Məhkəmə qərarları › İş №2-1(103)-1655/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1655/2022

14.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1655/2022 14.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ikinci qrup əlilliyin təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2-1(112)-322/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən yol verilən pozuntunun aradan qaldırılması və 10 iyun 2019-cu il tarixindən müəyyən edilməklə iddiaçıya ikinci qrup əlillik dərəcəsinin verilməsi vəzifəsinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1998-ci ildən epilepsiya xəstəliyindən əziyyət çəkir, xəstəliyi ilə əlaqədar müxtəlif səhiyyə müəssisələrində ambulator və stasionar müalicələr almış, müalicə aldığı müddətlərdə baş vermiş qıcolma faktları müvafiq səhiyyə müəssisələri tərəfindən qeydə alınmışdır. Son olaraq “Azərsutikinti” xəstəxanasında 8-28 may 2019-cu il tarixləri arasında stasionar müalicə almış, müalicə aldığı 21 gün ərzində iddiaçıda 4 dəfə qıcolma tutmaları baş vermiş və bu faktlar müvafiq olaraq həmin səhiyyə müəssisəsi tərəfindən qeydə alınmışdır. Əlilliyinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün qeyd olunan səhiyyə müəssisəsi tərəfindən 8 iyun 2019-cu il tarixli 0050003AACSG nömrəli göndəriş tərtib edilərək elektron qaydada TSEKə göndərilmiş, diaqnoz” bölməsinin “b) Ağırlaşma” bəndində “Fokal başlanğıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar. Qıcolma tutmaları (stasionarda olarkən 21 gün ərzində 4 tutma qeyd olunub)” ifadəsi qeyd olunmuşdur. Beləliklə yuxarıda qeyd etdiyi və səhiyyə müəssisəsi tərəfindən qeydə alınan 21 gün ərzində 4 dəfə qıcolma tutmaları faktı göndərişdə öz əksini taparaq təsdiq olunmuşdur. Lakin cavabdeh əlilliyin qiymətləndirilməsi ilə bağlı qüvvədə olan və istinad etdiyi normativ-hüquqi aktların tələblərinə əməl etməmişdir. Belə ki, 25 iyun 2019-cu il tarixdə göndərişə cavab olaraq elektron hökumət portalından əldə etdiyi “TSEKdə sonuncu müayinəyə dair məlumatın verilməsi” sənədində “əlavə ixtisaslaşmış stasionar müayinə və müalicəyə ehtiyacın olması” əsas gətirilərək, cavabdeh tərəfindən iddiaçıya ikinci qrup əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbisosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 1.5-ci bəndinə əsasən, əlillik müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən müəyyən edilir. Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 2.2.11-ci bəndinə əsasən “epilepsiya tez - tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9)” hallan olduqda ikinci qrup əlillik təyin edilir. Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamənin 4.1-ci bəndinə əsasən, şəxslərin TSEK-də əlilliyinin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır. TSEK əlillik dərəcəsinin verilməsindən imtina haqqında qərarını haqlı göstərmək üçün qəsdən göndərişin diaqnoz bölməsində səhiyyə müəssisəsi tərəfindən ona təqdim edilmiş məlumatları təhrif etmiş, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq ikinci qrup əlillik dərəcəsinin verilməsinə birbaşa göstəriş olan “Qıcolma tutmaları (stasionarda olarkən 21 gün ərzində 4 tutma qeyd olunub)” sözlərini diaqnoz bölməsindən çıxartmışdır. Beləliklə, Xidmət və TSEK öz fəaliyyətində əlilliyin qiymətləndirilməsi sahəsində şəffaflığın təmin edilməsi məqsədilə bütün sənədləşmələrin və qiymətləndirmə işlərinin elektron qaydada və insan müdaxiləsini istisna edən şəraitdə aparılmalı olduğunu nəzərdə tutan tələblərə əməl etməyə lüzum görməmiş və kobud qanun pozuntusuna yol verərək iddiaçıya əlillik dərəcəsinin təyin edilməməsi üçün diaqnozun “Qıcolma tutmaları (stasionarda olarkən 21 gün ərzində 4 tutma qeyd olunub)” hissəsini sənədlərdən qəsdən çıxarmaqdan çəkinməmişdir. Cavabdehin 2 oktyabr 2019-cu il tarixli cavab məktubunda istinad etdiyi hallara heç bir münasibət bildirilməmiş, sadəcə olaraq Xidmət tərəfindən 10 iyun 2019-cu il tarixdə əlilik dərəcəsinin verilməsindən imtina edilməsi haqqında qərar verildiyi faktı təkrar olaraq diqqətinə çatdırılmışdır. Beləliklə, cavabdehin iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasına əsasən malik olduğu sosial təminat hüququ və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göstərilən qərarlarının tələbləri kobud şəkildə pozulmuş, qanuni əsasla iddiaçıya verilməli olan ikinci qrup əlil statusunun verilməsindən qanunsuz olaraq imtina edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı xx.xx.2019-cu il tarixli **********6 saylı və xx.xx.2020-ci il tarixli **********6 saylı etirazlarında göstərilmişdir ki, İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0050003AACSG saylı göndərişi əsasında xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 0050003AACSG saylı göndərişin təhlili göstərdi ki, xəstəlik xx.xx.2019-cu il tarixdə başlamışdır. Əsas xəstəlik kimi “Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Epilepsiya” diaqnozu, ağırlaşma kimi isə “Fokal başlanığıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar” diaqnozu göstərilmişdir. Yanaşı xəstəlik kimi isə “İnsulindən asılı olmayan şəkərli diabet, Şəkərli diabet İİ tip.Serebral ateroskleroz, Başbeyin atrofiyası. Koqnitiv pozğunluqlarla. Digər daimi ağrı, Bazu sümüyünün yuxarı ucunun sınığı, Sağ bazu sümüyünün böyük qabarının qeyri-düzgün bitişmiş sınığı, sağ bazu oynağının kontrakturası. Nevrasteniya, Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi İİ mərhələ. Bazu oynağının çıxığı” xəstəliyi qeyd edilmişdir. Əsas xəstəliyinə görə 2018-ci ildə 12 gün, 2019-cu ildə isə 21 gün olmaqla son bir il ərzində cəmi iki dəfə stasionar müalicədə olmuşdur. Epilepsiya xəstəliyində əlillik dərəcəsi qıcolmaların aylıq tezliyindən asılı olaraq müəyyənləşdirilir ki, bu da stasionar müalicə müddətində təsbit edilməklə dəqiqləşdirilir. Lakin İddiaçı cəmi iki dəfə stasionar müalicə almışdır, stasionar müalicə müddətləri isə qıcolmaların aylıq tezliyini müəyyənləşdirmək üçün yetərli hesab olunmur. Buna görə də əlillik təyinatı aparmaq mümkün olmamış və qıcolmaların xarakteri və tezliyinin dəqiqləşdirilməsi üçün əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 noyabr 2016-cı il tarixli 446 nömrəli qərarı ilə, Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə dəyişiklər edilmişdir. Həmin dəyişiklərə əsasən vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə TSERAS üzərindən qiymətləndirilməklə müəyyən edilir, qərar elektron imza ilə imzalanmaqla rəsmiləşdirilir. Həmin Əsasnamənin 4.2.bəndinə görə “Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır”. 4.7. bəndinə görə isə “Səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar.” İddiaçı oğuna səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmamış, əlilliyin təyininə əsas verən ağırlaşmalar qeyd edilməmişdir. Buna görə də əlillik təyinatının aparılması mümkün olmamış və əsaslı olaraq imtina qərarı verilmişdir. İddiaçı əlilliyin təyini istiqamətində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti və tabeli tibbisosial ekspert komissiyaları tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə 23 saylı Şəhər Poliklinikası üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2-1(112)-322/2021 nömrəli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işə yenidən baxılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun yazılmış və onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual normaların pozuntusu ilə qərar qəbul etmişdir. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9) Göründüyü kimi, ay ərzində 4 dəfə təkrarlanan tutmalarla müşayiət olunan epilepsiya xəstəliyi zamanı ikinci dərəcə əlillik təyin edilməli olduğu halda, əlilliyin təyin edilməsindən imtina edilmişdir. Cavabdeh Göndərişdə əlilliyin təyininə əsas verən ağırlaşmaların qeyd olunmadığını bildirmişdir. Məhkəmə Göndərişdə ağırlaşmaların qeyd olunub-olunmadığını və beləliklə Cavabdehin imtinasının əsaslı olub-olmadığını aydınlaşdırmamışdır. Tərəflərin iştirakı: Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(103)-1655/2022 saylı qərardadı ilə 23 saylı Şəhər Poliklinikasının inzibati iş üzrə üçüncü şəxs qismində statusu ləğv edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətində qeyd edilənlərə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbini təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, 23 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş 0050003AACSG saylı göndərişdən görünür ki, iddiaçıda xəstəlik xx.xx.2019-cu il tarixdə başlamışdır. Əsas xəstəlik kimi “Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Epilepsiya” diaqnozu, ağırlaşma kimi isə “Fokal başlanığıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar, qıcolma tutmaları (stasionarda olarkən 21 gün ərzində 4 tutma qeyd olunmuşdur)” diaqnozu göstərilmişdir. Yanaşı xəstəlik kimi isə “İnsulindən asılı olmayan şəkərli diabet, Şəkərli diabet İİ tip.Serebral ateroskleroz, Baş-beyin atrofiyası. Koqnitiv pozğunluqlarla. Digər daimi ağrı, Bazu sümüyünün yuxarı ucunun sınığı, Sağ bazu sümüyünün böyük qabarının qeyridüzgün bitişmiş sınığı,sağ bazu oynağının kontrakturası.Nevrasteniya, Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi İİ mərhələ. Bazu oynağının çıxığı” xəstəliyi qeyd edilmişdir. Sonuncu müayinə dair məlumatın verilməsi barədə altsistemdən çıxarışdan görünür ki, iddiaçının 0050003AACSG saylı göndərişi əsasında əlavə müalicəyə ehtiyacın olması və xəstənin əlavə ixtisaslaşmış stasionar müayinə və müalicəyə ehtiyacı olması səbəbindən əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə 11 noyabr 2016-cı il tarixli 446 nömrəli qərarına əsasən, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Müəyyən olunmuşdur ki, əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi ilə il tarixində qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə və müalicə edildikdən sonra yeni göndəriş (forma 088) rəsmiləşdirildiyi halda, əlillik vəziyyəti şəxsin iştirakı olmadan Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən adsızlaşdırılmış sənədlər əsasında qiymətləndirilib, müvafiq qərar veriləcəkdir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçının tələbi ona 2-ci dərəcə əlilliyin təyin edilməsi ilə bağlıdır. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə əlilliyin təyin edilməsi barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin qoyulmasını xahiş edir. İPM-in 33.1 -ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-nin 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İş materiallarından görünür ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən xx.xx.2019-cu ildə cavab verilmiş, iddiaçı isə xx.xx.2019-cu il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı tərəfindən iddianın verilməsi müddətinə əməl olunmuşdur. İddianın mahiyyəti üzrə Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır (AR İPM 73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1. –ci maddəsində göstərilir: ” Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir”. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; Həmin Qanunun 3.3-cü maddəsinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.4-cü maddəsinə uyğun olaraq, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydalarına əsasən: 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.6. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə bu Qaydanın 2.7-ci, 2.8-ci, 3.2-ci və 3.5-ci bəndlərinə uyğun olaraq qəbul etdiyi qərarlarından şikayətlərə Nazirlik tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də göstərilmişdir: “1.1. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3. Tibbisosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur.” Həmin Əsasnamənin 2-ci hissəsinin 2.2.-cü bəndinə əsasən, ikinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9); İşin araşdırılan hallarından görünür ki, İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0050003AACSG saylı göndərişi əsasında xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş, göndərişdə əsas xəstəlik kimi “Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Epilepsiya” diaqnozu, ağırlaşma kimi isə “Fokal başlanığıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar, qıcolma tutmaları (stasionarda olarkən 21 gün ərzində 4 tutma qeyd olunmuşdur)” diaqnozu göstərilmişdir. Yanaşı xəstəlik kimi isə “İnsulindən asılı olmayan şəkərli diabet, Şəkərli diabet İİ tip. Serebral ateroskleroz, Başbeyin atrofiyası. Koqnitiv pozğunluqlarla. Digər daimi ağrı, Bazu sümüyünün yuxarı ucunun sınığı, Sağ bazu sümüyünün böyük qabarının qeyri-düzgün bitişmiş sınığı, sağ bazu oynağının kontrakturası. Nevrasteniya, Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi İİ mərhələ. Bazu oynağının çıxığı” xəstəliyi qeyd edilmişdir. Əsas xəstəliyinə görə 2018-ci ildə 12 gün, 2019-cu ildə isə 21 gün olmaqla son bir il ərzində cəmi iki dəfə stasionar müalicədə olmuşdur. İddiaçının göndəriş əsasında əlavə müalicəyə ehtiyacın olması və xəstənin əlavə ixtisaslaşmış stasionar müayinə və müalicəyə ehtiyacı olması səbəbindən əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. Göründüyü kimi “stasionarda olarkən 21 gün ərzində 4 tutmanın olması” diaqnozu göndərişdə yalnız ağırlaşma kimi göstərilmiş, əsas diaqnozda isə bu barədə heç bir qeyd aparılmamışdır. İşə baxan birinci instansiya məhkəməsi iddiaçıda hal-hazırda olan xəstəliklər və qüsurların müəyyən edilməsi üçün xüsusi bilik tələb olunduğundan tam əsaslı olaraq iş üzrə məhkəmə tibbi ekspertizasının keçirilməsini zəruri hesab etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-nin ekpert rəyindən görünür ki, 1964-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: vətəndaş İddiaçı məhkəmə-tibbi ekspertizası zamanı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş 0050003AACSG saylı göndəri tam doldurulmuş, müayinələr tam aparılaraq ona “generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, epilepsiya, fokal başlanğıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar” diaqnozu müəyyən edilmiş və əlillikdən imtina qərarı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən düzgün olmuşdur. Vətəndaş İddiaçı ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməklə müayinə və müalicə olunmalı, əldə olunmuş nəticəyə uyğun sənədlər təkrar əlilliyin təyini üçün Tibbi Sosial Ekspert Komissiyasına göndərilməlidir. Göründüyü kimi, ekspert də iddiaçıya əliliyinin təyin edilə bilməsi üçün əlavə ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməklə müayinə və müalicə olunmasının zəruriliyini bildirmişdir. Yalnız bundan sonra əldə edilmiş nəticələrə əsasən iddiaçının əlilliyinin olub-olmamasını müəyyənləşdirməyin mümkünlüyü bildirilmişdir. Ekspert rəyində göstərilən halları təkzib edən və şübhə altına alan sübut nə işin birinci instansiya məhkəməsində araşdırma zamanı, nə də ki, apellyasiya baxışı zamanı təqdim edilmədiyindən hazırkı iş üzrə ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. Həmin Məcəllənin 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır (İPM-87.6). Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2-1(112)-322/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar