Məhkəmə qərarları › İş №2-1(103)-1656/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1656/2022

29.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1656/2022 29.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Elmira oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “mənzillə növbəsinə götürülməsi və kirayə pulunun ödənilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4593/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdehə qarşı məhkəmədə iddia qaldıraraq onun ailə üzvləri ilə birlikdə (özü, arvadı, 3 oğlu) mənzil növbəsinə götürülməsi və mənzil verilənədək kirayə pulunun verilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir (İş vərəqi 1-4,;34). İşin iş materialları ilə müəyyən edilən faktiki hallarına görə iddiaçı xx.xx.1995 xx.xx.1999-cu illlərdə Bakı Ali Birləşmiş komandalıq məktəbində kursant kimi, xx.xx.1999 - 19.08. 2021-ci illərdə isə Azərbaycan Respublikası Müdafiə Nazirliyində zabit (mayor rütbəsi ilə) qismində hərbi xidmət keçmiş və hərbi hissə komandanlığını N nömrəli 31 may 2021-ci il tarixli əmrinə ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən “öz ərizəsi ilə” Azərbaycan Respublikası Silahlı Qüvvələrdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı ehtiyata buraxıldıqdan sonra hərbçi kimi mənzil növbəsinə götürülməsını və kirayə pulu alması üçün Bakı şəhəri Cavabdehnə ərizə ilə müraciət etmiş, lakin sonuncu 04 oktyabr 2021-ci il tarixli 4/M167-68 saylı məktubu ilə ona imtina edərək bildirilmişdir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə əsasən öz arzusu ilə etiyata buraxıldıgı üçün onun «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının qanunun 12-ci maddəsinin 2-ci bəndi ona şamil olunmur. Cavabdeh iddia ərizəsinə etirazında eyni əsaslarla iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4593/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı ailə üzvləri (arvadı və üç oğlu) ilə birlikdə mənzil növbəsinə götürülməsi və mənzil verilənədək kirayə pulunun verilməsi vəzifəsi Cavabdehnə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələbələrinə uyğun venilmişdir, apellyasiya icraatı mümkündür. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuzdur. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 7-ci hissəsinə əsasən hərbi qulluqçunun yaşayış sahəsi ilə təmin olunması, buna qədər isə mənzil sahəsinə ehtiyacı olanların siyahısına daxil edilməsi üçün 3 şərt tələb olunur. 1) yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış hərbi qulluqçu olması; 2) yaşayış sahəsinin olmaması; 3) 15 təqvim ili və daha çox xidmət etməsi. İddiaçı isə «Hərbi xidmətkeçmə haqqında» Qanunun 156-cı maddəsinin “J” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxulmuşdır. Eyni mövqe də AR Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 174 nömrəli qərarında qeyd olunmuşdur. Ona görə də qanunvericilikdə nəzərdə tutulmuş güzəştlər iddiaçıya şamil olunmur. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi H.Aberkarov apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını, İddiaçı isə onunla razılaşmayaraq “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci hissəsində nəzərədə tutlan güzəştlərin ona da şamil olundutuğunu iddia edərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilməli, iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçının iddia tələbindən göründüyü kimi, öhdəliyin icrası haqqında iddia vasitəsilə onun və ailə üzvlərinin mənzil növbəsinə götürülməsini və mənzil verilənədək kirayə pulunun verilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını məhkəmə qaydasında cavabdehdən tələb etmişdir. “Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinin 2-ci bəndinə (5-ci hisəsinə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. İddiaçı iddia ərizəsində qeyd olunan tələbinin qanuni əsası kimi «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının qanunun 12-ci maddəsinin qeyd edilən 2ci hissəsinə əsaslandıraraq iddia edir ki, o, Azərbaycan Respublikasının Silahlı qüvvələrində 15 ildən çox zabit kimi, həqiqi xidmət keçərək mayor rütbəsində “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə əsasən öz arzusu ilə etiyata buraxılmış, Qanunun qeyd olunan 12.2-ci maddəsində təsbit olunan güzəşti əldə etmişdir. Məhkəmə kollegiyası aşağıdakılara görə cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. Birincisi, «Hərbi qulluqçuların statusu haqqında» Qanunun 12-ci maddəsinin qeyd edilən 2-ci hissəsinin qeyd olunan məzmunundan göründüyü kimi, ümumi şəkildə Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş və yaşayış sahəsi olmayan ehtiyata buraxılmış hərbi qulluqçuların həmin hüquqa malik olduqları təsbit olunsa da, məhz, əsaslarla ehtiyata buraxılan hərbi qulluqçulara münasibətdə həmin güzəştin şamil olunması göstərilmir. Qanunverici tərəfindən buna, yəni, hansı əsaslarla ehtiyata buraxılan hərbi qulluqçuların həmin hüquqa malik olduqlarına - 12-ci maddənin qeyd olunan 2-ci hissəsinin 3-cü abzasında və maddənin 7-ci hissəsində aydınlıq gətirilərək bir-bir sadalanır. Belə ki, «Hərbi qulluqçuların statusu haqqında» 12-ci maddənin 2-ci hissəsinin: - 3-cü abzasının birinci cümləsinə əsasən: “Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər.” -4-cü abzasının birinci cümləsinə əsasən isə ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər.” Eyni zamanda, 12-ci maddənin 7-ci hissəsinə əsasən: -“Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər). Qeyd olunanlar onu deməyə əsas verir ki, «Hərbi qulluqçuların statusu haqqında» Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin 1-ci abzası ümumi norma, həmin hissənin 3 və 4-cü abzasıları, habelə, maddənin 7-ci hissəsi xüsusi normalardır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 10.4-cü maddəsinin tələbi isə nəzərədə tutur ki, eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir. Konstitusiya Qanunun qeyd olunan tələbi baxımından, hazırkı mübahisənin qanuni əsasını «Hərbi qulluqçuların statusu haqqında» Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin 1-ci abzası deyil, 12-ci maddənin 2-ci hissəsinin 3-4-cü abzaslarında və 7-ci hisəssəndə təsbit olunan xüsusi normaları təşkil edir. Belə olan halda, öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Quüvvələrdən ehtiyata buraxılmış iddiaçının iddia tələbində istinad etdiyi sosial güzəştlərdən yararlanmaq hüququna malik deyildir. Qeyd olunmalıdır ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin 9-cü abzası da nəzərədə tutur ki, “Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularmı bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün torpaqla "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində göstərilmiş qaydada təmin edirlər.” Eləcə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 nömrəli “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” qərarın 1 -ci hissəsi ilə “Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiya ödənilməsini qaydası müəyyən edilmişdir. Digər bir tərəfdən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 nömrəli Qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 18 iyul 2022-ci il tarixli qərardadında qeyd aşağıdakıları qeyd etmişdir: -“Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanunun 12ci maddəsinin 2-ci hissəsinə görə ehtiyata və istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərədə tutulmuş qaydada yaşayış sahəsi və ya torpaq sahəsi almaq hüququnu təsbit edərkən, məhz hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirilən hallarda bu sosial təminatdan yararlanmasını nəzərdə tutmuşdur. Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır və tamamilə fərqli əsaslardan irəli gələn nəticələrin fərqli qaydada tənzimlənməsi, dövlət və ictimai əhəmiyyətli bir xidmətdən ikinci qrupa aid əsaslardan dolayı ehtiyata buraxılmış hərbi qulluqçulara bu hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz.” Beləliklə də qeyd olunanlardan göründüyü kimi, iddiaçının “mənzil növbəsinə götürülməsi və kirayə haqqının ödənilməsi tələbinə dair “ iddiasının təmin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, məhkəmə işdə olan sübutlara, qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməmiş, maddi hüquq normalarını səhv tətbiq etmiş, onları düzgün təfsir etməmiş, nəticədə isə iddianın təmin olunması barədə maddi və prosessual hüquq normalarının pozulması ilə qərar qəbul etmişdir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4593/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının qanunsuz olduğunu, maddi və prosessual hüquq noralarının pozulması ilə qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, həmin qərar ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-nin 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4593/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar