Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1655/2024 31.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və X2 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlər Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan-ölçünün verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6832/2023 nömrəli, 17 noyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişiafı və İstismarı Birliyi ilə iddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli 39723 saylı müqaviləyə əsasən Novxanı ərazisində 0.12 ha 1083n saylı bağ sahəsinin mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla iddiaçının adına çıxarışın və plan ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişiafı və İstismarı Birliyi ilə iddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli 39723 saylı müqaviləyə əsasən Novxanı ərazisində 0.12 ha 1083n saylı bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir. Həmin vaxtdan bağ sahəsi iddiaçının istifadəsindədir. Bağa dair iddiaçının mülkiyyət hüququnun tanınması və çıxarışın (plan ölçünün) verilməsi üçün cavabdehə müraciət edilmiş, iddiaçıya bildirilmişdir ki, torpaq sahəsi ümumi hasar daxilində yerləşir, bağın nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd olunmamışdır. Bundan əlavə torpaq sahəsinin yerləşdiyi ümumi əraziyə dair digər fiziki şəxsin müraciəti olmuşdur. İmtina əsassızdır. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Əhədova) 2-1(112)-6832/2023 nömrəli, 17 noyabr 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində 0.12 ha ölçüdə 1083n saylı bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişiafı və İstismarı Birliyi ilə iddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli 39723 saylı müqaviləyə əsasən Novxanı ərazisində 0.12 ha 1083n saylı bağ sahəsinin mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla iddiaçının adına çıxarışın və plan ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən iddianın təmin edilməsi, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində 0.12 ha ölçüdə 1083n saylı bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. İdarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlaka keçirilən texniki baxış zamanı göstərilən torpaq sahəsinin ümumi hasar daxilində yerləşdiyi müəyyən olunmuşdur. Həmçinin bağın nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd olunmamışdır. Bundan əlavə, torpaq sahəsinin yerləşdiyi ümumi əraziyə dair digər fiziki şəxsin (X5) Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 1083j, 1083n, 1104e saylı bağ sahələrinə bölgü sxeminin tərtib edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə müraciəti olmuşdur. İdarənin arxivində mövcud olan 27 saylı, xx.xx.2007-ci il tarixli Sərəncamda İddiaçı ayrılmış bağ sahəsinin nömrəsi 1083m qeyd olunsa da, 39723 saylı, xx.xx.2007-ci il tarixli müqavilədə bağ sahəsinin nömrəsi 1083n qeyd olunmuşdur. Həmçinin elektron kadastr baza məlumatlarına əsasən İdarənin arxivində mövcud olan cizgidə perimetrik ölçü fərqi olduğu üçün cizginin qeyd olunan əraziyə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Bakı İnzibati Məhkəməsi tərəfindən etirazda yazılan dəlillərlə bağlı ətraflı araşdırılma aparılmamışdır. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlər Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlaka keçirilən texniki baxış zamanı göstərilən torpaq sahəsinin ümumi hasar daxilində yerləşdiyi müəyyən olunmuşdur. Həmçinin bildirilir ki, bağın nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd olunmamışdır. Bundan əlavə, torpaq sahəsinin yerləşdiyi umumı əraziyə dair digər fiziki şəxsin müraciəti olmuşdur. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti Başçısı X1 inkişafı və istismarı Birliyinin Novxanı ərazisindəki 1083n nömrəli bağın istifadəyə verilməsi haqqında xx.xx.2007-ci il tarixli, 39723 nömrəli müqavilədən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 75 nömrəli sərəncamına əsasən Birlik tərəfindən Binəqədi rayonu Novxanı ərazisindəki 0,12 hektar torpaq sahəsi olan 1083n nömrəli bağ müqavilədə göstərilən tikintilər, qurğular və ağaclarla birlikdə İddiaçı istifadəsinə verilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə»nin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.50-ci yarımbəndində və Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1.20-ci bəndində isə təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək cavabdeh inzibati orqanın vəzifəsidir. Sadalanan normaların təhlilindən göründüyü kimi, qanunverici «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində nəzərdə tutulan sənədlərdən hər hansı birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. Həmin normada təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri və sərəncamlar qanunvericilikdə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi müəyyən edilmişdir. İddiaçı tərəfindən isə qeyd olunan əsas cavabdehə təqdim edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “X4 və istismarı birliyinin protokolunun təsdiq edilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2007-ci il tarixli, 75 nömrəli sərəncamına əsasən “Vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi, vətəndaşlara bağ sahələrinin ayrılması barədə” “təhkim etmə” X4 və istismarı birliyinin 26 fevral 2007-ci il tarixli, 01 №-li protokolu təsdiq edilmişdir. Həmin protokola əsasən Bakı şəhər İcra hakimiyyətinin 17.03.97-ci il tarixli 233 nömrəli Sərəncamına əsasən Novxanıdakı 1083m nömrəli bağ İddiaçı ayrılmışdır. İş materiallarından görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2007ci il tarixli, 75 nömrəli sərəncamının arxiv çıxarışı Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə təqdim edilmişdir. Həmin Sərəncama əsasən X4 və İstismarı Birliyi ilə İddiaçı arasında imzalanmış “Novxanı ərazisindəki 1083n nömrəli bağın istifadəyə verilməsi haqqında” 39723 nömrəli, 02 mart 2007-ci il tarixli müqavilə ilə Binəqədi rayonu, Novxanı ərazisində sahəsi 0.12 ha olan 1083n saylı bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir. Həmin müqavilənin təsdiq edilmiş surəti iddiaçı və cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Həmin bağ sahəsi uzun müddətdir iddiaçının istifadəsindədir. Məhkəmə kollegiyası qeyd edir ki, sərəncamla müqavilədəki bağ sahələrinin nömrəsinin fərqli olması hazırkı halda iddia olunan 1083n nömrəli bağ sahəsinə hüququn qeydiyyatını tələb etməyə mane deyildir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 1083m saylı bağ sahəsinə dair sənəd idarənin arxivində aşkar edilməmişdir. Sorğunun icrası ilə əlaqədar olaraq Bakı şəhəri Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 1083n saylı bağ sahəsinə dair müvafiq sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Cavabdeh orqan tərəfindən məhkəmə sorğusuna əsasən göndərilmiş arxiv sənədlərində iddiaçının adına Novxanı ərazisində 1083n nömrəli bağ sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlər təqdim edilmiş, həmin sənədlər sırasında xx.xx.2007-ci il tarixli müqavilə, bağ sahəsinin təhkim aktı, eyni nömrəli bağın iddiaçıya məxsus olması barədə birliyin arayışı əlavə edilmişdir. İddiaçı ilə bağlar təsərrüfatı idarəsi arasında bağlanmış müqavilə ilə məhz 1083n nömrəli bağ sahəsinin istifadəyə verilməsinə dair razılığa gəlinməsi, həmin nömrəli bağ sahəsinin eyni ərazidə digər bağ sahələrinin istifadəçilərinin şahidliyi ilə iddiaçıya naturada təhvil verildiyi barədə akt tərtib edilməsi və Novxanı bağlar massivində 1083m nömrəli bağa dair hüquqmüəyyənedici sənədlərin aşkar olunmaması iddiaçıya ayrılmış torpaq sahəsinin 1083n nömrəli bağ olduğu və iddiaçının 1083n nömrəli bağa dair iddia etmək hüququnun olduğunu təsdiq edir. Həmçinin qeyd olunmalıdır ki, “Novxanı ərazisindəki 1083n nömrəli bağın istifadəyə verilməsi haqqında” 39723 nömrəli, 02 mart 2007-ci il tarixli müqavilədə iddiaçıya həmin bağ sahəsinin Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2007-ci il tarixli, 75 nömrəli sərəncamına əsasən ayrıldığı qeyd olunur, öz növbəsində 1083m nömrəli bağa dair sənədlər isə arxivdə aşkar olunmamışdır, cavabdeh tərəfindən məhz 1083n saylı bağ sahəsinə və həmin bağ sahəsinin iddiaçıya ayrılmasına dair sənədlər məhkəməyə təqdim edilmişdir. Bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi halına görə iddiaçı məsuliyyət daşımır, bu, onun iradəsindən asılı olan hal deyil. Əksinə, qeyd olunan məsələ cavabdehin vəzifələrinə daxildir. Sxematik xəritə ilə hər hansı uyğunsuzluq olsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Eyni zamanda cavabdeh iddia olunan naturadakı bağ torpaq sahəsinin Novxanı bağ massivində yerləşdiyini mübahisələndirmir. Cavabdeh iddia olunan bağ sahəsinin Novxanı bağlarının sxematik xəritəsində, göstərilən hissədə hər hansı bağ nömrəsi qeyd olunmadığını bildirməklə bilavasitə naturada faktiki göstərilən ərazinin hər hansı başqa bir bağ sahəsinin yerinə uyğun gəldiyini və ya hər hansı şəxsə aid bağ torpaq sahəsi ilə üst-üstə düşdüyünü əsaslandırmır. İddiaçının faktiki istifadəsində olan və 1083n nömrəli bağ sahəsi kimi iddia etdiyi bağ torpaq sahəsi ilə bağlı hər hansı üçüncü şəxsin hüququ qeydə alınmamış və ya bu barədə hər hansı şəxsin mübahisəsinin olduğu müəyyən olunmamışdır. Bağ torpaq sahəsinə dair arxiv saxlayıcı olan cavabdeh orqan isə sözügedən torpaq sahəsinin iddiaçıya aid olmadığını, konkret olaraq 1083n saylı bağ sahəsi olmadığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının iddia etdiyi Novxanı ərazisində 0.12 ha ölçüdə 1083n saylı bağ torpaq sahəsinə dair torpaqayırma sənədi olmaqla yanaşı, iddia edilən bağ torpaq sahəsinin iddiaçının naturada (faktiki) istifadəsinə təhvil verildiyi müəyyən olunur. O da qeyd edilməlidir ki, cavabdeh tərəfindən qeyd olunan sənədlərin (qərar və order) həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir. Həmin sənədlərə münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. İPM-in 58-ci maddəsi və «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinin tələbləri baxımından mötəbər sübut kimi qiymətləndirilməlidir. Həmin sənədlər ləğv edilməmişdir, etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Bundan başqa, həmin sənədlər geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. İddiaçı ona münasibətdə əlverişli xarakter daşıyan sənədlərə etimad göstərərək həmin sənədlərin məzmununa uyğun davranmışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Cavabdehin bağ sahəsinin digər bağ sahələri ümumi hasar daxilində yerləşməsi ilə əlaqədar dəlillinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu hal da imtina üçün əsas hesab edilmir. Cavabdeh apellyasiya şikayətində ümumi əraziyə X3 müraciətinin olduğunu qeyd edir. Lakin məhkəməyə təqdim edilmiş çıxarışdan və Torpaq sahəsinin plan və ölçüsündən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Novxanı bağ massivi, 1104e saylı bağ sahəsinə X3 mülkiyyət hüququ xx.xx.2024-cü ildə qeydiyyata alınaraq bu barədə çıxarış və Torpaq sahəsinin plan və ölçüsü verilmişdir. Bundan başqa, bağ torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olduğu müəyyən olunur. Bu barədə cavabdeh orqanın mütəxəsisləri tərəfindən keçirilmiş yerli müayinə aktında qeydlər edilmiş, eyni zamanda iddia olunan torpaq sahəsinin çöl-ölçmə işləri aparılmış, 1200 kv.m ölçüdə olmaqla yerləşdiyi coğrafi koordinatları müəyyən olunmuşdur. Həmçinin, cavabdeh inzibati orqan göstərilən əraziyə digər hüquqi və fiziki şəxslərin müraciətlərinin olması, eləcə də iddiaçıya ayrılmış bağ sahəsinin digər hüquqi və fiziki şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməsi barədə sübutları məhkəməyə təqdim etməmişdir. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır. Qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6832/2023 nömrəli, 17 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1655/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1655/2024
31.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver