Məhkəmə qərarları › İş №2-1(103)-1654/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1654/2024

24.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1654/2024 24.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçının vəkili X3, Cavabdehin nümayəndəsi X5, Cavabdehin eksperti X9 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı Bakı 20 nömrəli şəhər poliklinikası inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2447/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra mətndə Agentlik) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, R00008904VAT nömrəli göndərişə əsasən 2-ci dərəcə müddətsiz “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik təyin edilməsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 24 oktyabr 1992-ci ildən 24 fevral 1993-cü ilədək Azərbaycan Respublikasının N nömrəli hərbi hissənin tərkibində hərbi xidmət keçmişdir. 1993-cü ilin fevral ayında aldığı xəsarətlərlə bağlı 2017-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” xəstəlik Qərarı ilə təmin edilmişdir. xx.xx.2017-ci ildən İİ dərəcə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlildir. Bir çox vaxtlarda o, tibb müəssisələrində müayinə və müalicələrdə olmuşdur, səhhətində olan ağır nevroloji və psixoloji xəstəliklərlə bağlı ona təkrar əlillik təyin edilməsi üçün tibb müəssisəsinin göndərişi əsasında cavabdehə müraciət edilib, lakin cavabdeh əlillik təyin etməkdən əvvələr imtina edib, sonuncu göndəriş isə uzun müddətdir cavabsız qalmaqdadır, qanuna müvafiq olaraq 10 gün müddətinə qiymətləndirmə aparılmalıdır. Hesab edir ki, Agentliyin R00008904VAT nömrəli göndərişə əsasən ona əlillik təyinatı aparılmalıdır, belə ki, o, ağır xəstədir, bu səbəbdən də hesab edir ki, cavabdeh tərəfindən ona əlillik təyinatı aparılmalı və 2-ci dərəcə müddətsiz “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik təyin edilməlidir. Onun əlilliyinin təyin edilməsi məqsədi ilə yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki, o əvvəl qiymətləndirilmişdir və əyani müayinədə olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2447/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə-tibbi ekspertiza və Tibbisosial ekspertiza və Bakı İnzibati Məhkəməsi, X10 xx.xx.2023-cü il tarixli, ********** sayılı Protokolda göstərilən ona aid olan Beyin MRT haqqında tibbi rəyə münasibət bildirməmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli, ********** saylı X1 aid olan Beyin MRT haqqında tibbi rəydə göstərilir ki, İddiaçı Müstəcəb oğlunda Serebral kerteksin ümumi konfiqirasiyası və həcmi kortikal atrofiyanı əks etdirir. Beyin yarımkürəsində subaraxnoidal şırımların həcmi artmışdır. Hər iki beyin yarımkürələrində yayılmış çoxsaylı fokal qliotik ocaqlar təyin edilir. İddiaçı hesab edir ki, X10 Beyin MRT haqqında tibbi rəyində göstərilən fəsadlar ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarla təsdiq edilmiş Əsasnamənin, istərsə də, xx.xx.2022- ci il tarixli, 187 sayılı Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na "Əlavə"nin maddələrini aid əlillik dərəcəsinin müəyyən olunmasına əsas verməkdədir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, apellyasiya şikayətinin isə əsassız olduğundan təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili isə apellyasiya şikayətini müdafiə etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi ilə həll edilmişdir. Kollegiya məhkəmənin mövqeyilə razılaşır, hesab edir ki, hazırki işin faktiki halları baxımından iddianın təmin edilməməsi ilə düzgün nəticəyə gəlinmişdir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”də aşağıdakılar müəyyən olunmuşdur: - 1.4-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını TSEK (tibbi-sosial ekspert komissiyaları) və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir; - 4.1-ci bəndinə əsasən, şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır; - 4.3-cü bəndinə əsasən, göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; - 4.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə və “Vətəndaşın Elektron Sağlamlıq Kartı Sistemi”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışı təmin edilir. - 4.9-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X4 Sosial Ekspertiza və X8 (bundan sonra — TSERAS) ötürülür; - 4.23-ci bəndinə əsasən, mürəkkəb ekspertiza, əlillik dərəcəsinin ağırlaşması, TSEKin çıxaracağı qərarla konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları, Xidmət tərəfindən müayinənin keçirilməsini zəruri edən səbəbləri qeyd etməklə, TSERAS-a daxil edir. TSERAS tərəfindən bu məlumatlar həmin gün Xidmətə ötürülür; - 4.24-ci bəndinə əsasən, Xidmət bu Əsasnamənin 4.23-cü bəndində göstərilən hallar üzrə TSEK-in müraciəti əsasında növbəti iş günü araşdırma aparmaqla, qərar qəbul edir, bu barədə məlumatı dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək TSERAS-a daxil edir. Göstərilmiş tələblərin ümumiləşdirilmiş nəticəsinə görə, şəxsin əlillik dərəcəsi TSEK və müəyyən edilmiş hallarda TSEK-in funksiyalarını həyata keçirən Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Xidməti müəyyən edir. İlk əvvəl şəxsin əlilliyin qiymətləndirilməsi üçün müvafi dövlət səhiyyə müəssisəsi göndəriş tərtib etməli və onu “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil etməlidir. - 4.25-ci bəndinə əsasən araşdırma şəxsin iştirakı ilə müayinə aparılması zərurəti yaradarsa, Xidmət TSERAS-dan müraciət daxil olduğu gün şəxsin əks əlaqə vasitələrinin birinə TSERAS vasitəsilə müayinə vaxtı və yeri barədə məlumat göndərir və ya bildirir. Şəxs Xidmətə gəldiyi gün müayinə olunur, müvafiq qərar qəbul edilir və bu barədə məlumat dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək şəxsə bildirilərək TSERAS-a daxil edilir. - 4.26-cı bəndinə əsasən əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 4.2-ci bəndinə əsasən, ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Əsasnamənin 2.2-ci bəndində göstərilmişdir ki, ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır: şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması (bənd 1.3.1.); əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması (1.3.5.). Qaydaların 2.2-ci bəndinə göstərilmişdir ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarına uyğun olaraq əlilliyin müddətsiz təyin edilməsinə əsas verə bilən tibbi göstərişlərin olduğu hallarda göndərişlər sadələşdirilmiş qaydada (əlavə müayinələr, xəstəlik tarixindən çıxarışlar (epikrizlər), funksional diaqnostik müayinələr tələb edilmədən) verilir. “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na göstərilmişdir ki, əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir (bənd 1.1). Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur (bənd 1.2.). İş materiallarında olan: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 702 №-li, xx.xx.2017-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Bərdə RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, Gəncə Hərbi Prokurorluğunun xx.xx.2017-ci il tarixli HP 5/526 nömrəli məktubuna əsasən barəsində heç bir təqsirləndirici materialın və cinayət işinin olmadığı qeyd edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə aldığı və xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu travma- diaqnoz: “Qapalı baş beyin travmasının qalıq əlamətləri, şəxsiyyətin psixopntiyası” xx.xx.1393-cü ildən xx.xx.1993-cü ilə kimi MN Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu travma-diaqnoz: “Qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət" və 19.04 1993-cü ildən xx.xx.1993-cü ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu travma-diaqnoz:"Baş-beyin silkələnməsinin qalıq əlamətləri” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinin xx.xx.2017-ci il tarixli 339 nömrəli göndərişi, xx.xx.2017-ci il tarixli 55 nömrəli arayışı, N saylı hərbi hissədən verilmiş xx.xx.1993-cü il tarixli, xx.xx.1993-cü il tarixli çıxarış epikrizləri, Silahlı Qüvvələrin Baş Klinik Hospitalından verilmiş xx.xx.2013-cü il tarixli 1494 nömrəli arayışı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(001)-1267 nömrəli qətnaməsi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı almışdır. Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2. bəndinin a) yarımbəndi İddiaçı aid aşağıdakı; - xx.xx.2017-ci il tarixli, xxxxxxx0002 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X2: XİX sinif-Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri =>S00-S09-Başın travmaları =>S06-Kəllədaxili travma=>S06.2-Baş beynin diffuz travması…Baş beynin diffuz travması, keçirilmiş ağır kəllə-beyin travmasının davamı qalıq əlamətləri generalizə olunmuş tez-tez baş verən epileptik qızolma tutmaları ilə (ayda 7-8 dəfə)..Ağırlaşma-G09 Vegetativ (avtonom) sinir sisteminin pozğunluqları, vegetovestibulyar krizlər həftədə 4-5 dəfə..Yanaşı xəstəliklər M41 Skolioz, 1-ci dərəcə… Yanaşı xəstəliklər-M50.1 Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, Yanaşı xəstəliklər- (11.0 (Durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik 3-cü mərhələ, Yanaşı xəstəliklər K71.5 Qaraciyərin xroniki aktiv hepatit gedişli toksiki zədələnməsi, xr hepatit… Yanaşı xəstəliklər K81.1 Xroniki xolesistit, kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal)(parsial) simptomatik epilepsiya və epileptik sindiromlar, ayda 7-8 dəfə Ağırlaşma 167.4 Hipertenziv ensefalopatiya, beyin qan dövran çatmamazlığı İİ dər..Ağırlaşma f06.6 Üzvi mənşəli emosional labil (astenik) pozuntu..Ağırlaşma T90.5 Kəllədaxili travmaların nəticələri, postravmatik ensefalopatiya… Ağırlaşma R41.2 Retroqard amneziya, yaddaş zəifliyi ilə, Ağırlaşma G25 Digər ekstrapiramid və hərəkət pozğunluqlar, Yanaşı xəstəliklər M42 Onurğanın ostexondrozu… Yanaşı xəstəlik İ20.8 Stenokardiyanın digər formaları İİİ fs teztez tutmalarla….Meyar 2.2-ikinci dərəcə əlillik => 2.2.9 qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg…. İddiaçı əlillik dərəcəsinin qiymətləndirilməsi üçün Bakı 20 nömrəli şəhər poliklinikası tərəfindən göndərilmiş R00008904VAT №li xx.xx.2022-ci il tarixli Forma 088 göndərişi əsasında xxxxxxx00023 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X2: Kəllədaxili travmaların nəticələri, Keçirilmiş QKTB-nin davamlı qalıq əlamətləri, xroniki beyin qan dövranı pozğunluğu ..Baş beyinin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntular…İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi-Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir İddiaçı əlillik dərəcəsinin qiymətləndirilməsi üçün Bakı 20 nömrəli şəhər poliklinikası tərəfindən göndərilmiş R00008904VAT №li xx.xx.2022-ci il tarixli Forma 088 göndərişi əsasında xxxxxxx00023 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X2: Kəllədaxili travmaların nəticələri, Keçirilmiş QKTB-nin davamlı qalıq əlamətləri, xroniki beyin qan dövranı pozğunluğu ..Baş beyinin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntular…İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi-Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Agentliyin Tibbi-Sosial ekspert komissiyasının **********5 №-li xx.xx.2022-ci il tarixli Qərarının surətindən müəyyən olunur ki, Laçın rayon sakini xx.xx.1966-cı il təvəllüdlü İddiaçı əlillik vəziyyətini qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 702 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qapalı baş beyin travmasının qalıq əlamətləri, şəxsiyyətin psixopatiyası (xx.xx.1993). Qapalı kəlləbeyin travmasından sonrakı vəziyyət. Baş beyin silkələnməsinin qalıq əlamətləri’ diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı zahirən səliqəli, ünsiyyətə həvəssiz daxil olaraq, əsəbilik və gərginlikdən, başındakı keyimə hissindən şikayətlənmişdir. Emosional olaraq qeyri stabil görünməyə çalışmış, bələdliyi qorunub, vəziyyətinə tənqidi tam, intellektual mnestik sferası yaşam tərzinə uyğun müəyyən edilmişdir. Hazırda şəxsiyyət dəyişikliyi, qavrama, yaddaş pozuntusu əlamətləri aşkarlanmamışdır. Nevroloji ocaqlı patologiya izlənilməmişdir. Avrasiya Klinikası xx.xx.2021-ci il tarixli Baş beyin MR müayinəsinin nəticəsi “Baş beyində minimal atrofik dəyişikliklər. Hər iki beyin yarımkürəsində periventrikulyar nahiyədə 6 mmdən kipik işemik qliotik ocaqlar" kimi qeyd olunmuş və obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Qəbul etdiyi müalicələr barədə ətraflı məlumat verməmişdir. Şikayətlərinə uyğun olaraq, ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2022-ci il tarixdə Transtorakal Exokardioqrafiya müayinəsi aparılmış, nəticəsi “Aorta sərtləşib. Aorta kökü (3,8 sm) və çıxan aorta (3,7 sm) genişləniblər. Ürək kameraları normal ölçüdədir. Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur. Sistolik funksiya cüzi azalıb (LVEF- 53%). Aortal və Mitra! qapaqlar fibrotikdir. Min-1, Aortal Requrgitasiya, Min TR. Perikard təmizdir” kimi müəyyənləşdirilmişdir. Hazırda klinik əlamətlərdə və instrumental müayinə nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2022-ci il tarixdə çap olunmuş məlumatdan müəyyən olunur ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçın xx.xx.2022-ci il tarixli R00008904VAT saylı Forma 88 ilə kəllədaxili travmaların nəticələri, keçirilmiş QKBT-nin davamlı qalıq əlamətləri, xroniki beyin qan dövranı pozğunluğu. Baş beyinin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntular diaqnozu ilə imtina edilmişdir. İmtinanın səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi, Ətraflı: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Göründüyü kimi iddiaçı ekspert komissiyası tərəfindən əyani müayinə olunmuş və diaqnoz əlillik təyin etmir əsası ilə imtina verilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T 502/2023 saylı (ekspertizanın başlanma tarixi 13 iyul 2023-cü il, başa çatma tarixi 02 avqust 2023-cü il) rəydən görünür ki, ekspertlər belə nəticəyə gəlmişlər ki:

1. Vətəndaş İddiaçı adına Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 702 №-li, xx.xx.2017-ci il tarixli qərarında əks olunmuş diaqnozdakı xəstəliklər hazırda özünü xx.xx.2022-ci il tarixli 088 saylı göndərişdə olan diaqnozdakı xəstəliklər şəklində biruzə verir.

2. Vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına Bakı 20 saylı şəhər poliklinikası tərəfindən göndərilmiş R0008904VAT saylı, xx.xx.2022-ci il tarixli Forma 088 göndərişində qeyd edilmiş “Kəllədaxili travmaların nəticələri, keçirilmiş QKBT-nın davamlı qalıq əlamətləri, xroniki beyin qan-dövranı pozğunluğu, baş beyin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntular” diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxs olduğundan, sosial ekspertlər tərəfindən əmək qabiliyyətini itirməmiş hesab edilmişdir. Həmin diaqnozla əlaqədar hazırda onun əlavə ixtisaslaşdırılmış stasionar müalicəsinə ehtiyac yoxdur.

3. Qeyd edilən diaqnoz nəzərə alınmaqla, şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyindən hazırda ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarla təsdiq edilmiş Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli 187 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na “Əlavə”nin maddələrini aid etmək mümkün olmadı. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh inzibati orqanın eksperti izahatından belə məlum olmuşdur ki, iddiaçının qeyd etdiyi MRT ilə bağlı rəyə qiymət verilmiş, lakin hər hansı ağır, qalıcı xəsarət müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən Kollegiya belə nəticəyə gəlir ki, apellyasiya şikayəti əsassız olduğundan və şikayətdə qeyd edilən dəlillər formal mülahizələrə əsaslanmaqla məhkəmə qərarının ləğvinə əsas vermədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”si ilə “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” da nəzərə alınmaqla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2447/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar