Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1656/2021 10.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi-hakim), Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı (xx.xx.1957-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 30.03.2021-ci il tarixli, 2- 1(112)-2177/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: İddiaçı 16.10.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Buzovna Bələdiyyəsinin 30.12.2006-cı il tarixli 517 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində İddiaçı ayrılmış 600 kv.m torpaq sahəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, plan və ölçünün tərtib edilməsi, çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Buzovna Bələdiyyəsinin 30.12.2006cı il tarixli 517 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində iddiaçıya 600 kv.m torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin alqı-satqısı barədə akt imzalanmış və müvafiq ödəniş edilmişdir. Həmçinin, Buzovna Bələdiyyəsi tərəfindən DƏDRX-yə ünvanlanmış 19.09.2019-cu il tarixli məktubdan görünür ki, ona ayrılmış torpaq sahəsi Bələdiyyə hüdudları daxilində yerləşir. Həmçinin, 21.10.2019-cu il tarixli məktubdan görünür ki, bələdiyyənin arxivində 445 nömrəli reyestrlə qeydiyyata alınmış 30.12.2006-cı il tarixli 517 nömrəli sərəncama əsasən adına 600 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ərizə ilə cavabdeh orqana iddiaçı tərəfindən müraciət edilmiş, cavabdeh orqanın 01.10.2020-ci il tarixli məktubu ilə müraciətindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, təqdim edilmiş alqı-satqı aktı keçmiş DTXK tərəfindən təsdiq edilməmiş və torpaq sahəsinə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş idarəsinin rəyi əlavə olunmamışdır. Həmçinin sözügedən torpaq sahəsinə idarənin mütəxəssisləri tərəfindən çöl ölçmə işlərinin aparılmasına şərait yaradılmamış və bank tərəfindən verilmiş qəbz əlavə olunmamışdır. Hesab edir ki, imtina cavabı əsassızdır. Bakı İnzibati Məhkəməsinin 30.03.2021-ci il tarixli, 2-1(112)-2177/2021 saylı qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. İddiaçının apellyasiya şikayəti iddia ərizəsinə uyğun hazırlanmış, əlavə olaraq şikayətdə İPM-nin 34.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Savalan“ ASC-nin şikayəti üzrə AR Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2016cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 2016-cı il tarixli qərarına istinad olunaraq birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin olunması xahiş edilmişdir. Tərəflər və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. İşin apellyasiya icraatı zamanı iddiaçı tərəfindən məhkəmə tərkibinə etiraz təqdim edilmiş, məhkəmənin müvafiq qərardadı ilə məhkəmə tərkibinə edilmiş etiraz baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmalıdır. İş materiallarında olan: - Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsinin “Vətəndaş İddiaçı Buzovna qəsəbəsində fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsinin ayrılması haqqında” 30.12.2006-cı il tarixli 517 saylı sərəncamı ilə Buzovna qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikilməsi üçün 600 m2 torpaq sahəsi İddiaçı (ünvan: ünvan 22 -in qiyməti 1 manat 76 qəpik hesabı ilə satılmışdır. - kassa mədaxil orderinə əsasən İddiaçı tərəfindən torpaq sahəsinin alqı-satqısına görə 1056 manat məbləğində vəsait ödənilmişdir. - Buzovna Bələdiyyəsi ilə İddiaçı arasında torpaqların alqı-satqısına dair akt tərtib edilmişdir. Həmin akt bələdiyyənin nümayəndəsi və iddiaçı tərəfindən imzalansa da, müvafiq icra hakimiyyəti orqanın nümayəndəsi tərəfindən (Bakı şəhər Torpaq şöbəsi) imzalanmamış və möhürlə təsdiq edilməmişdir. - Dövlət Arxivinin Bakı Fililalının 29.10.2020-ci il tarixli 820 nömrəli məktubunda bildirilmişdir ki, Əzizbəyov rayonu Buzovna Bələdiyyəsinin 30.12.2006-cı il tarixli 517 saylı sərəncamı Dövlət Arxivinin Bakı Fililalına təhvil verilməmişdir. - Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsinin 06.11.2020-ci il tarixli 02/256 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı adına Buzovna Bələdiyyəsi tərəfindən 30.12.2006-cı il tarixli 517 saylı sərəncamla fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsi ayrılmışdır. Həmin sərəncam və ona əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə göndərilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya Buzovna bələdiyyəsi tərəfindən torpaq ayrılan zaman aidiyyəti qurumların (RİH və DTXK-nın yerli qurumunun) rəyləri alınmadığından, eləcə də həmin torpaq sahəsinin koordinatlarını əks etdirən cizgi olmadığından, həmçinin torpaq sahələrinin ayrılması yalnız bələdiyyə sərəncamı ilə rəsmiləşdirildiyindən (torpaq sahəsinin ayrılması kollegial orqan olan bələdiyyənin qərarları ilə rəsmiləşdirilməlidir) cavabdehin iddiaçının həmin torpaq sahəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanunsuz sayıla bilməz. Ona görə də iddianı təmin etməmək qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanı tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipotekaya qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqanın imtinasının əsası o olmuşdur ki, təqdim edilmiş alqı-satqı aktı keçmiş DTXK tərəfindən təsdiq edilməmiş, torpaq sahəsinə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi əlavə olunmamış, həmçinin, sözügedən torpaq sahəsinə idarənin mütəxəssisləri tərəfindən çöl ölçmə işlərinin aparılmasına şərait yaradılmamış və bank tərəfindən verilmiş qəbz əlavə olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə cavabdehin inzibati orqanın imtinası əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş və 08 iyul 2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqı- satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. Həmçinin Azərbaycan Respubklikasının 15.10.1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş «X1»nin Vİ bəndinə görə bələdiyyə iclaslarında baxılan yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə, digər qərarlar isə bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “«Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 09.08.2001-ci il tarixli Fərmanının 2-ci bəndinə görə həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Məhkəmə kollegiyası qeyd edir ki, Buzovna Bələdiyyəsi ilə İddiaçı arasında torpaqların alqı-satqısına dair tərtib edilmiş qanunvericiliyin tələblərinə əsasən təsdiq edilməməsi, həmçinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin müvafiq rəyinin alınmaması iş materialları ilə öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərək düzgün nəticəyə gəlmişdir, ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 89, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 30.03.2021-ci il tarixli, 2-1(112)-2177/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-1656/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1656/2021
10.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver