1995-ci ildən xx.xx.2005-ci ilədək “Ozan” qəzetində müxbir vəzifəsində işlədiyi dövrün sosial sığorta stajı kimi nəzərə alınmaqla, ona 2-ci qrup əlilliyə görə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Emin Mehdiyev Raqib Qurbanov
Məhkəmə qərarları › İş №2-1(103)-1654/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1654/2020
23.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver