Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1658/2020 16.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı vəkili X1, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialının vəkili X2 iştirakı ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-2665/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ona 57 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, qərara əsasən, iddiaçının xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək “Xəzərqazmaneftqazsənaye” İB-nin Tamponaj İdarəsində çalışdığı peşə “quyuların sementləşdirilməsi üzrə operator” vəzifəsi NK-nın xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş Siyahıda (10-cu bölmədə “operator” peşəsi) öz əksini tapıb; iddiaçının xx.xx.2002-ci il tarixdən xx.xx.2014-cü ilədək (12 il 3 ay 26 gün) çalışdığı peşə NK-nın xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş Siyahıda (35-ci bölmə, “rəngsaz” peşəsi) öz əksini tapıb. Məhkəmə bu nəticəyə gələrkən iddiaçının əmək kitabçası və “Stork Techincal Services (RBG) Limited” şirkətinin verdiyi Güzəştli arayışa istinad edib. “Quyuların sementləşdirilməsi üzrə operator” vəzifəsi ilə bağlı diqqət edilsin ki, məhkəmə 10-cu bölməyə ümumi şəkildə istinad edib, halbuki, həmin bölmə 5 bənddən ibarətdir. Belə ki, 10.1-ci bənd “Qazma” adlanır. “Xəzərqazmaneftqazsənaye” İB-nin Tamponaj İdarəsinin adı müəssisənin neftin qazılması sahəsində fəaliyyət göstərdiyini deməyə imkan verir. Həmin bənddə cəmi 2 operator peşəsi nəzərdə tutulub: quyuların tədqiqatı üzrə operatorlar; quyuların yoxlanılması (sınanması) üzrə operatorlar. İddiaçının peşəsi bunlardan heç birinə uyğun gəlmir. Digər operator peşələri 10.2-ci bənddə (“Neft, qaz və qaz kondensatının hasilatı” adlanan) nəzərdə tutulub. Bunlara da daxildir: susuzlaşdırıcı və duzlaşdırıcı qurğuların operatorları; layların hidravlik parçalanması üzrə operatorlar; neft və qaz hasilatı üzrə operatorlar: quyuların tədqiqatı üzrə operatorlar; quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operatorlar; laylarda təzyiqin saxlanması üzrə operatorlar; quyuların yeraltı təmiri üzrə operatorlar; quyuların kimyəvi təmizlənməsi üzrə operatorlar. İddiaçının peşəsi bunlardan da heç birinə uyğun gəlmir. Eyni zamanda, iddiaçı “Xəzərqazmaneftqazsənaye” İB-nin Tamponaj İdarəsindən müvafiq güzəştli arayış əldə etməyib. NK-nın xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş Siyahının “Ümumi peşələr” adlanan 35-ci bölməsində nəzərdə tutulmuş güzəştli pensiya hüququ verən peşələrdən biri - “təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar” peşəsidir. İddiaçıya məxsus əmək kitabçasında onun peşəsi “rəngsaz” kimi göstərilib. Təsadüfi deyildir ki, “Stork Techincal Services (RBG) Limited” şirkətinin verdiyi xx.xx.2018-ci il tarixli HR-LT-2018-003 nömrəli Güzəştli arayışda da iddiaçının “rəngsaz” peşəsində çalışdığı təsdiqlənib. Lakin arayışda ümumi və mücərrəd ifadəyə (“İddiaçı təhlükəsizliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə yerinə yetirdiyi rəngsaz vəzifəsi”) yer verilərək iddiaçının güzəştli stajının 12 il 3 ay 26 gün olduğu qeyd edilib. Halbuki, əgər həqiqətən də belə olsaydı, iddiaçının əmək müqaviləsində bu hal göstərilmiş olardı. İşəgötürən “Stork Techincal Services (RBG) Limited” şirkəti əmək kitabçası və güzəştli arayış arasındakı bu ziddiyyəti açıqlaya bilməmişdir. İddiaçının bu illər ərzində gördüyü rəngsaz işi həqiqətən də təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrin tətbiqi ilə bağlı olmuşdusa, onda əmək kitabçasında niyə göstərilməmişdi? Əgər iddiaçı bəzi hallarda bu növ maddələrdən istifadə edibsə, onda güzəştli arayış hansı səbəbdən bu şəkildə verilmişdir? Digər tərəfdən, arayışın hansı sənədlər əsasında tərtib edildiyi də aydın deyil. Bakı Apellyasiya Məhkəməsi İK-nın 2-1(103)-179/2020 nömrəli iş üzrə xx.xx.2020ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilərək, iddia rədd edilmişdir. Həmin qərarla razılaşmayan iddiaçı ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İK-nın 2-1(102)-1461/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İK-nın xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəkili apellyasiya şikayətinə uyğun izahat vermiş, iddiaçının vəkili birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Şikayət mahiyyətcə əsaslıdır. İşdə olan, iddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasından müəyyən edilir ki, o, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək “Xəzərqazmaneftqazsənaye” İBnin Tamponaj İdarəsində quyuların sementləşdirilməsi üzrə operator vəzifəsində, xx.xx.1980-ci il tarixdən xx.xx.1986-cı il tarixədək rəngsaz və formaçı vəzifəsində, xx.xx.1986-cı il tarixdən xx.xx.1989-cu il tarixədək “İttifaqqazmaştəmir” İB-nin Bakı TTİ-də rəngsaz və formaçı vəzifəsində, xx.xx.1986-cı il tarixdən xx.xx.1989-cu il tarixədək “Aztransqaz” İB-də formaçı vəzifəsində, xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək “Aztransqaz” İB-nin “Betonçu” Kooperativində formaçı vəzifəsində, xx.xx.2002-ci il tarixdən xx.xx.2010-cu il və xx.xx.2010-cu il tarixdən xx.xx.2014-cü il tarixədək “Rigblast Energy Service LTD” şirkətində rəngsaz vəzifəsində, xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək “xxxx” MMC-də rəngsaz vəzifəsində işləmiş, xx.xx.2014-cü il tarixdən bu günə kimi “xxxx” MMC-də rəngsaz vəzifəsində işləyir. “Stork Technical Services (RBG) Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli HR-LT-2018-003 nömrəli güzəştli arayışa görə: 1. iddiaçı xx.xx.2002-ci il tarixdən (xx.xx.20xx xxxxxxx 50037 nömrəli əmək müqaviləsi) xx.xx.2010-cu il tarixə kimi “Rigblast Energy Services Ltd” Kompaniyasının Bakı şəhəri nümayəndəliyində (sonradan adı dəyişdirilmişdir) rəngsaz vəzifəsində işləyib. İş stajı: 8 il 8 ay; 2. xx.xx.2010-cu il tarixdən xx.xx.2014-cü il tarixə kimi (xx.xx.2014 tarixli STS-HR-2014-012/4 nömrəli əmr) “RBG Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində (sonradan adı dəyişdirilmişdir) rəngsaz vəzifəsində işləyib. İş stajı: 3 il 7 ay 26 gün. “Rigblast Energy Services Ltd” Kompaniyasının Bakı şəhəri nümayəndəliyinin adı xx.xx.2008-ci il tarixdə dəyişdirilərək “RBG Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi olmuşdur və xx.xx.2012 tarixdə “Stork Technical Services (RBG) Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi adına dəyişdirilmişdir. Nümayəndəliyin fəaliyyət dairəsinə neft və qaz sahəsində xidmətlər, o cümlədən quraşdırma, izolyasiya, rəngləmə; istilik, havalandırma və soyutma sistemləri üzrə texniki xidmət və təmir, habelə digər qanuni kommersiya fəaliyyətləri daxildir. İddiaçının təhlükəsizliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə yerinə yetirdiyi rəngsaz vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda 35-ci hissədə (Ümumi peşələr) öz əksini tapmış “rəngsazlar” bəndinə uyğundur və güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən ümumi iş stajı - 12 il 3 ay 26 gün təşkil edir. SOCAR “Kompleks qazma işləri” trestinin xx.xx.2020-ci il tarixli SOCAR**********80020115X00032 nömrəli arxiv arayışına əsasən, iddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək “Xəzərqazmaneftqazsənaye” İB-nin Tamponaj İdarəsində 3-cü dərəcəli quyuların sementləşdirilməsi üzrə operator (maşinist) peşəsində işləmişdir. “Stork Technical Services (RBG) Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Bakı Apellyasiya Məhkəməsinin sorğusuna verdiyi xx.xx.2020-ci il tarixli HR-LT-2020-002 nömrəli cavab məktubunda göstərilmişdir ki, 5 ildən çox müddət keçdiyi üçün iddiaçının əmək müqaviləsi və xitam əmrləri artıq müəssisədə mövcud deyil, ona məxsus əmək kitabçasında müəssisədəki əmək fəaliyəti ilə bağlı qeydlər öz əksini tapmışdır. AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” AR Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada 9.1-ci maddəsinə görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra - Qaydalar): 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.6-cı bəndinə əsasən, Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur; 4.1.11-ci bəndinə görə, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə əsasən, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İstinad olunan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 4 şərtə birlikdə əməl olunmalıdır: 1) AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda (bundan sonra - Siyahı) nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay olmalı; 2) ümumi iş stajı minimum 25 il olmalı; 3) xüsusi və ümumi iş stajı xx.xx.2017-ci il tarixədək mövcud olmalı; 4) güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçının 57 yaşı xx.xx.2016-cı il tarixdə tamam olmuşdur. İşdən məlum olur ki, iddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək “Xəzərqazmaneftqazsənaye” İB-nin Tamponaj İdarəsində quyuların sementləşdirilməsi üzrə 3-cü dərəcəli quyuların sementləşdirilməsi üzrə operator (maşinist) peşəsində, xx.xx.1980-ci il tarixdən xx.xx.1986-cı il tarixədək rəngsaz və formaçı vəzifəsində, xx.xx.1986-cı il tarixdən xx.xx.1989-cu il tarixədək “İttifaqqazmaştəmir” İB-nin Bakı TTİ-də rəngsaz və formaçı vəzifəsində, xx.xx.1986-cı il tarixdən xx.xx.1989-cu il tarixədək “Aztransqaz” İB-də formaçı vəzifəsində, xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək “Aztransqaz” İB-nin “Betonçu” Kooperativində formaçı vəzifəsində işlədiyi dövrə dair Şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı, ümumiyyətlə, təqdim edilməmişdir, SOCAR “Kompleks qazma işləri” trestinin iddiaçının xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək “Xəzərqazmaneftqazsənaye” İB-nin Tamponaj İdarəsində 3-cü dərəcəli quyuların sementləşdirilməsi üzrə operator (maşinist) peşəsində işlədiyini təsdiq edən xx.xx.2020-ci il tarixli arxiv arayışı yalnız əmək stajına dair məlumatları əks etdirdiyi üçün Şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əhəmiyətinə malik deyil, “Stork Technical Services (RBG) Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin iddiaçının xx.xx.2002-ci il tarixdən xx.xx.2010-cu il tarixə və xx.xx.2010-cu il tarixdən xx.xx.2014-cü il tarixə kimi nümayəndəlikdə rəngsaz vəzifəsində işləməsi barədə xx.xx.2018-ci il tarixli güzəştli arayışı həmin Nümayəndəliyin xx.xx.2020-ci il tarixli məktubu ilə şübhə altında alındığından, mötəbər deyil. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri sənəd kimi inzibati orqana təqdim olunması qanunvericiliklə imperativ qaydada tələb edilən Şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışının təqdim edilməməsi cavabdehin imtinasının qanuniliyinə dəlalət edir. Digər ifadə ilə, əmək pensiyası təyin edən inzibati orqanın zəruri sənəd kimi qanunvericiliklə imperativ qaydada tələb edilən arayış təqdim olunmadan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməsi qanuna ziddir. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 2.2-ci maddəsində siyahısı verilən 9 növ iddiadan yalnız məcburetmə haqqında iddia növüdür ki, ilkin sübutetmə yükü qanunla (İPM-14.3) iddiaçıya aid edilmişdir. Bu tələbdən irəli gələrək, məcburetmə haqqında iddialar üzrə məhkəmə mübahisələrində məhz iddiaçı əvvəlcə sübuta yetirməlidir ki, onun arzuladığı inzibati aktın cavabdeh tərfindən qəbul edilməsini zəruri edən faktiki şərtlər iş üzrə mövcuddur, başqa sözlə, iddiaçı belə bir hüquqi aktın qəbul olunmasına cavabdehi məcbur edən və qanunvericiliklə mötəbərlik əhəmiyyəti tanınan bəlli rəsmi sənədlərə malikdir. Odur ki, güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını çalışdığı iş yerlərindən alıb, cavabdehə təqdim etmək iddiaçının vəzifəsi idi və onun üçün çətinlik törətməyən bu vəzifəni yerinə yetirməməsinin səbəbləri Məhkəməyə məlum deyil. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını cavabdehə təqdim etməməklə, İPM-in 14.3-cü maddəsinin birinci cümləsi ilə onun üzərinə qoyulan ilkin sübutetmə vəzifəsini yerinə yetirməmiş olur ki, bu da eyni zamanda həmin normanın ikinci cümləsi ilə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi üzərinə düşən cavabdehin sözügedən sübutetmə yükünü qanunla tələb olunan qaydada yerinə yetirməsi anlamına gəlir. Ali Məhkəmənin iş üzrə qərarında göstərilmişdir ki, “Apelyasiya məhkəməsi iddiaçının təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə rəngsaz vəzifəsini yerinə yetirməsi ilə bağlı, yəni onun iş funksiyası ilə bağlı araşdırma aparmamışdır. Təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə rəngsazın hansı peşə funksiyasını yerinə yetirməsi, iddiaçının 12 il 3 ay 26 gün müddətində həqiqətən belə funksiyanı yerinə yetirməsi yoxlanılmamışdır. ... İddiaçının işləmiş olduğu quyuların sementləşdirilməsi üzrə operator peşəsinin Neft, qaz və qaz kondensatının hasilatında quyuların yeraltı təmiri üzrə operator peşəsinə uyğun olub-olmaması da məhkəmə tərəfindən araşdırılmamışdır. Apelyasiya məhkəməsi də qərarında iddiaçının “Xəzərqazmaneftqazsənaye” İB-nin Tamponaj İdarəsində quyuların sementləşdirilməsi üzrə operator vəzifəsində işlədiyi müddətin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən 12 il 6 aydan az olduğuna əsaslanmaqla, bir növ iddiaçının işlədiyi 4 ay 9 günün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə işləməsinə eyham vurmuş, lakin 4 ay 9 günün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə sayılması ilə bağlı qiymətləndirmə aparmamışdır.” İPM-in 96.11-ci maddəsinə görə, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında şərh edilən göstərişlərin icrası ilə bağlı bildirir ki, iddiaçının təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə rəngsaz vəzifəsində işləməsini həmin iş yeri sonrakı rəsmi məlumatında təsdiq etməkdən imtina etdiyindən, bu da eyni dövr haqqında verilmiş güzəştli arayışın qeyrimötəbərliyinə dəlalət etdiyindən, məhkəmə kollegiyası tərəfindən ondan vəkili vasitəsilə tələb edilməsinə baxmayaraq, yeni mötəbər güzəştli arayış təqdim olunmadığından və bu da sözügedən iş müddətinin güzəştli arayışla təsdiq edilmədiyi demək olduğundan, onun 12 il 3 ay 26 gün müddətində həqiqətən belə funksiyanı yerinə yetirməsinin yoxlanılması zərurəti aradan qalxmış olmuşdur. İddiaçının “Xəzərqazmaneftqazsənaye” İB-nin Tamponaj İdarəsində quyuların sementləşdirilməsi üzrə operator vəzifəsində işlədiyi müddətə dair isə, ümumiyyətlə, güzəştli arayış təqdim olunmamışdır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur (İPM-14.3), “Əmək pensiyaları haqqında” Qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, iddiaçının 2002-ci ildən işlədiyi rəngsaz vəzifəsinin güzətli siyahıda nəzərdə tutulmamasına əsaslanan cavabdehin xx.xx.2018-ci tarixli 10/723 nömrəli imtinası qanunauyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozuntusu ilə qəbul edilmişdir, apellyasiya şikayətinin dəlilləri işin faktiki halları və qanunvericiliklə təsdiq olunmaqla, qərarın ləğvinə əsas verir. Bununla əlaqədar olaraq, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin olunmamalı, şikayət təmin edilməlidir (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2665/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialına qarşı ona 57 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1658/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1658/2020
16.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver