Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1655/2020 16.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Emin Əlixan oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Bakı şəhəri 1 saylı xidmət nümayəndəliyinin nümayəndəsi X1 iştirakı ilə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1189/2019 nömrəli iş üzrə xx xxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, xx.xx.2008-ci ildə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” AR Qanununun 10.2, 26, 27.1 maddələri və xx.xx.2006-cı ilə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 17, 71, 72-ci maddələrinə uyğun olaraq 2002-2003-cü illərin orta aylıq əmək haqqı əsas götürülməklə pensiyanın xx.xx.2008-ci ildən yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı xx.xx.2004-cü ildən 2-ci dərəcəli peşə xəstəliyi səbəbindən əlilliyə görə əmək pensiyası alır. Həmin tarixdən təyin olunmuş pensiya həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 27-ci maddəsinə əsasən müəyyən olunaraq 13 il 03 ay 14 gün ümumi iş stajından və həmin qanunun 71-ci maddəsinə əsasən “Qum Adası” NQÇİ-nin mühasibatlığı tərəfindən verilmiş əmək fəaliyyətinin son 24 ayının əmək haqqı əsas götürülməklə orta aylıq əmək haqqından hesablanmaqla ödənilmişdir. Ona hesablanmış pensiya faktiki orta aylıq əmək haqqından deyil, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 78-ci maddəsinin tələbinə uyğun orta aylıq əmək haqqı məhdudlaşdırmaqla hesablanmışdır. Həmin dövrdə orta aylıq əmək haqqı Respublika üzrə müəyyən olunmuş orta aylıq əmək haqqının 3 mislindən artıq olmamaqla nəzərə alınırdı (Respublika üzrə orta aylıq əmək haqqı AR Nazirlər Kabinetinin qərarı ilə 8.500 AZM müəyyən olunmuşdu, üç misili 255.000 AZM) faktiki orta aylıq əmək haqqı 1.106.126,40:5.000=221,25 xx.xx.2006-cı il tarixdən “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdə həmin Qanunun 26-cı maddəsinin (qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyalarının yenidən hesablanması) 26.2-ci bəndi orta aylıq əmək haqqına tətbiq edilmiş məhdudiyyəti aradan götürməklə pensiyaların orta aylıq əmək haqqının tam məbləği əsas götürülməklə yenidən hesablanmasını özündə əks etdirir və bu xx.xx.2008-ci ildən tətbiq edilir. Qanunun bu tələbi ona münasibətdə tətbiq edilmədiyindən, dəfələrlə DSMF Yasamal rayon şöbəsinə şifahi müraciət etmiş, lakin heç bir müsbət cavab almadığından 18.10.218-ci il tarixdə rəsmi olaraq müraciət etmişdir. xx.xx.2018-ci il tarixdə cavabdeh inzibati orqan müraciətinə rəsmi qaydada imtina cavabı vermişdir. Cavabdeh orqanın pensiyasının yenidən hesablanmasından imtinası qanuna ziddir və onun qanunla qorunan hüququnun pozulmasına səbəb olur. Belə ki, cavabdeh inzibati orqan imtina cavabında onun tələbinin qanuni olduğunu təsdiq etsə də, pensiyanın yenidən hesablanmasının mümkün olmadığını bildirmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçının xx.xx.2004-cü il tarixdən əlilliyə görə əmək pensiyasının 2002- 2003-cü illər üzrə orta aylıq əmək haqqına əsasən yenidən hesablanması və keçmiş müddət üçün alınmamış pensiya fərqinin birdəfəlik olaraq ona ödənilməsi cavabdehə həvalə edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçı peşə xəstəliyi ilə əlaqədər xx.xx.2004-ci ildən əlildir. İddiaçıya apellyasiya məhkəməsinə görə əmək pensiyası təyin olunmuş, lakin həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən orta aylıq əmək haqqına məhdudiyyət tətbiq edildiyindən 2002-2003-ci illərdə orta aylıq əmək haqqısı əsas götürülmüşdür. Hazırda iddiyaçı aldığı əmək haqqı arayışını şöbəyə təqdim etmiş, indiki əmək pensiya qanunvericiliyində belə bir hal nəzərdə tutulmadığından onun icrası mümkün olmamışdır. Bakı Apellyasiya Məhkəməsi İİK-nın 2-1(103)-1371/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilərək, iddia təmin edilməmişdir. Həmin qərarla razılaşmayan iddiaçı ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İİK-nın 2-1(102)-2620/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi İİK-nın xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi İİK-nın 2-1(103)-2934/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilərək, iddiaçının əmək pensiyasının 2002-2003-cü illər üzrə orta aylıq əmək haqqına əsasən əmək haqqının tam məbləği əsas götürülməklə, xx.xx.2008-ci il tarixdən yenidən hesablanması və keçmiş müddət üçün alınmamış pensiya fərqinin birdəfəlik olaraq ödənilməsi cavabdehə həvalə edilmişdir. Həmin qərarla razılaşmayan cavabdeh ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İK-nın 2-1(102)-1049/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi İİK-nın xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat vermiş, iddiaçı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Şikayət mahiyyətcə əsaslıdır. İşdə olan, cavabdehin iddiaçıya ünvanlanan xx.xx.2018-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, xx.xx.2006-cı il tarixədək əmək pensiyaları hesablanarkən əsas götürülmüş orta aylıq əmək haqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əmək haqqının üç qat məbləğində) tətbiq edilməklə təyin olunmuş əmək pensiyalarının, həmin əmək haqqının tam məbləği nəzərə alınmaqla xx.xx.2008-ci il tarixdən yenidən hesablanmasını təmin etmək məqsədilə arxivləşdirilmiş pensiya işlərində olan müvafiq əmək haqqı arayışındakı orta aylıq əmək tam məbləği və əmək pensiyasının hesablanması üçün əsas götürülmüş orta aylıq əmək haqqının iş (sosial sığorta) stajına görə faiz barədə məlumatları Fondun yerli orqanlarından təqdim olunmuş bu kateqoriyadan olan pensiyaçıların adlı siyahısı üzrə hesablanması nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2007-ci il xx xxxxxx 2542 nömrəli Sərəncamının icrası ilə bağlı xx.xx.2018-ci il tarixdən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Həddin götürülməsi ilə bağlı yenidən hesablama qeyd edildiyi kimi təyin edilmiş əmək pensiyalarında istifadə olunan, “pensiyanın hesablanması üçün əsas götürülmüş orta aylıq əmək haqqından hesablanır”. Təqdim edilmiş əmək haqqı arayışının qeydiyyat tarixindən də görünür ki, xx.xx.2010-cu ildə arxiv arayışı alınmış ilkin pensiya təyinatı zamanı pensiya hesablanmasına daxil edilməmişdir. Ali Məhkəmənin iş üzrə xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir ki, “Halbuki, Ali Məhkəmə bu iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarını ləğv edərkən ona əsaslanmışdır ki, “Azərbaycan Respublikası İPM-nin 58.7-cı maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İşdə olan “Pensiyaçının uçot vərəq”indəki məlumatlara görə iddiaçıya 2008-ci ilin 1 yanvar tarixdən pensiya yenidən hesablanıb. Lakin iddiaçının dəlilləri də nəzərə alınmaqla, bu hesablamanın həmin vaxt qüvvədə olan qanunun tələblərinə uyğun aparılıb-aparılmadığı (məlumatda qeyd edilən məbləğin əmələ gəlmə əsasları), aparılmadığı halda, cavabdehin imtinasının əsası kimi qeyd etdiyi hallar da nəzərə alınmaqla bunun səbəbləri məhkəmə araşdırmasının predmeti olmayıb”. Apelyasiya instansiyası məhkəməsi işə təkrar baxarkən, Ali Məhkəmənin qeyd olunan hüquqi mövqeyinə uyğun olaraq tam və hərtərəfli araşdırma aparmamışdır. Çünki iddiaçının pensiyası 2008-ci il 1 yanvar tarixdə yenidən hesablanarkən buna əsas olmuş hüquqi faktlar sənədlərlə əksini tapmır. Həmin tarixdən yenidən hesablamanın hansı əsaslarla aparıldığı, iddiaçının indi tələb etdiyi məbləğdən fərqli olub-olmaması araşdırılmayıb. İddiaçının öz tələbini sübut etmək üçün təqdim etdiyi arxiv arayışı 2010-cu ildə verilmiş kserosurət olmaqla, düzgünlüyü təsdiq olunmamışdır. İşə əlavə olunmuş və lazımi şəkildə təsdiqlənməmiş “Pensiyaçının uçot vərəqi” 1942-ci il təvəllüdlü İddiaçı aiddir. Təkrar apelyasiya baxışı zamanı sözügedən pensiya işi tələb olunub işə əlavə edilməklə tədqiq olunmalı, ona hansı növ pensiyanın hansı əsaslarla təyin olunduğu, 2008-ci ildə və sonralar yenidən hesablama aparılarkən nəyə istinad olunduğu barədə cavabdehdən müfəssəl izahat alınmalı, iddiaçıdan iş materiallarının 30-cu səhifəsinə tikilmiş “Qum adası” NQÇİ-nin xx.xx.2010-cu il tarixli arayışının əsli tələb olunub işə əlavə olunmalı, zərurət olduqda həmin arayışda göstərilən məlumatların həqiqiliyini yoxlamaq üçün sorğu göndərilməli, toplanmış sübutların obyektiv qiymətləndirilməsi əsasında əsaslandırılmış qərar çıxarılmalıdır.” İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarında əks olunan göstərişlərin icrası ilə bağlı xx.xx.2010-cu il tarixli 01-7/43 nömrəli arayışın və iddiaçının pensiya işinin təsdiq olunmuş surəti tələb edilərərk, işə əlavə olunmuşdur. Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli qərarında əks olunan göstərişlərin icrası barədə isə sonrakı xüsusatların müzakirəsi zəruridir. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli Qərarına əsasən, “MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir.” İlk olaraq, hazırkı mübahisə pensiya-hüquq münasibətlərindən irəli gəlmişdir, iddia məcburetmə haqqında iddia növünə aiddir (İPM-2.2.2). Belə ki, maddi-hüquqi cəhətdən yarandığı güman olunan əmək pensiyası hüququnun dövlət tərəfindən tanınması və məhz bundan sonra həyata keçirilməsi üçün qanunla müvafiq səlahiyyət verilmiş inzibati orqanın şəxsə münasibətdə əlverişli hüquqi nəticələr doğuran qərar qəbul etməsi tələb olunur (“Əmək pensiyaları haqqında” AR Qanununun 30-cu maddəsi). Bu mənada, sözügedən inzibati akt qəbul edilmədiyi müddətdə əmək pensiyası hüququnun realizə edilməsi mümkün olmur. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə kollegiyası bildirir ki, İPM-in 2.2-ci maddəsində siyahısı verilən 9 növ iddiadan yalnız məcburetmə haqqında iddia növüdür ki, ilkin sübutetmə yükü qanunla (İPM-14.3) iddiaçıya aid edilmişdir. Bu tələbdən irəli gələrək, məcburetmə haqqında iddialar üzrə məhkəmə mübahisələrində məhz iddiaçı əvvəlcə sübuta yetirməlidir ki, onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlər iş üzrə mövcuddur, başqa sözlə, iddiaçı belə bir hüquqi aktın qəbul olunmasına cavabdehi məcbur edən və qanunvericiliklə mötəbərlik əhəmiyyəti tanınan bəlli sübutlara malikdir. Odur ki, pensiyanın xx.xx.2008-ci il tarixdən yenidən hesablanmasını zəruri edən faktiki şərtlərin iş üzrə mövcudluğunu iddiaçı sübut etməlidir. Lakin iddia ərizəsindən və işin digər materiallarından məlum olur ki, iddiaçı sadəcə “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2008-ci il tarixdən qüvvədə olan 26.2-ci maddəsinə istinad edir. Halbuki, indiki iddianın qaldırılması üçün iddiaçı ona hansı tarixdə hansı pensiyanın hansı qaydada hansı məbləğdə təyin edildiyini, əslində isə hansı tarixdə hansı qaydada hansı pensiyanın hansı məbləğdə təyin edilməli olduğunu konkret olaraq göstərməli, bununla bağlı dəlillərini və əsaslandırmasını təqdim etməli idi ki, müqayisədə onun hansı hüquqlarının pozulduğu Məhkəmə tərəfindən düzgün anlaşılaraq, araşdırma da bu müstəvidə aparılsın. İddia bu qaydada əsaslandırılmamışdır, iddiaçı 2001-2003-cü illərin əmək haqqısı barədə xx.xx.2010-cu il tarixli Arxiv arayışına istinad edir ki, bu da onun pensiya işində saxlanılan eyni dövrə aid Əmək haqqının aylar üzrə məbləği barədə arayışdan onun əleyhinə olaraq fərqlənir (Arxiv arayışında 2002-ci ilə əmək haqqının cəmi məbləği 12.008.654 AZM, Əmək haqqının aylar üzrə məbləği barədə arayışda 2002-ci ilə əmək haqqının cəmi məbləği 12.534.171 AZM). Bununla da, işdən aşkar görünür ki, əmək pensiyasının 2001- 2003-cü illərin əmək haqları üzərindən hesablanması barədə məlumatlı olan iddiaçı onun pensiya hüququnun pozulduğunu ehtimal edir və bu fərziyyyənin sübut olunması arzusu ilə Məhkəməyə müraciət etmişdir. Əks halda, o, birinci instansiya məhkəməsinin iddianı “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2008-ci ildə qüvvədə olmuş 26.2-ci maddəsinə əsasən təmin etməməsi ilə razılaşmayaraq, qərardan apellyasiya şikayəti verməli idi ki, bu da baş verməmişdir. Bütün bunlar da özlüyündə İPM-in 14.3-cü maddəsinin birinci cümləsində təsbit olunan şərtlərə iddiaçı tərəfindən əməl edilməməsi anlamına gəlir. Başqa sözlə, iddiaçı hüquqlarının pozulduğunu konkretləşdirmədən və bununla bağlı zəruri sayılan sübutetmə və əsaslandırma hərəkətləri etmədən, bu hüquqların pozulmadığının inzibati orqan və Məhkəmə tərəfindən sübut olunmasını tələb etmişdir ki, bu vəziyyət də İPM-in 15.1-ci maddəsinə ziddir. Həmin normaya görə, inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. Bu məqamda məhkəmə kollegiyası həm də qeyd edir ki, İPM-in 12-ci maddəsində əks olunan işin hallarının araşdırılması və 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin yardım etmək vəzifəsi prinsipləri Məhkəmənin tərəflərin yerinə keçərək, onların əvəzinə iddianın əsaslandırılması və sübutların təqdim olunması ilə bağlı müvafiq prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi demək deyil, o cümlədən, bu prinsiplər və onlardan irəli gələn obyektiv həqiqət prinsipi də ədalət mühakiməsinin statusuna uyğun olmayan formada mütləq anlamda qəbul edilməməlidir. Bundan əlavə, iddiaçı 2008-ci ildə pozulduğunu güman etdiyi hüquqlarının müdafiəsi ilə bağlı 2019-cu ildə Məhkəməyə müraciət etmişdir. Halbuki, MPM-in Azərbaycan Respublikasının xx.xx.2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə 26-29-cu fəsillər çıxarılanadək qüvvədə olan “Ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət” adlı 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik idi (İkinci yarımbölmə. Ümumi hüquqi münasibətlərdən əmələ gələn işlər üzrə icraat (xüsusi iddia icraatı). Fəsil 27. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat). Göründüyü kimi, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İPM-dən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktı ilə məhkəməyə müraciət etmə müddəti nəzərdə tutulmuş, MPM bu müddəti “şəxsin özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən” 1 ay olaraq müəyyən etmişdir. Buna görə, mübahisə açan tərəf MPM-in verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, x xxxxxx 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti x xxxxxx 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər. Çünki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İddiaçı da, cavabdehin qanunsuz qərarı (hərəkəti) ilə bağlı mübahisələri tənzimləyən və İPM-dən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktı ilə müəyyən edilən məhkəməyə müraciət etmə müddətində, yəni ən geci 2008-2010cu illərdə hazırkı tələbi barədə məhkəmədə iddia qaldırmamış, 10 il gözlədikdən sonra hüququnun pozulduğunu irəli sürmüşdür. İPM-in bu məsələlərlə əlaqədar keçid müddəaları nəzərdə tutmaması da diqqətə alınarsa, iddiaçının artıq ötürdüyü bu bir aylıq prosessual müddətin İPM-lə bərpa olunmadığı sabit olar. Başqa sözlə, xx.xx.2011-ci il tarixə mübahisələndirilməsi mümkün olmayan hüquqi faktlar bu tarixdən sonra da mübahisə edilə bilməz. İPM-in əsas alındığı alman prosessual hüququna görə də uzun müddət mövcud olan tələbin qaldırılmaması həmin tələbin itirilməsinə, o da öz növbəsində iddianın mümkünsüz sayılmasına gətirib çıxarır. Bu mənada, yalnız mübahisələndirmə və məcburetmə haqqında iddiaların qaldırılması üçün prosessual müddət müəyyən edən qanunvericinin İPM-in 36.3-cü maddəsində iddiaçıdan həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olmasını tələb etməsi də bu kontekstdə dəyərləndirilməlidir. Odur ki, inzibati orqanların x xxxxxx 2011-ci ilədək qəbul edilmiş inzibati aktları və ya hərəkətləri ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmalıdır. İş üzrə iki qərarında Ali Məhkəmənin bu məsələyə toxunmamasını məhkəmə kollegiyası araşdırmanın əsaslılıq üzrə aparılmalı olması kimi qəbul etmişdir. Həmçinin, iddiaçının istinad etdiyi “Əmək pensiyaları haqqında” Qanunun 26.2-ci maddəsinin 2008-ci il tarixdən qüvvəyə minmiş məzmunda redaksiyası xx.xx.2007-ci il tarixli 474-İİİQD nömrəli Qanunla qəbul olunmuşdur: “26.2. Bu Qanunun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əməkhaqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğində) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əməkhaqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır. Qeyd: 26.2-ci maddə 2008-ci il yanvarın 1-dən tətbiq edilir və bu tarixədək olan dövr üzrə pensiyaların hesablanmasına, indeksləşdirilməsinə və ödənilməsinə şamil edilmir.” Həmin norma Qeydi ilə birlikdə xx.xx.2009-cu il tarixli 474-İİİQD nömrəli (xx.xx.2009-cu il tarixdə dərc edilmişdir) Qanunla çıxarılmış, sonradan xx.xx.2011-ci il tarixli 128-İVQD nömrəli Qanunla yeni redaksiyada dəyişiklik və əlavələr (dərc olunduğu xx.xx.2011-ci il tarixdən qüvvəyə minmişdir) edilmişdir: 26.3. Bu qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsinin məbləğindən aşağı olduqda, əmək pensiyasının yeni məbləği əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsinin məbləğinə bərabər tutulur; 26.3-1. 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, pensiya təyin edilən tarixə nəzərə alınmış iş stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixindən yenidən hesablanır; 26.3-2. 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış və sonra əmək fəaliyyətini davam etdirmiş şəxslərin, onlara pensiya təyin edildiyi tarixdən 2006-cı il yanvarın 1-dək olan dövrdəki iş stajının hər ili üçün də 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilərək pensiyalarının sığorta hissəsinin 2011-ci il 01 iyul tarixindən yenidən hesablanmasında nəzərə alınır. Göründüyü kimi, 2011-ci ilin iyulun 1-dən artıq 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin pensiyanın hesablamasının yeni prosedur qaydası müəyyənləşdirilmiş və iddiaçının istinad etdiyi 2008-ci il tarixdən qüvvədə olan normanın tətbiqi artıq öz mahiyyətini və mənasını itirmişdir. Eyni zamanda, xx.xx.2017-ci il tarixli 543-VQD nömrəıi Qanunla əmək pensiyasının yenidən hesablanması ilə bağlı Qanunun 26-cı maddəsi yenidən yeni redaksiyada verilmişdir (xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir): 26.3. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır; 26.3-1. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən bu Qanunun 19-cu maddəsinə uyğun əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır; 26.3-2. 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Göründüyü kimi, xx.xx.2017-ci il tarixdən qanunvericiliyin əvvəlki normaları ilə müəyyən edilən hesablama qaydaları qüvvədən düşmüşdür. Digər tərəfdən, xx.xx.2011-ci il tarixdən qüvvəyə minən İPM sırf Alman inzibati məhkəmə-hüquq təcrübəsinə əsaslanır. Həmin təcrübəyə görə mübahisələndirmə haqqında iddialara mübahisənin maddi-hüquqi əsası kimi inzibati aktın qəbul edildiyi, öhdəliyin icrası və məcburetmə haqqında iddialara isə mübahisənin maddi-hüquqi əsası kimi məhkəmə qərarının qəbul edildiyi vaxt qüvvədə olan qanunvericilik müddəaları tətbiq olunur. Bu mənada, birinci instansiya məhkəməsi iddiaçının pensiya hüququnun yaranma əsasları və vaxtı ilə əlaqədar olmayan iddianı təmin edərkən maddi hüquq normalarının pozuntusuna yol vermişdir. Belə ki, şəxsin əmək pensiyası hüququ onun hüquqi sferası ilə sıx bağlı olmaqla, bu hüququn əldə olunması üçün qanunla müəyyən edilən şərtlərin (yaş, sığorta stajı, əlillik, güzəştli peşə və sair) məhz həmin şəxs tərəfindən yerinə yetirilən anda yaranır. Bundan fərqli olaraq, pensiyanın hesablanması və ödənilməsi qaydası bilavasitə fərdə aid və ondan asılı deyil. Baxmayaraq ki, onun bununla bağlı pozitiv gözləntiləri vardır, pensiyanın hesablanması və ödənilməsi prosesi bu pensiyanı hesablayan və ödəyən qurumun (hazırkı işdə dövlətin) fəaliyyət sahəsində cərəyan etməklə, qazanılmış pensiya hüququnun realizəsi olaraq, onun iqtisadi imkanları və həmin vaxtda sosial təminat sahəsində yeritdiyi siyasətin tələbləri ilə uzlaşmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də “Fabian Macarıstana qarşı” işi üzrə xx.xx.2017-ci il tarixli Qərarında göstərmişdir: “...sosial sığorta sistemi üzrə ödənişlərə dair qanunların qəbul edilməsi haqqında qərarlar adətən iqtisadi və sosial məsələlərin analizi ilə bağlıdır. Avropa Məhkəməsi qanunvericinin sosial-iqtisadi siyasətin həyata keçirilməsi zamanı geniş mülahizə həddinə malik olmalı olmasını təbii hesab edir və bu mövqenin açıq-aşkar ağlabatan əsasa malik olmadığı hallar istisna olmaqla, hansı tədbirlərin “cəmiyyətin maraqlarına” cavab verməsi məsələsi ilə bağlı qanunvericinin mövqeyinə hörmətlə yanaşacaq. Bu xüsusilə, məsələn, siyasi-iqtisadi rejimin dəyişməsi ilə bağlı qanunların, dövlət vəsaitinin tamlığının təmin edilməsi və ya vəsaitin təkrar bölüşdürülməsi ilə bağlı siyasi tədbirlər, yaxud da ciddi iqtisadi böhran nəticəsində qənaət tədbirlərinin qəbul edildiyi halda qəbul edilir. ... Avropa Məhkəməsi xatırladır ki, pensiyadan tam məhrumetmə, göründüyü kimi, Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinin pozulmasına gətirib çıxaracaq, pensiya və ya onunla bağlı ödənişlərin məbləğinin ağlabatan azaldılması isə, çox güman ki, bu maddənin pozulmasına səbəb olmayacaq (§65); Sosial təminat və pensiyalar sahəsində dövlətin geniş mülahizə hüdudlarını nəzərə alaraq, Avropa Məhkəməsi ərizəçinin əmək haqqı və pensiyaların eyni zamanda ödənilməsinə qadağanın dövlət xəzinəsinin ümumi müdafiəsi maraqlarına xidmət etməsinə şübhə etmək üçün heç bir əsas görmür (§67); Avropa Məhkəməsi xatırladır ki, dövlət pensiya sistemlərinin maliyyələşdirilməsi metodları Razılığa gələn Dövlətlərdən asılı olaraq, dövlətdaxili pensiya sistemlərində haqq ödəyənlər və benefisiarlar arasında həmrəylik prinsipinə vurğunun edilməsi kimi əhəmiyyətli dərəcədə fərqlənir. Bu məsələlərin sosial və iqtisadi siyasətlə bağlı olması səbəbindən, onlar dövlətlərə bu sahədə təqdim edilmiş dövlətdaxili mülahizə hədləri çərçivəsində prinsipə müvafiqdir (§72)”. Məhkəmə kollegiyası bildirir ki, Azərbaycan dövlətinin xx.xx.2010, xx.xx.2017 və xx.xx.2019-cu il tarixlərdə qüvvəyə minən dəyikliklərlə “Əmək pensiyaları haqqında” Qanunda əmək pensiyalarının hesablanması, yenidən hesablanması, ödənilməsi ilə bağlı müəyyən etdiyi qayda və prosedurlar da məhz bu xarakterə və əhəmiyyətə malikdir. Bu baxımdan, 2019-cu ildə qaldırılan iddia ilə artıq mövcud (qüvvədə) olmayan normalara istinadən nəinki xx.xx.2017, hətta xx.xx.2010-cu ildən əvvəl tətbiq olunan qayda ilə pensiyanın yenidən hesablanmasını tələb etmək, uzun müddət keçməsi və iddiaçının bu vəziyyətlə razılaşması ilə yanaşı, habelə cavabdeh inzibati orqanı səlahiyyətində olmayan qaydada məsələnin həllinə məcbur etmək niyyətini ehtiva etdiyi üçün, əsassızdır. Başqa ifadə ilə, şəxsin qazanılmış pensiya hüququndan və bu hüququn yaranması əsaslarından bəhs oluna bilər, onun pensiyasının hesablanması və ödənilməsi qaydası hüququndan isə yox. Əgər inzibati orqan vaxtilə qanunla (xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixli Qanunla çıxarılanadək redaksiyada “Əmək pensiyaları haqqında” Qanunun 26.2-ci maddəsində) onun vəzifəsi sayılan qərarı qəbul etməmiş və şəxs də həmin qayda qüvvədə olan dövrdə deyil, bundan sonra sonuncuya müraciət etmişdirsə, artıq inzibati orqandan yalnız həmin vəzifəni yerinə yetirməməsi ilə əlaqədar vurulmuş zərərin əvəzi kimi kompensasiya tələb oluna bilər, qüvvədən düşmüş normada təsbit olunan icraat qaydasına əməl etmək isə yox. Çünki, qeyd olunduğu kimi, pensiyanı hesablamaq və ödəmək dövlətin hüquqlarına aiddir. Sonuncu hal isə dövlətin, onu təmsil edən qurumun və ümumilikdə inzibati orqanların üzərinə qüvvədə olan normalara əsaslanaraq öhdəlik (vəzifə) qoyulmasını şərtləndirir ki, öhdəliyin icrası və məcburetmə haqqında iddialara məhkəmə qərarının qəbul edildiyi vaxt qüvvədə olan qanunvericilik normalarının tətbiqinin hədəfi də budur. Belə ki, inzibati orqanın başlıca vəzifəsi qanunvericiliklə ona həvalə olunmuş səlahiyyətlərin icrasını vaxtında, tam və dürüst təmin etməkdir. Norma yoxdursa, inzibati orqanın vəzifəsi (səlahiyyəti) də yoxdur, əksinə deyişlə, “inzibati orqanın vəzifəsidir” demək üçün onun sözügedən vəzifəsini müəyyən edən norma, həmin norma isə qüvvədə olmalıdır. İddiaçı da iddia ərizəsində Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə (Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir) istinad edərkən nəzərə almamışdır ki, sözügedən normanın hər hansı kazusa tətbiq olunması üçün hüquqi vəziyyəti yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi akt (onun bir hissəsi, norması) hüquq tətbiq edilən anda mövcud (qüvvədə) olmalıdır ki, geriyə də şamil edilə bilsin. başqa sözlə, qüvvədə olmayan norma geriyə şamil edilə bilməz. Odur ki, qüvvədən düşmüş normalar Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin təsirinə düşmür. Bu kontekstdə, birinci instansiya məhkəməsi “Əmək pensiyaları haqqında” Qanunun qüvvədən düşmüş maddələrini mübahisəyə tətbiq edərək, cavabdehin üzərinə artıq onun səlahiyyətində olmayan məsələnin həllini həvalə etməklə, maddi hüquq normalarının pozuntusuna yol vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu da “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2014-cü il tarixli Qərarında göstərmişdir ki, “Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsi ümumi şəkildə aşağıdakı qaydaları müəyyən edir: normativ hüquqi akt yalnız gələcəyə dair qaydaları müəyyən edir, onun geriyə qüvvəsi yoxdur.” Məhkəmə kollegiyasının bu məsələ ilə bağlı mövqeyi ümumiləşdirilsə, iddiaçının pensiya hüququnun əsasları müəyyən edilərkən bu hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan (sonradan qüvvədən düşsə də) maddi hüquq normalarına istinad olunduğu halda (İPM-1.2, MPM-217.2), bu hüququn tətbiqi (realizə) imkanları (icra qaydaları, proseduru və sair), konkret olaraq hazırkı iş üzrə pensiyanın yenidən hesablanması və ödənilməsi qaydası və müddəti ilə bağlı yalnız məhkəmə qərarı çıxarılan anda qüvvədə olan normalar tətbiq olunmalıdır. Qeyd edilənlərin əksi fərz olunsa, o halda şəxs pensiyanın ona hazırda qüvvədə olan qaydalara əsasən nağdsız şəkildə (bank kartı vasitəsilə) deyil də, vaxtilə bu hüququnun yarandığı dövrdə qüvvədə olmuş nağd formada ödənilməsini tələb edə bilər ki, bu da qanuna ziddir. Eyni qaydada, pensiyanın əvvəllər qüvvədə olan qaydada (əmək haqqı üzərindən) hesablanmasını tələb etmək də qanunilikdən uzaqdır. Çünki, Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixli 904-İİİQD nömrəli Qanunu ilə “Əmək pensiyaları haqqında” Qanuna edilən əlavə və dəyişikliklərə uyğun olaraq 2010-cu ilin yanvarın 1-dən etibarən əvvəlki dövrlərdə qazanılmış pensiya hüquqlarının müəyyənləşdirilməsində əmək haqqına istinad aradan qaldırılmış, hesablamaların vahid əmək stajı göstəricilərinə əsasən aparılması təmin edilmişdir. Eləcə də, iddiaçının pensiya işindən məlum olur ki, ona ilk dəfə əmək pensiyası xx.xx.2004-cü il tarixli qərarla təyin və xx.xx.2004, xx.xx.2005, xx.xx.2005, xx.xx.2005-ci il tarixli sərəncamlarla pensiyanın miqdarında dəyişiklik edilsə də, iddiaçı “... xx.xx.2006-cı ilə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 17, 71, 72-ci maddələrinə uyğun olaraq 2002-2003-cü illərin orta aylıq əmək haqqı əsas götürülməklə pensiyanın xx.xx.2008-ci ildən yenidən hesablanması ...” tələbini irəli sürməsinə baxmayaraq, ilk dəfə ona əmək pensiyası təyin və sonradan dəyişiklik edilərkən razılaşmadığı hesablama qaydası və məbləği əsas götürən inzibati orqanın bu barədə qəbul etdiyi əvvəlki qərardan (sərəncamlardan) şikayət vermədən, sözügedən qərarın (sərəncamların) ləğv edilməsini yaxud dəyişdirilməsini istəmədən, yəni onun əmək pensiyası ilə bağlı artıq qüvvədə olan inzibati akt (aktlar) olduğu halda, yenisinin qəbul edilməsini arzulamışdır. Halbuki, həmin qərar və sərəncamlar iddiaçıya bu barədə məlumat verildiyi andan yaxud bu barədə ona məlum olduğu andan ona məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minmişdir və hüquqi cəhətdən etibarlıdır, həmin hüquqi aktlar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Bütün bu müzakirə olunan hallar da birinci instansiya məhkəməsinin iddianı təmin etməklə əlaqədar səhv nəticəyə gəldiyinə dəlalət edir və məhkəmə kollegiyası məhz bu mənada apellyasiya şikayəti ilə razılaşır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia rədd olunmalıdır (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1189/2019 nömrəli iş üzrə xx xxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Bakı şəhəri 1 saylı xidmət nümayəndəliyinə qarşı xx.xx.2008-ci ildə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” AR Qanununun 10.2, 26, 27.1 maddələri və xx.xx.2006-cı ilə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 17, 71, 72-ci maddələrinə uyğun olaraq 2002-2003-cü illərin orta aylıq əmək haqqı əsas götürülməklə pensiyanın xx.xx.2008-ci ildən yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Emin Mehdiyev Xəyal Sarıyev
Məhkəmə qərarları › İş №2-1(103)-1655/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1655/2020
16.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver