Məhkəmə qərarları › İş №2-1(103)-1654/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1654/2025

01.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1654/2025 01.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Niftalıyeva Günel Ziya qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11757/2024 saylı, 04 dekabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək yaşa görə əmək pensiyası almaq hüququ yarandığı gündən əmək pensiyasının təyin olunması, hesablanması və ödənilməyən pensiya məbləğinin birdəfəlik ödənilinəsi vəzifəsinin cavabdeh ƏƏSMN yanında DSMFnin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1960-cı ildə Ermənistanın Sisian rayonunda doğulmuşdur. xx.xx.1978-ci ildən etibarən indiyə qədər müxtəlif müəssisələrdə müxtəlif vəzifələrdə işləmişdir. Yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh ƏƏSMN tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2024-cü il tarixində verilmiş imtina məktubunda təqdim olunmuş sənədlərin surətinə və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən ümumi sığorta stajının 4 il 11 ay 22 gün təşkil etdiyi bildirilmişdir. Həmçinin bildirilmişdir ki, xx.xx.2006-cı il tarixinədək fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 4 il 10 ay 22 gün sığorta stajına uyğun olaraq 4931,87 manat, xx.xx.2019-cu il tarixindən xx.xx.2019cu il tarixinədək 62,76 manat olmaqla, ümumilikdə 4994,63 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320,00 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmin məktubda bununla yanaşı qeyd edilmişdir ki, “Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən xx.xx.2006-eı il traixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb”. Məlumat üçün bildirilmişdir ki, xx.xx.1984- eü il tarixindən xx.xx.2010-cu il tarixinədək "xxxx" ATSC-də olan dövrün mötəbərliyinə şübhələr olduğu və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2010-cu il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün sözügedən dövr üzrə sığorta stajınızı təsdiq edəcək sənədləri (əməkhaqqı cədvəllərini və əmrlərdən çıxarışı) təqdim etdikdən sonra həmin dövrün sığorta stajınıza daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Məhz yuxarıda qeyd olunanlara əsasılanaraq, cavabdeh inzibati orqan tərəfindən yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş xx.xx.2024-cti il tarixli məktubda qeyd edilmişdir ki, 7 saylı Bakı “ASAN xidmət’' mərkəzindən daxil olmuş xx.xx.2024-cü il tarixli müraciətinizə cavab olaraq bildiririk ki, "xxxx" ARSC-nin arxiv sənədləri, Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. Halbuki, iddiaçı 1978-ci ildən 2010-cıı il tarixinə kimi il müddətində Bakı Süd Zavodunda çalışmışdır. Lakin buna baxamayaraq, müəssisə tərəfindən müvafiq ödənişlər həyata keçirilməmiş və ondan asılı olmayan səbəblərə görə, pensiya kapitalı qeyd olunmamışdır. Buna görə də pensiya ala bilmədiyini qeyd edir. Məhz bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmiş və hesab etmişdir ki, məhkəmə tərəfindən iddia tələbi təmin edilməlidir. İddiaçı iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək ona 63 yaş 6 aydan, yəni xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11757/2024 saylı, 04 dekabr 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və İddiaçı 63 yaş 6 aydan, yəni xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-11757/2024 saylı, 04 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2024-cü il tarixli 3-17-1/2- N-144490/2024 nömrəli məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək pensiya yaş həddi qadınlar üçün 63 yaş 6 ay müəyyən edilib. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dərı etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə aiınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyiniz sənədlərin surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən ümumi sığorta stajınız 4 il 11 ay 22 gün təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitaiı 4 il 10 ay 22 gün sığorta stajına uyğun olaraq 4931,87 manat, xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək 62,76 manat olmaqla, ümumilikdə 4994,63 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə təiəb olunan 40320,00 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildiririk ki, Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Məlumat üçün bildiririk ki, xx.xx.1984-cü il tarixindən xx.xx.2010-cu il tarixinədək "xxxx" ATSC-də olan dövrün mötəbərliyinə şübhələr olduğu və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2010- cu il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün sözügedən dövr üzrə sığorta stajınızı təsdiq edəcək sənədləri (əməkhaqqı cədvəllərini və əmrlərdən çıxarışı) təqdim etdikdən sonra həmin dövrün sığorta stajınıza daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2- ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən sizə xx.xx.2024-cü il tarixindən 220 manat məbləğində proaktiv qaydada yaşa görə sosial müavinət təyin edilmişdir. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajınız qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququnuza yenidən baxıla bilər. - AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1960-cı il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. - iddiaçıya məxsus xx.xx.1987-ci il tarixli ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı "xxxx" X3 xx.xx.1978-ci ildə qəbul edilmiş, xx.xx.1980-ci ildə azad edilmişdir. xx.xx.1981-ci ildə işə qəbul edilmiş, xx.xx.1984-cü ildə işdən azad edilmiş, xx.xx.1984- cü ildə işə qəbul edilmiş, xx.xx.1997-ci ildə kadrlar şöbəsinin rəisi vəzifəsinə keçirilmiş, xx.xx.2000-ci ildə Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli 775 saylı sərəncamına əsasən yeni yaradılmış "xxxx" ATSC-nin kadrlar şöbəsinin rəisi vəzifəsində hesab edilmiş, xx.xx.2010-cu il tarixdə işdən azad edilmişdir. - Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının məktubunda qeyd olunur ki, xx.xx.2024-cü il 3-48-2F/2-N-3357- 33-3490/2024 nömrəli "xxxx" ATSC-nin arxiv sənədləri, Dövlət Arxivinin Bakı Filialınına təhvil verilməmişdir. - DSMF-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17- 1/2-198898 nömrəli məktubu ilə təqdim edilmiş sığortaolunanın hesab məluatlarından görünür ki, İddiaçı 2019-cu il tarixində dekabr ayı üzrə məcburi sosial sığorta haqqı ödənilmişdir. - Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024-cü il 3-48-2F/2-1740/məktubunda qeyd olunur ki, "xxxx" ATSC-nin arxiv sənədləri, Dövlət Arxivinin Bakı Filialınına təhvil verilməmişdir. - "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, "xxxx" MMC müəssisənin yeni rəhbərinə 20 iyun 2022- ci il tarixdə keçmiş, "xxxx" MMC təhvil verildiyində arxiv sənədləri təqdim edilməmişdir. Ona görə istənilən sənədlərin məhkəməyə təqdim edilməsi mümkün deyildir. - Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli 3-21-3/2-14230/2024 nömrəli, “Azərbaycan Respublikasında 1995- 1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, ləğv olunmuş “Azəryeyintisənaye" Dövlət Şirkətinin "xxxx" X2 bazasında keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 775 nömrəli sərəncamı ilə "Bakı Süd” Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2003-ci il tarixində tam özəlləşdirilmişdir. Məlumat üçün diqqətinizə çatdırırıq ki, "Bakı Süd” Açıq Səhmdar Cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş özəlləşdirmə planında (emissiya prospektində) güzəştli satışda iştirak etmək hüququ olan əmək kollektivinin siyahısında İddiaçı böyük inspektor vəzifəsində işlədiyi qeyd edilmişdir. - Milli gəlirlər Baş İdarəəəsi Hüquqi X1 İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2003-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır, xx.xx.1997-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" X5 Cəmiyyətinin bazasında yaradılmışdır və onun hüquqi varisi hesab olunmuşdur. Bundan başqa xx.xx.2014-cü il tarixdə "xxxx" ASC yenidən təşkil olunaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) çevrilmiş və "xxxx" MMC "xxxx" ASC- nin hüquqi varisidir. Dövlət reyestr məlumatlarına əsasən bildiririk ki, "xxxx" MMC-nin ləğv edilməsi barədə məlumat aşkar edilməmişdir, cəmiyyətin hüquqi ünvanı isə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsidir. Nəzərinizə çatdırırıq ki, hüquqi şəxsin fəaliyyəti barədə məlumat “Hüquqi X1ı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən kommersiya hüquqi şəxslərin dövlət reyestrinə daxil edilən məlumatlara aid deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun qeyd olunan normasından görünür ki, yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatmalı, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. Qanunun 7-ci maddəsinin tələbinə əsasən 1 iyul 2023 – 30 iyun 2024-cü il tarixədək qadınlar üçün pensiya yaşı həddi 63 yaş 06 aydır. İddiaçı xx.xx.1960-cı il təvəllüdlü olmaqla 63 yaşı 06 ayını xx.xx.2024-cü il tarixdə tamamlamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. Hazırkı işin hallarından görünür ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh iddiaçının xx.xx.1984-cü il tarixindən xx.xx.2010cu il tarixinədək "xxxx" ATSC-də olan dövrlərini iş stajına daxil etməyərək onun ümumi iş stajının 04 il 10 ay 22 gün olmasını əsas gətirərək, müraciəti təmin etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: -1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir; -3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasıı”nın: -4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;(....) 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən;(....) Göründüyü kimi “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiq edən sənəd kimi ilk növbədə əmək kitabçası əsas götürülür. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arxiv arayışları, əmrlərdən çıxarışlar, əmək haqqı cədvəlləri və s. qəbul edilir. Eyni zamanda qanunvericilik əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə əmək kitabçasının dublikatının tərtib edilməsini də mümkün sayır, bir halda ki, işəgötürəndə işçinin əmək stajı barədə əmrlər, sərəncamlar və s. mövcud olsun. Başqa sözlə, əmək kitabçasındakı qeydlər yalnız işçinin əmək fəaliyyəti barədə hüquqmüəyyənedici sənədlər əsasında tərtib edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək fəaliyyəti əmək kitabçasında olan “Azəryeyintisənaye" Dövlət Şirkətinin "xxxx" İstehsal Birliyində işə qəbul və işdən çıxması barədə əmrlərin nömrəsi, tarixi, Birliyin səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiq edilmiş qeydlərlə sübut olunur. Həmin qeydlərin mötəbərliliyini şübhə altına alacaq hər hansı hala isə məhkəmə icraatında rast gəlinməmişdir. Başqa sözlə, nə qədər ki, iddiaçının mübahisələndirilən dövr üzrə fəaliyyəti əmək kitabçasında olan qeydlərdə öz əksini tapmış və hazırkı əmək kitabçasının mötəbərliyini şübhə altına alacaq sübut təqdim edilmədiyi nəzərə alındıqda, o zaman əmək kitabçası əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən iş stajı faktına dair həqiqi vəziyyəti dəqiq əks etdirməklə özü-özlüyündə şübhə doğurmur. Həmçinin Əmlak Məsələləri Dövlət Xidmətinin cavab məktubundan müəyyən olunur ki, iddiaçının işlədiyi müəssisə “Azəryeyintisənaye" Dövlət Şirkətinin "xxxx" X4 Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 775 nömrəli sərəncamı ilə xx.xx.2003-cü il tarixində tam özəlləşmiş, bazasında keçmiş "Bakı Süd” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Özəlləşmə zamanı müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən emissiya prospektində müəssisənin, onun əmlakının özəlləşməsində güzəştli şərtlərlə iştirak etmək hüququ olan əmək kollektivi üzvlərinin siyahısı tərtib olunmuşdur ki, həmin kollektivin üzvü kimi İddiaçı böyük inspektor vəzifəsində işlədiyi qeyd edilmişdir. Beləliklə, emissiya prospektində (özəlləşmə planında) iddiaçının adının əmək kollektivinin sırasında göstərilməsi onu deməyə əsas verir ki, iddiaçı həmin müəssisədə çilingər vəzifəsində əmək fəaliyyəti ilə məşğul olmuş, o tutduğu vəzifəyə uyğun ştat vahidi, əmək haqqı və s. ilə təmin olunmuşdur. Əks halda əmək kollektivinin sırasında adı çəkiləməməklə bərabər özəlləşmədə güzəştli şərtlərlə çıxış etmək imkanı tanınmazdı. xx.xx.2014-cü il tarixdə "xxxx" ASC yenidən təşkil olunaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) çevrilmişdir. Hazırda sözügedən MMC-yə və dövlət arxivinə "xxxx" İstehsal Birliyininarxiv sənədlərinin təhvil verilməməsi isə iddiaçının məsuliyyət sferasına aid deyildir və onun mənfi nəticələri iddiaçının ziyanına tətbiq edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin xx.xx.1984-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək dövrün iddiaçının ümumi stajına daxil etməməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Konkret mübahisəyə münasibətdə, məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə materiallara əlavə edilmiş və mötəbərliyi şübhə doğurmayan əmək kitabçasında qeyd edilən məlumatlar nəzərə alınmaqla, əmək pensiyasının təyin edilməsi üçün yuxarıda istinad edilən qanunvericilik normaları ilə nəzərdə tutulmuş dispozisiya şərtlərinin iddiaçı tərəfindən ödənilməsi təsdiq olunur. AR İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11757/2024 saylı, 04 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11757/2024 saylı, 04 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar