Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1654/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (Binəqədi rayon şöbəsinə) qarşı “əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Günel Firudin qızı Əliyevanın katibliyi ilə, İddiaçı X2, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna Binəqədi rayon şöbəsinə (hazırda DSMF publik hüquqi şəxsinin Binəqədi rayon xidmət nümayəndəliyinə) qarşı “əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2047/2021 saylı 26 fevral 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 01 dekabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçının pensiya işində olan NZ seriyalı ******* saylı 04.11.1973-cü il tarixli hərbi biletdən görünür ki, 04.11.1973-cü il tarixdən 18.11.1975-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus İT-İ seriyalı ******* saylı 8 sentyabr 1971-ci il tarixli əmək kitabçasından görünür ki, 03.09.1971- 17.10.1973-cü illərdə Bakı karamel fabrikində işləmiş, 02.02.1976-25.10.1976-cı illərdə 79 nömrəli peşə texniki məktəbində təhsil almış, 26.10.1976-17.11.1977-ci illərdə Bakı Məişət Kondisionerləri zavodunda, 12.12.1977- 16.12.1977-ci illərdə Azərbaycan dəmir yolunun Biləcəri enerji sahəsində, 12.01.1978- 31.03.1978-ci illərdə Bakı mebel yığma kombinatında, 27.04.1978- 02.10.1980-ci illərdə 44 nömrəli Tikinti idarəsində, 24.11.1980- 23.01.1981-ci illərdə Bakı ət-süd kombinatında, 03.08.1981-25.01.1982-ci illərdə X4 İdarəsinin avtokolonunda, 03.02.1982-31.05.1982-ci illərdə 2714 nömrəli Avtokolonda, 15.07.1982- 09.12.1985-ci illərdə Nəqliyyat-Ekspedisiya Bazasında, 28.01.1986- 16.01.1986-cı illərdə Rabitə Magistralları və X7, 15.01.1987- 13.01.1994-cü illərdə Bakı Taksimotor Parkında, 08.05.1997- 12.05.2000-ci illərdə "xxxx" Birgə Müəssisəsində, 23.06.2000- 12.04.2002-ci illərdə KÇ nəzdində “Star Taksi LTD” firmasında, 07.10.2002-01.04.2008-ci və 01.04.2009- 31.07.2015-ci illərdə “Azşərqtrans-1” müəssisəsində sürücü vəzifəsində işləmişdir. İddiaçı X3 23.01.2017-ci ildə yaşa görə ömürlük pensiya təyin edilmişdir. İddiaçı ona pensiya təyin olunarkən onun 23.06.2000-ci il tarixdən 12.04.2002-ci il tarixədək Bakı şəhəri KÇ nəzdində “STAR” firmasında, 07.10.2002-ci il tarixdən 01.04.2008-ci il tarixədk və 01.04.2009-cu il tarixdən 31.07.2015-ci i tarixədək “AzşərqTrans” müəssisəsində sürücü kimi işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilmədiyini qanunsuz hesab edərək həmin dövrlərin də onun stajına daxil edilib pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 01.05.2019-cu il tarixli imtina məktubunda qeyd edilmişdir ki, sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. İddiaçının işlədiyi “Azşərqtrans-1” müəssisəsi tərəfindən məcburi dövlət sosial sığorta haqqı ödənilmədiyindən həmin dövrlərin onun pensiyasına hesablanması mümkün deyildir. Cavabdehin imtina məktubundan narazı qalan iddiaçı X6 hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna Binəqədi rayon şöbəsi əsl cavabdeh DSMF publik hüquqi şəxsinin Binəqədi rayon xidmət nümayəndəliyi ilə əvəz olunmuşdur. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, o, əmək pensiyaçısıdır, 23.06.2000-ci il tarixdən 12.04.2002-ci il tarixədək Bakı şəhər “Star” firmasında, 07.10.2002-ci il tarixdən 01.04.2008-ci il tarixədək və 01.04.2009-ci il tarixdən 31.07.2015-ci il tarixədək “Azərşərqtrans” müəssisəsində sürücü kimi işləməsinə baxmayaraq həmin dövrlər ona pensiya təyin olunarkən nəzərə alınmamışdır. Hesab edir ki, həmin dövrlər nəzərə alınmaqla pensiyası yenidən hesablanmalıdır. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2047/2020 saylı 26 fevral 2021-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək, X2 07.10.2002-ci il tarixdən 01.01.2006-ci il tarixədək “Azərşərqtrans” müəssisəsində sürücü kimi işlədiyi dövrün onun iş stajına daxil edilməsi ilə pensiya məbləğinin yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın iddianın təmin edildiyi hissədə ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmış ki, məhkəmə hazırki iş üzrə düzgün olmayan qərar qəbul etmiş və pensiyanın hesablanması ilə bağlı qanunvericilikdə nəzərdə tutulan normaları düzgün tətbiq etməmişdir. İddiaçının pensiya işi şöbə tərəfindən məhkəməyə təqdim edilsə də, eləcə də işlə bağlı qəbul edilmiş qərarlarda adı keçən sənədin iş materiallarına əlavə olunduğu qeyd edilsə də geri qaytarılmamışdır. Bu səbəblə də iddiaçının sığorta stajı əmək kitabçasında olan qeydlər əsasında yenidən hesablanmışdır. 03.09.1971-17.10.1973 (2 il 1ay 14 gün), 04.11.1973-18.11.1975 (2 il 14 gün), 26.10.1976-17.11.1977 (1 il 21 gün), 12.12.1977-16.12.1977 (4 gün), 12.01.1978- 31.03.1978 (2 ay 19 gün), 27.04.1978-02.10.1980 (2 il 5 ay 6 gün), 24.11.1980-28.01 1981 (2 ay 4 gün), 14 05.1981-17.12.1981 (7 ay 3 gün), 03.08.1981-25.01.1982 (5 ay 2 gün), 03.02.1982- 31 05 1982 (3 ay 28 gün), 15.07.1982-09.12 1985 (3 il 4 ay 24 gün), 28.01.1986-16.10.1986 (8 ay 19 gün), 15 01 1987-13.01.1994 (6 il 11 ay 29 gün), 08.05.1997-12.05.2000 ( 3 il 4 ay), 23.06 2000-12 04.2002 (1 il 9 ay 20 gün), ümumilikdə 25 il 3 ay 17 gün. İddiaçının əmək kitabçasında 14.05.1981-cı il tarixindən 17.12.1981-ci il tarixinədək 7 ay 3 gün, 03.08.1981-25.01.1982-ci il tarixədək 5 ay 2 gün ümumilikdə 1 il 5 gün işlədiyi göstərilir. Lakin iddiaçının 03.08.1981-17.12.1981-ci tarixlərdə (4 ay 14 gün) eyni zamanda iki müxtəlif müəssisədə işlədiyi illər üst-üstə düşdüyü üçün sosial sığorta stajı kimi 8 ay 11 gün hesablanır. Bundan əlavə, İddiaçı əmək kitabçasında “Azər-Türk Trans LTD” birgə müəssisəsində işlədiyi 08.05.1997-12.05.2000-ci il tarixlərdə (3il 4 ay) işə götürülməsi və işdən azad edilməsi tarixi (gün, ay, il) göstərilməmişdir. İddiaçı əmək kitabçasına baxış zamanı ona əlavə edilən içliyin ilk səhifəsində heç bir qeydin aparılmadığı, qaydalara uyğun olaraq doldurulmadığı müəyyən edilmişdir. Məhkəmə tərəfindən bu halların heç biri araşdırılmamışdır. “Azşərqtrans-1” müəssisəsi tərəfindən təqdim olunmuş məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatlarda sığortaolunan, M.Yasinovun məlumatları qeyd olunmadığı üçün “X1 Sistemi”nin “Sığorta AS (Hesabat)” alt sistemində “Sığortaolunanların hesabları” bölümündə öz əksini tapmamışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı X6 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Qeyd edilməlidir ki, hazırki işdə apellyasiya şikayəti cavabdeh tərəfindən verildiyi üçün məhkəmə qərarının qanuniliyi və əsaslılığı iddianın təmin edildiyi hissədə yoxlanılır. Çunki məhkəmə qərarı iddianın təmin edilmədiyi hissədə iddiaçı tərəfindən mübahisələndirməmişdir. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 01.05.2019-cu il tarixdir. İddiaçı iddia ilə məhkəməyə 09.07.2019-cu il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda məhkəmə qərarının mübahisələndirildiyi hissə üzrə iddiaçı X2 cavabdeh inzibati orqana qarşı tələbi “onun 07.10.2002-ci il tarixdən 01.01.2006-cı il tarixədək “Azşərqtrans” müəssisəsində sürücü kimi işlədiyi dövrün iş stajına daxil edilərək pensiyasının yenidən hesablanması” ilə bağlıdır. Bununla bağlı iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından onun işlədiyi “AzşərqTrans-1” müəssisəsi tərəfindən məcburi dövlət sısial sığorta haqqının ödənilməməsi əsası ilə imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun qeyd olunan hissədə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “iddianın təmin edildiyi” hissədə gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fıziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti daxil edilir (21.2.1). İşə apellyasiya qaydasında baxılarkən təqdim edilmiş iddiaçının pensiya işındən görünür ki, ona 23.01.2017-ci ildə yaşa görə ömürlük pensiya təyin edilmişdir. Həmin pensiya iddiaçıya təyin olunarkən onun 07.10.2002-ci il tarixdən 01.01.2006-cı il tarixədək “Azşərqtrans” müəssisəsində sürücü kimi işlədiyi dövrün iş stajına daxil edilmədiyi işin mübahisəsiz halıdır. Cavabdeh hesab edir ki, sözügedən dövrdə müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqqları ödənilmədiyi üçün həmin müddət iddiaçının iş stajına daxil edilə bilməz. Cavabdehin qeyd olunan dəlili ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, 01.07.1999-cu ildən qüvvəyə minmiş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci bəndinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 1992-2004-cü illərdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi» Qaydalarının 3.1-ci bəndində göstərilmişdir ki, “Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı;..” Həmin Qaydaların 3.2-ci bəndinə görə “2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;” Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Qeyd olunmalıdır ki, oxşar işlər üzrə 01.01.2006-cı il tarixədək qazanılmış iş stajının sosial sığorta stajına daxil edilməsi üçün əmək kitabçasının əsas sənəd olması barədə hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının bir sıra qərarlarında sərgilənmişdir. O ki qaldı iddiaçının 07.10.2002-ci il tarixdən 01.01.2006-cı il tarixədək “Azşərqtrans” müəssisəsində işlədiyi dövrdə həqiqətən belə müəssisənin mövcud olubolmamasına, apellyasiya baxışı zamanı bu faktın araşdırılması ilə bağlı bir sıra sorğular verilmişdir. Həmin sorğulara cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 19.11.2021-ci il tarixdə məhkəməyə daxil olmuş 15.11.2021-ci il tarixli məktubunun məzmunundan və ona əlavə edilmiş 01/ç-15 saylı 17.04.2003-cü il tarixli kommersiya təşkilatlarının dövlət reyestrindən çıxarışdan görünür ki, “Azşərqtrans-1” müəssisəsi (VÖEN **********) ilk dəfə 26.01.2000-ci ildə Ş-839 nömrə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış, 17.07.2004-cü ildə isə vergi uçotuna alınmışdır. İş materiallarında olan vergi ödəyicilərinin məlumatları barədə elektron çıxarışa əsasən “Azşərqtrans-1” müəssisəsi 17.07.2004-cü il tarixdə VÖEN almışdır. Həmçinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında internet vergi idarəsinin elektron çıxarışına əsasən “AzərşərqTrans-1” müəssisəsi ilk dəfə 26.01.2000-ci il tarixdə dövlət qeydiyyatına alınmış və ona reyestrdən son dəfə çıxarış 06.05.2019-cu il tarixdə verilmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, iddiaçının 07.10.2002-ci il tarixdən 01.01.2006-cı il tarixədək işlədiyi “Azşərqtrans” müəssisəsi ilk dəfə 26.01.2000-ci ildə dövlət qeydiyyatına alındığı üçün bundan sonra iddiaçının həmin müəssisədə işlədiyi dövr onun əmək kitabçasındakı qeydləri şübhə altına alacaq hər hansı sübutun mövcud olmadığı səbəbi ilə onun qazanılmış iş stajı kimi qəbul edilərək sığorta stajına daxil edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının 07.10.2002-ci il tarixdən 01.01.2006-cı il tarixədək “Azşərqtrans” müəssisəsində sürücü kimi işlədiyi dövrün onun iş stajına daxil edilərək pensiyasının yenidən hesablanması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya baxışı zamanı cavabdeh orqan tərəfindən təqdim edilmiş xidməti məktubun məzmunundan görünür ki, Mirhəsən Yasinov 07.10.2002-ci il tarixindən 01.01.2006-cı il tarixinədək (3 il 2 ay 24 gün) “Azşərqtrans” müəssisəsində işlədiyini iddia etdiyi illər onun sosial sığorta stajına əlavə edilərək 23.01.2017-ci il tarixindən yenidən hesablanacağı halda əmək pensiyasında artım 2017-ci il ərzində 8.28 manat, 2018-ci ildə 8.75 manat, 2019-cu ildə 9.01 manat , 2020-ci ildə 10.51 manat və 2021-ci ildə 1.71 manat müəyyən edilə bilər. Cavabdehin apellyasiya şikayətində göstərdiyi “iddiaçının 03.08.1981-17.12.1981-ci tarixlərdə (4 ay 14 gün) eyni zamanda iki müxtəlif müəssisədə işlədiyi illərin üst-üstə düşməsi səbəbindən onun sosial sığorta stajının 8 ay 11 gün hesablanması, əmək kitabçasında “Azər-Türk Trans LTD” birgə müəssisəsində işlədiyi 08.05.1997-12.05.2000ci il tarixlərdə (3 il 4 ay) işə götürülməsi və işdən azad edilməsi tarixinin (gün, ay, il) göstərilmədiyi, əmək kitabçasının qaydalara uyğun olaraq doldurulmadığı” barədə dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, əvvəla hazırki işdə iddiaçının ayrı-ayrı dövrlərdə müxtəlif müəssisələrdə işlədiyi müddətin onun iş stajına daxil edilmə məsələsi deyil, məhz 07.10.2002-ci il tarixdən 01.01.2006-cı il tarixədək “Azşərqtrans” müəssisəsində sürücü kimi işlədiyi dövrün onun iş stajına daxil edilməsinin mümkünlüyü araşdırılır. Buna görə də apellyasiya şikayətinin həmin dəlili nə inzibati işin predmetinə, nə də apellyasiya baxışının hədlərinə daxil olmadığı üçün Kollegiya həmin məsələləri araşdırmır və bu barədə dəili də qəbul etmir. Digər tərəfdən, iddiaçının əmək kitabçasının qaydalara uyğun doldurulmamasında iddiaçı heç bir halda məsuliyyət daşıya bilməz, belə ki, bu məsələ qanunvericiliyin tələbinə görə işəgötürənin vəzifəsinə aid olduğu üçün bu vəzifənin düzgün yerinə yetirilməməsinin məsuliyyətini də sonuncu daşıyır, belə məsuliyyət iddiaçının üzərinə qoyula bilməz. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2047/2020 saylı 26 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2047/2020 saylı 26 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-1654/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1654/2021
01.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver